Ukraynada 20 Yanvar şəhidlərinin xatirəsi “Ülviləşən Mübariz” devizi altında yad olunub

 

Ukrayna Azərbaycanlı Gənclər Birliyinin, Ukrayna Parlamenti yanında Ümumukrayna Tələbə Gənclər Assambleyasının və Azərbaycanın Ukraynadakı səfirliyinin birgə təşkilatçılığı ilə 20 Yanvar şəhidlərinin xatirəsi “Ülviləşən Mübariz” devizi altında yad edilib.

 

Azərbaycan səfirliyinin, diasporumuzun, o cümlədən, bir sıra Ukrayna gənclər təşkilatları və media nümayəndələrinin qatıldığı mərasimi Ukrayna Azərbaycanlı Gənclər Birliyinin sədri Anar Tahirov açaraq, Azərbaycanın dövlət müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəman oğul və qızlarımızın keçdiyi mübarizə tarixindən danışıb.

Torpaqlarımızın bütövlüyü uğrunda şəhid olanların əksər çoxluğunun gənclərdən ibarət olduğunu bildirən Anar Tahirov qeyd edib ki, anım mərasiminin “Ülviləşən Mübariz” devizi altında keçirilməsində əsas məqsəd 1990-cı ilin 20 yanvar gecəsində sinəsini dövlət müstəqilliyimizə tuşlanmış gülləyə sipər edərək, şəhid olmuş 20 yaşlı şair Ülvi Bünyadzadə ilə, bu faciədən düz 20 il sonra vətənimizin bütövlüyü naminə düşmənə sarsıdıcı zərbə vuraraq, qəhrəmanlıq zirvəsinə ucalmış Mübariz İbrahimovun indiki gənc nəslə örnək qoyub getdikləri ülviləşən mübarizə yolunu davam etdirməkdən ibarətdir: “Əminəm ki, dünyanın harasında yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı, xüsusən də, gənclərimiz Azərbaycanın dövlət müstəqilliyi və ərazi bütövlüyü uğrunda Ülvi Bünyadzadə, Mübariz İbrahimov və bu kimi minlərlə vətən yolunda canlarını fəda etmiş oğul və qızlarımızın keçdiyi şərəfli yolu özlərinə örnək hesab edir. Nə qədər ki, torpaqlarımız düşmən tapdağından azad olunmayıb, biz özümüzü dövlətimizin sıravi əsgərləri hesab etməliyik. Əminliklə deyə bilərəm ki, Ali Baş Komandamızın əmrinə müntəzir olaraq hər zaman silaha sarılaraq, torpaqlarımızı düşmən tapdağından azad etməyə hazırıq”.

Mərasimdə Azərbaycan səfirliyinin müşaviri Yeganə Qafqazlı, Ukrayna Azərbaycanlı Gənclər Birliyinin sədr müavini Cavid Hüseynzadə, Ukrayna Milli Televiziyasının aparıcı jurnalisti Andrey Oxrimoviç, Ukrayna Parlamenti Yanında Gənclər Assambleyasının sədr müavini Olesya Xlopets, gənc müğənni Vüqar Muradov və digər qonaqlar çıxış edərək , Vətən naminə canlarını fəda edənlərin xatirəsinin heç zaman unudulmayacağını bildiriblər. Sonra tədbirə qatılanlar Azərbaycan və Ukrayna dövlət televiziyalarının birgə layihəsi əsasında çəkilmiş “Qanlı 20 Yanvar faciəsi” filminə baxmaqla 21 il bundan öncə, başda Mixail Qorbaçov olmaqla, keçmiş SSRİ rəhbərliyinin Bakıda və Azərbaycanın digər rayonlarında günahsız insanlara qarşı həyata keçirdikləri vəhşiliklərlə tanış olublar. Filmə baxdıqdan sonra çıxış edən Ukrayna Milli Televiziyasının aparıcı jurnalisti Georgi Spasakukotski son illər inkişaf tempinə görə bölgədə lider dövlətə çevrilən qüdrətli Azərbaycan dövlətinin işğal altında olan torpaqlarının geriyə qaytarılmasına nail olacağına əminliyini bildirib. Mərasimdə bildirilib ki, Ukrayna Azərbaycanlı Gənclər Birliyinin İdarə Heyətinin qərarı ilə şəhid Ülvi Bünyadzadənin ölümündən bir il öncə yazdığı “Vətən andı” şeiri birliyə üzv olmaq istəyənlərin andı kimi qəbul olunub. Milli qəhrəman Mübariz İbrahimovun Ukraynada xatirəsinin əbədiləşdirilməsi üçün vətənimiz və dövlətimiz naminə nümunəvi tədbirlər həyata keçirməklə xalqımızın adına şərəf gətirən gənclərə “Mübariz Gənc” fəxri diplomunun veriləcəyi bildirilib.

 

 

ZÜMRÜD

 

Səs.- 2011.- 20 yanvar.- S. 14.