Unudulmaz Qan Yaddaşı
20 Yanvar faciəsindən 21 il
ötür...
Azərbaycan tarixinə faciəli
və faciəli olduqca da şərəfli gün kimi
yazılmış 20 yanvar 1990-cı il tarixindən 21 il
ötür. Xalqımızın müstəqillik uğrunda
mübarizliyini tərənnüm edən, imperiya siyasətinə
qarşı mərdliklə sinə gərən, bütün hallarda əyilməzlik
və iradənin necə olmasını beynəlxalq aləmə,
dünyaya sübut edən qəhrəman Azərbaycan xalqı
qanından-canından keçərək, öz müstəqilliyi
uğrunda qətiyyətini şəhidlik zirvəsinə
ucaltdı. Bu, ümumiyyətlə, bir qəhrəmanlıq
salnaməsi idi. Bu gün yenə də axın-axın insan
seli Şəhidlər Xiyabanına axışaraq, 20 Yanvar
şəhidlərimizin ruhuna ehtiram əlaməti olaraq,
onları dərin hüznlə anırlar.
Lakin 20 Yanvar faciəsi özlüyündə əlamətdar tarixi hadisəni ehtiva edir. Bu hadisə Azərbaycan xalqının haqq səsinin dünya çatdırılmasında mübarizlik simvoluna çevrilmiş Heydər Əliyev dühasıdır. Ulu Öndərin qorxub-çəkinmədən, qanlı imperiyanın paytaxtı Moskvadan - Azərbaycan daimi nümayəndəliyindən etiraz səsini qaldırması xalqımızın-millətimizin haqq-ədalət yolundakı çarpışmasına önəmli təkan verdi. Bu, həm də Azərbaycan və onun xalqının başsız qaldığını güman edən Qorbaçov ünsürünə tutarlı cavab, sərt siyasi sillə idi...
Qeyd etdiyimiz kimi, bu gün ölkəmizin müxtəlif bölgələrindən, rayon və şəhərlərdən Şəhidlər Xiyabanına ziyarətlər olacaq. Bununla bağlı şəhər sakinlərindən, şəhərimizin qonaqlarından ümumxalq hüzn günü ilə bağlı fikir və təəssüratlarını öyrəndik...
Rüstəm Qasımov, Bakı
sakini, təqaüdçü:
- Həmin vaxtları çox gözəl xatırlayıram. Çətin dövrlər idi. Xalqımız Azərbaycana qarşı yönəlmiş birtərəfli mövqeləri, haqsızlıqları artıq həzm edə bilmirdi. Hər bir vətəndaş dünyadan haqq səsinin ucalmasını istəyirdi. Lakin heç kim bizi eşitmir, bizi dinləmirdi. Başqa tərəfdən, Moskvadan yonəldilən yarıtmaz Vəzirov hökuməti xalqımızın məhvə doğru sürüklənməsinə bilərəkdən şərait yaradırdı. Eyni zamanda, xalqın içərilərinə göndərilmiş SSRİ DTK-sının adamları qırğının hazırlanmasına yaxından kömək göstərirdi. Başda oturanlar isə xalqın "başının altına yastıq" qoyurdu ki, heç bir hərbi müdaxilə olmayacaq. Ancaq 19-dan 20-nə keçən gecə hər şey əksinə oldu. Qocalı-cavanlı, uşaqlı-böyüklü hər kəs xüsusi hərbi dəstələrin açdığı güllələrin hədəfinə çevrildi. Şəhidlərimizə Allahdan rəhmət diləyirəm, qoy onların ruhları əbədiyyən şad olsun.
İxtiyar Mirmahmurova, Bakı sakini, musiqi müəlliməsi:
- Mən 1990-cı ilin fevral
ayında anadan olmuşam, lakin hərdən mənə elə
gəlir ki, hər il 20 Yanvar ümumxalq hüzn günü mən
o dövrləri yaşamışam. Yəni atılan güllələrin
səsini eşitməsəm də, bu gün həmin güllələrdən
şəhid düşmüş oğul və
qızlarımızın məzarları önündə
onların haqqa çağırış səslərini
eşidirəm. Yaşanan faciəni qürurlu tarixi hadisə
kimi də qəbul edirəm. Bu, bizim xalqımızın
danılmaz qəhrəmanlığının bariz nümunəsidir.
