"Səs" haqqın, ədalətin carçısıdır

 

Milli mətbuatımızın ilk qaranquşlarından olan "Səs" qəzetinin 20 illiyi təntənə ilə qeyd olundu

 

Hər bir cəmiyyətin güzgüsü onun mətbuatıdır. Cəmiyyətin inkişafında, maariflənməsində, məlumatlandırılmasında, eyni zamanda, mənafeyinin təmin edilməsində mətbuatın üzərinə böyük vəzifə düşür. Azərbaycanın mətbuat tarixində bu böyük missiyanı əzmlə və şərəflə yerinə yetirən milli dövlətçiliyimizin və müasir dövlətçilik ənənələrimizin qorunub saxlanmasında əvəzsiz xidmətləri olmuş və öz müqəddəs işini indi də yüksək həvəslə davam etdirən "Səs" qəzeti də fəaliyyət göstərdiyi ötən 20 il ərzində qarşısına qoyulmuş olduğu vəzifələrin öhdəsindən həmişə ləyaqətlə gəlmişdir.

 

Dünən "Bakı Əyləncə Mərkəzinin" "Eliza" zalında "Səs" qəzetinin 20 illiyinə həsr olunmuş yubiley tədbiri böyük təntənə ilə qeyd edildi.

İlk öncə, tədbir iştirakçıları Fəxri Xiyabana gələrək, Ümummilli Liderimiz Heydər Əliyevin və görkəmli oftalmoloq  Zərifə xanım Əliyevanın məzarları önünə əklil və qızılgül dəstələri qoydular.

 

Bəhruz Quliyev: "SƏS" qəzeti cəsarətlə, təqib və təzyiqlərdən çəkinmədən, əsil milli mətbuat təəssübkeşliyi ilə nəşr olunmağa başladı"

 

Daha sonra qəzetin yubiley mərasimi "Bakı Əyləncə Mərkəzində davam etdi. Tədbirdə Prezident Administrasiyasının, Yeni Azərbaycan Partiyasının İdarə Heyəti və Siyasi Şurasının üzvləri, millət vəkiləri və KİV nümayəndələri iştirak edib. Yubiley mərasimini giriş sözü ilə açan "SƏS" qəzetinin baş redaktoru, SİA-nın baş direktoru Bəhruz Quliyev qonaqları salamlayaraq, tədbirin mahiyyəti ilə bağlı fikirlərini çatdırdı. Dövlət Himni səsləndikdən sonra, tədbir iştirakçıları Azərbaycan Respublikasının banisi, Ulu Öndərimiz Heydər Əliyevin və torpaqlarımızın azadlığı və bütövlüyü uğrunda canından keçən əziz şəhidlərimizin ruhunu bir dəqiqəlik sükutla yad etdilər. Sonra "SƏS" qəzetinin 20 illik fəaliyyəti ilə bağlı geniş məlumat verən B.Quliyev bildirdi ki, "Səs" qəzeti 1991-ci ilin yanvarından nəşr olunmağa başlamışdır: "Səs" qəzeti olduqca mürəkkəb bir tarixi dövrdə həyata vəsiqə almışdır. 1990-cı illərin əvvəlləri Azərbaycanın çox təlatümlü bir dövrü idi. Həmin dövrdə Azərbaycan yenicə müstəqillik əldə etmişdi. Eyni zamanda, qarşıya köhnə sistemin dağılması, milli dövlətçiliyin yaranması kimi çox ciddi bir tarixi vəzifə dururdu. İnsanların yaddaşlarından silinməyib ki, sovet imperiyasının dağılmasının real olduğu bir zamanda, Azərbaycanda bir sıra qüvvələr Moskvayönlü siyasəti davam etdirirdilər. Azərbaycanın yenə də hər hansı bir mərkəzdən idarə olunması ideyası tərəfdarları kimi çıxış edirdilər. Məhz belə bir çətin dövrdə araya-ərsəyə gələn "SƏS" qəzetinin əsas fərqləndirici xüsusiyyətlərindən biri məhz o oldu ki, 1990-cı illərin fərqli, alternativ fikirlərini öz səhifələrinə gətirməklə, Azərbaycan xalq hərəkatında və milli-azadlıq hərəkatında fikir plüralizmini, söz və düşüncə azadlığını təmin etmiş oldu".

