2011-ci il Azərbaycanda turizm ili elan olunub
Turizm sektoru ölkə iqtisadiyyatının önəmli
sahələrindən birinə çevrilir
Azərbaycan son dövrdə inkişaf potensialını
sürətləndirərək, dünyanın aparıcı
və inkişafda olan ölkələri sırasında öz
mövqeyi, eləcə də, mövcud real tərəqqisi ilə
seçilir və özünəməxsus yer
qazanmışdır. Qısa bir dövr ərzində əldə
olunan nailiyyətlər ölkənin milli maraqlarının zəminində
formalaşmış, eləcə də, dövlət tərəfindən
həyata keçirilən milli strategiya, yürüdülən
ictimai, siyasi və mədəni mövqe məhz belə imicin
Azərbaycan ətrafında yaranmasına gətirib
çıxarmışdır.
Sözsüz ki, bu
uğurlar, nailiyyətlər, Azərbaycanın
iqtisadiyyatına, sosial rifahının yüksəlməsinə
gətirib çıxarmışdır. Azərbaycan
iqtisadiyyatının əsasını təşkil edən neft
və bununla bağlı imzalanan beynəlxalq sazişlər,
müqavilələr dövlətin maliyyə vəsaitinin
yüksəlməsinə və bunun müqabilində ölkənin,
bütövlükdə, sferasının dəyişməsinə
səbəb olmuşdur. Dövlət başçısı
İlham Əliyevin Azərbaycan
iqtisadiyyatına neft sektoru tərəfindən gələn gəlirin
bərabərində, eləcə də, ondan daha artıq bir
şəkildə gəlir gətirə biləcəyi turizmin
inkişafını zəruri hesab etməsi, əlbəttə
ki, müəyyən faktorlara əsaslanır.Prezident İlham Əliyevin
bu istiqamətdə səsləndirdiyi fikirləri mühüm
əhəmiyyət kəsb edən amillərdəndir. Ölkə
başçısı yanvar
ayının 14-də Nazirlər Kabinetinin 2010-cu ilin
sosial-iqtisadi inkişafının yekunlarına və 2011-ci ildə
qarşıda duran vəzifələrə həsr olunmuş
bu fikirləri demişdir: "Qeyri-neft sektoruna qoyulan investisiyalar
neft sektorunkundan çoxdur. 15,5 milyard dollardan 9,3 milyard
dolları qeyri-nert sektoruna qoyulan sərmayədir. Bu da bizim
siyasətimizin əsas istiqamətidir. Ölkə
iqtisadiyyatının neft sektorundan
asılılığını azaltmaq üçün əməli-praktiki
tədbirlər görülür. Bu da onu göstərir ki,
bir neçə il bundan öncə bəyan etdiyimiz proqram və
konseptual yanaşmamız həyatda öz əksini
tapır". Ölkənin yeraltı və yerüstü sərvətləri,
mövcud iqlimin olması Azərbaycan turizmi üçün
lazımi şəraitin olduğunu göstərir. Qeyri-neft sahələrinin
yüksəlişi ilə davamlı iqtisadi inkişafın təmin
edilməsi müasir dövrdə ölkəmizdə
qarşıda duran mühüm vəzifədir.
Hazırda turizm planetar
miqyasda sürətlə inkişaf edən biznes sahələrindəndir.
Dünya üzrə ümumi milli məhsulun 10 faizi,
ixracatın 8 faizi beynəlxalq turizmin payına
düşür. Göstərilən xidmətlərin təqribən
üçdə biri beynəlxalq turizm vasitəsilə həyata
keçirilir. Dünyada əməkqabiliyyətli əhalinin
8,1 faizi turizm industriyasında və onunla bağlı
iqtisadiyyat sahələrində məşğuldur.
Zəngin mədəni-tarixi
irsə və əlverişli təbii şəraitə malik
olan Azərbaycan turizm sahəsində böyük inkişaf
perspektivlərinə malikdir. Ölkəmizdə turizmin əksər
növlərinin inkişafı üçün geniş
imkanlar mövcuddur. Azərbaycan
Respublikasında 2002-2005-ci illərdə turizmin
inkişafına dair Dövlət Proqramının həyata
keçirilməsi nəticəsində turizmin inkişafı
üçün münbit şərait yaradılmış,
beynəlxalq turizm bazarına inteqrasiyanın təmin
olunmasının əsası qoyulmuş, milli turizm kompleksinin
rəqabətə davamlılığı yüksəlmişdir.
