Qanlı Yanvar faciəsi
imperiyanın süqutunu sürətləndirdi
XX əsrin ən nəhəng
imperiyalarından sayılan sovet dövləti azadlıq
uğrunda mübarizə aparan xalqımıza divan tutmaq
üçün səyini getdikcə artırırdı. Azərbaycanın
sərhədlərinin pozulması bəhanəsi də bu mənada
qanlı qırğına haqq qazandıra bilərdi. Buna görə də, imperiya
başçıları məhz sərhədçilərə insanlara dəyməmək əmri
vermişdilər. Artıq dekabrın 31-də Araz
çayı ətrafı 137 kilometrlik SSRİ-İran sərhədində
izdiham baş qaldırdı.
Nəticədə sərhəd qurğuları uçuruldu. Hər iki tərəfin adamları Arazı keçərək, bir-biri ilə görüşdülər. 1990-cı il yanvarın 7-də SSRİ-Türkiyə sərhədində də həyəcanlar baş qaldırdı. Yanvarın 18-də Biləsuvar və Cəlilabad ərazilərində sərhəd qurğuları dağıdıldı. Xalq Cənub tərəfdəki qan qardaşları ilə qovuşdu. Belə bir şəraitdə Lənkəranda hadisələr sakit məcrada davam edirdi. AXC-nin Lənkəran şöbəsi rayonda hakimiyyət orqanlarının işini müvəqqəti dayandırmağı qərara aldı. 1990-cı il yanvarın 11-də rayon partiya komitəsi, daxili işlər şöbəsi, mətbəə və digər sahələr mühasirəyə alındı. Rayonda müvəqqəti müdafiə komitəsi yaradıldı. Yanvarın 12-də xalqa divan tutmaq məqsədilə ölkənin mexanikləşdirilmiş hərbi hissələri Lənkərana yeridildi. Bunun qarşısını kəsmək üçün qonşu Salyan, Sabirabad, Kürdəmir bölgələrində xalq ordu hissələri hərəkət edən yolların qarşısını kəsdi.
Bu hadisələr hakimiyyət böhranının, eləcə də, Moskva canişinin və onun aparatının Azərbaycanda baş verən hadisələrə nəzarəti tam itirməsinin təcəssümü idi. Belə bir şəraitdə ermənilərin təhrikçilik hərəkətləri, onların sərhəd kəndlərimizə, eləcə də, Dağlıq Qarabağdakı azərbaycanlılar yaşayan bölgələrə silahlı hücumları güclənirdi.Yanvarın 12-də Ermənistandan 500 nəfərlik silahlı quldur dəstəsi 20 vertolyotla Xanlar rayonunun Quşçu kəndinə basqın edib silahsız əhaliyə divan tutdu, çoxlu insan - qadınlar, uşaqlar vəhşicəsinə öldürüldü.
Bütün bunlara müxtəlif yollarla şərait yaradan Moskva rəhbərliyi öz məqsədinə çatmış, xalqı radikallaşdıra bilmişdi.
Yanvarın
12-də Azərbaycandakı radikal qüvvələr Milli
Müdafiə Şurası (MMŞ) yaratdılar. Məqsədləri
silahlı özünümüdafiə dəstələrini
bir yerə cəmləşdirmək, yeni hərbi dəstələr
yaratmaq və erməni hərbi birləşmələrinin
basqınlarının qarşısını kəsmək
idi. Respublikada AXC-ni dağıtmaq, xalq hərəkatını
yatırmaq üçün münasib şərait
yetişmişdi. Yanvarın 13-də Bakıda bir erməninin 2
nəfər azərbaycanlını öldürməsi
paytaxtda iğtişaşları gücləndirdi. Yerli
hüqüq-mühafizə orqanları, eləcə də,
Bakıda yerləşən SSRİ Daxili İşlər
Nazirliyinin 12 minlik silahlı dəstələri isə bunun
qarşısını almağa heç bir cəhd göstərmədi.
