"20 Yanvar" günü münasibəti ilə Meksikanın "Excelsior" və "El Universal" qəzetlərində səfir İlqar Muxtarovun məqalələri dərc olunub

 

20 Yanvar Milli Matəm Gününün 21-ci ildönümü ilə əlaqədar 2011-ci ilin 20 yanvar tarixində Meksikanın iki ən nüfuzlu nəşrlərindən olan "Excelsior" və "El Universal" qəzetlərində səfir İlqar Muxtarovun "Azərbaycan: unudulmayan tarix"("El Universal") və "1990-cı ilin 20 yanvarı - Azərbaycanda heç vaxt unudulmayacaq tarix" ("Excelsior") başlıqlı məqalələri dərc edilib. Səfirlikdən SİA-ya verilən xəbərə görə, məqalələrdə 20 Yanvar faciəsinin baş vermə səbəbləri və sözügedən dövrdə qonşu Ermənistan tərəfindən Azərbaycan xalqına qarşı həyata keçirilən dəhşətli zorakılıqlara göz yuman M.Qorbaçovun əmri ilə Sovet ordusunun Bakıya soxulması və Azərbaycanın silahsız dinc əhalisinə qarşı törətdiyi qeyri-insani cinayətləri və faciənin təfərrüatlarından bəhs olunur. Bu xüsusda, həmçinin nüfuzlu beynəlxalq insan hüquqları institutlarından biri olan "Human Rights Watch" təşkilatının faciəvi hadisələrə dair ədalətli mövqeyinə də istinad edilib. Həmçinin, ölkəmizin azadlığı naminə həlak olmuş şəhidlərin yad edilməsi üçün xalqın müqəddəs ziyarətgahına çevrilən Şəhidlər Xiyabanının bütün Azərbaycan vətəndaşları tərəfindən hər il ziyarət olunduğu qeyd edilərək bildirilib ki, "Qara Yanvar" hadisələri Azərbaycan tarixində sadəcə faciə kimi yadda qalmamış, əksinə ölkəmizin suverenliyi və müstəqilliyi ideyaları uğurunda mübarizədə xalqımızın iradəsini və mübarizlik əzmini daha da möhkəmləndirib. Qeyd etmək istərdik ki, 20 Yanvar Milli Matəm Gününün 21-ci ildönümü ilə əlaqədar 2011-ci ilin 20 yanvar tarixində səfirliyin press-relizi də yayılıb. Məlumat, eyni zamanda Meksikanın hökumət orqanlarının rəhbərləri, xarici işlər naziri və nazir müavinləri, XİN-in struktur bölmələri, Meksika Senatının üzvləri, ayrı-ayrı ştatların Qubernatorları və Meksikada akkreditə olunan səfirliklərə göndərilib.

 

 

Səs.- 2011.- 22 yanvar.- S. 7.