"Qardaş qayğısı"
Arxivdən
31 mart soyqırımına həsr olunan qəzet
tapıldı
Mətbuat informasiya mənbəyi,
ictimai maarifçilik institutu olmaqla bərabər həm də
tarixi salnamədir. Tarixin müxtəlif dövrlərinin
öyrənilməsində həmin dönəmlər
işıq üzü görmüş qəzetlərdəki
məlumatlar, siyasi-analitik yazılar, ədəbi nümunələr
etibarlı mənbə kimi tədqiqatlara daxil edilir,
araşdırmanın elmi tutumunu zənginləşdirir.
Azərbaycan tarixinin öyrənilməsində,
ictimai-siyasi proseslərin mahiyyətinə varılmasında mətbu
nümunələrimiz qiymətli məxəz kimi tədqiqatçıların
elmi araşdırmalarında əhəmiyyətli yer tutur. Xalqımızın
azadlıq, istiqalliyyət mücadiləsi, dövrün
çətinliklərinə qarşı mübarizəsi,
ictimai-siyasi mühitdən doğan problemlər mətbuatımızda
kifayət qədər faktlarla öz əksini tapır.
Azərbaycan
tarixşünaslığında erməni-bolşevik birləşmələrinin
1918-ci ilin 31 martında xalqımıza qarşı törətdiyi
faciələr arxiv materialları, Qərb alimlərinin bu
mövzuda yazdıqları kitab və elmi tədqiqat əsərləri
ilə tədqiq olunub və bu gün də araşdırmalar
davam etməkdədir. 31 mart soyqırımının tədqiqində
əvəzsiz mənbə kimi 1918-1920-ci illərdə nəşr
olunan Cümhuriyyət dövrü mətbuatının
materialları, çap olunan siyasi yazılar, şahid ifadələri
bu faciənin tədqiqinin əhatəli aparılmasında əsas
mənbələrdir.
Çox təəssüf ki, 31
mart soyqırımının araşdırılmasında
çox məhdud sayda Cümhuriyyət dövrü mətbuat
nümunələrinə istinadlar var. Nə fayda ki, 1918-ci ildə
nəşr olunan "Azərbaycan" qəzetindən
başqa digər mətbu orqanlardakı yazılara, siyasi münasibətlərə
geniş yer verilmir. Bu da həqiqətdir ki, 1918-ci il mart
soyqırımından sonra Azərbaycanda anadilli mətbuat
orqanları da "soyqırıma" məruz qaldılar. "Kaspi"
və "Açıq söz" qəzetləri
redaksiyaları, Orucov qardaşlarının elektrik mətbəəsi
yandırıldı, hətta bu mətbu orqanların
sırasına bir neçə "neytral" rusdilli qəzet
və jurnallar da daxil edilərək qapadıldı. Ancaq həmin
vaxt Tiflisdə nəşr olunan anadilli mətbu
orqanlarımızı diqqətdən kənarda saxlamamalı,
onların tədqiqata cəlb olunmasını həyata keçirməliyik.
Çünki Azərbaycan tarixinin olduqca ziddiyyətli və həmçinin
qürurla öyündüyümüz 1918-1920-ci illər mətbuatı
bu dövrün tədqiqi üçün əvəzsizdir.
Bu yaxınlarda Azərbaycan Siyasi Sənədlər
Arxivində çalışdığım zaman hətta bir
nüsxəsi belə aşkarlanmayan qəzetlərin
adları, nəşr tarixi, baş redaktor və
yaradıcı heyəti haqqında 1965-ci ildə filologiya elmləri
doktoru Nazim Axundovun çap etdirdiyi "Azərbaycan
dövrü mətbuatı (1832-1920-ci illər"
bibloqrafiyasında da adı qeyd edilməyən qəzetə təsadüf
etdim. Doğrusu, bu nadir tapıntının əldə
olunması tarixi həqiqətlərin əksi
üçün çox vacib bir işdir. Ona görə ki,
bu nəşr tamamən 1918-ci il 31 mart
soyqırımını özündə əks etdirir və
dərc olunan yazılar bu faciənin miyqası, başvermə
səbəbləri, erməni-bolşevik birləşmələrinin
ermənizm ideyasını birgə necə həyata
keçirdikləri bəlli olur və həmçinin
istiqlalına yenicə qovuşan Azərbaycana qarşı
aparılan erməni siyasəti, bu siyasətə rəvac verən,
Tiflisdə nəşr olunan rus-gürcü mətbuatına
qarşı məqalələr öz əksini tapır.
Türk Gənclər Təşkilatı
tərəfindən 1918-ci ilin 12 noyabrında yalnız bir
nüsxəsi işıq üzü görən qəzet
"Qardaş qayğısı" adı ilə "heyrəti-təhriyyə"
tərəfindən Tiflisdə nəşr olunub. Redaksiya heyətinə
milli məfkurə sahibi, istiqlal və mətbuat tariximizi dəyərli
əsərlərindən öyrəndiyimiz Mirzə Bala Məhəmmədzadə,
o cümlədən Xanım Sultanova, Ələkbər
Zeynallı daxil idilər. Bakının 1918-ci il sentyabr
ayının 15-də bolşevik-daşnak hərbi birləşmələrindən
azad olunması münasibəti ilə işıq üzü
görən "bir günlük qəzet" böyük
formatda 2 səhifəsi Azərbaycan dilində, iki səhifəsi
isə rusca oxuculara çatdırılıb. Qəzetin
manşetində "Rahat uyuyunuz, ey nahaq qurbanlar, rəhmətlər
sizə" fikri ilə yanaşı, "Azərbaycan
istiqlaliyyəti uğrunda qırılmış qurbanları
türk gəncləri hörmət ilə xatırlar" ifadəsi
də böyük hərflərlə əks olunub. Qiyməti
2 manat olan qəzetin satışından yığılan vəsaitin
1918-ci ildə Bakı və Şamaxıda "zərərdidə
olanlara sərf olunacağı" xəbəri 2-ci səhifənin
başlıq hissəsindən bəlli olur.