Eyni zamanda, xalqımızın haqq səsinə hay vermiş
Heydər Əliyev kimi dahi Şəxsiyyətimizin də əvəzolunmaz
xidmətlərini, həyatını təhlükə
altına ataraq, dünyaya səslənişini ununtmaq olmaz. Əgər
o zaman Ulu Öndər bu vacib addımı atmasa idi tarix və
zaman azərbaycanlıların əleyhinə
işləyərdi. Allah Azərbaycan uğrunda canından
keçmiş bütün soydaşlarımıza rəhmət
eləsin.
Avtandil İsrafilov, xalq artisti:
- Bu barədə nə qədər
danışsaq, kifayət etməz. Çünki tarixi yazan
xalqdır. 20 Yanvar tarixini də xalq yazıb, özü də
qanıyla yazıb...Heç bir halda bu tarixi ununtmaq, unutdurmaq
olmaz. Əks halda, tarixini unudan xalq məhvə məhkumdur. Digər
tərəfdən, xalqımızın mübarizliyi hər
zaman öz xüsusiliyi ilə seçilib. 1990-cı ildə
sovet ordusunun xüsusi bölmələri Bakıya daxil
olduqları andan sona qədər hər bir vətəndaş əliyalın
tankların üzərinə getməkdən çəkinmədi.
Bax, bu, həqiqətən də, qəhrəmanlıq deməkdir.
Bu qəhrəmanlığın adı Şəhidlik zirvəsidir.
Qoy Uca Allah onların ruhunu şad etsin, məzarları nurla
dolsun. Mən əsas bir fakir üzərində də dayanmaq
istəyirəm. Həmin çətin dövrlərdə
Xalqımızın Böyük Oğlu, Əbədiyaşar
Rəhbərimiz, Dahi Şəxsiyyət Heydər Əliyev cənabları
qorxub-çəkinmədən Moskvaya meydan oxudu, əsil cinayətkarın
da məhz Mixail Qorbaçov olduğunu onun üzünə söylədi.
Başqa məqam isə odur ki, həmin vaxtların lent
yazılarını izlədiyimiz zaman Ulu Öndərin
yanında Prezident İlham Əliyevin dayandığını
görərik. Bu isə, o deməkdir ki, Möhtərəm
Prezidentimiz də ağır zamanlarda atası ilə
çiyin-çiyinə mübarizəyə qoşulmuş,
xalqının, millətinin müdafiəsinə
qalxmışdı. Bu gün O, işğal altında
qalan torpaqlarımızın
azad olunacağının qarantıdır, Cənab Prezident Azərbaycan
xalqının təhlükəsizliyinin qarantıdır.
Artıq əminliklə deyə bilərik ki, müstəqilliyimiz
uğrunda şəhid düşmüş
övladlarımızın qanları yerdə qalmayacaq, haqq
öz yerini tapacaq.
Xalidə Muradova, tibb işçisi, Lənkəran sakini
Mən paytaxta şəxsi
işim üçün gəlmişəm. Gəldiyim gün
20 Yanvar ümümxalq hüzn günü ərəfəsinə
təsadüf etdiyindən mütləq Şəhidlər
Xiyabanını ziyarət edəcəyəm. Xatırladım
ki, işğalçı sovet ordusu Bakıdan sonra Lənkəranda
da qətliam törətdi. Bunun acı nəticəsi olaraq,
çoxsaylı soydaşlarımız şəhid oldu, yaralandı, günahsız
qanlar axıdıldı. Bir vətəndaş kimi, ümid
edirəm ki, Azərbaycan xalqının öz müstəqilliyi
uğrunda haqlı mübarizəsini qanla boğmağa cəhd
edən Qorbaçov məhkəmə qarşısında
cavab verməli olacaq. O, xalqımız qarşısında
cavab verməyə məhkumdur.
