Azərbaycan öz inkişafını davam etdirir

 

İlham Əliyev: "Əksər ölkələrdə həm 2009-cu, həm də 2010-cu ildə tənəzzül müşahidə olunduğunu nəzərə alsaq, bizim uğurlarımızın əhəmiyyəti daha da artır"

 

“2010-cu il ölkəmizin inkişafı üçün çox əhəmiyyətli il olmuşdur. 2010-cu ildə ölkə iqtisadiyyatı inkişaf etmişdir. Ümumiyyətlə, 2009 və 2010-cu illər tarixdə maliyyə və iqtisadi böhran illəri kimi qalacaq və bu illər bizim üçün də sınaq olmuşdur. Mən çox şadam ki, Azərbaycanda aparılan islahatlar və düzgün iqtisadi siyasət nəticəsində həm 2009-cu ildə, həm 2010-cu ildə ölkə iqtisadiyyatı inkişaf etmişdir"- Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2010-cu ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2011-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında belə deyib.

 

Makroiqtisadi göstəricilər: Azərbaycan ötən ili necə başa vurub?

 

Dünya iqtisadiyyatında vəziyyətin hələ də gərgin olması fonunda, ötən illərdə olduğu kimi, 2010-cu il Azərbaycan iqtisadiyyatı üçün uğurlu olub və ÜDM 5 faiz artaraq, 41 milyard manatı ötüb. Orta illik inflyasiya idarə olunan səviyyədə saxlanılıb və 5,7 faiz təşkil edib. Strateji valyuta ehtiyatları ilin əvvəli ilə müqayisədə 50 faiz artaraq, 29 milyard dollara çatıb.

Ötən il 51 milyon ton neft, 27 milyard kubmetr qaz hasil edilib, sənaye 2,6 faiz artıb. Qeyri-neft sektorunun dinamik inkişafı davam edib və onun real artım tempi, ümumi artım tempini üstələyərək 7,6 faiz, o cümlədən, qeyri-neft sənayesində 6,6 faiz, rabitədə 29,7 faiz, nəqliyyatda yük daşınması 3,1 faiz təşkil edib.

Prezident müşavirədə bildirib ki, 2009-cu ildə ümumi daxili məhsul 9,3 faiz, keçən il isə 5 faiz artıb. "Əksər ölkələrdə həm 2009-cu, həm də 2010-cu ildə tənəzzül müşahidə olunduğunu nəzərə alsaq, əlbəttə ki, bizim uğurlarımızın əhəmiyyəti daha da artır. 

Bu böhranlı illər ərzində biz iqtisadi siyasətimizi inamla aparmışıq. Ölkə qarşısında duran bütün vəzifələr icra edildi. Bütün sosial proqramlar öz həllini tapdı. Keçən il minimum əməkhaqqı və pensiyanın baza hissəsi artırıldı. Halbuki Avropanın bir çox ölkələrində əks istiqamətdə proseslər gedirdi, maaşlar, pensiyaların məbləği aşağı düşürdü.

Əlbəttə ki, bütün bu uğurlarımızın təməlində uzun illər aparılan düşünülmüş iqtisadi siyasət, iqtisadi islahatlar dayanır. Bizim iqtisadiyyatımız artıq çoxşaxəli iqtisadiyyatdır, təkcə bir sektora arxalanmır. Bizim məqsədimiz məhz ondan ibarət idi ki, ölkədə çoxşaxəli iqtisadiyyat yaradaq. Baxmayaraq ki, 2009-cu ildə dünyada neftin qiyməti bir neçə dəfə, demək olar, 4 dəfə düşmüşdü, bizim iqtisadiyyatımız yenə də artmışdır. Əminəm ki, 2011-ci il də ölkə iqtisadiyyatının inkişafı üçün uğurlu olacaqdır. Bunu deməyə bütün əsaslar var".

Müşavirədə qeyd edildiyi kimi, ötən ilin yekunlarına nəzər salsaq, görərik ki, 2010-cu ildə ölkə iqtisadiyyatı 5 faiz artıb, makroiqtisadi durum sabit olaraq qalıb. 2009-cu ildə bir çox ölkələrdə milli valyutanın dəyəri aşağı düşərək, devalvasiyaya uğrayıb. Azərbaycanın milli valyutası isə sabit olaraq qalır. Bu da ölkə iqtisadiyyatı üçün çox vacib bir amildir.