Qəzetin niyə mart faciəsindən
sonra deyil, məhz noyabrın 12-də işıq üzü
görməsinin səbəbi yazılardakı faktlarla
aydınlaşır. 1918-ci il noyabr ayında Mudros
barışığına əsasən Qafqaz İslam
Ordusunun Azərbaycanı tərk etməsi
istiqlalımızın düşmənlərini sevindirməyə
bilməzdi və bununla da əks-təbliğata
keçmişdilər. Müttəfiq qoşunların
komandanı Tomsonun gəlişi ilə Bakının
bolşevik-daşnak və ingilis hərbi birləşmələrindən
azad olunduğu gün, guya ermənilərə qarşı qətliam
həyata keçirildiyi kimi əsası olmayan fikirlər
dövriyyəyə gətirildi. Qafqaz İslam Ordusu
komandanlığının etnik ayrı-seçkilik
salmadığı, sadəcə, Azərbaycan Xalq Cümhuriyyəti
ilə Türkiyə arasında bağlanılan 4 iyun
müqaviləsinə əsasən Azərbaycanın sərhəd
bütünlüyünü qoruduğu hüquqa söykənən
fakt olduğundan ermənilər soyqırım
xülyasını işə salmağa
çalışdılar. Tiflisdə Türkiyənin Şərq
orduları komandanı Xəlil Paşadan və Azərbaycan
Xalq Cümhuriyyəti liderlərindən bolşeviklərə
aldanaraq Bakıda, Şamaxıda müsəlmanlara
qarşı soyqırım törətdiklərinə görə
üzrxahlıq edən ermənilər indi Tiflis mətbuatında
15 sentyabr döyüşlərində guya ermənilərin
qırıldığını bəyan edir, bu yalanları
ciddi şəkildə siyasi müstəviyə
çıxarmağa başlayırdılar. Yaranmış bu
vəziyyətdə Azərbaycan ziyalıları, milli
mövqeli yazarlar elə Tiflisdə ermənilərin və
onların yalanlarının müdafiəçisi olan siyasətçilərə
31 martda Bakıda 11 min, Şamaxıda 7 min müsəlmanın
qətliamını xatırlatmalı oldular. "Qardaş
qayğısı" qəzetinin nəşrinin səbəblərindən
biri bu idi. Digər səbəb isə 31 mart
soyqırımının xalqın yaddaşında tarixən
yaşamasının təmini və gənc nəslin faciələrimizi
unutmamağa bir çağırış idi. Qəzetdə dərc
olunan məqalələrin başlıqları 1918-ci ilin
martın 31-dən aprelin 2-dək davam etdirilən, bəşər
tarixində eyniyyətinə çox az təsadüf edilən
soyqırımın mənzərəsi üçün yetərlidir:
"Qanlı günlər", "Qan dəryası",
"Bakının mart hadisəsi", "Azəri türkləri",
"Mədəni bir zərbə" kimi sərlövhələrdə
əksini tapan faktlar ermənilərin yalana bürünən
siyasətini açmaq üçün dəyərli məxəzlərdir.
Xanım Sultanova martdan sentyabradək Bakıda olan M.Ə.Əfəndinin
faciə barədə söylədiklərini qələmə
alaraq yazır: "Ermənilər evbəev gəzib ziyalı
müsəlmanları yığırdılar və naməlum
bir yerə aparırdılar. Çox vaxt aparılan ziyalı,
oxumuş müsəlmanların meyitlərini tapmaq olurdu. Fəqət,
çox vaxt da olurdu ki, heç bir əsər də əldə
etmək mümkün olmayırdı. Misal: iki doktor Kərim bəy,
Balabəy Sultanovlar heç tapılmadı. O cümlədən
mədənçi T.B.Qulubəyov da itdi. Meyit axtaran bir dəstə
bir quyuya rast gəlirlər. Quyunun yanında hasar içində
çoxlu müsəlman arvad, uşaq meyitləri var
imiş".
Bakını, Şamaxını, Qubanı, Salyanı,
Neftçalanı qan hamamına çevirən, evbəev gəzərək
Azərbaycan ziyalılarını qətlə yetirən ermənilər
qurşuna düzdükləri insanları toplayır, meyitləri
quyuya, Xəzər dənizinə atırdılar. Məqalədə
tükürpədici məqamlardan bir faktı da yazıya
almamaq olmur: "Xəstəxanada yatan bir yaralı nəql edir
ki, biz 9 nəfər müsəlman idik. Bir araba ilə gedirdik
ki, yolda erməni (krasnoqvardları) bizi həbs edib Zabrata
apardılar. Yolda bir neft quyusunun yanında bizi saxladılar. 5
şəhərlini diri-diri quyuya tullayıb bizi də gülləbaran
etdilər. Mənim üç yoldaşım öldü. Mən
isə yaralandım. Ermənilər gedəndən sonra mən
sürünə-sürünə dəhşətli yerdən
uzaqlaşdım. Yolda məni bir həmşəri
qalxızıb xəstəxanaya apardı".
(Davamı var)
Akif Aşırlı
Şərq.-
2011.- 20 yanvar.- S.5.