Azərbaycan İKT sektorunun
inkişafında yeni uğurlar qazanmaqdadır
AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun
direktoru, AMEA-nın müxbir üzvü, texnika elmləri
doktoru, professor Rasim Əliquliyevin yap.org.az-a müsahibəsi
- Rasim müəllim, hazırda
ölkəmizdə informasiya kommunikasiya texnologiyalarının
inkişaf səviyyəsini necə qiymətləndirmək
olar?
-
Ölkəmizdə müvəffəqiyyətlə həyata
keçirilən sosial-iqtisadi siyasət digər
sahələrdə olduğu kimi informasiya texnologiyaları sektorunda
da öz mühüm təsirini göstərməkdədir.
Yola saldığımız 2010-cu il İKT sektoru
üçün çox uğurlu nəticələrlə
yadda qalıb. Ötən il rabitə sisteminin müasir
dünya standartları səviyyəsində yenidən
qurulması, yeni texnologiyaların tətbiqi başlıca
hədəflər olub. Həyata keçirilmiş investisiya
layihələri nəticəsində mühüm uğurlar
əldə edilib. Yüksək dinamikaya malik mobil rabitə
sahəsində müasir texnologiyaların tətbiqi
üçün məqsədyönlü işlər
aparılıb.
Ötən
il İKT sahəsində ən yeni texnologiyaların tətbiqi
işləri davam etdirilib. Paytaxt Bakı ilə yanaşı,
artıq bölgələrdə də Yeni Nəsil
Şəbəkə (NGN), CDMA və digər modern texnologiyalar
tətbiq edilir. Məsələn, ötən il Sumqayıt
şəhər telefon şəbəkəsi NGN
texnologiyası əsasında rekonstruksiya olunaraq nömrə
tutumu artırılıb, İP TV, İP telefon, "Triply
play" və s. multimedia xidmətlərinin
göstərilməsi imkanı yaradılıb.
İKT infrastrukturunun inkişafı respublikamızda
internet istifadəçilərinin sayının da artmasına
səbəb olub. 2010-cu ildə Bakı şəhəri
ilə və respublikanın digər şəhər və
rayonlarında genişzolaqlı şəbəkə
xidmətlərindən istifadə edən
abunəçilərin sayı 80 min nəfəri keçib.
Qeyd edim ki, bu mühüm nəticəyə
2009-cu ildə internet xidməti tariflərinin 6-7 dəfə
aşağı salınması, həmçinin ötən
il dövlət provayderləri olan "Bakinternet" və
"Aztelekomnet" internet şəbəkələri
üzrə ADSL qoşulma tariflərinin endirilməsi öz
təsirini göstərib. Aparılmış tarif
siyasətinin nəticəsidir ki, indi ölkəmizdə
internetin qiyməti region ölkələri ilə
müqayisədə xeyli aşağıdır. Prezident
İlham Əliyevin 11 avqust 2010-cu il tarixli Sərəncamı
ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında
rabitə və informasiya texnologiyalarının inkişafı
üzrə 2010-2012-ci illər üçün Dövlət
Proqramı" informasiya-kommunikasiya texnologiyaları
sahəsində yeni inkişaf meyilləri üçün
fundamental əsaslar yaratmış olur. Bu
sənəd ölkəmizdə müasir informasiya və
kommunikasiya texnologiyaları infrastrukturunun inkişaf
etdirilməsi, respublikanın bütün ərazisi
üzrə İKT xidmətlərinin, həmçinin
dövlət, ictimai və sahə informasiya resurslarına
çıxışının genişləndirilməsi,
dövlət idarəçiliyinin bütün
səviyyələrində e-hökumət
həllərinin tətbiqi ilə dövlət orqanları
arasında əlaqələrin elektron üsullarla həyata
keçirilməsi, vətəndaş və təşkilatlara
göstərilən xidmətlərin keyfiyyətinin
yüksəldilməsi, e-ticarət, e-səhiyyə kimi
mütərəqqi fəaliyyət formalarının müasir
dövrün tələbləri səviyyəsində
təşkili, İKT xidmət və məhsullarının
istehsalının və ixrac potensialının
artırılması və digər sahələrdə
inkişafa böyük yol açır.
