Azərbaycan Avropa İttifaqı ilə enerji sahəsində yüksək səviyyədə əməkdaşlıq edir

 

İlham Əliyev: "Ölkəmiz Avropa İttifaqının enerji təhlükəsizliyinə töhfə verməyə hazırdır"

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 16-da Latviya Respublikasına rəsmi səfərə gedib.  Azərbaycanın və Latviyanın dövlət bayraqları ilə bəzədilmiş Riqanın Beynəlxalq hava limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Prezident İlham Əliyevi və xanımı Mehriban Əliyevanı Latviyanın yüksək vəzifəli dövlət və hökumət nümayəndələri qarşılayıblar. Azərbaycanın birinci xanımına gül dəstəsi təqdim olunub. Yanvarın 17-də Latviya Prezidentinin iqamətgahında - "Riqa" qəsrində Azərbaycan Prezidenti İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub. Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı qəsrin qarşısında Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Latviya Prezidenti Valdis Zatlers və xanımı Lilita Zatlere Azərbaycan Prezidenti İlham Əliyevi və xanımı Mehriban Əliyevanı qarşılayıblar.  Hərbi orkestrin ifasında Azərbaycanın və Latviyanın dövlət himnləri səslənib.

Latviyanın dövlət və hökumət nümayəndələri Azərbaycan Prezidenti İlham Əliyevə, Azərbaycan nümayəndə heyətinin üzvləri Latviya Prezidenti Valdis Zatlersə təqdim olunub. Prezidentlər və xanımları rəsmi foto çəkdiriblər.  Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva "Riqa" qəsrinin "Gerblər" salonunda Fəxri qonaqlar kitabına ürək sözlərini yazıblar. Yanvarın 17-də Riqada rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Prezidenti İlham Əliyevin və Latviya Prezidenti Valdis Zatlersin təkbətək görüşü olub.

Görüşdə ölkələrimiz arasında əlaqələrin müxtəlif sahələrdə uğurla inkişafından məmnunluq ifadə edildi, əməkdaşlığın genişləndirilməsi üçün yaxşı perspektivlərin olduğu bildirildi.

Söhbət zamanı Azərbaycan ilə Latviya arasında əlaqələrin Avropa İttifaqı çərçivəsində əməkdaşlığın genişləndirilməsi baxımından əhəmiyyəti vurğulandı, ikitərəfli münasibətlər və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparıldı. Təkbətək görüş başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Latviya Respublikasının Prezidenti Valdis Zatlersin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə danışıqları olub. Azərbaycan Prezidenti İlham Əliyevi Latviyada görməkdən məmnun olduğunu bildirən Prezident Valdis Zatlers özünün Azərbaycana rəsmi səfərinin uğurlu olduğunu xatırlatdı. Azərbaycanın dövlət başçısının indiki səfərindən sonra Bakı ilə Riqa arasında əlaqələrin daha da inkişaf edəcəyinə ümidvar olduğunu söylədi.

Latviya kimi gözəl ölkəyə səfər etməsindən məmnunluğunu ifadə edən Azərbaycan Prezidenti İlham Əliyev vurğuladı ki, bu səfər ikitərəfli münasibətlərin müzakirəsi, qarşılıqlı surətdə faydalı dialoq və əməkdaşlığı inkişaf etdirmək üçün yaxşı bir imkandır.

Prezident İlham Əliyev bildirdi ki, keçiriləcək Latviya-Azərbaycan biznes forumunun nəticələri uğurlu olacaq və ölkələrimiz arasında əməkdaşlığın inkişafına fayda verəcəkdir.

Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı aparılan danışıqlar, ölkələrimiz arasında iqtisadi, enerji, informasiya-kommunikasiya texnologiyaları, qarşılıqlı sərmayələrin qoyuluşu, humanitar, təhsil sahələrində əlaqələr müzakirə edildi, ikitərəfli münasibətlərin Avropa İttifaqı çərçivəsində əməkdaşlığın inkişafı baxımından əhəmiyyəti vurğulandı və bu əməkdaşlığın daha da genişlənəcəyinə əminlik ifadə olundu.  Daha sonra Azərbaycan-Latviya sənədlərinin imzalanma mərasimi olub.

