“Nabucco” reallığa çevrilir

 

Bu layihənin gerçəkləşməsi Avropanın enerji təhlükəsizliyinin təmin olunması baxımından, mühüm əhəmiyyət kəsb edir

 

Avropa Komissiyasının prezidenti Joze Manuel Barrozu ilə Avropa Birliyinin energetika üzrə komissarı Günter Ettingerin Azərbaycan və Türkmənistana birgə səfəri artıq başa çatmaq üzrədir. Avropa Birliyinin Bakı ofisinin yaydığı məlumata görə, danışıqların mövzusu AB ilə münasibətlərin bütün spektrini, ilk növbədə, energetika məsələlərini əhatə edir.

J.M.Barrozu səfər ərəfəsində verdiyi açıqlamada qeyd edib ki, Azərbaycan və Türkmənistan “Şərq tərəfdaşlığı” və Mərkəzi Asiya strategiyası çərçivəsində Avropa Birliyinin əsas tərəfdaşları sayılır: “AB enerji ehtiyatlarının ixracının şaxələndirilməsi və uzunmüddətli təhlükəsizliyində ciddi şəkildə maraqlıdır. Bunun üçün Xəzər regionundan təbii qazı Avropadakı istehlakçılara çatdıracaq Cənub qaz dəhlizi layihəsi həyata keçirilməlidir. İnanıram ki, biz birlikdə bu strateji təşəbbüsün həyata keçirilməsi üçün zəruri şərait yarada biləcəyik”. Xatırladaq ki, Joze Manuel Barrozunun Azərbaycana səfəri çərçivəsində “Cənub dəhlizi”nin yaradılması barədə və “Müasirləşmə naminə Avropa Birliyi-Azərbaycan tərəfdaşlığı” adlı birgə bəyannamələrin imzalanması nəzərdə tutulur. Hər iki sənəd iqtisadi tərəfdaşlıq, enerji təhlükəsizliyi və sosial inkişaf sahəsində əlaqələrin daha da dərinləşdirilməsini nəzərdə tutur. 

Bəlli olduğu kimi, “Cənub enerji dəhlizi”nə “Nabucco”, TGI (Türkiyə-Yunanıstan-İtaliya) və TAR (Transadriatik) qaz kəməri layihələri daxildir. Bu layihələr sırasında başlıca qaz daşıyıcısı xətti sayılan “Nabucco” xüsusi əhəmiyyət kəsb edir. Bu kəmərin rentabelliliyinin təmin olunması üçün ildə minimum 31 milyard kubmetr qaz tələb olunur. Azərbaycanda mövcud və potensial qaz ehtiyatları azı 50 il müddətinə müvafiq kəmərin rentabelliliyini təmin etməyə imkan verir. Bununla yanaşı, enerji təhlükəsizliyinin səmərəli şəkildə gerçəkləşdirilməsi tələbatı və Avropanın getdikcə daha böyük həcmdə mavi yanacağa ehtiyac duyması müvafiq layihədə neft-qaz resursları ilə kifayət qədər zəngin olan digər dövlətlərin qoşulması zərurətini yaradır. Bununla bağlı, ikinci bəyannamədə Azərbaycandakı siyasi və iqtisadi islahatlara dəstəyin ifadə olunması çox mühüm əhəmiyyət kəsb edir. Bu, Cənubi Qafqazın zəngin ehtiyatlara və mühüm geosiyasi mövqeyə malik bölgəsi kimi, Azərbaycanın strateji önəmini daha da artırır.

Bu baxımdan, Avropa Komissiyası prezidentinin regiona səfərində əsas məqsəd enerji layihələri, bilavasitə, “Nabucco” qaz kəməri layihəsi ilə bağlıdır. “Cənub dəhlizi”nə daxil olan kəmər layihələri sırasında ən çox müzakirə obyektinə çevriləni də məhz “Nabucco”dur. Avropa Birliyi rəsmilərinin layihənin reallaşması ilə bağlı fəal təmaslara başlaması, müəyyən mənada, “Nabucco”nun perspektivi ilə bağlı pessimist proqnozların üstündən xətt çəkir. Digər tərəfdən, Azərbaycan artıq Gürcüstan, Türkiyə, Rusiya, İran, Ukrayna, Rumıniya və Macarıstana iri həcmdə qaz ixrac edir. Bu ölkələrdən ikisi - qonşu Rusiya və İran kifayət qədər zəngin neft-qaz ehtiyatlarına malikdir. “EurActiv” nəşrinin məlumatına görə, Barrozu Bakıya səfəri əsnasında enerji resurslarının gələcəkdə Avropaya tədarükü məsələsində tərəqqiyə nail olunacağını qeyd edib: “”Nabucco” üçün yaxşı perspektiv mövcuddur. İnanıram ki, bu layihə uğurlu olacaq. Məqsədimiz bu ölkələrlə “Cənub qaz dəhlizi” və əlbəttə, “Nabucco” ilə bağlı dəqiq öhdəlikləri müəyyən etməkdir”.