- İKT-nin inkişafına
Azərbaycan elmi, o cümlədən İnformasiya
Texnologiyaları İnstitutu nə kimi töhfələr
verməkdədir?
- İKT
sektorunun inkişafına yüksək elmi biliklər,
genişmiqyaslı araşdırma və kəşflər,
müasir texnologiyaların idarə olunması mühüm
təsir göstərməkdədir. Bu
baxımdan, İnformasiya Texnologiyaları İnstitutunda
aparılan elmi işlər mühüm yer tutur.
İnstitutumuzda ötən illər ərzində "Elektron
Azərbaycan", biometrik eyniləşdirmə, təhsil
sisteminin informasiyalaşdırılması və digər
dövlət proqramlarına elmi dəstək olan bir sıra
tədqiqatlar aparılıb. O
cümlədən "Elektron elm" layihəsinin, elektron
sənədlərin intellektual emalı və dövriyyəsi
sisteminin, elektron dövlətin informasiya
təhlükəsizliyinin idarə edilməsi modellərinin
və metodlarının GİS-texnologiyaların
elmi-nəzəri əsaslarının, veb-də sosial
şəbəkələrin aşkarlanması
üçün üsul və alqoritmlərin
işlənməsi həyata keçirilib. Həmçinin
iqtisadi proseslərdə əsaslandırılmış
qərarlar qəbul etmək məqsədilə zaman
sıralarının kompleks təhlili aparılıb. Azərbaycanda innovasiya mühitinin inkişafı
və formalaşması üçün həyata
keçirilən tədbirlər təhlil olunub,
İKT-yönümlü Milli İnnovasiya Sistemininin formalaşması
üzrə mövcud vəziyyət və problemlər
nəzərə alınmaqla müvafiq tövsiyələr
işlənib hazırlanıb. Eləcə də, İKT-texnoparkların
fəaliyyətinin qiymətləndirilməsi üzrə
göstəricilər sisteminin yaradılması
üçün tövsiyə və təkliflər
işlənib.
İnstitutumuzun
əməkdaşları tərəfindən Bakı
Dövlət Universitetinin "Jurnalistika"
fakültəsinin tələbələrinə
"İnformasiya cəmiyyətinin əsasları"
fənnini tədris edilir. Azərbaycanın təhsil
sistemində ilk dəfə tədris olunan bu kursun birinci
dinləyiciləri kimi gələcək jurnalistlərin
seçilməsi təsadüfi deyildir. Belə
ki, digər peşə sahiblərindən fərqli olaraq,
jurnalistlər informasiya cəmiyyəti ideologiyasını
mənimsəməklə kifayətlənmir, həm də onun
fəal təbliğatçısına çevrilirlər.
İnstitutumuzda, həmçinin Azərbaycanın əmək
bazarının İKT seqmentində marketinq tədqiqatları
aparılır. Müəssisələrdə İKT
kardrlarına olan tələb və təklif araşdırılır
və bu sahə üzrə kadrlarının
hazırlanması əsas vəzifələrdəndir.
İnformasiya Texnologiyaları İnstitutunda milli domen
adları ilə bağlı biliklər bazasının
yaradılmasının konseptual əsasları işlənib
hazırlanıb, Azərbaycanda terminologiya sahəsində
mövcud vəziyyət təhlil edilib və aşkar
olunmuş problemlərin həlli üçün müasir
informasiya texnologiyalarının rolu
əsaslandırılıb. İnformasiya
texnologiyalarının imkanlarından istifadə etməklə
Azərbaycanda terminoloji informasiya sisteminin
yaradılmasının zəruriliyi göstərilib və onun
konseptual modeli təklif edilib.
- Rasim müəllim, dünya
ölkələri informasiya cəmiyyəti quruculuğu prosesi
gedir. Azərbaycanda bu istiqamətdə hansı işlər
görülüb?
