Qeyri-neft sektoruna investisiya qoyuluşu artıb
Regionların sosial-iqtisadi inkişafına xüsusi diqqət
yetirilir
Hazırda Azərbaycanda
regionların sosial-iqtisadi inkişafı ilə bağlı
çox mühüm tədbirlər, strateji layihələr həyata
keçirilir. Bu layihələrin müvəffəqiyyətlə
həyata keçirilməsi üçün regional maliyyə
bazarının sistemli şəkildə təkmilləşdirilməsi
vacibdir. İndi bu proses çox böyük uğurla davam
etdirilir. Burada başlıca diqqət maddi resursların, maliyyə
vəsaitlərinin səmərəli istifadəsinə və
ciddi iş adamlarının əlində cəmləşməsinə
yönəldilir.
Bütün bunlar
özünü daha çox özəl sektorun, qeyri-neft
bölməsinin sürətli inkişafını təmin etmək
üçün bir sıra mühüm tədbirlərin həyata
keçirilməsində göstərir. Prezident İlham Əliyevin
vurğuladığı kimi burada məqsəd milli
iqtisadiyyatda neft amilindən asılılığı tamamilə
aradan qaldırmaqdan ibarətdir: "Əminəm ki, qeyri-neft
sektorunun inkişafı həm dövlət tərəfindən
verilən dəstək hesabına, həm də özəl
sektorun fəaliyyəti nəticəsində daha da genişlənəcəkdir.
Biz bir neçə il ərzində sahibkarlara kreditlər
veririk, bu kreditlər də yaxşı işləyir. Bu
kreditlərin hesabına yeni müəssisələr - fabriklər,
emal müəssisələri yaradılır, özəl
biznes inkişaf edir. İqtisadiyyatımızın ümumi
çəkisində özəl biznesin kifayət qədər
böyük yeri var. Azərbaycan iqtisadiyyatı 80 faizdən
yuxarı özəl sektorun əsasında qurulubdur".
Son illər Prezident İlham Əliyevin
rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi
islahatların əsas istiqamətlərindən biri də milli
sahibkarlığın inkişaf etdirilməsidir. Bu səbəbdən,
Azərbaycan Respublikası XXI əsrə bazar
iqtisadiyyatının formalaşdırılması və
sahibkarlığın inkişafı sahəsində
böyük irəliləyişlərlə qədəm qoyub.
İqtisadi və dövlət idarəetmə aparatında
aparılan islahatlar ölkədə iqtisadiyyatın
bütün sahələrinin, o cümlədən, bazar
iqtisadiyyatı mexanizmlərinin bərqərar olmasına şərait
yaradıb, yerli və xarici investisiyalar, müasir texnologiyalar və
idarəetmə təcrübəsi cəlb etməklə rəqabət
qabiliyyətli məhsul istehsal edən müəssisələrin
yaradılmasına, mövcud müəssisələrin yenidən
qurulmasına, yeni iş yerlərinin və nəticə
etibarilə xalqın maddi rifahının yüksəldilməsinə
yönəldilib. Bu baxımdan, ölkəmizdə
sahibkarlığın təkmilləşdirilməsi əmtəə
və xidmətlərin səviyyəsinə müsbət təsir
göstərir. Prezident İlham Əliyevin müvafiq Fərmanı
ilə təsdiq edilmiş ikinci "Azərbaycan
Respublikası regionlarının sosial-iqtisadi inkişafı
Dövlət Proqramı"nın icrası məqsədilə
idarəetmə orqanlarının, yerli və xarici
investorların diqqəti regionların sosial-iqtisadi
inkişafına yönəldilib, burada regionlarda infrastruktur
problemlərinin həlli ön plana çəkilib. Hazırda
bölgələrdə infrastruktur təminatının
yaxşılaşdırılması, sosial obyektlərin
inşasının sürətləndirilməsi ilə əlaqədar
nəzərdə tutulan layihələr uğurla
reallaşdırılır.