İmperiya Bakıda sovet dövlətinin deviriləcəyindən, eləcə də, Azərbaycanın əldən çıxacağından qorxub paytaxt ətrafına əlavə ordu bölmələri, ağır texnika yeritməyə başladı. MMŞ-nin fəallığı ilə Bakıətrafı sahələrdə və Bakı qarnizonunun yaxınlığında əhali yük, minik maşınlarını, avtobusları yan-yana düzərək, barrikadalar yaratdılar. Yolların ətrafında 26 iri maneə təşkil edildi.Salyan kazarmasının yolu kəsildi. 1990-cı il yanvarın ortalarında Azərbaycan KP MK-nın büro iclaslarında respublikadakı mövcud vəziyyət müzakirə olunurdu. Çıxış edənlər Ə.Vəzirov, A.Mütəllibov, V.Polyaniçko, E.Qafarova və başqaları, eləcə də, Bakıda olan Y.Primakov və yüksək rütbəli Moskva hərbçiləri güc tətbiq olunmasının zəruriliyini bildirdilər. Buna etiraz edən və ya başqa təklif verən isə olmadı. 1990-cı il yanvarın 15-də Ə.Vəzirov Moskvaya teleqram göndərərək, tələb edirdi ki, "Antisovet, antipatiya şüarları ilə mitinq edən ekstremistlərin liderləri dərhal məsuliyyətə cəlb edilməlidir. Bunun üçün hüquqi əsaslar vardır". Bunun ardınca Azərbaycan SSR Nazirlər Sovetinin sədri A.Mütəllibov Moskvaya göndərdiyi teleqramda bildirirdi ki, respublikanın SSRİ güc nazirlikləri hərbi kontingentini qeyri-qanuni silahlı birləşmələri tərksilah etmək üçün əməliyyat keçirəcəkləri müddətdə yerləşdirmək və ərzaqla təmin etmək üçün hər cür imkanı vardır.
Azərbaycan Ali Soveti Rəyasət
Heyətinin müraciətinə əsasən SSRİ Ali Soveti
Rəyasət Heyəti yanvarın 15-də "Dağlıq
Qarabağ Muxtar Vilayəti və bəzi başqa rayonlarda
fövqəladə vəziyyət elan olunması
haqqında" fərman verdi. İmperiya Azərbaycan Ali Sovetinə təklif
etdi ki, Bakı və Gəncə şəhərlərində
və digər yaşayış məntəqələrində
komendant saatı tətbiq edilməsi də daxil olmaqla lazımı
tədbirlər görsün.
1990-cı il
yanvarın 17-dən AKP MK-nın binası qarşısında
əzəmətli mitinq başlandı, ümumi tətil elan
olundu. Mitinqdəki
çıxışlarda tələb edildi ki, Moskva Ermənistanın
Azərbaycana ərazi iddialarına qəti olaraq son qoysun.
İmperiyanın Bakıya və ətraf bölgələrə
yığdığı qoşunlar Dağlıq Qarabağa və
erməni hücumlarına məruz qalan sərhəd bölgələrinə
göndərilsin. Mərkəz
Naxçıvanda da xalqı cəzalandırmaq məqsədilə
fövqəladə vəziyyət
tətbiq edilməsi üçün təzyiqlərini
artırırdı. Yanvarın 18-də Şərur rayonunun Kərki
kəndinin erməni işğalçıları tərəfindən
zəbt edilməsi vəziyyəti daha da mürəkkəbləşdirdi.
Xalqın tələbi ilə yanvarın 19-da Naxçıvan
MSSR Ali Soveti muxtar respublikanın SSRİ tərkibindən
çıxması haqqında qərar qəbul etdi. Bundan məqsəd
isə Azərbaycanda baş verən hadisələrə, sovet
ordusunun qanlı əməllərinə dünya
xalqlarının diqqətini cəlb etmək idi və bu
addım müəyyən rol oynaya bildi.
SSRİ Ali Soveti Rəyasət Heyəti 1990-cı il yanvarın 19-da "Bakı şəhərində fövqəladə vəziyyət tətbiq edilməsi haqqında" fərman verdi. Xalqa divan tutmaq, qırğın törətmək üçün ordudan istifadə olunacağı nəzərə alınaraq fövqəladə vəziyyətin elan olunacağı vaxt gizli saxlanıldı. Bakıda fəaliyyətlərini davam etdirən radikallar insanlara "Silah, kömək gələcək" - deyə yalan vədlər verir, xalqın bir hissəsini barrikadaları sonadək qorumağı və buranı tərk etməməyə çağırırdılar. Piketdə iştirak edənlər imperiyanın, eləcə də, Azərbaycanın səlahiyyətli nümayəndələrinin qoşunun şəhərə daxil olmayacağı ilə bağlı dəfələrlə təkrar etdikləri yalan vədlərə inanmışdılar.