"Səs" qəzetinin Azərbaycansevərlərin səsini, azadfikirli, sağlam düşünən ziyalılarının səsini xalqa çatdırdığını deyən B.Quliyev "Səs"-in cəmiyyətin müxtəlif təbəqələrinə, fərqli fikirlərə öz səhifələrində yer verməklə xalqın səsini eşitdirdiyini vurğuladı. "Ən başlıcası isə "SƏS" qəzeti cəsarətlə, təqib və təzyiqlərdən çəkinmədən, əsil milli mətbuat təəssübkeşliyi ilə nəşr olunmağa başladı. Bunun da nəticəsi idi ki, 1991, 1992, 1993-cü illərdə qəzetə qarşı o dövrkü hakimiyyət dairələri, ayrı-ayrı siyasi qüvvələr tərəfindən "Səs" qəzetinə dəfələrlə basqılar, təzyiqlər, hücumlar edilirdi. Ona görə ki, "SƏS" qəzeti müstəqil yönümlü idi, fikir plüralizmini, söz və düşüncə azadlığını ortaya qoymuşdu, Azərbaycan həqiqətlərini yazırdı, xalqın səsini, harayını, mənafeyini ifadə edirdi" deyən B.Quliyev milli azadlıq mübarizəsinin həqiqi mahiyyətinin ortaya çıxmasında və sağlam bünövrə üzərində müstəqillik ideyalarının insanlarımız arasında geniş yayılmasında qəzetin müstəsna xidmətlərinin olduğunu vurğuladı: "Səs" qəzetinin Azərbaycanın mətbuat tarixində özünəməxsus yeri və əzəmətli xidmətlərindən biri Ulu Öndərimiz Heydər Əliyev şəxsiyyətinin və ideyalarının Azərbaycan vətəndaşları arasında geniş şəkildə yayılması ilə bilavasitə əlaqədardır. Bunun nəticəsi idi ki, ölkə ziyalıları, sağlam düşüncə sahibləri o illərdə Azərbaycanın dövlət müstəqilliyini məhvolmadan, fəlakət və tənəzzüldən xilas etmək üçün 1992-ci ilin oktyabr ayında "SƏS" qəzeti vasitəsilə xalqımızın yeganə ümidgahı olan Ümummilli Liderimiz Heydər Əliyevə müraciət etdilər. Fərəhləndirici  haldır ki,  Ümummilli  Liderimiz Heydər Əliyev  ziyalılara ünvanladığı  cavab  məhz  "SƏS" qəzetində dərc olundu".

B.Quliyev "SƏS" qəzetinin tarixə mübariz bir qəzet kimi daxil olduğunu söyləyərək, vurğuladı ki, "Səs" qəzeti Azərbaycanın müstəqillik tarixində öz layiqli yeri, obyektiv mövqeyi ilə həmişə öndə gedən müstəqil mətbu orqan kimi yaddaşlara həkk olunub.

Baş redaktor Azərbaycan dövlətinin daim müstəqil və azad mətbuatın inkişafı naminə davamlı islahatlar həyata keçirdiyini və bu uğurlu işdə "SƏS" qəzetinin də böyük rolu olduğunu qeyd etdi: "Bu gün böyük iftixar və fəxr hissi ilə qeyd etmək istərdim ki, Ulu Öndərimiz Heydər Əliyev siyasi kursunun layiqli davamçısı olaraq möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən söz və mətbuat azadlığının qorunması, inkişafı və gücləndirilməsi istiqamətində mühüm addımlar atılır. Bu illər ərzində möhətərəm Prezidentimizin sərəncamları ilə 300 nəfərdən artıq mətbuat işçisi orden və medallarla təltif edilmiş, fəxri adlar almış, Prezident Təqaüdünə layiq görülmüşlər. Sevindirici haldır ki, Dövlət mükafatları ilə təltif olunan mətbuat işçiləri arasında "SƏS" qəzetinin əməkdaşları da var. Bütün bunlar bir daha sübut edir ki, bu gün Azərbaycanda azad və müstəqil mətbuat mövcuddur və "SƏS" qəzeti azad mətbuatın bir parçası olaraq bu gün öz missiyasını şərəflə yerinə yetirir. Qəzetimiz öz ideyasına sadiq qalaraq, bundan sonra da, xalqımızın Ümummilli Lideri Heydər Əliyev ideyalarına və möhtərəm Prezidentimizin siyasi xəttinə sadiqlik nümayiş etdirəcək".

