Siyasiləşmiş QHT-lər
kimə (nəyə) xidmət edir?
Ölkəmizdə çoxsaylı QHT-lər, vətəndaş cəmiyyəti institutları timsalında təşkilat və qurumlar, ictimai birliklər fəaliyyət göstərməkdədir. Həmin təşkilatların quruculuq, eləcə də, praktiki fəaliyyətlərində bir çox sferalar, istiqamətlər mövcuddur ki, bütün bunlar yalnız inkişaf və sağlam düşüncəli cəmiyyətin formalaşmasına, maarifləndirilməsinə xidmət edir. Eyni zamanda, tam demokratik və müstəqil şəkildə, genişmiqyaslı layihələr həyata keçirən bu təşkilatlar bütün hallarda, vətəndaş cəmiyyətinin inkişafı müstəvisində maarifçilik prinsiplərinə sadiq qalır, hər bir vətəndaşa yönəltdiyi layihə istiqamətində aşılayıcı rol oynamağa səy göstərir. Qeyd etdiyimiz kimi, bu cür təşkilatlar ölkəmizin demokratik inkişafı sferasında önəm və əhəmiyyət kəsb edirlər.
Lakin əfsuslar olsun ki, yuxarıda qeyd olunanalardan fərqli olaraq, qeyri-normal, inkişaf prinsiplərindən kənar QHT-lər də mövcuddur ki, həmin QHT-lər və onların rəhbərləri bilavasitə öz maraqlarına xidmət göstərmək amacları ilə tamamilə zidd mövqelər nümayiş etdirirlər. Bunların nəticəsində isə həmin təşkilatlarda sırf siyasiləşmələr müşahidə olunmaqdadır. Bu barədə istər qəzetimiz, istərsə də digər KİV-lər vasitəsilə ictimaiyyətə kifayət qədər məlumatlar verilmişdir. Bəs bu cür halların mövcudluğu daha hansı məqsədləri güdür və onlar kimə (nəyə) xidmət göstərirlər?
Təkcə radikal müxalifət düşərgəsində baş verən son olaylara diqqət yetirsək, görərik ki, antidövlətçilik çağırışları, dövlət əleyhinə cinayətlər törədilməsinə sövq və bu kimi digər hallara yol verən siyasi partiyaların ruporları da məhz bu tip QHT-lərdir. Daha dəqiq desək, dağıdıcılıq və anarxiyaya meyilli radikalların öz istəklərinə uyğun taktikaları, qeyri-qanuni hərəkətləri nəticəsində həbs olunmaları sanki sözügedən QHT-lərin dəyirmanlarına su tökür. Və onların hamısı bir ağızdan başlayırlar cinayətkarların “təmizə çıxarılma” əməliyyatlarına. Həmin saat bütün xarici səfirliklərə, səfirliklərin siyasi partiyalarla iş qurumlarına müraciətlər qəbul olunur, və sair və ilaxır...Hətta vəziyyəti bəzən elə hallara gəlib çıxarır ki, səs-küy çıxararaq, sözün əsil mənasında, həyasızlıq edən QHT-lər tamamilə unudurlar ki, onların xidmət səlahiyyətləri siyasət sərhədlərini aşır. Bunu biz uzun illərdir ki, dəfələrlə müşahidə etmişik və bu, indi də, davam etməkdədir.
Təbii ki, bu cür motivlərin arxasında başqa pərdəarxası məqamlar da mövcuddur. Həmin məqamlardan biri də QHT-lərin xarici anti-Azərbaycan meyilli qüvvələr qarşısında müxtəlif, çeşid-çeşid vədlər verib, siyasi öhdəliklər götürmələridir. Belə ki, siyasi partiyalardan fərqli olaraq, xarici ölkələrə daha tez-tez səfərlər edən sözügüdən ictimai birlik rəhbərləri tenderlər, konqreslər, tədbirlər pərdəsi altında gizli görüşlər keçirir, öz çirkin planlarını həyata keçirirlər. Bu barədə kifayət qədər məlumatlar mövcuddur.Onların maddi durumlarını “tənzimləyən” “siyasi məhbus” sərsəmləmələri də həmin quramalardandır.