Dövlət başçıları İlham Əliyev və Valdis Zatlers "Azərbaycan Respublikası Prezidentinin və Latviya Respublikası Prezidentinin Birgə bəyannaməsi"ni imzaladılar.

"Azərbaycan Respublikasının Hökuməti ilə Latviya Respublikasının Hökuməti arasında fövqəladə halların xəbərdar edilməsi və aradan qaldırılması sahəsində əməkdaşlıq haqqında saziş"i Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərov və Latviyanın daxili işlər naziri xanım Linda Murniese imzaladılar.

"Azərbaycan Respublikasının Vergilər Nazirliyi və Latviya Respublikasının Dövlət Gəlirlər Xidməti arasında vergi qanunvericiliyinə əməl edilməsi məsələləri üzrə qarşılıqlı inzibati yardım və informasiya mübadiləsi haqqında saziş"i Azərbaycanın vergilər naziri Fazil Məmmədov və Latviyanın Gəlirlər üzrə Dövlət Agentliyinin baş direktoru xanım Nelija Jezdakova imzaladılar. Sənədlərin imzalanması mərasimindən sonra Azərbaycan Prezidenti İlham Əliyevin və Latviya Prezidenti Valdis Zatlersin birgə mətbuat konfransı olub. Dövlət başçıları əvvəlcə birgə bəyanatla çıxış etdilər.  Latviya Prezidenti Valdis Zatlers Azərbaycan Prezidenti İlham Əliyevi ölkəsində salamlamaqdan böyük şərəf duyduğunu, gələcəkdə iki ölkə arasındakı iqtisadi və mədəni əlaqələrin daha da möhkəmlənəcəyini bildirdi. "Bizim ikitərəfli əlaqələrimiz çox müsbətdir və son illərdə dünyada iqtisadi geriləmə müşayiət olunduğu bir dövrdə bizim ölkələr arasında iqtisadi əməkdaşlıq 10 faiz artıb", - deyən Latviyanın dövlət başçısı biznes forumların ölkələrimiz arasındakı iqtisadi əməkdaşlığın genişləndirilməsi baxımından mühüm addım olduğunu vurğuladı.

Latviya-Azərbaycan işçi şurasının yaradılacağını bildirən Valdis Zatlers dedi ki, ikitərəfli münasibətlər Avropa İttifaqı ilə əlaqələrin genişləndirilməsi baxımından da mühümdür.

Azərbaycan Prezidenti İlham Əliyev də imzalanan sənədlərin, xüsusilə də dövlət başçılarının imzaladığı Birgə bəyannamənin əhəmiyyətinə toxundu. Ölkələrimiz arasında siyasi, iqtisadi və mədəni əməkdaşlığın böyük perspektivlərinin olduğunu bildirdi.

Ölkələrimizin dost ölkələr olduğunu vurğulayan Prezident İlham Əliyev Riqada keçiriləcək Latviya-Azərbaycan biznes forumunun böyük əhəmiyyətə malik olacağını bildirərək, bu forumda Azərbaycan tərəfdən 50-dən çox iş adamının iştirak edəcəyini söylədi. "Azərbaycan Avropa İttifaqı ilə enerji sahəsində yüksək səviyyədə əməkdaşlıq edir və ölkəmiz Avropa İttifaqının enerji təhlükəsizliyinə töhfə verməyə hazırdır", - deyən dövlətimizin başçısı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı aparılan danışıqlar barədə də məlumat verdi. O bildirdi ki, münaqişə yalnız beynəlxalq hüquq normaları əsasında, ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır.

Prezident İlham Əliyev Avropa İttifaqının "Şərq təcrəfdaşlığı" proqramının icrasına Azərbaycanın böyük ümidlərlə baxdığını bildirdi.  Sonra dövlət başçıları jurnalistlərin suallarına cavab verdilər. Yanvarın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva, Latviya Prezidenti Valdis Zatlers və xanımı Lilita Zatlere Riqa şəhərində "Azadlıq" abidəsinin ucaldıldığı mərkəzi meydana gəldilər. Meydanda fəxri qarovul dəstəsi düzülmüşdü.