- Əvvəla onu deyim ki, informasiya cəmiyyətinin
əsas fəlsəfəsi yaşından, dilindən,
dinindən, irqindən, sosial və siyasi
mənsubiyyətindən, həmçinin zaman və
məkandan asılı olmayaraq, bütün insanların
informasiya tələbatını ödəməkdən,
onların arasında sosial kommunikasiya mühiti yaratmaqdan,
bilik və düşüncələrini, istədikləri
məlumatı ictimaiyyətə çatdırmaqdan
ibarətdir. Onun əsas məqsədi insan
fəaliyyətinin müxtəlif sferalarında informasiya
bolluğunun yaradılması və bu prosesin köməyi
ilə bir tərəfdən, bəşəriyyətin
qarşısında dayanan problemləri həll etmək,
digər tərəfdən, cəmiyyətin
inkişafını təmin etməkdir. İnformasiya
cəmiyyətinin əsas göstəriciləri informasiya
və biliyin əsas iqtisadi resursa çevrilməsi, informasiya
sənayesinin ön plana çıxması, ümumi daxili
məhsulun həcmində bu sektorun payının 50 faizi
keçməsidir. Təbii ki, bu sahənin inkişafı da
birbaşa İKT sektorundakı dinamika ilə sıx
bağlıdır. Yəni, informasiya cəmiyyətində
dövlət-vətəndaş münasibətləri
İKT-nin tətbiqi ilə qurulur. Vətəndaş öz
evində internetə daxil olmaqla dövlət hakimiyyəti
orqanlarının bütün fəaliyyətini izləyə
bilir, o özünə lazım olan informasiyanı alır
və baş verən proseslərdən xəbər tutur. Bu
yolla vətəndaşın ictimai proseslərdə fərdi
iştirakı təmin olunur. Digər tərəfdən,
vətəndaş vaxt itkisinin qarşısını alır.
Ölkəmizdə
informasiya cəmiyyəti quruculuğu dövlətin əsas
prioritetlərindən biri kimi uğurla həyata keçirilir.
Bu siyasətin əsası Ümummilli liderimiz Heydər
Əliyev tərəfindən qoyulub. Bu strateji istiqamət Ulu
öndərin siyasi kursunun davamçısı, Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyev
tərəfindən uğurla davam etdirilir. Artıq uğurla
başa çatdırılan "Elektron Azərbaycan"
Dövlət Proqramının birinci mərhələsi çərçivəsində
ölkəmizdə İKT sektorunun inkişaf etdirilməsi,
informasiya cəmiyyətinin qurulması istiqamətində bir
sıra uğurlara nail olunmuşdur.
Hazırda
müvafiq Dövlət proqramının ikinci
mərhələsi üzrə tədbirlər həyata
keçirilir. Bu mərhələdə
informasiya cəmiyyətinin tələblərindən irəli
gələn dövlət informasiya sistemlərinin
inkişafına, informasiya təhlükəsizliyinin təmin
edilməsinə, elektron imza və elektron sənəd
dövriyyəsinin tətbiqinə, elektron xidmətlərin
təşkilinə, ayrı-ayrı sahələr
üzrə İKT-nin tətbiqinin
genişləndirilməsinə, İnternetdən istifadə
səviyyəsinin artırılmasına və İKT
üzrə kadr hazırlığına dair məsələlərin
həlli nəzərdə tutulur.
- Sizcə bu sahədə
Azərbaycanın qarşısında hansı mühüm
vəzifələr dayanır?
- Qeyd etdiyim kimi respublikamızda informasiya
cəmiyyətinin qurulması dövlət siyasətinin
əsas prioritetlərindən biri kimi qəbil edilib.
İnformasiya cəmiyyətinin qurulmasının əsas
vəzifələri sırasına müvafiq hüquqi
əsasların yaradılması, insan amilinin inkişafı,
vətəndaşların məlumat almaq, onu yaymaq və istifadə etmək hüquqları,
şəffaf dövlət və yerli
özünüidarəetmənin, elektron hökumətin,
elektron ticarətin formalaşması, ölkənin iqtisadi,
sosial və intellektual potensialının
möhkəmləndirilməsi, informasiya və biliklərə
əsaslanan, rəqabətə davamlı iqtisadiyyatın
qurulması, informasiya və bilik bazarının formalaşdırılması, tarixi, ədəbi-mədəni
irsin saxlanması, müasir İKT infrastrukturunun
yaradılması, vahid milli elektron informasiya
məkanının formalaşdırılması, informasiya
təhlükəsizliyinin təmini, qlobal informasiya fəzasına
inteqrasiya, milli İKT məhsullarının istehsalı,
ölkədə rəqəmsal fərqin aradan qaldırılması
kimi vacib məsələlər daxildir.
