2011-ci ildə ordu və müdafiə
xərcləri 3 milyard dollardan çox olacaq
İlham Əliyev: "Azərbaycan ordusu istənilən
anda düşmənə sarsıdıcı zərbə endirə
bilər. O zərbə nəticəsində nəinki
Dağlıq Qarabağda, Ermənistanda da vəziyyət
başqa istiqamətdə inkişaf edə bilər"
Dünən Prezident İlham Əliyevin sədrliyi ilə
Nazirlər Kabinetinin 2010-cu ilin sosial-iqtisadi
inkişafının yekunlarına və 2011-ci ildə
qarşıda duran vəzifələrə həsr olunmuş
iclası keçirilib. Dövlətimizin
başçısı iclası giriş nitqi ilə
açaraq bildirib ki, keçirilən müşavirədə
əsasən 2010-cu ilin sosial-iqtisadi yekunlarını və
2011-ci ildə ölkəmizin əsas inkişaf istiqamətlərini
müzakirə olunacaq.
Ölkə Prezidenti qeyd edib ki, 2010-cu il ölkəmizin inkişafı üçün çox əhəmiyyətli il olub, 2010-cu ildə ölkə iqtisadiyyatı inkişaf edib.Ümumiyyətlə, 2009 və 2010-cu illərin tarixdə maliyyə və iqtisadi böhran illəri kimi qalacaqını deyən Prezident İlham Əliyev bildirib ki, bu illər bizim ölkəmiz üçün də sınaq olub: "Mən çox şadam ki, Azərbaycanda aparılan islahatlar və düzgün iqtisadi siyasət nəticəsində həm 2009-cu ildə, həm 2010-cu ildə ölkə iqtisadiyyatı inkişaf etmişdir. 2009-cu ildə ümumi daxili məhsul 9,3 faiz, keçən il isə iqtisadiyyatımız 5 faiz artmışdır. Əksər ölkələrdə həm 2009-cu, həm də 2010-cu ildə tənəzzül müşahidə olunduğunu nəzərə alsaq, əlbəttə ki, bizim uğurlarımızın əhəmiyyəti daha da artır. Bu böhranlı illər ərzində biz iqtisadi siyasətimizi inamla aparmışıq. Ölkə qarşısında duran bütün vəzifələr icra edildi. Bütün sosial proqramlar öz həllini tapdı. Keçən il minimum əməkhaqqı və pensiyanın baza hissəsi artırıldı. Halbuki, Avropanın bir çox ölkələrində əks istiqamətdə proseslər gedirdi, maaşlar, pensiyaların məbləği aşağı düşürdü. Əlbəttə ki, bütün bu uğurlarımızın təməlində uzun illər aparılan düşünülmüş iqtisadi siyasət, iqtisadi islahatlar dayanır. Bizim iqtisadiyyatımız artıq çoxşaxəli iqtisadiyyatdır, təkcə bir sektora arxalanmır. Bizim məqsədimiz məhz ondan ibarət idi ki, ölkədə çoxşaxəli iqtisadiyyat yaradaq. Baxmayaraq ki, 2009-cu ildə dünyada neftin qiyməti bir neçə dəfə, demək olar, 4 dəfə düşmüşdü, bizim iqtisadiyyatımız yenə də artmışdır. Əminəm ki, 2011-ci il də ölkə iqtisadiyyatının inkişafı üçün uğurlu olacaqdır. Bunu deməyə bütün əsaslar var. Keçən ilin yekunlarına nəzər salsaq görərik ki, nəinki iqtisadiyyatımız 5 faiz artmışdır, makroiqtisadi vəziyyət də sabit olaraq qalmışdır. 2009-cu ildə bizim bölgəmizdəki ölkələrdə milli valyutanın dəyəri aşağı salınmışdır, devalvasiyaya uğramışdır. Bizdə isə manat sabit olaraq qalır və beləliklə, biz həm əhalinin sosial müdafiəsinə dəyərli töhfələr vermişik, həm də manatın sabit qalması ölkə iqtisadiyyatı üçün çox vacib bir amildir. Makroiqtisadi sabitlik qorundu, inflyasiya cəmi 5,7 faiz təşkil etmiş, əhalinin pul gəlirləri isə 12,3 faiz artmışdır. Bu onu göstərir ki, gəlirlər inflyasiyanı üstələyir. 