Dövlət başçıları abidənin önünə gül qoydular, Latviyanın müstəqilliyi uğrunda həlak olanların xatirəsini yad etdilər.  Hərbi orkestrin ifasında Azərbaycanın və Latviyanın dövlət himnləri səsləndirildi.

Latviya Prezidenti Valdis Zatlers Azərbaycanın dövlət başçısına məlumat verdi ki, latış xalqının azadlıq rəmzi olan bu abidə 1935-ci il noyabrın 18-də ucaldılmışdır. Latviya 1918-ci ildə məhz noyabrın 18-də müstəqil respublika elan edilmişdi. 1940-cı ildə Latviya Sovet İttifaqına birləşdirildikdən sonra bu abidənin önünə gül-çiçək qoymaq, əslində, qadağan olunmuşdu. Buna baxmayaraq, latış xalqı milli azadlıq hərəkatlarının, tarixi hadisələrin ildönümünü, repressiya qurbanlarının xatirəsini burada yad edirdi. Keçən əsrin sonunda xalqın yenidən müstəqillik uğrunda mübarizəsi də məhz buradan başlanmışdı.

Azərbaycan Prezidenti İlham Əliyev Riqanın qocaman sakini ilə söhbət etdi, xatirə şəkli çəkdirdi. Dövlətimizin başçısına abidənin yerləşdiyi meydanın ətrafında aparılmış abadlıq işləri barədə də məlumat verildi.  Həmin gün Yurmalada Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva, Latviya Prezidenti Valdis Zatlers və xanımı Lilita Zatlere birgə nahar ediblər.

Prezident İlham Əliyev yanvarın 17-də Riqada Latviya Seyminin sədri xanım Solvita Aboltina ilə görüşüb. Latviya parlamentinin rəhbəri dövlətimizin başçısına qanunvericilik orqanının binası, strukturu və fəaliyyəti barədə ətraflı məlumat verdi. Daha sonra keçirilən görüşdə Latviya Seyminin sədri bildirdi ki, onun ölkəsi Azərbaycan ilə parlamentlərarası əlaqələrin inkişafına böyük önəm verir.  Seymdə Azərbaycan ilə dostluq qrupunun fəaliyyət göstərdiyini  xatırladan sədr Solvita Aboltina Latviyanın Azərbaycan ilə parlamentlərarası əlaqələrin genişlənməsində maraqlı olduğunu vurğuladı. Gələcəkdə bu əməkdaşlığın möhkəmlənəcəyinə əminliyini bildirdi. Prezident İlham Əliyev Azərbaycan ilə Latviya arasında əlaqələrin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini dedi. Dövlətimizin başçısı parlamentlərarası əlaqələrin inkişafının ölkələrimiz arasında ikitərəfli münasibətlərimizə böyük töhfə verdiyini vurğuladı.  Azərbaycan Prezidenti ölkələrimiz arasında əlaqələrin, o cümlədən parlamentlərarası əməkdaşlığın genişlənəcəyinə əminlik ifadə etdi. Həmin gün Riqada Azərbaycan-Latviya biznes forumu keçirilib. Azərbaycan Prezidenti İlham Əliyev və Latviya Prezidenti Valdis Zatlers biznes forumda iştirak ediblər.

Biznes forumda hər iki ölkədən 200 iş adamı iştirak etmişdir.  Forumun əsas məqsədi sahibkarlar arasında iqtisadiyyatın müxtəlif sahələrində səmərəli əməkdaşlığın qurulması və mövcud iqtisadi potensialdan yararlanaraq, ticarət dövriyyəsini hər iki ölkəni qane edən səviyyəyə çatdırmaqdır.

