Yusif Günaydının
"Qərib axşamlar"ı
(Açıq məktub. İlk təəssürat)
Hörmətli Yusif müəllim, mən əvvəllər
də sizi bir qələm adamı kimi tanıyırdım; amma belə, yaxından görüşlərimiz olmamışdı.
Televiziya binasının vestibülündə görüşdük. Məni verilişlərinizin birinə dəvət etmişdiniz. Səsinizin tembri,
diksiyanızın səmimiyyəti,
heç kəsi təqlid etmirdi. Arabir də əllərinizin hərəkəti (jestləriniz)
danışığınızı və səsinizi müşayiət edirdi.
İstəyirdiniz ki, təkcə səsinizi
yox, fikrinizi də eşidim. Qarşımda mütaliəçi
bir ziyalı prototipinin dayandığını
görürdüm və özümü də daxilən
yığışdırırdım, yəni sizə tam diqqətlə
qulaq asırdım. Elə buna görə aradabir əvvəlki
verilişlərinizi ötəri olsa da, yada salır;
onların tədqiqat xarakterli olduğunu özünüzə
deyirdim.
Mən bilirdim ki,
aparıcının (xüsusilə televiziya
aparıcısının) hər verilişi ilk imtahan qədər
çətindi. Birinci növbədə isə sizin öz
şərəfiniz var, qorumalısınız. Mehriban
münasibətlərinizi də saxlamalısınız. Bu,
insani keyfiyyətdi, bunsuz olmur. Siz axı, həm də ictimai
televiziyanı təmsil edirsiniz. Özünüzə də,
işlədiyiniz mühitə də nüfuz gətirməlisiniz.
Ucalmalısınız. Tanınmalısınız.
Şöhrətlənməlisiniz. Bütün bunlara təbii
baxmalıyıq.
Yadınızdadırsa, bir dəfə
telefonda dedim, Yusif müəllim, harda adınızı çəkirəmsə,
atanızın adını hörmətlə çəkirlər.
Cavab verdiniz ki, Nəriman müəllim,
mən də müəllim oğluyam. "Müəllim"
sözünü xüsusi vurğuyla işlətdiniz.
Öyrəndim ki, atanız görkəmli
dilçi alim olub, türk, ərəb, fars, rus dillərini
mükəmməl bilib. Hələ o vaxt məşhur akademik
Marrın tələbəsiymiş.
Türkçülüyünün üstündə
1936-cı ildə həbs ediblər. Xabarovskda, Özbəkistanda
və b. vətəndən uzaq yerlərdə sürgün həyatı
keçirib. Yalnız qayıdandan sonra oğlu Yusif dünyaya
gəlib, yəni siz, Yusif Günaydın.
Bütün bunlardan sonra İctimai
televiziyanın təqdirəlayiq layihəsi olan "Qərib
axşamlar" verilişini sizin aparmağınız heç
də təsadüfi deyil. Bu, bəlkə də taleyinizlə
bağlı bir layihədir ki, məhz sizə
tapşırılıb.
Bundan əvvəl televiziya verilişlərinizin
ilk qonaqlarından olmuşdum. Uzaq-yaxın ellərdən Azərbaycan
dilində çoxlu zəng səsləri gəlirdi. Müstəqillik
illərində xarici ölkələrdə nə qədər
diaspora yaranmışdır, onlar bizim əks-sədamızdılar.
Xarici Azərbaycan diasporu ilə belə canlı əlaqələriniz
olduqca xoş təsir bağışlayır. Sanki ərazimiz
böyüyür, bütün azərbaycandilli, türkdilli
planetlə əlaqə yaranır.
Mənim şair dostum, milliyyətcə
Azərbaycanın dağ yəhudisi Simax Şeyda artıq bir
neçə ildir ki, ailəsilə birlikdə uzaq ölkələrdə
yaşayır. Əvvəlcə İsrailə
köçdü, sonralar Almaniyada qərar tutub. Biz yenidən
sizin İctimai televiziya kanalında görüşdük. Simax
Şeyda məşhur şairdi. Onun Azərbaycanda olduğu
kimi, xarici ölkələrdə də kitabları nəşr
edilib, şeirlərinə bəstələnən mahnılar
Amerikada, Moskvada, İsraildə dağ yəhudilərinin dillərində
əzbərdi. Onu həqiqətən
sevirlər və qiymətləndirirlər.
Üç il bundan qabaq
mən Almaniyaya, Münhen şəhərinə
müalicəyə getmişdim.
Ürəyimdən əməliyyat
aparılmalıydı. Xəstəxanada yatdığım
günlərdə bu gözəl
insan hər gün mənim yanıma baş çəkirdi. Əməliyyatdan sonra mən oğlumla bərabər dörd
gün onun ailəsində
qonaq oldum.
Xanımı və övladları bizə bir
ailənin üzvü
kimi diqqət
ayırmışdılar. Bunlar heç vaxt unudulmaz. Sizin ekran vasitəsilə biz yenidən danışdıq, bir-birimizin
səsimizi eşitdik.
