İRAN ERMƏNİ KİLSƏSİNİN TAPŞIRIQLARINI YERİNƏ YETİRİR

 

AZƏRBAYCAN ZİYALILARI VƏ İCTİMAİYYƏTİMİZ BU FİKİRDƏDİR

 

Ölkəmiz region ölkələri ilə münasibətlər müstəvisində ancaq dostluq, mehriban qonşuluq, səmərəli əməkdaşlıq prinsiplərinə üstünlük verir. Eyni zamanda, bütün bunların əsasında dövlətimiz heç vaxt digər ölkələrin daxili işlərinə müdaxilə etmir və istənilən qonşu ölkə daxilində baş verən proseslərə tolerant münasibət bəsləyir. Ölkəmizin bu cür strategiyası isə uğurlu xarici siyasət yürütməyə etibarlı təminat verir. Bütün bunların müqabilində isə beynəlxalq münasibətlər sistemində hər bir məsələdə qarşılıqlı anlaşma böyük önəm kəsb etməlidir. Bu baxımdan da, hər hansı bir tərəfin qeyri-adekvatlılıq nümayiş etdirdiyi təqdirdə, anlaşılmazlıq və gərginlik yaranması qaçılmaz olur. Son vaxtlar İranın qonşuluq siyasətində müəyyən dərəcə tərəfkeşlik etməsi, haqqı və mənəvi hüququ çatmadığı halda, digər dövlətin daxili məsələlərinə dair özlərinin boğazdan yuxarı mülahizələri Azərbaycan cəmiyyətinin bütün təbəqələri tərəfindən hiddətlə qarşılanıb. Cəmiyyət və ictimaiyyətimizin nümayəndələri, istənilən halda, İran kimi hüquqdan və bəşəri dəyərlərdən uzaq bir dövlətin Azərbaycanın daxili işlərinə qarışmaq üçün cəhdlər etməsini pisləyirlər. Geniş ictimaiyyətimizin nümaynədələri İranı öz vətəndaşlarına hansı prinsiplərlə hörmət qoymasına diqqəti çəkməklə bu ölkənin nə tərzdə qanunlarla idarə olunduğunu bir daha dilə gətiriblər. Məhz İranın "Səhər-2" kanalının dırnaqarası canıyananlıq edirmiş kimi görüntü yaratması isə əslində, birbaşa təmsil oluduğu dövlətin Azərbaycana qarşı münasibətini ortaya qoyan bir mövqe sərgilədiyini açıq şəkildə təsdiqləyir. Bu isə birmənalı şəkildə İran dövlətinin Azərbaycanın əldə etmiş olduğu böyük uğurlarına qısqanclıqla yanaşması və onun bundan sonrakı perspektivini gözü götürməməsi ilə sıx bağlılıq təşkil edir. Amma fars şovinizminin açıq şəkildə ortada olmasını istəsə belə gizlədə bilməyən İran təcavüzkar Ermənistana qucaq açmaqla, əslində, özünün nə dərəcədə islam məzhəbinə sadiq olduğunu da bütün dünyaya nümayiş etdirdi. Bütün bu faktlar ortada ola-ola İran sanki heç nə baş verməmiş kimi görüntü yaradaraq, ölkəmizdə müəyyən qüvvələri qızışdırmaqla öz maraqlarını reallaşdırmağa can atır. Bu isə heç bir halda baş tutan bir məsələ deyil. Çünki müasir düşüncəyə malik olan Azərbaycan cəmiyyətinə İranın gerilikçi təfəkkürünün qalıqları tamamilə gərəksizdir. Bizimlə həmsöhbət olan millət vəkilləri, ictimaiyyətin ayrı-ayrı nümayəndələri, pedaqoqlar, elmi ictimaiyyət İranın din pərdəsi altında çirkin niyyətindən hər kəsin xəbərdar olduğunu vurğulayıblar.

Öncə bir məqamı da qeyd edək ki, bir müddət öncə İranda təşkil olunmuş oyuncaq aksiyada radikal dini şüarlarla yanaşı, ölkəmiz, ərazi bütövlüyümüz və digər məsələlərlə bağlı hədələr səsləndirilməsi və sonda Azərbaycanın ünvanına bildirilən bəyanatı İranın rəsmi dövlət qurumlarının dəstəkləməsi olanları hər kəs üçün gün kimi aydın etdi. İran dövlətinin iddiasına görə, Azərbaycan ABŞ və İsraillə yaxın münasibətlər qurur və buna görə bizləri ittiham edir. Amma onlara xatırlatmaq lazımdır ki, Dağlıq Qarabağ müharibəsinin ən ağır vaxtlarında İran Ermənistana hər cür yardım göstərirdi. Özlərini islam dininin müdafiəçiləri kimi qələmə verənlər rəsmi Tehrandan işğal altında olan Azərbaycan ərazilərində dağıdılan, viran edilən islam mədəniyyətinə məxsus abidələr, məscidlər haqqında Ermənistan rəhbərliyi qarşısında məsələ qaldırmağı niyə tələb etmirlər?