Sonra yubiley mərasimində qəzetin keçdiyi şərəfli tarixi yolu özündə əks etdirən "SƏS-20" adlı film nümayiş etdirildi. Bundan sonra tədbirdə, Prezident Administrasiyasının İctimai-Siyasi Məsələlər Şöbəsinin müdiri Əli Həsənov çıxış edərək, "Səs" qəzetinin keçmiş olduğu şərəfli yoldan, əldə etmiş olduğu uğurlardan bəhs etdi. Bildirdi ki, "Səs" qəzeti Azərbaycanda müasir mətbuatın ilk nümunələrindən biri kimi fəaliyyətə başlamışdır. Ə.Həsənov, həmçinin, cənab Prezident İlham Əliyevin "Səs" qəzetinin kollektivinə 20 illik yubiley münasibəti ilə ünvanladığı təbrik məktubunu qonaqların diqqətinə çatdırdı.

 

 

Cənab Prezident İlham Əliyev "SƏS" qəzetinə təbrik məktubu ünvanlıyıb

 

Cənab İlham Əliyevin Məktubunda deyilir:

 

"Hörmətli jurnalistlər!

Sizi - müasir Azərbaycanın ilk müstəqil mətbuat orqanlarından olan "Səs" qəzetinin kollektivini fəaliyyətə başlamağınızın 20 illik yubileyi münasibətilə təbrik edirəm. İlk nömrəsi gərgin ictimai-siyasi proseslərin cərəyan etdiyi mürəkkəb dövrdə, 1991-ci ilin yanvarında işıq üzü görmüş "Səs" qəzeti qısa zamanda əsil müstəqil və demokratik mətbuat nümunəsinə çevrilmişdir. Cəmiyyətdə siyasi plüralizmə böyük ehtiyac duyulduğu həmin illərdə, qəzet müxtəlif ictimai-siyasi dairələrin, sağlam düşüncəli vətənpərvər ziyalıların tribunasına çevrilmiş, vətəndaşları narahat edən məsələləri, dövrün aktual problemlərini cəsarətlə ictimai müzakirəyə çıxarmış, müxtəlif yönlü təqib və təzyiqlərə baxmayaraq, öz mübariz mövqeyindən geri çəkilməmişdir. Müstəqillik illərində Azərbaycanda demokratik dəyişikliklərlə yanaşı, söz və məlumat azadlığı da inkişaf etmiş, kütləvi informasiya vasitələrinin sərbəst fəaliyyəti üçün geniş imkanlar yaranmışdır. Yeni şəraitdə Azərbaycanın digər mətbuat orqanları arasında özünəməxsus dəst-xətti və mövqeyi ilə seçilən "Səs" qəzeti də iş prinsiplərini zamanın tələblərinə uyğun quraraq, cəmiyyət həyatının bütün sahələrini, ictimai maraq kəsb edən aktual mövzuları həmişə diqqət mərkəzində saxlamış, milli dövlətçilik ənənələrinin əsil təbliğatçısı olmuş, öz oxucu auditoriyasının informasiya ehtiyacını ödəməyə çalışmışdır. Ümummilli Lider Heydər Əliyev mətbuatda plüralizmin formalaşmasına və inkişafına mühüm töhfə vermiş "Səs" qəzetinin fəaliyyətini və cəmiyyət qarşısında xidmətlərini daim yüksək qiymətləndirmişdir. İnanıram ki, fəaliyyət göstərdiyi bütün dövrlərdə öz amallarına sadiq qalmış "Səs" qəzetinin kollektivi bundan sonra da həqiqət carçısı olacaq, ictimai maraqların, milli dövlətçilik mənafelərinin qorunmasında yüksək peşəkarlıq və prinsipiallıq göstərərək, xalqımızın mütərəqqi mətbuat ənənələrini layiqincə davam etdirəcəkdir. Bir daha qəzetin bütün kollektivini yubiley münasibətilə təbrik edir və yeni yaradıcılıq uğurları arzulayıram."

Daha sonra Ə.Həsənov qəzetin ilk baş redaktoru olan Ağabəy Əsgərovun 55 illik yubileyi münasibətilə ürəkdən təbrik edib. O bildirib ki, cənab Prezident İlham Əliyev "SƏS" qəzetindəki xidmətlərinə görə, Ağabəy Əsgərovu III dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif olunması barədə sərəncam imzalayıb.

