Qanlı 20 Yanvar faciəsi Bakı Slavyan Universitetində anılıb

 

Məlum olduğu kimi, 20 Yanvar faciəsinin iyirmi birinci ildönümünün keçirilməsi ilə əlaqədar olaraq Azərbaycan Respublikası təhsil naziri müvafiq əmr imzalamışdır. Həmin əmrə əsasən təsdiq edilmiş tədbirlər planına uyğun olaraq Bakı Slavyan Universitetində geniş tədbirlər planı hazırlanmışdır. Bu tədbirlər planı çərçivəsində universitetin müəllim tələbələrinin, Məktəb-Lisey Kompleksi şagirdlərinin Şəhidlər Xiyabanına ziyarəti təşkil edilmiş, universitet muzeyində Tələbə Gənclər Təşkilatı Kölgə Kabinetinin təşkilatçılığı ilə 20 Yanvar hadisələrinə həsr edilmiş videofilm nümayiş etdirilmiş, Məktəb-Lisey Kompleksində Qanlı Yanvar faciəsinə həsr olunmuş xüsusi dərslər keçirilmiş Gəncliyin Elmi-Mədəni İctimai Birliyi ilə birgə ədəbi kompozisiya hazırlanmış, “Tələbə dünyasıqəzetində 20 Yanvar faciəsinə həsr olunmuş məqalələr dərc edilmişdir. Dünən isə universitetin fakültə şöbələrində, Məktəb-Lisey Kompleksində faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, universitet rektorluğunda 20 Yanvar faciəsinin iyirmi birinci ildönümünə həsr olunmuş tədbir keçirilmişdir. İclas 20 Yanvar faciəsi qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlamışdır. Tədbirdə BSU-nun rektoru, AMEA-nın müxbir üzvü, professor Kamal Abdullayev çıxış edərək, 20 Yanvar hadisələrinin öz azadlığı uğrunda mübarizə aparan Azərbaycan xalqının qəhrəmanlıq səhifəsi olduğunu qeyd etmişdir: “Həmin gün baş verən hadisələr Azərbaycan tərəfindən bütün dünyaya göndərilən “SOS” siqnalı kimi yadda qaldı. Bu, sovet imperiyasının süqutu demək idi. Həmin dövrdə bütün vəzifələrindən kənarlaşdırılmış bir şəxsiyyət, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev öz ailə üzvləri, yaxınları ilə birgə bütün baş verə biləcək təhlükələrə baxmayaraq, Azərbaycanın Rusiyadakı daimi nümayəndəliyinə gələrək, jurnalistlərlə görüşmüş, SSRİ adlı imperiyanın riyakar siyasəti haqqında öz kəskin düşüncələrini dünya ictimaiyyətinə çatdırmışdı. Bu, əsil qəhrəmanlıq addımı, hər bir azərbaycanlı gənc üçün nümunə dərsi idi. Allah şəhidlərimizə rəhmət eləsin!” Tədbirdə çıxış edən digər müəllim tələbələr, məzun valideynlər 20 Yanvar həqiqətlərindən danışaraq, bu kimi tarixi hadisələrin dünya ictimaiyyətinə çatdırılmasının vacibliyindən bu istiqamətdə gənclərin üzərinə düşən məsuliyyətdən danışdılar.

 

 

NƏZAKƏT

 

Səs.- 2011.- 20 yanvar.- S. 14.