Əslində diqqət yetirsək, bu tipli QHT rəhbərlərinin daha öncələr hansı əməllərin sahibləri olduqlarını xatırlasaq, görməyimizə kifayət edər ki, onlar hansı yuvanın quşları, ya da ki, hansı dərənin tülküləridirlər. Məsələn, “Demokratiya və Sülh İnstitutu” adlı təşkilatın rəhbəri Leyla Yunusova AXC-Müsavat diktatorluğu dönəmində Müdafiə Nazirliyinin nəzdində təchizat və təminat (əsgərlərin qidalanması və qida rasionu üzrə) şöbəsinə rəhbərlik edirdi. Daha dəqiq desək, oranı çapıb-talayırdı. Cəbhəyə göndəriləsi ət və digər qida məhsullarını mənimsəyərək, bazara çıxarırdı. Bu barədə açıqlamanı onun öz həmkarı - Helsinki Vətəndaş Assambleyasının ermənilərə satılmış rəhbəri Arzu Abdullayeva bir neçə il öncə mətbuata açıqlamışdı. Onu da deyək ki, vaxtilə aralarından su keçməyən bu iki “rəfiqənin” arasında yaranmış söz-söhbət də haram pullar üstündə yaranmışdı. Belə ki, “siyasi məhbus” məsələsinin süni halda qabardılması nəticəsində bölünə bilinməyən qrantlar üstündə Yunusova-Abdullayeva müharibəsinə start verilmişdi. Məhz bu cür insanların indi durub hansısa “haqsızlıqdan” bağıranda onların nə cür sifətə malik olmaları ifşa olunur.
Səidə Qocamanlı, Novella Cəfərova, Arif Yunusov, Eldar Zeynalov kimi naşəxslərin də bu sıralamaya aid olmaları şübhəsizdir. Onların müxtəlif cür murdar əməllərdən çıxaraq, Azərbaycana, xalqa-millətə qarşı təxribat xarakterli çıxışlar etmələri arxasında da düşmənlərə qulluq etmək amili dayanır. Digər maraqlı nüansa da diqqət yetirək. Həmin adamların bu günə qədər bir dəfə də olsun dövlət tərəfindən maliyyələşdirilən layihələrə qoşulduqlarının şahidi olmamışıq. Əksinə, bunların əlaqələri xarici siyasiləşmiş fondlarla, ya da fərdi insanlarladır. Onlar bir növ radikal müxalifət partiyaları ilə əlbir olaraq qeyd edilən xarici təşkilatlar və ya fərdi şəxslərlə aradüzəldənlik (anlaşma) rolu oynayaraq, maddi durumlarını artırırlar. Bu vasitəçiliklər yeni maliyyə donorlarının üzə çıxarılmasına da xidmət edir. Təki “siyasi” don geydirməyə “problemlər” ortaya çıxsın.
Son vaxtlar
radikal düşərgə daxilində yeni qurumların da
yaranmasının şahidi oluruq. “İctimai Palata” və
başqa birliklərin yaradılmasında belə qeyri-qanuni
olaraq QHT-lərin iştirakı birbaşa müşahidə
edilir. Heç bir qanunauyğunluğa sığmayan bu cür
olayların arxasında siyasi meyillilik, QHT-lər haqqında
qanuna zidd hərəkətlərin mövcudluğu
satılmış rəhbərlərin xəyanətkar
mövqedə dayanmalarına şərait yaradır.
Görünür, bunlar haqqında lazımi güc
strukturları tərəfindən ciddi tədbirlər
görülməsə, onların “xəmiri” hələ
çox su aparacaq...
Səs.- 2011.- 15 yanvar.- S. 8.