Qeyd edək ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayan əsas tərəfdaş ölkələrdən sayılır. Eyni zamanda, ölkəmiz Avropa Birliyi ilə “Şərq Tərəfdaşlığı” proqramı çərçivəsində fəal əməkdaşlıq edir. Bu mənada, səfər çərçivəsində müzakirə olunacaq məsələlər Avropanın enerji təhlükəsizliyinin formalaşmasında Azərbaycanın rolu, eləcə də, “Nabucco” layihəsinin reallaşması imkanlarıdır. Odur ki, Barrozunun Bakıdan sonra Aşqabada getməsi 2011-ci ildə “Nabucco” layihəsinin reallaşması istiqamətində daha ciddi addımlar atılacağını göstərir.

Bütün bunların fonunda, “Nabucco” layihəsinin gerçəkləşməsi  kifayət qədər real görünür. Avropa Birliyinin bu istiqamətdə praktik fəaliyyətə başlaması, “Nabucco”ya qoşula biləcək ölkələrlə - Azərbaycan, Türkmənistan və İraqla ikitərəfli danışıqlar sürətləndirilməsi bununla bağlı nikbin proqnozlar səsləndirməyə əsas verir. Bu məsələdə rəsmi Aşqabadın mövqeyinin nəzərəçarpacaq dərəcədə dəyişməsi də diqqətdən yayınmır. Əgər Türkmənistan əvvəllər “Nabucco” ideyasını ciddi qəbul etmirdisə, son vaxtlar Türkmənistan hökumətinin sözügedən layihə ilə bağlı mövqeyində nəzərəçarpacaq dəyişikliklər, yumşalma müşahidə olunur. Bu, bilavasitə, AB-nin apardığı effektli danışıqların nəticəsi kimi qiymətləndirilə bilər.

“Nabucco” perspektivli qaz nəqli xətti kimi Azərbaycanın da iqtisadi maraqlarına uyğundur. Ölkəmizdə yeni neft-qaz yataqlarının kəşf edilməsi və qaz hasilatının artması yeni ixrac kəmərlərinə ehtiyac yaradır. Azərbaycanın enerji təhlükəsizliyi baxımından, diversifikasiya və ya şaxələndirmə siyasətinə önəm verməsi alternativ kəmərlərin inşasını zərurətə çevirir. Bəlli olduğu kimi, 2010-cu ildə ölkəmizdə 29 milyard kubmetrə yaxın qaz hasil edilib və hasilatın 2011-ci bundan xeyli çox olacağı proqnozlaşdırılır. Bununla yanaşı, “Şahdəniz-2” istifadəyə verildikdən sonra ölkənin illik qaz hasilatının 45 milyard kubmetri keçəcəyi gözlənilir. Digər perspektivli yataqlarda aparılan kəşfiyyat işləri özünü doğruldacağı təqdirdə, Azərbaycan əsrin ikinci onilliyinin sonuna qədər təbii qaz hasilatını ilə 80 milyard kubmetrə qədər artırmaq imkanı qazanacaq.

Bu baxımdan, Azərbaycan “Nabucco”nun reallaşmasında kifayət qədər maraqlı görünür. Qeyd edək ki, Rusiyanın həyata keçirdiyi və “Nabucco”nun əsas alternativi hesab edilən “Şimal axını” kifayət qədər bahalı layihə hesab olunur. Belə ki, bu layihənin dəyəri 25 milyard dollar məbləğində qiymətləndirilir. “Nabucco” isə xərc baxımından, “Şimal axını” ilə müqayisədə daha ucuz başa gələcək. İnvestorlar artıq “Nabucco”nun reallaşması üçün 4 milyard avro vəsaitin ayrılmasına qərar veriblər. Bu, o deməkdir ki, layihənin reallaşması üçün vacib olan vəsaitin yarısı artıq tapılıb. Bu mənada, “Nabucco” ilə əlaqədar bir sıra texniki məsələlərin də artıq həll edildiyini söyləmək mümkündür. Avropa Komissiyasının sədrinin səfəri də göstərir ki, “Nabucco” Avropanın enerji təhlükəsizliyində mühüm prioritet təşkil edir.

