"Berlin-Bakı" qalereyasında azərbaycanlı rəssamın sərgisi açılıb

 

Berlində fəaliyyət göstərən "Berlin-Bakı" qalereyasında Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru, xalq rəssamı, akademik Ömər Eldarovun və Almaniyanın tanınmış heykəltəraşı Bernhard Nürnberqin əsərlərindən ibarət birgə sərgi açılıb. Sərgidə Ömər Eldarovun yaratdığı məşhur heykəllərin fotoşəkilləri nümayiş etdirilib. Tədbiri giriş sözü ilə açan qalereyanın direktoru İbrahim Əhrari iki tanınmış heykəltəraşın əsərlərinin qalereyada nümayişindən məmnunluğunu bildirib. Azərbaycanın Almaniyadakı səfiri Pərviz Şahbazov Qərb və Şərq dəyərlərini özündə ehtiva edən Azərbaycan mədəniyyəti haqqında söz açaraq, Ömər Eldarovu həm böyük mədəniyyət xadimi, həm də gənc istedadlara yol göstərən müəllim kimi səciyyələndirib. Səfir alman heykəltəraşı B.Nürnberqin yaradıcılığının, əsasən, insan anatomiyasına həsr olunduğunu, sənətkarın heykəllərlə insan xarakterini ustalıqla açdığını qeyd edib. Ömər Eldarov və B.Nürnberq çıxış edərək, tədbirin təşkilatçılarına və iştirakçılara təşəkkür etmiş, sərgi haqqında fikirlərini diqqətə çatdırıblar. Sərgidə Berlinin elmi mərkəzlərinin, mədəniyyət ocaqlarının, ictimaiyyətin nümayəndələri, habelə, Azərbaycan diasporunun üzvləri, səfirliyin əməkdaşları iştirak ediblər.

 

 

Zümrüd

 

Səs.- 2011.- 19 yanvar.- S. 12.