Tariximizin qanlı səhifəsi

 

20 Yanvar faciəsindən 21 il ötür

 

Azərbaycan xalqının tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il 20 Yanvar hadisələrindən 21 il keçir. Respublikamızın hər yerində bu faciə ilə bağlı geniş tədbirlər keçirilir, şəhidlərimizin qəbirləri ziyarət edilir, ruhlarına dualar oxunur.

 

YAP Zaqatala rayon təşkilatının sədri Habil Qurbanov:

 

- Bu gün xalqımız qan yaddaşımıza həkk olunmuş qanlı faciə olan 20 Yanvar faciəsinin ildönümünü qeyd etmək üçün geniş tədbirlər keçirirlər. Respublikamızın bütün bölgələrində olduğu kimi, Zaqatala rayonunda da artıq tədbirlər keçirilməkdədir. 1990-cı il 20 yanvar tarixi Azərbaycan xalqının istiqlaliyyət yolunda şəhidlik zirvəsidir. Bildirim ki, keçmiş sovet dövlətinin hərb maşınının həmin gün Azərbaycan xalqına qarşı həyata keçirdiyi vəhşi terror aktı insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi bəşər tarixində qara səhifə olaraq qalacaqdır. Milli azadlığı, ölkəsinin ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə divan tutulması, kütləvi terror nəticəsində yüzlərlə günahsız insanın qətlə yetirilməsi və yaralanması totalitar sovet rejiminin süqutu ərəfəsində onun cinayətkar mahiyyətini bütün dünyaya bir daha nümayiş etdirdi.

Qeyd edim ki, 20 Yanvar hadisələri ərəfəsində Ulu Öndər Heydər Əliyev Moskvada təcrid vəziyyətində yaşayırdı. Heydər Əliyev böyük lider kimi Azərbaycana fayda verməyə çalışsa da, həm Moskva tərəfindən buna imkan verilmirdi, həm də yerlərdə xalq hərəkatına rəhbərlik edənlər tərəfindən maneələr törədilirdi. Çalışılırdı ki, Heydər Əliyev mümkün qədər bu hərəkatın rəhbərliyindən kənarda qalsın. Eyni iddia ilə Moskvadan asılı olan yerli hakimiyyət də çıxış edirdi. 20 Yanvar hadisəsindən sonra həyatı təhlükədə olsa da, Ulu Öndərimiz Moskvada Azərbaycan nümayəndəliyinə gələrək, bəyanatla çıxış etdi. Bu, tarixi bir bəyanat idi. Ulu Öndərimizin bəyanatı Azərbaycanın müstəqillik tarixinin ən böyük aktlarından biridir. Yəni, əslində, müəyyən zamandan sonra milli liderin xalqla bir yerdə olması imkanları burdan başladı və bu imkanlar da get-gedə genişləndi. 1990-cı illərin əvvəlində baş verən hadisələr də göstərdi ki, Heydər Əliyev böyük siyasi liderdir və məhz bu millətin lideridir. Xalqın tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdan Heydər Əliyev tez bir zamanda doğma vətəni təlatümdən xilas etdi. Bu gün Azərbaycanda Ulu Öndər Heydər Əliyev yolunun layiqli davamçısı ölkə Prezidenti İlham Əliyev uğurla davam etdirir.

Bu gün hər birimiz Şəhidlər Xiyabanına gedərkən, içərimizdə xəfif titrəyiş hiss edirik. Oradan qayıdanda isə bu titrəyiş qürur hissi ilə əvəz olunur. Başqa cür ola da bilməz!  Hər birimiz vüqarlı olmalıyıq.

Allah şəhidlərimizin ruhunu şad eləsin!

 

YAP Tərtər rayon təşkilatının sədri Ramiz Şabanov:

 

- Azərbaycan xalqının qan yaddaşına həkk olunan 20 Yanvar faciəsi əbədi olaraq qalacaq və heç vaxt unudulmayacaq. Çünki həmin gün Azərbaycan xalqının taleyində də nəhs və qorxunc günlər yaşanırdı. Bir şeyi unutmamalıyıq ki, 20 Yanvar Azərbaycan xalqının tarixində, sadəcə, ağrı-acı ilə xatırlanacaq gün deyil. 20 Yanvar, həm də xalqımızın şan və şərəf günüdür. Unutmamalıyıq ki, həmin gün küçələri boyamış al şəhid qanları bir anlamda milli məfkurəmizin oyanan günəşinin qırmızı şəfəqini simvolizə edirdi. Xalqımız həmin gün üstünə şığıyan dəhşətli kabusa, sovet hərbiyyəsinin qorxunc qaragüruhuna qarşı sinəsini irəli verməyi və deməli, özünün mənliyini və mətinliyini nümayiş etdirməyi bacardı. Məhz həmin hadisələr bilavasitə nümayiş etdirdi ki, Azərbaycan xalqı özgürlük mübarizəsinə qalxmaq, pozulmuş hüquqlarının, suverenliyinin bərpa olunması uğrunda savaşmaq əzminə sahibdir. 1990-cı ilin 20 Yanvarı Azərbaycanın istiqlaliyyət yolunun ilk şəhidlik zirvəsi idi... Həmin gün Azərbaycanın o vaxtkı rəhbərliyinin istəyi və SSRİ rəhbərliyinin əmri ilə Azərbaycanda kommunist rejimini saxlamaq və milli-azadlıq hərəkatını boğmaq məqsədilə Bakıya böyük bir ordu (rəsmi rəqəm 35 mini göstərilir) yeridildi. SSRİ Müdafiə Nazirliyi, DİN və DTK-nın hazırlayıb həyata keçirdiyi "Udar" adlı əməliyyatda əsas rolu xüsusi təyinatlı "ALFA" və SSRİ DTK-nın "A" təxribat qrupları oynayırdı. Sovet qoşunlarının təcavüzü nəticəsində Bakıda 134 mülki vətəndaş öldürüldü, 600-dən çox adam yaralandı. Öldürülənlər arasında beş millətin nümayəndəsi, 20-dən çox qadın və uşaq var idi. "Qara Yanvar"ın indiyədək özündə saxladığı sirlər çoxdur. 100 cildlik istintaq materialının 69 cildi Bakıdan Moskvaya, keçmiş SSRİ Prokurorluğuna aparılıb və bir daha geri qaytarılmayıb.