2010-cu ildə ölkədə makroiqtisadi sabitlik qorundu, inflyasiya cəmi 5,7 faiz təşkil etdi, əhalinin pul gəlirləri isə 12,3 faiz artdı. Bu, onu göstərir ki, gəlirlər inflyasiyanı üstələyir.

2010-cu ildə ölkə iqtisadiyyatına 15,5 milyard dollar vəsait qoyulub. Bir maraqlı məqamda var ki, daxili investisiyalar xarici investisiyaları üstələyir. Artıq birinci il deyil ki, bu, belədir. Bu, onu göstərir ki, həm dövlət tərəfindən, həm özəl sektor tərəfindən ölkə iqtisadiyyatına böyük məbləğdə investisiyalar qoyulur.

Daha bir maraqlı məqam qeyri-neft sektoruna qoyulan investisiyalar neft sektorundakından çoxdur. 15,5 milyard dollardan 9,3 milyard dolları qeyri-neft sektoruna qoyulan sərmayədir. Bu, onu göstərir ki, ölkə iqtisadiyyatının neft sektorundan asılılığını azaltmaq üçün əməli-praktik tədbirlər görülür.

 

Azərbaycanda yoxsulluğun səviyyəsi 9 faizə düşüb

 

2010-cu ilin yekunlarına görə, yoxsulluğun səviyyəsi daha da aşağı düşüb və artıq Azərbaycanda yoxsulluq şəraitində yaşayanlar 9,1 faiz təşkil edir. Bu, əslində, çox böyük nailiyyətdir. Müqayisə üçün deyə bilərik ki, qardaş Türkiyədə yoxsulluğun səviyyəsi 10 faiziə yaxındır.

Ümumilikdə, son 7 il ərzində Azərbaycanda yoxsulluq 5 dəfə aşağı düşüb. Bu, sübut edir ki, Azərbaycanda neft gəlirlərindən ölkə xəzinəsinə daxil olunan vəsait ədalətli bölünür və beləliklə, Azərbaycanda sosial ədalət prinsipi həmişə yüksək səviyyədə tətbiq olunur.

2010-cu ildə bütün sosial proqramlar icra edildi. Minimum əməkhaqqı və pensiyanın baza hissəsi 75 manatdan 85 manata qaldırıldı. Ünvanlı sosial yardım proqramı icra edilir, bu proqram çərçivəsində 550 min nəfər dövlətdən yardım alır.

Sosial infrastrukturun yaradılmasında böyük işlər görülüb. 40-dan çox tibb müəssisəsi, 70-dən çox məktəb tikilib, təmir edilib. 5 olimpiya mərkəzi tikilib, mədəniyyət ocaqlarının tikilməsi və təmirinə vəsait ayrılır. Dövlət başçısı hökumətin iclasında bildirib ki, ölkənin inkişafı üçün vacib olan sosial sahə, həmişə olduğu kimi, diqqət mərkəzindədir. Bu, 2011-ci ildə də belə olmalıdır və şübhəsiz, investisiya proqramında, sosialyönümlü layihələr nəzərdə tutulacaqdır.

Regionlarda böyük layihələr icra olunur, regional inkişaf proqramı icra edilir. Keçən il 70 mindən çox iş yeri açılıb, onun 53 mini daimi iş yeridir. Regional inkişaf proqramlarının icrasının başlanmasından, yəni 2004-cü ilin fevralından bu günə qədər ölkəmizdə 900 mindən artıq iş yeri açılıb ki, bu da işsizliyin aradan qaldırılması üçün, demək olar, əsas amildir. Bununla bərabər, iş yerlərinin açılması, yeni müəssisələrin işə salınması nəticəsində ölkə daxilində istehsal olunan malların sayı artır. Beləliklə də, ölkəmizin ixracdan asılılığı azalır. Prezident İlham Əliyev müşavirədə qeyd edib: "Biz artıq qeyri-neft ixrac potensialına malikik və öz məhsullarımızı artıq başqa ölkələrdə nümayiş etdiririk. Bu il həmin siyasət daha da sürətlə aparılmalıdır”.