2010-cu ilin yekunlarına görə, yoxsulluğun səviyyəsi daha da aşağı düşmüşdür və artıq Azərbaycanda yoxsulluq şəraitində yaşayanlar 9,1 faizdir. Hesab edirəm ki, bu, bizim böyük nailiyyətimizdir. Yeddi il ərzində Azərbaycanda yoxsulluq 4-5 dəfə aşağı düşmüşdür. Bu, bir daha göstərir ki, bizim apardığımız islahatlar və iqtisadi artım, ilk növbədə, Azərbaycan vətəndaşlarının rifah halının yaxşılaşdırılmasına yönəldilibdir. Onu da göstərir ki, Azərbaycanda enerji sektorunda görülən işlər nəticəsində ölkə xəzinəsinə daxil olunan vəsait ədalətli bölünür və beləliklə, Azərbaycanda sosial ədalət prinsipi həmişə yüksək səviyyədə tətbiq olunur. 2010-cu ildə ölkə iqtisadiyyatına 15,5 milyard dollar vəsait qoyulmuşdur. Bu da çox böyük rəqəmdir, investisiyaların strukturu da çox ümidverici və müsbətdir. Daxili investisiyalar xarici investisiyaları üstələyir. Artıq birinci il deyil ki, bu belədir. Bu onu göstərir ki, həm dövlət tərəfindən, həm özəl sektor tərəfindən ölkə iqtisadiyyatına böyük məbləğdə investisiyalar qoyulur. Qeyri-neft sektoruna qoyulan investisiyalar neft sektorundakından çoxdur. 15,5 milyard dollardan 9,3 milyard dolları qeyri-neft sektoruna qoyulan sərmayədir. Bu da bizim siyasətimizin əsas istiqamətidir. Ölkə iqtisadiyyatının neft sektorundan asılılığını azaltmaq üçün əməli-praktik tədbirlər görülür. Bu da onu göstərir ki, bir neçə il bundan əvvəl bəyan etdiyimiz proqram və konseptual yanaşmamız həyatda öz əksini tapır. Yəni bizim planlarımız həyata keçirilir, nəzərdə tutduğumuz bütün proqramlar reallaşır və dediyim rəqəmlər bunun bariz nümunəsidir. Mən əminəm ki, bu il də ölkə iqtisadiyyatına böyük məbləğdə investisiyalar qoyulacaqdır. Biz elə etməliyik ki, bu investisiyalar daha da böyük rəqəmlərlə ölçülsün və beləliklə, ölkə iqtisadiyyatı daha da sürətlə inkişaf etsin.
2010-cu ildə bütün
sosial proqramlar icra edildi. Qeyd etdiyim kimi, minimum əməkhaqqı
və pensiyanın baza hissəsi 75 manatdan 85 manata
qaldırıldı. Ünvanlı sosial yardım proqramı
icra edilir, bu proqram çərçivəsində 550 min nəfər
dövlətdən yardım alır və biz bu siyasəti
bundan sonra da davam etdirəcəyik. Çünki hələ də
ehtiyac içində yaşayanlar var. Baxmayaraq ki, yoxsulluğun
səviyyəsi aşağı düşür, ancaq biz elə
etməliyik ki, çətinlik çəkənlər
üçün də dövlət öz
qayğısını əsirgəməsin.
Bizim iqtisadiyyatımız
üçün əsas olan sektorda - neft-qaz sektorunda keçən
il bütün planlar yerinə yetirildi. 51 milyon ton neft hasil
edildi ki, onun da böyük hissəsi ixrac olundu. 27 milyard kubmetr
qaz hasil edildi. Hesab edirəm ki, bu il qazın hasilatı və
ixracı daha da artmalıdır. Keçən il Azərbaycan
Dövlət Neft Şirkəti tərəfindən
böyük qaz yatağı aşkar edilmişdir.
"Ümid" yatağı bizim qaz potensialımıza əlavə
həcm gətirir. Artıq bizim təsdiq edilmiş qaz
ehtiyatlarımız 2,2 trilyon kubmetrdir. Ümid edirəm ki, bu
il və gələn il aparılacaq kəşfiyyat nəticəsində
bu rəqəm daha da artacaqdır. 2011-ci ildə
Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi davam etdiriləcəkdir.
Bu layihəyə biz böyük əhəmiyyət veririk. Demək
olar ki, bu layihənin icrasına başlanması təşəbbüsü
Azərbaycan tərəfindən irəli
sürülmüşdür və indi üç ölkənin
birgə səyləri nəticəsində bu layihəni
uğurla icra edirik. Qarşıdakı illərdə
bütün işlər başa
çatdırılmalıdır və bu, bizim növbəti
böyük uğurumuz olacaqdır."
