Azərbaycanla Latviya arasında
bütün əlaqələri genişləndirmək
üçün böyük imkanlar var
Azərbaycanın birinci xanımı, Heydər Əliyev
Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı
səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva Latviyada
bir sıra görüşlər keçirib
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva
Riqada "Saule" Sosial İnkişaf Mərkəzində
olub
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva yanvarın 17-də Riqada "Saule" Sosial İnkişaf Mərkəzində olub. Mehriban xanıma məlumat verildi ki, 1995-cü ildə beynəlxalq donorlar tərəfindən təsis olunmuş bu qeyri-hökumət təşkilatının məqsədi əqli cəhətdən zəif insanların öz imkanları daxilində cəmiyyətə maksimum inteqrasiya olunmasına yardım göstərməkdir. Mərkəzin qayğısı ilə əhatə olunan insanların əl işləri beynəlxalq sərgilərdə nümayiş edilir. Təşkilat həm də vətəndaş cəmiyyətinin qurulmasında yaxından iştirak edir.
Beynəlxalq əməkdaşlıq çərçivəsində "Saule" Sosial İnkişaf Mərkəzi gənclərin beynəlxalq mübadilə layihələrində yaxından iştirak edir, müxtəlif təlim-tədris proqramlarını həyata keçirir.
Azərbaycanın birinci xanımına mərkəzin reallaşdırdığı müxtəlif xeyirxah layihələr barədə də məlumat verilmişdir.
Mehriban xanım mərkəzlə yaxından tanış olmuş, burada yaradıcılıqla məşğul olanların əl işlərinə baxmışdır.
Sonra Azərbaycanın birinci xanımı mərkəzin üzvlərinin ifasında konsert proqramına tamaşa etmişdir.
Mehriban xanım Əliyeva və Latviyanın birinci xanımı Lilita Zatlere mərkəzin üzvləri ilə xatirə şəkli çəkdirmişlər.
Azərbaycanın və Latviyanın birinci xanımlarına hədiyyələr təqdim olunmuşdur. Heydər Əliyev Fondunun adından "Saule" Sosial İnkişaf Mərkəzinə noutbuklar təqdim edilmişdir.
Azərbaycanın birinci
xanımı Mehriban Əliyeva "Putti" İncəsənət
Qalereyasında olub
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva yanvarın 17-də Riqada "Putti" İncəsənət Qalereyasında olub. Mehriban xanıma məlumat verildi ki, 2000-ci ildə təsis olunmuş qalereyanın məqsədi Latviyanın zərgərlik məmulatlarının müasir dizaynının təbliğ edilməsi və beynəlxalq səviyyədə tanıdılmasına dəstək verməkdir. "Putti" Riqada yeganə qalereyadır ki, burada Latviyanın istedadlı incəsənət adamlarının geniş çeşidli zərgərlik işləri nümayiş etdirilir.
Mehriban xanım Əliyeva burada Yeni il və Milad bayramı münasibətilə təşkil edilmiş sərgi, müxtəlif müəlliflərin əl işləri ilə tanış olmuşdur. Latviya Prezidentinin xanımı Lilita Zatlere qalereya ilə tanışlıq zamanı Mehriban xanım Əliyevanı müşayiət etmişdir.
Azərbaycanın birinci
xanımı Mehriban Əliyevanın və Latviyanın birinci
xanımı Lilita Zatlerenin görüşü olub
Prezident
İlham Əliyevin Latviyaya rəsmi səfəri çərçivəsində
Azərbaycanın birinci xanımı, Heydər Əliyev
Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı
səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva
yanvarın 17-də Latviyanın birinci xanımı Lilita Zatlere
ilə görüşüb.
Səs.- 2011.- 18 yanvar.- S. 5.