Avropa Birliyi ilə Azərbaycan arasında əlaqələr dinamik inkişaf edir

 

“Avropa Birliyi ilə Azərbaycan arasında əlaqələr dinamik inkişaf edir. Məlumdur ki, Avropa Birliyi "Şərq tərəfdaşlığı" proqramı, eləcə də, qonşuluq prinsipi əsasında Cənubi Qafqaz dövlətləri, o cümlədən Azərbaycanla ikitərəfli əməkdaşlıq edir.

Prezident İlham Əliyev Azərbaycanın xarici siyasətində Avropa Birliyi ilə münasibətlərə xüsusi əhəmiyyət verir". Bu fikirləri yap.org.az saytına açıqlamasında YAP İcra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı deyib.

Avropa Komissiyasının sədrinin Azərbaycana səfərinə münasibət bildirən M.Qurbanlı qeyd edib ki, səfər çərçivəsində imzalanmış sənədlər Azərbaycanla Avropa Birliyinin perspektiv əməkdaşlığı baxımından önəmlidir. O, bildirib ki, ölkəmizin həm geopolitik durumu, həm də iqtisadi vəziyyəti bölgədə mövqelərimizi daha da möhkəmləndirib.

"AB Şərqlə Qərb, Şimalla Cənub arasında münasibətlərin intensivləşməsində Azərbaycanın əhəmiyyətini dərk edir. Azərbaycan Şərqlə Qərb arasında körpü rolunu oynayır. Ona görə də, bu coğrafi məkanlar arasında iqtisadi münasibətlərin intensivləşməsində Azərbaycanın əhəmiyyəti getdikcə artır"-deyən M.Qurbanlının sözlərinə görə, AB ilə Azərbaycan arasında ikitərəfli əlaqələr müxtəlif səviyyələrdə inkişaf etməkdədir.

YAP İcra katibinin müavini qeyd edib ki, hazırda AB ilə Azərbaycan arasında viza rejiminin sadələşdirilməsi məsələsi də gündəmə gəlib: "Bu məsələ ilə bağlı hüquqi baxımdan bəzi addımlar atılıb. Perspektivdə viza rejiminin tam aradan qaldırılması mümkündür. AB bir qayda olaraq iqtisadi imkanları olan ölkələrlə viza rejimini aradan qaldırır. Azərbaycanın iqtisadi imkanlarının artması AB-nin ölkəmizlə münasibətdə viza rejiminin qaldırılması zərurətini ortaya qoyur. Çünki hər iki tərəf bundan divident əldə edəcək".

 

 

Səs.- 2011.- 15 yanvar.- S. 4.