Prezident İlham Əliyev
daha sonra bildirib ki əfsuslar olsun ki, 2010-cu ildə də
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsinin həlli işində irəliləyişə
nail olunmayıb. Prezident diqqətə çatdırıb ki,
bunun da təkcə bir səbəbi var. Bu da ondan ibarətdir
ki, Ermənistan tərəfi, demək olar ki,
danışıqları pozmaq istəyir. Danışıqlar
masasında əvvəlcə
razılaşdırılmış məsələlərə
yenidən qayıtmaq istəyir, vaxt uzatmaq istəyir:
"Bir sözlə, bizdə
belə fikir yaranır ki, Ermənistan işğal olunmuş
torpaqları azad etmək istəmir, çalışırlar
nə qədər mümkündürsə, o torpaqları
işğal altında saxlasınlar. Beləliklə də,
bundan istifadə edib Azərbaycandan Dağlıq
Qarabağın statusu ilə bağlı onlara xeyir gətirən
şərtləri əldə etsinlər. Bu isə
mümkün deyildir. Biz bunu dəfələrlə bəyan
etmişik: Dağlıq Qarabağ əzəli Azərbaycan
torpağıdır, beynəlxalq birlik tərəfindən Azərbaycan
torpağı kimi tanınır. Azərbaycanın ərazi
bütövlüyü bütün beynəlxalq aləm tərəfindən
tanınır, BMT tərəfindən tanınır,
bütün beynəlxalq təşkilatlar bizim ərazi
bütövlüyümüzə hörmətlə
yanaşır. Azərbaycan dövləti heç vaxt imkan verməz
ki, ikinci erməni dövləti yenə də Azərbaycanın
tarixi torpaqlarında yaradılsın. Yəni bu,
danışıqlar mövzusu deyil və heç vaxt
olmayacaqdır. Məsələnin
həlli üçün Ermənistan öz
işğalçı qüvvələrini zəbt edilmiş
torpaqlardan çıxarmalıdır. Ondan sonra sülh yarana
bilər. Azərbaycan vətəndaşları öz doğma
torpaqlarına qayıtmalıdırlar, o cümlədən
Dağlıq Qarabağa qayıtmalıdırlar, Dağlıq
Qarabağda muxtariyyət şəraitində
yaşamalıdırlar. Bütün sivil ölkələrdə
olduğu kimi, orada da işlər bütün demokratik prinsiplər
əsasında təşkil edilməlidir. Bundan kənarda məsələnin
heç bir başqa istiqamətdə həlli mümkün
deyildir. Azərbaycan buna razılaşmayacaqdır.
Biz
çalışacağıq ki, 2011-ci ildə öz
mövqeyimizi daha da möhkəmləndirək. Deyə bilərəm
ki, 2010-cu ildə beynəlxalq təşkilatlarda bu məsələ
ilə bağlı çox mühüm hadisələr
baş vermişdir. Avropa Parlamenti Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinə dair çox ədalətli
qətnamə qəbul etmişdir. Bu məsələ digər
beynəlxalq təşkilatlarda da müzakirə olunur və
bizim mövqeyimiz dəstəklənir.
NATO-nun zirvə görüşündə bu məsələ
ilə bağlı çox dəyərli, ədalətli, Azərbaycanın
ərazi bütövlüyünü dəstəkləyən
qətnamə qəbul olunmuşdur. Dünən Avropa
Komissiyasının sədri cənab Barrozu ilə birgə mətbuat
konfransında bu məsələ ilə bağlı Avropa
Komissiyasının və Avropa İttifaqının mövqeyi
ifadə edilmişdir. Bu da ondan ibarətdir ki, Avropa
İttifaqı Azərbaycanın ərazi
bütövlüyünü dəstəkləyir.
Yəni məsələnin həlli
üçün beynəlxalq çərçivələr
budur və o, yalnız bu çərçivələr
daxilində öz həllini tapa bilər. Heç bir başqa
variant müzakirə mövzusu deyildir. Mən hesab edirəm
ki, Azərbaycan danışıqlar prosesində konstruktiv
mövqe nümayiş etdirir. Biz çalışırıq
ki, məsələ sülh yolu ilə həll olunsun. Ancaq beynəlxalq
hüquq normaları burada əsas rol oynayır. Azərbaycanın
ərazi bütövlüyünün bərpası qeyd-şərtsiz
öz həllini tapmalıdır.