Prezidentlər biznes forumda çıxış etdilər.  Latviya dövlətinin başçısı bildirdi ki, bundan əvvəl keçirilmiş biznes forumlar zamanı ölkələrimiz arasında səmərəli əlaqələr qurulmuşdur. Bunun nəticəsində müxtəlif layihələr həyata keçirilmişdir. Bu qarşılıqlı faydalı işbirliyinin səmərəli siyasi əməkdaşlıqdan qaynaqlandığını vurğulayan Valdis Zatlers qeyd etdi ki, bunun üçün müvafiq qanunvericilik bazası da hazırlanmışdır. Prezident İlham Əliyevin Latviyaya səfərinin ölkələrimiz arasında münasibətlərin genişləndirilməsinin təzahürü olduğunu vurğulayan Valdis Zatlers dedi ki, bu səfər çərçivəsində dövlət başçılarının imzaladığı bəyannamə əsasında əməkdaşlığımız daha da inkişaf edəcəkdir. Ölkələrimiz arasında əlaqələrin müxtəlif sahələrdə, xüsusilə İKT sahəsində inkişaf etdiyini bildirən Latviya Prezidenti mədəni mübadilənin də genişləndiyini dedi.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev biznes forumda çıxış etdi.  Dövlətimizin başçısı tədbirin əhəmiyyətini vurğulayaraq artıq Latviya-Azərbaycan biznes forumlarının ənənəvi xarakter daşıdığını dedi. Ölkələrimiz arasında iqtisadi əlaqələrin daha da inkişaf etdirilməsi üçün geniş potensialın olduğunu deyən Prezident İlham Əliyev bildirdi ki, bugünkü siyasi əlaqələr və Azərbaycan ilə Latviya arasında olan əməkdaşlıq meyilləri biznes sahəsində inkişafa da gözəl şərait yaradır. Riqada hər iki ölkə prezidentlərinin imzaladığı bəyannamənin əhəmiyyətini vurğulayan dövlətimizin başçısı bu sənədin gələcək əməkdaşlığın perspektivlərini müəyyən etdiyini dedi.

Azərbaycanın iqtisadi inkişafı barədə danışan Prezident İlham Əliyev son 7 ildə ölkəmizdə ÜDM-in təxminən 3 dəfə artdığını, yoxsulluğun 4-5 dəfə azaldığını, 900 mindən artıq iş yerinin açıldığını, təkcə ötən il 15,5 milyard dollar məbləğində investisiya qoyulduğunu bildirdi. Azərbaycanda çox əlverişli investisiya mühitinin olduğunu deyən dövlətimizin başçısı bu gün ölkə iqtisadiyyatının şaxələndirilməsi üçün səylər göstərildiyini bildirdi.  Azərbaycanda geniş modernləşdirmə prosesinin getdiyini xatırladan Prezident İlham Əliyev ölkəmizin də xaricdə investisiyalar qoyduğunu dedi. Bu günlərdə Avropa Komissiyasının sədri Xose Manuel Barrozunun Bakıya səfəri zamanı Avropa İttifaqı ilə  ölkəmiz arasında energetika sahəsinə dair mühüm sənədin imzalandığını bildirən Prezident İlham Əliyev qeyd etdi ki, Latviya Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrinə öz töhfəsini verir.

Xəzər dənizi hövzəsi ölkələrinin Baltikyanı dövlətlərlə ənənəvi əlaqələrinin inkişafında nəqliyyat layihələrinin əhəmiyyətinə toxunan Prezident İlham Əliyev bu baxımdan Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisini xüsusi qeyd etdi. Dövlətimizin başçısı biznes forumun gələcəkdə uğurlu nəticələr verəcəyinə əmin olduğunu dedi.

Tədbirdə Azərbaycan ilə Latviya arasında biznes və investisiyalar sahəsində əməkdaşlığa dair birgə sənədlər imzalandı. Biznes forumda Azərbaycanın və Latviyanın iqtisadi inkişafı, investisiya imkanları və əməkdaşlıq potensialı barədə ətraflı məlumat verildi, müxtəlif layihələrin təqdimatları keçirildi. Azərbaycan və Latviya prezidentləri tədbir çərçivəsində təşkil edilmiş sərgi ilə tanış oldular, hər iki ölkədə istehsal edilən müxtəlif növ məhsulların nümunələrinə baxdılar.

 

 

Səs.- 2011.- 18 yanvar.- S. 2-3.