- Azərbaycan Prezidenti İlham
Əliyev informasiya mübarizəsi məsələsinin bizim
üçün prioritet olduğunu vurğulayıb. Necə
hesab edirsiniz, bu sahədə vəziyyət necədir və
hansı addımlar atılmalıdır?
- Bu gün
qlobal məkanda informasiya mübarizəsi çox dərin
və kəskin xarakter alıb. Buna informasiya müharibəsi
də demək olar. Ümumiyyətlə, informasiya
müharibəsi bəşər tarixinin 7-ci nəsil
müharibəsi adlanır. Digər
müharibələrdən fərqli olaraq, informasiya
müharibəsinin sərhədi bilinmir və əsasən
virtual xarakter daşıyır. Bu müharibədə
iştirakçı tərəflərin sayı daha
çoxdur və onun vurduğu zərərlər də daha dərindir.
Həm də informasiya müharibəsində
təhlükə hər tərəfdən gələ
bilər. Elmi-texniki inkişafa uyğun olaraq, müharibənin
metodları və silahları da dəyişir. Biz bu
vasitələrdən düzgün istifadə etməli, vacib
bildiyimiz informasiyaları xarici dillərə tərcümə
edib, ötürməyə çalışmalı və bu
yolla Azərbaycan həqiqətlərini virtual məkanda
dünyaya çatdırmalıyıq.
Bu
istiqamətdə ölkəmizdə milli informasiya
təhlükəsizliyi sistemi formalaşdırılmaqda,
texnoloji tədbirlər həyata keçirilməkdədir.
Ölkəmiz 2008-ci ildə Kibercinayətkarlıqla mübarizə
üzrə Avropa Konvensiyasına qoşulub. Bu addımı
atmaqla Azərbaycan kibercinayətkarlığa qarşı
mübarizədə iştirakçı ölkələrin
birgə səylərindən, mexanizmlərindən istifadə
etməkdədir.
Qeyd edim ki, institutumuzda informasiya müharibəsi
texnologiyalarının yaranma səbəbləri və bununla
əlaqədar meydana çıxan problemlər
araşdırılıb, müxtəlif alimlərin və mütəxəssislərin
"informasiya müharibəsi" termininə
münasibətləri təhlil edilib. Bu sahədə
xarici ölkələrin təcrübəsi öyrənilib,
informasiya müharibəsi texnologiyalarının
təsnifatı verilib və informasiya təsiri problemləri
analiz edilib. Bundan başqa, informasiya
təhlükəsizliyi riskləri kontekstində
qeyri-müəyyənliyin müxtəlif növlərinin
modelləşdirilməsinə mövcud yanaşmaları
analiz edib onların üstünlükləri və
nöqsanlarını strukturlaşdırmışıq,
riskin adekvat qiymətləndirilməsi modellərinin
işlənilməsi istiqamətlərini müəyyən
etmişik. İnstitutumuz tərəfindən,
həmçinin, informasiya təhlükəsizliyi
risklərinin idarə edilməsi metodologiyalarının
müqayisəli analizi üçün meyarlar sistemi və
müvafiq metrikalar təklif edilib.
Kompyuter sistemlərində informasiya təhlükəsizliyi
risklərinin Bayes şəbəkələri əsasında
qiymətləndirilməsi modeli işlənib. İnformasiya
təhlükəsizliyi risklərinin minimumlaşdırılması
üçün çoxmeyarlı təhlükəsizlik
mexanizmlərinin seçilməsinin situativ OWA-modeli təklif
edilib. Bununla yanaşı, tərəfimizdən
informasiya təhlükəsizliyi risklərinin idarə
edilməsi üçün biznes-proseslər,
İT-servislər, informasiya təhlükəsizliyi
servisləri və təhdidlər səviyyəsi daxil olmaqla
dördsəviyyəli etalon model təklif edilib.
Səs.- 2011.- 25 yanvar.- S. 7.