Daha sonra "SƏS" qəzetinin sonrakı fəaliyyətini yüksək qiymətləndirən Ə.Həsənov bildirib ki, məhz bu meyarları rəhbər tutan dövlət başçısı qəzetin iki əməkdaşının "Əməkdar jurnalist" və ikisinin isə "Tərəqqi" medalı ilə təltif olunması barədə sərəncam imzalayıb. Belə ki, "Səs" qəzetinin əməkdaşları - Bayramova Zümrüd, Məhərrəmli Valeh "Əməkdar jurnalist", Həsənov Fətulla, Hüseynova Rəfiqə isə "Tərəqqi" medalı ilə təltif olunublar.

Eyni zamanda, Ə.Həsənov Prezident Administrasiyasının hazırladığı hədiyyələri Ağabəy Əsgərova və Bəhruz Quliyevə təqdim edib.

Qəzetin 20 illik fəaliyyəti ilə bağlı ali məktəb tələbələri arasında yazı müsabiqəsinin qalibləri fəxri fərman, pul mükafatı və hədiyyələrlə təltif edildilər. Birinci yerə Azərbaycan Müəllimlər İnistitunun  I kurs tələbəsi Ayna Həsənli, ikinci yerə Azərbaycan Dövlət Neft Akademiyasının II kurs tələbəsi Aysel Ağazadə, üçüncü yerə Azərbaycan Dövlət İqtisad Unversitetinin I kurs tələbəsi Rəşad İsmayılzadə layiq görülüblər.

Tədbirin davamında çıxış edən Yeni Azərbaycan Partiyasının Sədr müavini, İcra katibi Əli Əhmədov "SƏS" qəzetini 20 illik yubileyi münasibətilə təbrik edib. O bildirdi ki, "SƏS" qəzetinin yaranması o dövrün ictimai-siyasi həyatının mühüm hadisəsi idi. Onun sözlərinə görə, qəzet Ulu Öndər Heydər Əliyev ideologiyasının yayılmasında müstəsna rol oynayıb: "SƏS" qəzeti üzərinə düşən missiyanı uğurla həyata keçirib. Bu qəzetdə çalışmaq, xidmət göstərmək, onun səhifələrində Ümummilli Lider Heydər Əliyev ideyalarını yaymaq o dövr üçün ən böyük qəhrəmanlıq idi. 2011-ci ildə bunu qavramaq asan deyil. Lakin 90-cı illərin əvvəllərində bu, böyük qəhrəmanlıq idi. Buna görə də, "Səs" qəzeti və orada çalışanların hər biri bu yubileyi qeyd etməyə layiqdirlər. Ümid edirik ki, qəzetin 30 illik yubileyi bundan da təntənəli şəkildə qeyd olunacaq".

Yubiley mərasimində, həmçinin, YAP İcra katibinin müavinləri, millət vəkilləri Siyavuş Novruzov və Mübariz Qurbanlının, Milli Məclisin vitse-spikeri Ziyafət Əsgərovun, Rusiya prezident administrasiyasının nümayəndələrinin "Səs" qəzetinin rəhbərliyinə ünvanladığı təbrik məktubları oxunub.

Qeyd edək ki, təntənəli şəkildə keçirilən "SƏS" qəzetinin yubiley mərasimində, Prezident Administrasiyasının İctmai-Siyasi Məsələlər üzrə şöbə müdiri Əli Həsənov, Yeni Azərbaycan Partiyasının Sədr müavini, İcra katibi, millət vəkili Əli Əhmədov, YAP Siyasi Şurasının üzvü, "Azərbaycan" Nəşriyyatının baş direktoru Ağabəy Əsgərov, YAP İcra katibinin müavinləri, millət vəkilləri Siyavuş Novruzov və Mübariz Qurbanlı, millət vəkilləri, QHT və ictimaiyyətin müxtəlif təbəqələrini təmsil edən nümayəndələr iştirak ediblər. Rəsmi hissə bitdikdən sonra yubiley mərasimi Azərbaycanın tanınmış incəsənət ustalarının könül oxşayan, ruha qida verən çıxışları ilə davam etdirildi.

 

 

RƏFİQƏ KAMALQIZI,

 

TAPDIQ QURBANLI

 

Səs.- 2011.- 19 yanvar.- S. 8-10.