Ötən illər ərzində "Qanlı Yanvar"ın tarixi, mənəvi, siyasi və s. aspektləri analiz edilib, hadisəyə Azərbaycan dövləti tərəfindən hüquqi qiymət verilib. Lakin Azərbaycan xalqının məruz qaldığı bu təcavüz indiyədək bəşəriyyət əleyhinə cinayət kimi beynəlxalq müstəvidə layiq olduğu təsnifatı almayıb.

İndi, nəyin bahasına olursa-olsun, biz hamımız azadlığımızı qorumalıyıq. Budur bizim şəhidlər qarşısında müqəddəs borcumuz!

Ruhunuz şad olsun! Sizin Azərbaycanın suverenliyi, müstəqilliyi, azadlığı, firavan gələcəyi uğrunda axıtdığınız qan hədər getməyib.

 

YAP Tovuz rayon təşkilatının sədri  Məzahir Bayramov:

 

- O gün gecənin zülmətindən istifadə edən rus əsgəri yurddaşlarımızın əzəmətindən qorxub gizlənmişdi. O gün Moskvada matəm saxlayan Ümummilli Liderimiz Heydər Əliyevin etiraz səsi bütün dünyaya yayıldı. O gün heç kəs başını aşağı əymədi. Biz şəhid verdik, lakin qalib gəldik. Biz nə əyildik, nə sındıq. O gün "Azadlıq!" sədası göylərə qalxdı. Biz o azadlığı qanımız bahasına əldə etdik... Qeyd edim ki, sovet ordusunun böyük kontingentinin, xüsusi təyinatlı bölmələrin və daxili qoşunların Bakıya yeridilməsi xüsusi qəddarlıq və görünməmiş vəhşiliklə müşayiət edildi. Kommunist diktaturası Çexoslovakiyaya, Macarıstana, Əfqanıstana qarşı həyata keçirdiyi hərbi müdaxiləni, hətta o zamankı Sovet İttifaqının müttəfiq respublikalarından biri olan Azərbaycanda da təkrarlamaqdan çəkinmədi. Həmin vaxt Azərbaycan qonşu Ermənistanın da təcavüzünə məruz qalmışdı. Belə bir şəraitdə sovet rəhbərliyi, nəinki münaqişənin qarşısını almaq üçün qəti tədbirlər görməmiş, əksinə, Azərbaycana yeridilən ordu hissələrinin tərkibinə Stavropol, Krasnodar və Rostovdan səfərbərliyə alınan erməni əsgər və zabitləri, sovet hərbi hissələrində xidmət edən ermənilər, hətta erməni kursantlar da daxil edilmişdi.

20 Yanvar və Azərbaycan tarixində ondan əvvəlki faciəli hadisələr XX əsr boyu xalqımıza qarşı yeridilən düşünülmüş siyasətin növbəti təzahürü idi. Azərbaycan xalqına qarşı soyqırımı, sovet hakimiyyəti illərində Azərbaycan ərazilərinin tədricən ilhaq olunması, nəticədə ölkənin ərazisinin 125 min kvadratkilometrdən 87 min kvadratkilomtrədək azalması, sovet rəhbərliyinin havadarlığı ilə başlayan Dağlıq Qarabağ hadisələri, azərbaycanlıların Ermənistan ərazisindəki əzəli torpaqlarından qovulması bu siyasətin mərhələləridir.

1990-cı ilin yanvar qırğını nə qədər faciəli olsa da, Azərbaycan xalqının iradəsini, milli-azadlıq uğrunda mübarizə əzmini qıra bilmədi. Həmin müdhiş gecədə həlak olan vətən oğulları Azərbaycanın tarixinə parlaq səhifə yazdılar, xalqın milli azadlığı, müstəqilliyi üçün yol açdılar...

 

Allah şəhidlərimizin  ruhunu şad eləsin!

 

 

RƏFİQƏ TAPDIQ

 

Səs.- 2011.- 20 yanvar.- S. 5.