Digər tərəfdən,
o da heç kim üçün sirr deyil, biz
danışıqlar apardığımız zaman, eyni zamanda,
ordu quruculuğuna böyük diqqət göstəririk,
ordumuzu gücləndiririk. Bu sahədə böyük
uğurlara nail ola bilmişik. Düşmən də bunu bilir
və qorxudan əsir. Onların son aylarda verdikləri isterik və
əsəbi, qorxu ilə dolu çıxışlar bunun əyani
sübutudur. Onlar da yaxşı bilirlər ki, Azərbaycan
ordusu istənilən anda düşmənə
sarsıdıcı zərbə endirə bilər. O zərbə
nəticəsində nəinki Dağlıq Qarabağda, Ermənistanda
da vəziyyət başqa istiqamətdə inkişaf edə
bilər. Sadəcə olaraq, biz istəyirik ki, bu məsələ
sülh yolu ilə həll olunsun. Ancaq biz
özümüzü çox əmin hiss edirik. Son illərdə
ordu quruculuğuna ayrılan vəsait artır, yeni müasir
silahlar, texnika - təyyarələr, artilleriya, hava hücumuna
qarşı ən müasir qurğular, zirehli maşınlar
alınır, onların hamısını sadalamaq
üçün bəlkə də bir neçə saat
lazımdır. Azərbaycanda istehsal olunan hərbi məhsullar,
500 növə qədər məhsul həm ordumuza xidmət
edir, həm də biz artıq xarici bazarlara da
çıxırıq, beynəlxalq sərgilərdə
iştirak edirik. Bu sahədə 2011-ci ildə də çox
mühüm hadisələr baş verəcək, Azərbaycanda
ən müasir avadanlığın, texnikanın,
döyüş sursatının istehsalı
başlanmalıdır.
2011-ci ildə ordu xərcləri,
müdafiə xərcləri 3 milyard dollardan çox
olacaqdır. Onun böyük hissəsi yenə də
silah-sursat, hərbi texnika alınmasına sərf olunacaq, biz
bu prosesi bundan sonra da davam etdirəcəyik. Əminəm ki, Azərbaycanın
güclü ordusu Ermənistan-Azərbaycan, Dağlıq
Qarabağ münaqişəsinin həlli üçün
öz sözünü deməlidir və vaxt gələndə
deyəcəkdir.
Mən hesab edirəm ki,
2011-ci ildə ölkə qarşısında elə bir ciddi
problem gözləmək lazım deyil. 2011-ci ildə həm
iqtisadi, həm sosial məsələlərin, həm də
beynəlxalq məsələlərin həllində, hesab edirəm
ki, heç bir problemimiz olmayacaqdır. Biz 2010-cu ildə beynəlxalq
müstəvidə də uğurlu siyasət
aparmışıq. Həm beynəlxalq təşkilatlar
çərçivəsində, həm ikitərəfli
müstəvidə çoxsaylı görüşlər
olmuşdur. Bakıda yüksək,
bir neçə beynəlxalq səviyyəli zirvə
görüşü keçirilmişdir. Qonşu ölkələrlə
münasibətlərimiz daha da güclənmişdir. Yəni
beynəlxalq vəziyyət və bölgədə mövcud
olan vəziyyət müsbətdir. Azərbaycan bölgədə
əməkdaşlığın dərinləşməsinə
öz dəyərli töhfəsini verir. Bir daha demək istəyirəm
ki, Azərbaycan artıq çox ciddi regional amildir. Azərbaycan
bölgədə gedən proseslərə təsiri artmaqda
olan ölkədir. Elə etməliyik ki, bu proses daim davam etsin,
ölkəmiz güclənsin və inkişaf etsin."
Daha sonra iqtisadi inkişaf naziri Şahin
Mustafayev, Mərkəzi Bankın sədri Elman Rüstəmov,
mədəniyyət və turizm naziri Əbülfəs Qarayev,
gənclər və idman naziri Azad Rəhimov rəhbərlik
etdikləri qurumların il ərzində gördüyü
işlər barədə məlumat veriblər. Qeyd olunub ki,
ötən il də Azərbaycanda liberal iqtisadi sistemin qurulması,
sahibkarlığın inkişafına geniş şəraitin
yaradılması, zəngin təbii sərvətlərdən
və regionların potensialından səmərəli istifadə,
qeyri-neft sektorunun inkişafı, investisiya mühitinin daha da
yaxşılaşdırılması, yerli məhsulların rəqabət
qabiliyyətinin yüksəldilməsi Azərbaycan
iqtisadiyyatının inkişafını təmin edib.
Bildirilib ki, dünya iqtisadiyyatında
vəziyyətin hələ də gərgin olması fonunda,
ötən illərdə olduğu kimi, 2010-cu il Azərbaycan
iqtisadiyyatı üçün uğurlu olmuş və
ÜDM 5 faiz artaraq, 41 milyard manatı ötmüşdür.
Orta illik inflyasiya idarə olunan səviyyədə
saxlanılmış və 5,7 faiz təşkil etmişdir.
Prezident İlham Əliyev müşavirəyə yekun vuraraq
bildirib ki, əldə olunan uğurlar Azərbaycanın gələcək
inkişafı üçün mühüm əhəmiyyət
daşıyır. Ölkə
Prezidenti çıxışının sonunda qarşıda
duran vacib məsələlər barədə
danışıb, müvafiq qurumların rəhbərlərinə
tövsiyyə və tapşırıqlarını verərək
müşavirəyə yekun vurub.
Səs.- 2011.- 15 yanvar.- S. 2-3.