Maddi resursların investisiya
layihələrinə istiqamətləndirilməsi
baxımından, Azərbaycan dünyada və MDB məkanında
önəmli yerlərdən birini tutur. Son illər dövlət
büdcə xərclərinin bir neçə dəfə
artması iqtisadiyyata qoyulan sərmayələrin nəzərəçarpacaq
dərəcədə yüksəlməsində
özünü göstərir. Bunun nəticəsində
ölkəmizin prioritet sosial yönümlü infrastrukturunun
yaradılması və yenidən qurulması ilə bərabər,
fiziki infrastruktur, mədəniyyət, idman təyinatlı
layihələrin maliyyələşdirilməsi mümkün
olub. Prezident İlham Əliyevin təsdiq etdiyi məqsədli
dövlət proqramlarından irəli gələn
tapşırıqlara müvafiq olaraq, İqtisadi
İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli
Fondu respublikada, xüsusilə, regionlarda iqtisadiyyatın
inkişafını stimullaşdıran investisiya layihələrinin.
müasir texnologiyaların tətbiqinə əsaslanan yeni
istehsal və emal müəssisələrinin, infrastruktur sahələrinin
yaradılmasının güzəştli qaydada, əlverişli
şərtlərlə maliyyələşdirilməsi istiqamətində
fəaliyyətini davam etdirir.
Müasir texnologiyalara cavab
verən ətlik istiqamətli quşçuluq (o cümlədən,
damazlıq, broyler) təsərrüfatlarının
yaradılması və ya yenidən qurulması üzrə
layihələrin reallaşdırılması əhalinin
quş ətinə tələbatının ödənilməsində
mühüm əhəmiyyət kəsb edir. Belə ki, bu
istiqamətdə güzəştli qaydada maliyyələşdirilən
12 irihəcmli investisiya layihəsinin həyata keçirilməsi
nəticəsində hər il əlavə olaraq, ölkədə
60 milyon ədəd damazlıq yumurta və 16 min ton quş əti
istehsalı nəzərdə tutulur. 2010-cu ildə
Sahibkarlığa Kömək Milli Fondu tərəfindən
Zirədə yerləşən "Proqress" MMC-yə
ayrılmış 990 min manat güzəştli kredit
hesabına müəssisədə göbələk
istehsalı və emalı genişləndirilərək, illik
istehsal gücü 1200 tona çatdırılıb. 2011-cu ildə
yeni yaradılmış istehsal sahəsində isə göbələyin
bir hissəsi konservləşdirilmiş qaydada satışa
çıxarılması nəzərdə tutulur. Bu sahədə
istehsalın genişləndirilməsi nəticəsində 40
yeni iş yeri açılıb. Müəssisədə
istehsalın genişləndirilməsi həm yerli bazarın
bütün il boyu bu məhsula olan tələbatının
ödənilməsinə, həm də xaricə ixracına
imkan yaradır.
2010-cu ildə Abşeronun Zirə
qəsəbəsində "Xəmsə" MMC tərəfindən
əsas hissəsi Sahibkarlığa Kömək Milli Fondundan
alınmış 1,8 milyon manat güzəştli kredit
hesabına inşa edilmiş, ən qabaqcıl texnologiyaya əsaslanan
damazlıq yumurta istehsalı ilə məşğul olan
quşçuluq müəssisəsi də fəaliyyətə
başlayıb. Bu müəssisəyə İngiltərədən
90 min baş damazlıq cücə gətirilib. 2011-ci ilin
ikinci yarısından etibarən, müəssisədə il ərzində
25-30 milyon ədəd damazlıq yumurta istehsalı
mümkün olacaq. İstehsal ediləcək məhsulun
böyük hissəsinin respublikanın quşçuluq təsərrüfatlarının
tələbatının ödənilməsinə yönəldilməsi,
eyni zamanda, qismən xarici bazarlara çıxarılması nəzərdə
tutulur. Müəssisənin fəaliyyəti respublikanın
quşçuluq təsərrüfatlarının damazlıq
yumurta ilə təminatının
yaxşılaşdırılmasına, ixrac imkanlarının
genişləndirilməsinə, həmçinin, 108 yeni iş
yerinin açılmasına şərait yaradır. Bununla
yanaşı, Zirə qəsəbəsində güzəştli
kreditlərdən istifadə edilməklə, 200 hektar sahədə
yeni zeytun bağı salınır ki, bu zeytuna olan tələbatın
ödənilməsi baxımından, olduqca əhəmiyyətlidir.