Qeyd edək ki, Avropaya əsas qaz ixracatçısı sayılan Rusiya uzun müddət “Nabucco”nun reallaşmasına qarşı çıxırdı. Bununla belə, son zamanlar Rusiyanın mövqeyində də bununla bağlı dəyişikliklər müşahidə edilməkdədir. Əvvəllər Rusiyanın baş naziri Vladimir Putin “Nabucco”nun reallaşma imkanlarının olmaması yönündə tənqidi bəyanatlar verirdisə, indi o ritorikasını xeyli yumşaldaraq, “Nabucco”nu reallaşma ehtimalı azşanslı olan layihə kimi dəyərləndirir. Müvafiq bəyanatların, əslində, Rusiyanın təbii qaz inhisarçısına çevrilmək istəyindən irəli gəldiyi heç kəsə sirr deyil. Mahiyyət etibarı ilə, bu inhisarçılıq meyili nə Avropanın, nə də zəngin enerji ehtiyatlarına malik tərəfdaş ölkələrin iqtisadi maraqlarına uyğun deyil. Bu baxımdan, Barrozunun səfərinin yekunu olaraq, investorlarla “Nabucco”nun reallaşması istiqamətində anlaşmanın imzalanması istisna edilmir. Səfər, eyni zamanda, layihəyə qoşulan ölkələrlə ilkin anlaşmanın imzalanması prosesini yetərincə sürətləndirə bilər.

“Nabucco” konsorsiumunun rəhbərliyi isə 2011-ci ildə bu kəmərin tikintisi üçün praktiki əməliyyatlara başlamağa çalışır. Layihənin icraçı direktoru Reynhard Mitçek bunula bağlı bildirib ki, onlar qarşıdakı bir il ərzində kəmərin tikintisi üçün material təchizatı barədə qərar verəcək, maliyyələşmə üçün banklarla daha detallı danışıqlar aparacaq və ilin sonuna yaxın “Nabucco”nun yekun investisiya planının təsdiq edilməsinə çalışacaqlar.

R.Mitçek onu da qeyd edib ki, bu kəmərə “Şahdəniz -2”dən başqa Azərbaycandakı digər mənbələrdən də qaz almağı düşünürlər. Türkmənistan və İraqın şimalından da bu kəmərə qaz alınması barədə müzakirələr gedir. R.Mitçek açıqlamalarından o da bəlli olur ki, Xəzərin hüquqi statusu ilə bağlı Türkmənistanla Azərbaycan arasında olan fikir ayrılığı tərəflərin kəmərin çəkilməsi məsələsində anlaşmasına maneə törətməyəcək: “Bu mövzuda beynəlxalq hüquqi qiymətləndirmələrimiz var. Buna əsasən Xəzərin dibi ilə Türkmənistandan Azərbaycana qaz kəmərinin çəkilməsi üçün Bakı ilə Aşqabadın razılıq imzalaması yetərlidir”.

Bu baxımdan, “Nabucco” ilə bağlı ilin sonuna investisiya planı təsdiqlənməsi gözlənilir. Digər tərəfdən, bu kəmərlə Rusiya qazının da Avropaya daşınması istisna edilmir. Ən azı, bu səbəbdən, “Nabucco”nun anti-Rusiya kəməri kimi qiymətləndirilməsi doğru deyil.

Bununla yanaşı, “Nabucco”, əsasən, Xəzər regionundan Rusiyadan yan keçməklə Türkiyə vasitəsilə Avropaya qaz nəqlini nəzərdə tutur. Bu qaz kəməri layihəsi bilavasitə Avropa Birliyinin dəstəyi ilə həyata keçirilir. Kəmərlə bağlı ilkin müzakirələr 2002-ci ildən başlasa da, hələlik, yekun qərar qəbul olunmayıb. Plana görə, 2015-ci ildə işə düşəcək “Nabucco” Avropanın ildə 30 milyard kubmetrdən çox mavi yanacaqla təmin edəcək.

 

 

Naib NİFTƏLİYEV

 

Səs.- 2011.- 15 yanvar.- S. 7.