Xalq yazıçısı Elçin İstanbul Universitetinin fəxri doktoru adına layiq görülüb

 

Xalq yazıçısı Elçin türk dilinin və Türkiyə-Azərbaycan əlaqələrinin inkişafında xidmətlərinə görə İstanbul Kültür Universitetinin fəxri doktoru adına layiq görülüb. Universitetdə keçirilmiş mərasimdə təhsil ocağının rektoru, professor Dursun Koçer fəxri doktor diplomunu xalq yazıçısı Elçinə təqdim edib. Mərasimdə Türkiyə Böyük Millət Məclisi sədrinin müavini Meral Akşener, Azərbaycanın İstanbuldakı baş konsulu Həsən Zeynalov, digər rəsmi şəxslər və elm adamları iştirak ediblər. Professor Dursun Koçer türk dilinin XX əsrdə sənət və ədəbiyyat dilinə çevrilməsində böyük xidməti olan xalq yazıçısı Elçinin fəxri doktor adına layiq görülməsi haqqında universitet Senatının qərarını oxuyub, onun əsərlərinin Türkiyədə də böyük maraqla qarşılandığını bildirib. Universitet rəhbərliyinə təşəkkürünü bildirən xalq yazıçısı Elçin iki qardaş ölkənin arasında siyasi, iqtisadi və mədəni əməkdaşlığının yüksək səviyyəsini vurğulayaraq, xalqlarımız arasında mədəni əlaqələrin qardaşlığımızı daha da möhkəmləndirdiyini və digər sahələrdə əməkdaşlığa təkan verdiyini bildirib. Elçin universitet tələbələri ilə görüş də keçirib, yaradıcılığı ilə bağlı suallara cavab verib, kitablarına avtoqraf qoyub. Sonda tələbələrin ifasında xalq yazıçısı İlyas Əfəndiyevin “Mahnı dağlarda qaldı” tamaşası göstərilib.

 

 

Səs.- 2011.- 15 yanvar.- S. 12.