Vaxtilə Simax Şeyda
Gəncədə böyümüş,
sonralar Bakıya köçmüşdü. Biz
o zamandan dostuq, qardaşıq.
Sizin verilişlərin tamaşaçısı kimi,
"Qərib axşamlar"a gözəl bir şeir də həsr etmişdir.
Baxıram qürbətdən
vətənə sarı,
Bu yoldan keçənə,
ötənə sarı.
Bağrıma basıram uca
dağları,
Çəkməyin Bakıyçın bunca
intizar,
Ay "Qərib axşamlar",
"Qərib axşamlar".
İstərəm Qarabağ elində olum,
Düşsün Xocalıya, Şuşaya
yolum.
O gözəl yerlərə bir
də vurulum,
Oxşasın
ruhumu bir də kaman, tar,
Ay "Qərib
axşamlar", "Qərib
axşamlar.
Sizin də fəaliyyət
göstərdiyiniz İctimai
televiziya verilişlərinin
əhəmiyyəti bir
də ondadır ki, müstəqilliyimizin indiki inkişaf mərhələsini, azərbaycançılığımızı,
türkçülüyümüzü, milli dəyərlərimizi
müntəzəm şəkildə,
həm də arzuolunan kimi göstərir.
Xaricdə yaşayan həmvətənlərimizi
başqa xalqların, mədəniyyətlərin içində
əriməyə, manqurtlaşmağa,
qəribliyə düşənləri
qəribləşməyə qoymur. Onların özlərilə bərabər, uşaqları
da sizin dinləyicilərinizdi. Hər həftə
muğamatımızı, səsimizi,
gözəl dilimizin musiqi səsini, bir növ ana
südünün ətrini
eşidirlər.
Yeri gəlmişkən, bizim hörmətli qələm dostumuz, ictimai xadim və
İctimai televiziyanın
rəhbəri İsmayıl
Ömərovun adını
burada hörmətlə
çəkmək istərdim.
Bu televiziyanın və radionun ilk təşkil edildiyi günlər mənim yaxşı yadımdadır.
Qabiliyyəti olan qələm
sahiblərinin, televiziya
və radio jurnalistlərinin
bu kanal ətrafında həvəslə
cəmləşməsi, onlara
yaradılan yaradıcılıq
mühiti İctimai televiziyanın sürətlə
inkişafına səbəb
oldu.
Əlbəttə,
işdə seçim,
istedadı görmək
özü əsas şərtlərdəndi
Onu da deyim ki, İctimai radio təşkil ediləndə
ilk çıxış eləyən
mən olmuşam.
Bu da yadımdadır ki, məndən ilk veriliş zamanı müsahibə alan
gənc diktor, Pərvanə adlı qız veriliş qurtarandan sonra studiyadan çıxıb
qonşu otaqda hönkür-hönkür ağlayırdı.
Səbəbini soruşdum, deyə
bilmədi. Yanındakı
iş yoldaşları
dedilər ki, Nəriman müəllim,
biz hamımız ilk radio verilişindən
nigaran idik. Pərvanə studiyadan çıxanda
hamımız onu təbrik etdik. Dedik ki, çox gözəl alındı.
O qız sevincindən
ağlayır. Narahat olmayın.
Mən də sevindim.
Studiyada, yanımda əyləşib
məndən müsahibə
alan bu
nəvəm yaşında
olan istedadlı qız üzünü mənə yox, Allaha tutub yalvarırdı
ki, veriliş alınsın. Sən demə, mənim
çıxışımla onun ilk diktorluq fəaliyyəti başlayırmış.
İndi eşitdiyimə görə,
sərbəst veriliş
aparır. Bunlar nadir tapıntılardı.
Sizin özünüz də bu gərgin
jurnalistlik fəaliyyətinizlə
yanaşı, ədəbi
yaradıcılıqla məşğul
olursunuz. Bu günlərdə "Ədalət"
qəzetinin səhifələrində
"Tünük buz"
başlığı altında
çap etdirdiyiniz bir silsilə "Mozaika"larınızı oxudum.
Mənim
qırx illik qələm dostum, fədakar şairimiz Xəlil Rza Ulutürkün xatirəsinə
həsr etdiyiniz "Xar tut" adlı esse poetik və
həm də düşündürücüdür. Oxuduqca bu böyük şairlə bağlı xatirələr yada düşürdü. "Karibara", "Dilək adası", "Ana və
bala", "K", "Tünük
buz" kimi fəlsəfi tutumlu hekayələriniz həyatın
müxtəlif məqamlarını
özündə ehtiva
edən qiymətli ədəbi lövhələrdi.
Hadisələri lakonik şəkildə
qələmə almaqla
kiçik detalların
vasitəsilə böyük
mətləblərə toxunmaq
istəyirsiniz.
Sizə, əziz qələm
dostum, İctimai televiziyada "Qərib axşamlar"da Azərbaycanı
təqdim etmək kimi şərəfli bir vəzifə tapşırılıb. Bu,
altmış illik yubileyinizə də taleyin töhfəsidir, Yusif.
Yeni uğurlar!
Nəriman
Həsənzadə, xalq şairi
Şərq.-
2011.- 20 yanvar.- S.7.