Səfiyar Müslümzadə, geoloq, Sumqayıt sakini:
- Bu, həm də Azərbaycan
xalqının fəxr edəcəyi şanlı, şərəfli
bir tarixdir. Düzdür, 1990-cı ilin 20 yanvarında müstəqillik
uğrundakı mübarizəsinə, Qarabağda baş verən
hadisələrin qeyri-obyektiv qiymətləndirilməsinə
qarşı çıxışına öz haqlı
mövqeyini bildirən xalqımıza yönəldilmiş
hücumlar olsa da, xalq geri çəkilmədi və
bütövlüyünü nümayiş etdirdi. Buna səbəbi
isə mühüm bir amillə bağlı idi. Bu amil Ulu
Öndər Heydər Əliyev Dühası idi. Əgər o
zamanlar Heydər Əliyev kimi Dahi şəxsiyyət öz sərt
mövqeyini nümayiş etdirməsə idi, onda Azərbaycan
adlı bütöv bir respublika yox olmaq təhlükəsi ilə
qarşı-qarşıya qala bilərdi. Allah O Böyük
İnsanı bizlərə Xilaskar olaraq göndərdi.
Fürsətdən istifadə edərək, demək istərdim
ki, 20 yanvar hadisələri dünyaya sübut etdi ki, Azərbaycan
xalqı ona görə dönməz və mətindir ki, bu
xalqın iradəli, zəkalı, müdrik və bütün
ideal keyfiyyətlərə malik müdrik Lideri var. Bu Liderin sayəsində
xalqımız o çətin zaman bir yumruq halında birləşdi,
hüznünü də, qələbəsini də birgə
yaşadı. Bu gün həmin ali keyfiyyətlər Ulu
Öndər Heydər Əliyevin layiqli davamçısı,
Möhtərəm Prezidentimiz Cənab İlham Əliyevdə mövcuddur. Ümid edirəm ki, məhz
Onun görəcəyi əməli işlər nəticəsində
bir vaxt Azərbaycan xalqının qanına susamış
insanlar öz haqlı cəzalarını alacaqlar.
Sonda bütün şəhidlərimizə,
eləcə də, 1990-cı ilin 20 yanvarında həlak
olmuş soydaşlarımıza Ulu Tanrıdan rəhmət diləyirəm.
Qəbirləri nurla dolsun.
İqor Yefrimov, təqaüdçü, Bakı sakini:
- Allah bir də bu cür faciələri
Azərbaycan xalqına göstərməsin.
Çox çətin vaxtlara təsadüf etmişdi bu hadisələr.
Mən həmin vaxtlar, demək olar ki, hadisələrin tam mərkəzində
idim. Çünki yaşadığım ünvan düz
Salyan kazarması deyilən hərbi hissənin yanında yerləşirdi.
Bir sözlə, təsəvvür edə bilmədiyim hadisələrlə
üz-üzə qaldım. Mən bir şeyə çox təəssüflənirəm
ki, ortada heç bir günahı olmayan insanlar da həlak oldu.
Günahsız məktəblilər qətlə yetirildi ölənlər
arasında millətlərin də nümayəndələri
var idi: ruslar, tatarlar, azərbaycanlılar və digərləri.
Çünki Bakı hər zaman beynəlmiləl şəhər
olub. Ona görə də, Qorbaçov bunu nəzərə
almalıydı, bilməliydi ki, belə bir
dostluq-qardaşlıq şəhərində heç bir
xalqlararası zəmində hadisələr törədilə
bilməz. Bu, siyasi oyunların nəticəsində qurulmuş
qətliam qurğusu idi. Mən Xalq Atası Heydər Əliyevin
Moskvadakı Azərbaycan Nümayəndəliyindəki
çıxışını xüsusilə
vurğulayardım. O, çox böyük uzaqgörənlik
nümayiş etdirdi.
Rövşən Rəsulov,
Samir Feyruzov
Səs.- 2011.- 20 yanvar.- S.12.