Azərbaycanda turistlərin yerləşdirmə biznesi dinamik
surətdə inkişaf edir. Dövlət Proqramında
göstərilir ki, 2002-ci ildə ölkədə fəaliyyət
göstərən mehmanxana və mehmanxana tipli müəssisələrin
sayı 94 olduğu halda ötən dövr ərzində
onların sayı 4 dəfə artaraq, 370-ə
çatmışdır. Bu obyektlərdə ümumi yerlərin
sayı da 2002-ci illə müqayisədə təxminən 3 dəfə
çoxdur.
"Azərbaycan
Respublikasında 2010-2014-cü illərdə turizmin
inkişafına dair Dövlət Proqramı" ölkədə
turizmin rastlaşdığı problemlərin həll edilməsi
və turizm sahəsinin daha da inkişaf etdirilməsinin təmin
edilməsi üçün hazırlanmışdır. Azərbaycanda
yüksək iqtisadi, sosial və ekoloji tələblərə
cavab verən müasir turizm sahəsinin
formalaşdırılması və onun ölkə
iqtisadiyyatının əsas inkişaf dayaqlarından birinə
çevrilməsinin təmin edilməsi məqsədi ilə
ölkədə turizm infrastrukturunun yüksək beynəlxalq
tələblər səviyyəsində qurulmasına istiqamətlənmiş
məqsədyönlü fəaliyyəti həyata
keçirilir.
Kifayət qədər
potensialın olması Azərbaycana qeyri-dövlətlərin
axınını gücləndirir və ölkənin turizmin
inkişafına stimul verir. İlham
Əliyev cənablarının "Azərbaycan
Respublikasında 2010-2014-cü illərdə turizmin
inkişafına dair Dövlət Proqramı"nı təsdiqləməsi
Azərbaycanın turizm potensialının daha da sürətlənməsinə
öz töhfələrini vermiş olur. Təbii ki, turizmin
inkişaf mərhələsi Ümummilli Liderimiz Heydər Əliyev
tərəfindən həyata keçirilərək, öz
inkişaf yoluna başlamışdır. Qeyd edək ki, hər
il olduğu kimi, bu il də Azərbaycana səfər edən
turistlərin sayı artmaqdadır. Statistik rəqəmlər
və gələn gəlir göstərir ki, Azərbaycan
turizmi ilbəil inkişaf edir və əhalinin sosial
rifahının yüksəlməsi yönümündə
dövlətin büdcəsindən gələn gəlirin əsas
hissəsini təsdiq edir. Onu da qeyd edim ki, əvvəlki illərlə
müqayisədə bu il xarici turistlər üçün
qiymətlər aşağı salınmış və xidmət
yüksəlmişdir. Bu da, onu göstərir ki, artıq Azərbaycanda
turizm sektorunda çalışa biləcək ixtisaslı
mütəxəssislər yetişməkdədir, eləcə
də, bu sahənin mütəxəssisləri Azərbaycandan
kənarda təcrübə keçərək, turizm yeniliklərini
və xidmətlərini Azərbaycanda tətbiqinə nail
olmuşlar. Müxtəlif görkəmdə və xidmətdə
olan otellərin inşası buraya gələn axının
yüksək səviyyədə təminatına əsas verir.
Yayın ilk ayında artıq Azərbaycanın Xaçmaz, Qəbələ,
İsmayıllı, Şamaxı, Quba, Masallı kimi istirahət
zonalarında istirahət edənlərin sayının
artması Azərbaycan turizminə olan diqqətin göstəricisidir.
Ölkəmizə gələn turistlərin sayı ötən
illərlə müqayisədə artmışdır.
İlham Əliyev cənablarının
imzaladığı Dövlət Proqramına əsasən,
dövlət büdcəsində turizmin inkişafına
ayrılan vəsait yalnız Azərbaycanda turizm məkanının
yaradılmasına yönəlmişdir ki, bu da qısa bir
zaman ərzində öz nəticələrini vermişdir.