Azərbaycanda istifadəyə verilmiş səhiyyə ocaqları - orada ən qabaqcıl avadanlıqlar quraşdırılır. Ölkə başçısı bunu belə ifadə edir: "Biz dünyanın aparıcı, inkişaf etmiş ölkələrinin ən qabaqcıl klinikalarında olan avadanlığı, aparatları gətiririk. Ölkəmizə ən qabaqcıl texnologiyaları gətirək ki, Azərbaycanda bütün işlər yüksək səviyyədə görülsün. Beləliklə, görülən bu işlər nəticəsində həm insanlar üçün yaxşı şərait yaradılır, həm də ölkə daha da güclənir".

 

Neft-qaz sektorunda böyük uğurlar əldə olunub

 

Azərbaycan Prezidenti 2010-cu ildə ölkənin neft-qaz sektorunda böyük inkişaf əldə olunduğunu deyib: "Bizim iqtisadiyyatımız üçün əsas olan sektorda - neft-qaz sektorunda keçən il bütün planlar yerinə yetirildi. 51 milyon ton neft hasil edildi ki, onun da böyük hissəsi ixrac olundu. 27 milyard kubmetr qaz hasil edildi. Hesab edirəm ki, bu il qazın hasilatı və ixracı daha da artmalıdır.

Keçən il Azərbaycan Dövlət Neft Şirkəti tərəfindən böyük qaz yatağı aşkar edilmişdir. "Ümid" yatağı bizim qaz potensialımıza əlavə həcm gətirir. Artıq bizim təsdiq edilmiş qaz ehtiyatlarımız 2,2 trilyon kubmetrdir. Ümid edirəm ki, bu il və gələn il aparılacaq kəşfiyyat nəticəsində bu rəqəm daha da artacaqdır".

Qeyd edək ki, keçən il nəqliyyat sektoruna böyük investisiyalar qoyulub. Bu sektor ölkə iqtisadiyyatı üçün çox böyük önəm daşıyır. Avtomobil yolları tikilir, yeni təyyarələr alınır. Ələtdə böyük beynəlxalq ticarət limanının təməli qoyulub, gəmiqayırma zavodunun tikintisinə başlanıb.

Azərbaycan artıq bu bölgədə mühüm regional amilə çevrilib. Ölkəmizin imkanları getdikcə artır. 2010-cu ildə bizim valyuta ehtiyatlarımız da artıb. Baxmayaraq ki, bəzi ölkələrdə valyuta ehtiyatları aşağı düşüb, çünki həmin ölkələr sosial məsələlərin həlli üçün ondan istifadə edib. Bizim isə valyuta ehtiyatlarımız artır. Azərbaycan Prezidenti bununla bağlı bildirib: "İlin sonuna olan məlumata görə, valyuta ehtiyatlarımız 29,1 milyard dollar təşkil edirdi. Dünən mənə verilən məlumata görə, artıq bu rəqəm 29,4 milyard dollara çatmışdır. Yəni təkcə on gün ərzində bizim vəsaitimiz nə qədər artır. Əlbəttə, növbəti illərdə bu, daha da artacaqdır.

Yəni biz artıq həm Azərbaycanda, həm də başqa ölkələrdə istənilən infrastruktur və sərmayə layihəsini icra edə bilərik, edirik. Artıq Azərbaycan şirkətləri xaricə də vəsait qoyur. Hesab edirəm ki, bu, ölkə iqtisadiyyatı və gələcək planlarımızın həyata keçirilməsi üçün vacib amillərdir".

Göründüyü kimi, 2010-cu il Azərbaycan üçün çox uğuru olub. Ötən il ölkəmiz qlobal böhrana baxmayaraq öz inkişaf tempini davam etdirib. Dövlət başçısının sözləri ilə desək, 2011-ci ili daha böyük uğurlarla başa vuracağımıza şübhə yoxdur.

 

 

ELÇİN BAYRAMLI

 

Səs.- 2011.- 18 yanvar.- S. 4.