Xalqın qanla yazılmış azadlıq tarixi

 

20 Yanvar faciəsi xalqın azadlıq mübarizəsinin tarixi səhifəsidir

 

Dünən YAP Qusar rayon təşkilatının təşkilatçılığı ilə 20 Yanvar faciəsinin 21-ci ildönümü ilə bağlı tədbir keçirdi. Tədbir iştirakçıları, ilk öncə, 20 Yanvar faciəsi qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.

Tədbirdə çıxış edən YAP Qusar rayon təşkilatının sədri David İbramxəlilov çıxış edərək, bildirdi ki, Azərbaycan xalqının azadlıq mübarizəsində, müstəqillik yolunda nümayiş etdirdiyi əzmdən qorxuya düşən sovet rəhbərliyi xalqımıza qarşı qanlı faciə törətdi: "Başda Qorbaçov olmaqla, xalqımıza qarşı düşmən mövqeyi seçənlər 1990-ci ilin 20 yanvarında ağır texnika ilə silahlanmış sovet ordusuna günahsız və silahsız insanlarımızı qətlə yetirmək əmri vermişdilər".

Həmin müdhiş gecədə baş vermiş hadisələrin heç zaman Azərbaycan xalqının yaddaşından silinməyəcəyini vurğulayan D.İbrahimxəlilov diqqətə çatdıraraq, vurğuladı ki, xalqımızı dar gündə qoyub qaçanları da yaxşı tanıyır: "Faciədən sonra o vaxtkı rəhbərlikdən bir nəfər belə olsun Moskvaya etirazını bildirmədi. Amma hər zaman Aərbaycan xalqının qəlbində yaşayan Ümummilli Liderimiz Heydər Əliyev yanvarın 21-də Azərbaycanın Moskvadakı nümayəndəliyinə gələrək, öz etirazını bildirmiş, faciəni törədənlərin cəzalandırılmasını istəmişdi. Sonradan Ulu Öndər Heydər Əliyev 20 Yanvar faciəsinə siyasi qiymət vermişdi".

D.İbrahimxəlilov xalqımızın suverenlik uğrunda apardığı mücadilənin öz nəticəsini verdiyini söylədi: "Uzun illər həsrətində olduğumuz müqəddəs arzuya, milli-azadlığa qovuşduq. 20 Yanvar faciəsinin 21-ci ildönümünü qeyd etdiyimiz bu günlərdə biz ötən illəri xatırlamalı, xalqımızın ağır sınaqlardan necə şərəflə çıxdığını iftixar hissi ilə qeyd etməliyik. Elə buradaca bildirməliyik ki, Ümummilli Liderimiz Heydər Əliyevin zəngin siyasi təcrübəsi, dövlətçilik məharəti, cəsarətli addımları sayəsində Azərbaycanda anarxiyanın, xaosun kökü kəsildi, sabitlik bərqərar oldu, Ermənistanla müharibədə atəşkəsə nail olundu, xalqımızın sınmış inamı özünə qaytarıldı, Azərbaycan fəlakət təhlükəsindən xilas olaraq sabit və rəvan yola qədəm qoydu. Lakin bütün bunlar asanlıqla başa gəlmədi. 1994-cü ilin oktyabr, 1995-ci ilin mart aylarında dövlət çevrilişlərinin qarşısı mərdliklə alındı, ayrı-ayrı siyasi qruplara və şəxslərə xidmət edən müxtəlif silahlı dəstələr ləğv edildi, milli ordu yaradıldı və ordumuzda hərbi vətənpərvərlik, Vətənə və torpağa sədaqət, milli qürur hissi gücləndirildi".

Tədbirdə çıxış edən YAP Qusar rayon təşkilatının sədr müavini Nadirşah Şirinov, rayon təşkilatının gənclər birliyinin sədri Əliyulla Nəcərov, Qusar rayon Qarabağ əlilləri, veteranları və şəhid ailələri ictimai birliyin Qusar şöbəsinin sədri Canəli Hörmətov çıxış edərərək, bildirdilər ki, 20 yanvarda Azərbaycan xalqına vurulan zərbə, edilən təcavüz başları hakimiyyət uğrunda mübarizəyə qarışmış o vaxtkı Azərbaycan rəhbərlərinin təqsirkar əməlləri üzündən ört-basdır edildi, faciəyə siyasi qiymət verilməsi ləngidildi. Yalnız Ümummilli Liderimiz Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Onun təşəbbüsü və bilavasitə iştirakı ilə bu qanlı faciə araşdırıldı və öz qiymətini aldı. Çıxış edənlər, onu da vurğuladılar ki, 20 Yanvar faciəsi Azərbaycanın tarixində həm matəm, həm də qəhrəmanlıq günü kimi qeyd olunur. Çünki 20 Yanvar faciəsi xalqın azadlıq mübarizəsinin tarixi səhifəsidir.

 

 

R.HÜSEYNOVA

 

Səs.- 2011.- 22 yanvar.- S. 7.