“Məhəbbət və
ölüm" baleti sənətsevərlərə təqdim
olunub
Ankaralı sənətsevərlər rus balet
ustalarının və Azərbaycan bəstəkarının
hədiyyəsini böyük məmnunluqla
qarşılayıb
Ankara Opera və Balet
Teatrında Azərbaycanın Türkiyədəki səfirliyinin
dəstəyi, TÜRKSOY və Türkiyə Mədəniyyət
və Turizm Nazirliyinin təşəbbüsü ilə
ölkəmizin Rusiyadakı səfiri, xalq artisti Polad
Bülbüloğlunun "Məhəbbət və
ölüm" baleti sənətsevərlərə təqdim
olunub. Türkiyənin mədəniyyət naziri Ərtoğrul
Günay, Azərbaycanın qardaş ölkədəki səfiri
Faiq Bağırov, müəllif Polad Bülbüloğlu,
TÜRKSOY-un baş katibi Düsen Kaseinov tamaşaya baxanlar
arasında olublar. İlk dəfə 2005-ci ildə səhnəyə
qoyulan baletin librettosu "Dədə Qorqud"
dastanının motivləri əsasında yazılıb. Əsəri
Rusiya Federasiyasının məşhur Yekaterinburq Opera və
Balet Teatrı səhnələşdirib. Baletdə klassik
simfoniya, folklor və xalq rəqslərinin ecazkar sintezi diqqəti
cəlb edir. Baletin librettosunun müəllifi və
xoreoqrafı Nadejda Malıqina, orkestrin rəhbəri Pavel
Kliniçevdir. Polad Bülbüloğlu jurnalistlərə
müsahibəsində əsərinin Ankara Opera və Balet
Teatrında tamaşaya qoyulmasını əlamətdar mədəniyyət
hadisəsi kimi qiymətləndirmişdir. Bildirib ki, Rusiya sənətçilərinin
Türkiyədə Azərbaycan əsərini təqdim etməsi
dünyada mədəniyyətlərin necə
yaxınlaşdığını göstərir. Düsen
Kaseinov isə bu tamaşaya ötən il Moskvada
baxdığını, Ankarada da nümayiş etdirilməsi
üçün TÜRKSOY-un böyük səylər
göstərdiyini bildirib. Ankaralı sənətsevərlər
rus balet ustalarının və Azərbaycan bəstəkarının
bu hədiyyəsini böyük məmnunluqla
qarşılayıblar.
Zümrüd
Səs.- 2011.- 18 yanvar.- S. 12.