20 Yanvar xalqımızın qəhrəmanlıq tarixidir

 

20 Yanvar XX əsrin sonlarında baş verən faciələr içərisində, xüsusilə, amansızlığı və anlaşılmazlığı ilə seçilən faciədir

 

Dünən Səbail rayon icra hakimiyyəti Azərbaycan Dövlət Pedaqoji  Universitetinin təşkilatçılığı ilə Azərbaycan xalqına qarşı 1990-cı ilin 20 yanvarında törədilmiş qanlı faciənin 21-ci ildönümü ilə bağlı anım mərasim keçirdi. Tədbir iştirakçıları ilk öncə, Şəhidlər Xiyabanına gedərək, Azərbaycanın müstəqilliyi uğrunda canlarından keçmiş oğul və qızlarımızın, şəhidlərimizin ruhunu yad edərək, məzarları üzərinə qırmızı qərənfil düzdülər.

 

Daha sonra tədbir ADPU-nun akt zalında davam etdi. Tədbir iştirakçıları şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad etdikdən sonra çıxış edən ADPU-nun rektoru, AMEA-nın müxbir üzvü, professor Yusif Məmmədov sovet ordusunun xüsusi təlim keçmiş hissələrinin Azərbaycanda törətdiyi 20 Yanvar faciəsinin ən dəhşətli faciələrdən biri olduğunu bildirdi: "Bu gün qanlı 20 Yanvar faciəsinə aparan yolları və faciəni doğuran səbəbləri araşdırıb təhlil edərkən, ilk növbədə, həmin dövrün ictimai-siyasi vəziyyətinə diqqət yetirmək lazımdır. 20 Yanvar hadisələri xalqımızın 1988-ci ildə başlanan milli-azadlıq hərəkatının kulminasiya nöqtəsi idi. M.Qorbaçov Bakıya qoşun yeritməklə Azərbaycanda genişlənən milli-azadlıq hərəkatını boğmaq, insanlara divan tutmaqla isə digər xalqlara da dərs vermək məqsədini güdürdü. Lakin onun bu çirkin niyyəti baş tutmadı. 20 Yanvar hadisəsi xalqımızın iradəsini qıra bilmədi. Əksinə, bu qanlı faciə onun müstəqil milli dövlət qurmaq arzusunu daha da gücləndirdi və o bu müqəddəs yolda daha da inamla addımladı".

Y.Məmmədov 20 Yanvar faciəsinə hüquqi-siyasi qiymətin verilməsinə toxunaraq bildirdi ki, bu faciəyə hüquqi-siyasi qiyməti Ümummilli Liderimiz Heydər Əliyev verdi.

Tədbirdə Səbail rayon icra hakimiyyətinin başçısı Asif Əsgərov çıxış edərək, bildirdi ki, Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin "20 Yanvar faciəsinin 21-ci ildönümünün keçirilməsi ilə bağlı Tədbirlər Planı"na uyğun olaraq  respublikamızın hər yerində geniş tədbirlərin keçirildiyini bildirdi. A.Əsgərov bildirdi ki, 20 Yanvar faciəsi həm də, sözün əsil mənasında, bir qəhrəmanlıq tarixinin ən şanlı səhifələrindən biridir: "Ulu Öndərimiz Heydər Əliyev 20 Yanvar faciəsinə ən lakonik ən düzgün hüquqi siyasi qiyməti verərəkən demişdir: "Bu faciə deyil, eyni zamanda, Azərbaycan xalqının qəhrəmanlıq tarixidir". Məhz 20 yanvarda Azərbaycan xalqı sovet imperiyasına qarşı, ərazi bütövlüyümüz əleyhinə yönəlmiş olan hərəkətə qarşı öz etirazlarını, öz canları bahasına bütün dünyaya nümayiş etdirə bildilər".

Bu faciənin baş verməsi onu da sübut etdi ki, Azərbaycan xalqı bir qarış da torpaqlarının qoparılıb başqasına verilməsinə razı ola bilməz. 20 Yanvar hadisələrinin mühüm nəticələrindən biri də o idi ki, bu hadisə sovet imperiyasının dağılmasında ciddi rol oynadı. Ulu Öndər Heydər Əliyev yanvarın 21-də Moskvada Azərbaycanın daimi nümayəndəliyinə gələrək, Qorbaçovun cinayətkar olduğunu dünyaya bəyan etdi. Sübut elədi ki, xalq sahibsiz deyil, Heydər Əliyev kimi rəhbəri var. Rəhbər nəyə qadir olduğunu 20 Yanvarda sübut etdi. Bu gün Azərbaycanda Heydər Əliyev yolu uğurla davam etdirilir. 20 Yanvar şəhidlərinin ailələrinə dövlət yardımları artırılır. Prezident İlham Əliyev Heydər Əliyev siyasi kursunun layiqli davamçısı kimi böyük Öndərimizin yolunu davam etdirir. Xüsusilə, Qarabağ məsələsində ölkə Prezidenti bütün dünyaya Ermənistanın təcavüzkar olduğunu bəyan edir. Dövlət başçısı, eyni zamanda, dünya miqyasında erməniləri başa salır ki, onların oturduğu torpaqlar da tarixi Azərbaycan əraziləridir və Azərbaycan xalqının bu torpaqları tələb etmək hüququ var. 20 Yanvar tarixində baş verən hadisələr xalqımızın milli qürur hissini daha da formalaşdırdı.

Tədbirin sonunda Bakı Oksford Məktəbi şagirdlərinin və ADPU-nun tələlbələrinin iştirakı ilə 20 Yanvar faciəsinə həsr olunmuş tamaşa və bədii kompozisiya nümayiş olundu.

 

 

RƏFİQƏ KAMALQIZI

 

Səs.- 2011.- 20 yanvar.- S. 11.