Xalq baş verə biləcək qırğından xəbər tutmasın deyə, yanvarın 19-da respublika televiziyasının enerji bloku partladılaraq sıradan çıxarıldı. Qoşun bölmələri yanvarın 19-da Türkan-Qala istiqamətindən şəhərə hərəkət etməyə başladılar. "Bakı əməliyyatı"na sovet dövlətinin müdafiə naziri D.Yazov birbaşa başçılıq edirdi. Ağır hərbi texnika asanlıqla barrikadaları dağıtmağa başladı. Əsgərlər gözyaşardıcı qazdan istifadə edir, əliyalın adamlara avtomat silahlardan atəş açırdılar. Hərbçilər təsadüf nəticəsində yola çıxanları, yaşayış evlərini, təcili yardım maşınlarını, nəqliyyatı atəşə tutur, yaralı insanları öldürür, meyitləri yandırırdılar. Bakı küçələri öldürülmüş, yaralanmış adamların, qocaların, qadınların, uşaqların qanına qərq olmuşdu. Əsgərlər tibbi heyətin yaralılara köməyə getməsinə şərait yaratmır, hər vəchlə buna mane olmağa çalışırdılar. Əldə olunmuş rəsmi məlumatlara görə, Bakıya və başqa yaşayış məntəqələrinə sovet qoşunlarının basqını vaxtı 131 nəfər, o cümlədən, 117 azərbaycanlı, 6 rus, 3 yəhudi və 3 tatar öldürülmüş, 744 nəfər yaralanmış, 400 nəfər həbs edilmiş, 4 nəfər isə itkin düşmüşdür.
Fövqəladə vəziyyət haqqında fərman artıq iş-işdən keçəndən sonra, yanvarın 20-də elan olunmuşdu. Azərbaycanda rəhbər vəzifədə olanlar xalqa kömək etmək, ona arxa durmaq əvəzinə kürsülərini qorumaq naminə qaçıb gizləndilər. Ziyalıların bir qismi yanvarın 20-də Elmlər Akademiyasında etiraz mitinqi keçirdi. Ziyalıları qorxutmaq üçün bu mitinqin iştirakçısı olan 3 tanınmış alim, professor Bakı - Sumqayıt yolunda tankın altına salınıb məhv edildi.
Başsız
qalmış xalq qorxu içində idi. Yanvarın
21-də Heydər Əliyev Azərbaycanın Moskvadakı daimi
nümayəndəliyinə gələrək, 6 minədək
adamın iştirak etdiyi izdihamlı yığıncaqda
çıxış etdi və bu ağır günlərdə
heç yerdən kömək almayan doğma xalqı ilə
birgə olduğunu nümayiş etdirdi. O,
çıxışında bildirdi ki, Dağlıq Qarabağ
hadisələrinin ilkin mərhələsində ölkənin
ali partiya və siyasi rəhbərliyi tərəfindən
vaxtında zəruri tədbirlər görülsəydi, gərginlik
indiki həddə çatmaz, tərəflər itkilərə
məruz qalmaz, başlıcası isə 1990-cı
il yanvarın 19-dan 20-nə keçən gecə çoxlu
insan qırğını ilə nəticələnən hərbi
müdaxilə üçün zəmin yaranmazdı. Heydər
Əliyev çıxışında respublika rəhbərlərinin
yarıtmaz fəaliyyətini ifşa etdi və bildirdi ki, Vəzirov
bu yüksək vəzifədə olduğu müddətdə...
Azərbaycanda vəziyyəti sabitləşdirmək
üçün heç nə etməmişdir. Əksinə,
səhv addımları, yaramaz iş üslubu, yanlış
siyasi manevrləri ilə xalqla öz arasında uçurum
yaratmışdır". Ümummilli Lider qorxmadan imperiya rəhbərlərini
"qatillər" adlandırırdı. Heydər Əliyev
Azərbaycan xalqına verdiyi başsağlığında
soydaşlarımızı ağır gündə
"ağıllı, kamallı olmağa, həmrəyliyə
və birliyə çağırdı". Xalq Heydər Əliyev
kimi bacarıqlı, böyük nüfuz sahibi olan bir şəxsiyyətin
onunla olduğunu, onu qorxmadan müdafiə etdiyini gördü,
ürəkləndi...
Şəhidlər Bakının ən uca yerində - Dağüstü Parkda dəfn edildi.1990-cı ilin qanlı yanvarı Azərbaycan xalqı üçün yalnız böyük faciə deyildir. Bu hadisə həm də ləyaqətini, qeyrətini qorumaq üçün mübarizə aparmaqla bu yolda qurbanlar verməyə hazır olan xalqın tarixində şərəfli bir səhifədir. Heydər Əliyevin "Bizim ittifaqdan nicatımız yoxdur" sözləri xalqın ümumi rəyinin ifadəsi oldu. Xalq hərəkatı bu şüar altında keyfiyyətcə yeni mərhələyə qədəm qoydu. Özlərini xalqın övladı sayıb, dar gündə ona xəyanət edən rəhbərlər mühakimə olunmalıdırlar. Heysiyyətini itirmiş o zamankı respublika rəhbərləri məsuliyyətdən xilas olmaq üçün bütün günahları SSRİ rəhbərliyinin üzərinə atırdı. Lakin heç kəs heç vaxt tarix qarşısında günahını gizlədə bilməz...
Firudin Cümşüdlü
Səs.- 2011.- 20 yanvar.- S. 15.