Bəllidir ki, əhalinin bu məhsula olan tələbatı
ildən-ilə artır. Respublikamızda fəaliyyət
göstərən zeytun emalı müəssisələrinin
xammalla təminatını nəzərə alaraq, 200 hektar sahədə
zeytun bağının salınması üçün 400 min
manat güzəştli kredit ayrılıb. Müvafiq layihəyə
əsasən, Zirə qəsəbəsində istifadəsiz və
sənaye tullantıları ilə çirklənmiş 200
hektar torpaq sahəsinin təmizlənməsi, aqrotexniki xidmət
göstərilməklə əkinə hazırlanması və
yüksək məhsuldar zeytun tinglərinin əkilməsi nəzərdə
tutulur. Bu məqsədlə Türkiyədən 100 min ədəd
xüsusi növ zeytun tingləri gətirilməlidir. Artıq
tinglərin böyük hissəsi gətirilib və əkin
işlərinə başlanılıb. Yeni zeytun bağının
3-cü ildən başlayaraq, məhsul verməsi gözlənilir.
Bağ tam yetişdikdən və məhsula düşdükdən
sonra buradan ildə 2 min tonadək zeytun əldə etmək
mümkün olacaq. Bu layihənin reallaşması nəticəsində
isə 20 yeni iş yerinin açılması gözlənilir.
Bəlli olduğu kimi,
dünya iqtisadiyyatında 2009-cu ildə başlayan dərin
böhran 2010-cu ildə də davam edib. Ötən il dünya
iqtisadiyyatının fəal şəkildə bərpası
meyili müşahidə edilsə də, böhranın tam
aradan qaldırıldığını söyləmək
mümkün deyil. Bununla yanaşı, ötən il qlobal
iqtisadi böhrandan sonrakı bərpa proseslərinə
xüsusi diqqət ayrılıb. Qeyd edək ki, bu iqtisadi
böhranın dünya maliyyə bazarlarına və
bütövlükdə, qlobal iqtisadiyyata vurduğu zərərin
miqyası kifayət qədər böyük olmuşdu. Belə
ki, 2009-cu ildə dünya iqtisadiyyatı 0,6 faiz məhdudlaşmış,
tənəzzülə uğramışdı. Müqayisə
üçün qeyd etmək lazımdır ki, son 30 ildə
ayrı-arı ölkələrdə və regionlarda baş
vermiş böhranlara baxmayaraq, dünya iqtisadiyyatının
orta illik artım tempi 3,3 faiz olmuşdu. Diqqəti çəkən
odur ki, iqtisadi böhran daha çox inkişaf etmiş ölkələrin
iqtisadiyyatına mənfi təsir göstərmişdi. Bu
ölkələrdə iqtisadiyyatın artımı 2009-cu il ərzində
mənfi xarakterli olmuş, bu ölkələrin
iqtisadiyyatında 3,2 faizlik azalma müşahidə
edilmişdi. İqtisadi böhran inkişaf etməkdə olan
ölkələrə də təsirsiz ötüşməmişdi.
İqtisadi artım tempi isə, ümumilikdə, 3 dəfədən
çox aşağı düşərək, 2,5 faizə
enmişdi. Bu, son 30 il ərzində müşahidə olunan
orta illik artımın təxminən üçdə ikisi səviyyəsinə
enmək deməkdir.
Burada qeyd etmək
lazımdır ki, inkişaf etmiş ölkələrdə
rast gəlinən problemlər inkişaf etməkdə olan
ölkələrdən fərqlidir. Birinci qrup ölkələrdə
daha çox işsizlik mövcuddur. Bununla əlaqədar
olaraq, daxili tələbatın və istehlakın azalması,
büdcə kəsirləri və onların örtülməsi
üçün suveren borcların tarixi maksimumlara
çatması kimi, çağırışlar və
problemlər iqtisadi bərpa proseslərinin sürətinə
təsir göstərir. İlkin hesablamalara görə, 2010-cu
il ərzində dünya iqtisadiyyatı 4,8 faiz artıb. Azərbaycanda
isə bu göstərici, ümumilikdə, 5,4 faizdən
çox olub ki, bu kifayət qədər uğurlu və qənaətbəxş
rəqəmdir. İnkişaf etmiş ölkələrdə
iqtisadi artım isə təqribən 2,7 faiz səviyyəsində
özünü göstərib.