Artıq turizm sektorundan
dövlət büdcəsinə gəlirlər daxil olur ki, bu
da Azərbaycanın inkişafına, əhalinin maddi
rifahının yüksəlməsinə və müxtəlifyönlü,
səmərəli işlərin reallaşmasına sərf
edilir. 5 il üçün nəzərdə tutulan proqram və
Prezident İlham Əliyevin 2011-ci ili Azərbaycanda "Turizm
ili" elan etməsi gələcəkdə də Azərbaycan
turizminin ölkə iqtisadiyyatının sürətlənməsinə,
xüsusilə də, dövlət büdcəsinə
yatırılan gəlirin artmasına təsir göstərəcəyinə
doğru atılan mühüm addımdır: "2011-ci il
başlayıb, keçən il bizdə "Ekologiya ili"
elan olunmuşdu. Dediyim kimi, yaxşı nəticələr əldə
edilmişdir. Təklif edirəm ki, 2011-ci ili biz "Turizm
ili" elan edək. 2011-ci ildə Bakıda beşulduzlu
mehmanxana açılacaq, hesab edirəm, yəqin ki, bu,
dünyada analoqu olmayan bir hadisədir. Bir ildə bir şəhərdə
5 beşulduzlu mehmanxana açılacaq, mən Bakını nəzərdə
tuturam. Ancaq Bakıda dördulduzlu, üçulduzlu hotellər
də tikilməkdədir. Bölgələrdə
hotelçilik ilə bağlı çox böyük işlər
görülür, artıq Azərbaycanda turizmin
inkişafı reallıqdır. Bu infrastrukturu yaratmaq
üçün, əlbəttə ki, dövlət tərəfindən
böyük vəsait tələb olunur. Ancaq bu, infrastruktur məsələlərinə
yönəldilir. Hotellər isə özəl sektor tərəfindən
tikilir. Deməli, Azərbaycanın inkişafına inam o qədər
böyükdür ki, buraya, bu hotellərə milyonlarla,
yüz milyonlarla vəsait qoyulur. İnvestorlarda inam var ki, bu vəsait
onlara dividendlər gətirəcəkdir. Şəhərimizə
isə bu, yenilik gətirir, müasirlik gətirir. Şəhərə
gələn qonaqlar üçün gözəl şəraitin
yaradılması, əlbəttə ki, vacib məsələdir.
Bununla bərabər, burada
deyildiyi kimi, "Şahdağ" qış-yay xizək
kurortu, xizək infrastrukturu yaradılır. Bu da sırf
dövlət tərəfindən yaradılan layihədir. Mən
o bölgələrdə dəfələrlə olmuşam. Mən
oraya birinci dəfə gedəndə heç nə yox idi.
Dağlar idi, heç yaşayış məntəqələri
də yox idi. Yaşayış məntəqələrindən
bir neçə kilometr uzaqlıqda yerləşən
dağlar idi. Amma indi orada yollar, elektrik xətləri, qaz xətləri,
su xətləri çəkilir, birinci mehmanxana dövlət tərəfindən
tikilir. Əminəm ki, bundan sonra özəl sektor da bu təşəbbüsə
qoşulacaq, çünki orada çoxlu mehmanxana tikilməlidir.
Xizək bazası, qaldırıcılar, tibb məntəqələri,
restoranlar, əyləncə yerləri olacaqdır. Bir sözlə,
"Şahdağ" kurort mərkəzi dünya səviyyəli
mərkəzə çevriləcəkdir. Dünyada
hazırda mövcud olan ən qabaqcıl, ən populyar kurort
yerlərindən geri qalmamalıdır və qalmayacaqdır.
Beləliklə, bu, ölkəmizə həm yeni investisiyalar gətirəcək,
həm də şimal zonasında yaşayan əhali
üçün əlavə şərait yaradacaq, minlərlə,
bəlkə də, on minlərlə yeni iş yerləri
açılacaqdır. Azərbaycana gələn turistlərin
sayı daha da çox olacaq və Azərbaycan turizm
üçün çox cəlbedici ölkəyə
çevriləcəkdir.
Bizim gözəl təbiətimiz
var, Xəzər dənizimiz, gözəl dağlarımız,
çaylarımız, meşələrimiz bizim böyük sərvətimizdir.
Elə etməliyik ki, 2011-ci ildə turizmin inkişafına
böyük təkan verilsin. Hesab edirəm ki, bu məqsədlə
2011-ci ilin "Turizm ili" elan olunması ədalətlidir.
Elə etməliyik ki, bu sahədə böyük və
gözəl nəticələr görək.
2011-ci il başlayıb, mən
gələcəyə çox böyük nikbinliklə
baxıram. Tam əminəm ki, 2011-ci il də ölkəmizin hərtərəfli
inkişafı üçün uğurlu il olacaqdır. Buna
nail olmaq üçün hamımız yaxşı işləməliyik,
fəal işləməliyik ki, ölkəmizi daha da gücləndirək,
Azərbaycanı inamla irəliyə aparaq".
RÖVŞƏN RƏSULOV
Səs.- 2011.- 20 yanvar.- S. 7.