Dünya Azərbaycanlıları
20 Yanvar şəhidlərinin xatirəsini yad edirlər
20 Yanvar faciəsinin 21-ci ildönümü münasibətilə dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımız anım mərasimləri keçirir, şəhidlərin xatirəsini yad edir və bu faciə haqqında yaşadıqları cəmiyyəti, digər xalqların diaspor təşkilatlarını məlumatlandırırlar. Eyni zamanda, 20 Yanvar faciəsi, onun mahiyyəti barədə materialların icma və birliklərimizin nəzdində fəaliyyət göstərən media orqanlarında işıqlandırılmasını təmin edirlər. Diasporla İş Üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən "Səs" qəzetinə verilən məlumata görə, 20 Yanvar faciəsi şəhidlərinin xatirəsi, hər il olduğu kimi, bu il də Rusiya Federasiyasının bir neçə şəhərində anılacaq. Moskvadakı "Bakı" kinoteatrında Azərbaycanın Rusiyadakı səfirliyi ilə Ümumrusiya Azərbaycan Konqresi birlikdə anım tədbiri keçirəcək. Konqresin Sankt-Peterburq, Yekaterinburq, Xabarovsk, Ulan-Ude, Samara, Tula, Ufa, Novosibirsk, Vladivostok, Həştərxan və digər şəhərlərdəki regional təşkilatları 20 Yanvar faciəsinin 21-ci ildönümünə həsr olunmuş müxtəlif tədbirlər təşkil edəcəklər.
Kiyev
Ukraynanın paytaxtı Kiyev şəhərində isə Ukrayna Azərbaycanlıları Konqresinin Azərbaycanın bu ölkədəki səfirliyi ilə birgə təşkil edəcəyi mərasimdə Qanlı Yanvar şəhidlərinin xatirəsi anılacaq, faciəyə həsr edilmiş dəyirmi masa keçiriləcək, şəhid olmuş insanların qəhrəmanlığından bəhs edən ədəbi-bədii tamaşa nümayiş etdiriləcək Konqresin Xarkov, Donetks, Dnepropetrovsk və digər bölgələrindəki regional qurumları da anım tədbirləri keçirəcəklər.
Minsk
Minskdə də Belarus Azərbaycan İcmaları Konqresi 20 Yanvar faciəsi qurbanlarının xatirəsini Azərbaycanın bu ölkədəki səfirliyi ilə birlikdə tədbir keçirərək yad edəcək. Anım mərasiminə toplaşanlara faciədən bəhs edən sənədli film göstəriləcək, bu qanlı tarix bir daha videogörüntülərdə izlənəcək.
Benilüks
Benilüks Azərbaycanlıları Konqresi Niderlandın Amsterdam şəhərində xalqımızın qan yaddaşında əbədi yaşayacaq 20 Yanvar faciəsinin 21 illiyi münasibətilə "Benilüks News" qəzetinin 20 Yanvar faciəsinə həsr olunmuş xüsusi buraxılışını nəşr edəcək və poçt vasitəsilə geniş auditoriyaya yayacaq. Bu ölkənin Den Haaq şəhətində isə Hollandiya Azərbaycanın Türk Kültür Dərnəyi anım tədbiri keçirəcək.
20 Yanvar faciəsinin ildönümünü Avropanın digər ölkələrində yaşayan soydaşlarımız da diqqətdə saxlayacaqlar. Fransanın Strasburq şəhərindəki "Strasburq Azərbaycan Evi", Tuluz şəhərindəki "Azərbaycanlı Tələbələrin Assosiasiyası" anım tədbirləri təşkil edəcəklər. Finlandiya Azərbaycanlıları Assosiasiyası "20 Yanvar Azərbaycan xalqının hüzn və şərəf günüdür" adlı anım tədbiri keçirəcək. Tədbirə türk icmalarının nümayəndələri, digər xalqların diasporlarının təmsilçiləri də dəvət olunub. "Finlandiya Azərbaycan Dostluq Cəmiyyəti"ndə də yanvar şəhidlərinin xatirəsi anılacaq. Danimarkada fəaliyyət göstərən "Vətən" Cəmiyyəti də 20 Yanvar faciəsinin 21-ci ildönümünə həsr olunmuş tədbir keçirərək, sənədli videokadrlar numayiş etdirəcək, hadisədən bəhs edən kitab və broşürlar yayacaq. İsveçin Yüteborq şəhərində isə Azərbaycan Federasiyası İsveç faciənin 21-ci ildönümünü anacaq.
Tallin
Tallində "Aydan"
Estoniya-Azərbaycan Mədəniyyət Mərkəzinin
keçirəcəyi toplantıda 20 Yanvar faciəsinə həsr
olunmuş fotoşəkillər sərgilənəcək, film
nümayiş etdiriləcək. Litva Azərbaycanlıları
Cəmiyyəti də 20 Yanvar hadisəsinə aid faktları və
reallıqları bir daha bu ölkənin ictimaiyyətinin nəzərinə
çatdıracaq. Latviyadakı "Ocaq" Mədəniyyət
Mərkəzi də 20 Yanvar faciəsinin 21-ci
ildönümü ilə əlaqədar tədbir keçirəcək.
Budapeştdə fəaliyyət göstərən "Macar-Azərbaycan
Dostluq Cəmiyyəti", Rumıniyadakı Azərbaycan Mədəniyyət
və Gənclər Asossiasiyası, Kişinyovda Moldova Azərbaycanlıları
Konqresi, Praqada "Azər-Çex" Cəmiyyəti,
Varşavada Azərbaycan-Polşa Birlik Assosiasiyası də
ölkəmizin bu ölkələrdəki səfirlikləri
ilə birgə Qanlı Yanvar qurbanlarını yad edəcəklər.
NƏZAKƏT
Səs.- 2011.- 20 yanvar.- S. 6.