Bütün bunlar 2010-cu ildə
qlobal iqtisadiyyatın mənzərəsini əks etdirir. Sözsüz
ki, Azərbaycanın maliyyə bazarı beynəlxalq makro və
mikroiqtisadi proseslərlə sıx əlaqədə
inkişaf edir. Bütövlükdə, bu proseslər dünya
maliyyə bazarlarına da çox ciddi təsir edir. Bir
faktı qeyd edək ki, böhran nəticəsində dünya
fond bazarlarında korporasiyaların kapital itkiləri 2009-cu il ərzində
14,5 trilyon dollar təşkil etmişdir. Bu rəqəmin təsir
səviyyəsini qiymətləndirmək üçün
kiçik bir müqayisə aparaq. 2009-cu ildə dünya
iqtisadiyyatının həcmi 53 trilyon dollar olub. Belə olan
halda, bu itkilərin məbləğinin dünya
iqtisadiyyatının 25 faizindən çox olduğu
aydınlaşır. 2009-cu ildə dünyada ən
böyük iqtisadi gücə malik ABŞ-ın
iqtisadiyyatı 14 trilyon dollar həcmində olub. Bu, o deməkdir
ki, qısa zaman kəsiyində dünya maliyyə bazarları
təqribən ABŞ iqtisadiyyatı həcmində itkiyə məruz
qalıb. Bununla yanaşı, qısa dövr ərzində, 13
trilyon dollar həcmində yardım paketlərinin iqtisadiyyata
meyilləndirilməsi nəticəsində maliyyə
bazarlarında müəyyən canlanma və bərpa prosesləri
müşahidə olunur. Artıq inkişaf etmiş bazarlar
öz itkilərinin 50-60 faizini bərpa ediblər.
İnkişaf etməkdə olan bazarların - Türkiyə,
Hindistan və Braziliya kimi ölkələrin böhran
dövründə məruz qaldığı itkilər tam həcmdə
bərpa olunub.
Bütün bu itkilərə
baxmayaraq, 2010-cu ildə Prezident İlham Əliyevin
düşünülmüş və məqsədyönlü
siyasəti nəticəsində ölkədə sosial-iqtisadi
inkişaf davam edib və bu dövr ərzində ölkəmizdə
makroiqtisadi vəziyyət stabil qalıb. Hesabat dövründə
iqtisadiyyatda 4,1 faiz, neft sektorunda 2,7 faiz, qeyri-neft sektorunda isə
5,2 faiz artım qeydə alınıb. Təqdirəlayiq məqamlardan biri
də budur ki, 2010-cu ildə ölkəmizdə əldə
edilən iqtisadi artım əsasən qeyri-neft sektorunun
inkişafı hesabına baş verib. Bu, bilavasitə,
iqtisadiyyatın şaxələndirilmiş şəkildə
inkişaf etdirilməsindən doğan müsbət nəticədir.
2010-cu ildə qeyri-neft sektoruna, eləcə də, regionlara
investisiya qoyuluşlarının həcmi əhəmiyyətli
dərəcədə artıb. Bu, iki mühüm amillə
izah edilir. Birincisi, sərmayələrin üçdə ikisi
daxili mənbələr hesabına qoyulur, ikincisi isə bu sərmayələrin
68 faizi qeyri-neft sektoruna yatırılır. Yəni, sərmayə
qoyuluşlarının davamlılığı bilavasitə
daxili mənbələr hesabına təmin edilir, ikincisi,
iqtisadi şaxələndirmə üçün əlavə
stimul yaradılır. Neft qiymətləri müəyyən
zamanlarda sabitləşsə də, ümumilikdə, ölkənin
xarici ticarət balansının mövqeyi möhkəmlənməkdədir.
Son məlumatlara görə, ölkəmizin valyuta
ehtiyatları artıq 30 milyard dollar həcmindədir. Ötən
il ərzində əhalinin pul gəlirləri, orta aylıq əmək
haqqının artım templəri inflyasiya səviyyəsini təxminən
2 dəfədən çox üstələməsi, Azərbaycanda
bütün sahələrdə, xüsusən, regionlar və
bölgələr səviyyəsində mühüm
sosial-iqtisadi tərəqqiyə nail olunduğunu, insanların
yaşayış səviyyəsinin daha da
yaxşılaşdığını təsdiqləyir.
Naib NİFTƏLİYEV
Səs.- 2011.- 18 yanvar.- S. 8.