 

MÜBARİZ QURBANLI: "İRANIN HANSISA BİR FORMADA AZƏRBAYCANIN DAXİLİ İŞLƏRİNƏ QARIŞMAĞA NƏ SİYASİ, NƏ DƏ MƏNƏVİ HAQQI VAR"

 

Yeni Azərbaycan Partiyasının İcra Katibinin müavini, millət vəkili Mübariz Qurbanlı da mətbuata açıqlamasında İranın bəzi dini xadimlərinin Azərbaycandakı ictimai-siyasi vəziyyətlə əlaqədar açıqlamalarına toxunub. Bildirib ki, İran dövləti öz daxili siyasətində müxtəlif addımlar atır, qanunlar qəbul edir. "Azərbaycan İranın həyata keçirdiyi daxili siyasətə müdaxilə etməyib, qonşu dövlətin daxili işlərinə qarışmayıb və İran xalqının seçiminə hörmətlə yanaşıb. Ola bilsin ki, Azərbaycanda bəzi insanlar, ayrı-ayrı mətbu orqanlar, eyni zamanda, siyasətşünaslar İranın daxilində həyata keçirilən bu və ya digər siyasi xətti bəyənməsin, onunla razılaşmasın və bununla bağlı öz fikirlərini ifadə etsin. Amma bunlar heç də həmişə Azərbaycan dövlətinin rəsmi mövqeyi olmayıb. Heç bir zaman Azərbaycan hakimiyyətinin nümayəndələri, dövlətin idarəçiliyində təmsil olunan şəxslər çıxışlarında Azərbaycan-İran münasibətlərinə xələl gətirə biləcək fikirlərə yer verməyiblər. Amma təəssüflər olsun ki, son vaxtlar İranın din xadimləri çıxışlarında İran-Azərbaycan münasibətlərinə xələl gətirən fikirlər səsləndirirlər. Onlar baş örtüyü məsələsinə istinad edərək, Azərbaycanın daxili siyasətini tənqid etməyə cəhd göstəriblər. Onlar həm İranın, həm də dünya ictimaiyyətinin diqqətinə belə bir fikir çatdırmağa çalışırlar ki, guya Azərbaycanda dövlət səviyyəsində qadınların baş örtüyündən istifadə etməsinə qadağalar qoyulur, bununla əlaqədar olaraq hökumət hansısa addımlar atır. Əlbəttə ki, bu, yolverilməz haldır və Azərbaycan-İran münasibətlərinə, dövlətlərimizin əməkdaşlıq ruhuna uyğun deyil" deyən M.Qurbanlı vəziyyətin heç də  İranın bəzi din xadimlərinin, eyni zamanda, İran parlamentinin bir sıra deputatlarının söylədiyi, təsvir etdiyi kimi olmadığını da dilə gətirib.

Qeyd edib ki, Azərbaycanın daxili siyasəti ilə bağlı atdığı addımlar haqqında İranda səhv fikirlərin səsləndirilməsi dövlətlərimiz arasındakı münasibətlərin və əməkdaşlığın ruhuna, mehriban qonşuluq siyasətinin prinsiplərinə, imzalanmış sənədlərin tələblərinə uyğun deyil. "Yəni İranın hansısa bir formada Azərbaycanın daxili işlərinə qarışmağa nə siyasi, nə də mənəvi haqqı var. Nəinki İranın, digər başqa dövlətlərin də buna haqqı yoxdur. Azərbaycanda bütün işlər qanunlar çərçivəsində həyata keçirilir. Azərbaycanın bu seçimi xalqımızın iradəsini, cəmiyyətimizin istəyini ifadə edir. Xaricdən kimlərinsə Azərbaycanın qəbul etdiyi qərarlara, ölkəmizdə həyata keçirilən siyasətə irad tutması qətiyyətlə rədd edilir"-deyən YAP İcra katibinin müavini Azərbaycan ictimaiyyətinin həmişə bu cür hərəkətlərə mənfi münasibət bəslədiyini də dilə gətirib.

 

YAQUB MAHMUDOV: "AZƏRBAYCAN CƏMİYYƏTİ HƏR HANSI KÖHNƏ FİKİRLİ, MÜHAFİZƏKAR İRAN MOLLASININ DEDİYİ İLƏ OTURUB-DURA BİLMƏZ"

 

Azərbaycan Milli Elmlər Akadmemiyasının Tarix İnstitutunun direktoru Yaqub Mahmudov Azərbaycanda hər hansısa xarici ölkənin mənafeyinə uyğun olaraq dini məsələlərlə bağlı qərar verməyin mümkünsüzlüyün dilə gətirib. Qeyd edib ki, Azərbaycan cəmiyyəti hər hansı köhnə fikirli, mühafizəkar İran mollasının dediyi ilə oturub-dura bilməz: "Biz özümüz beynəlxalq aləmdə islam dəyərlərini lazımınca müdafiə edə bilirik. Ona görə də biz işlərimizi, o cümlədən, hicab və digər din məsələsini birtərəfli qaydada İran islam rejiminin mənafeyinə uyğun qura bilmərik. İranlı mollalar, o cümlədən, parlament üzvləri öz ölkələri ilə məşğul olsunlar. Onların Azərbaycanın daxili işlərinə qarışmasına qəti şəkildə etirazımı bildirirəm".

 

QÜDRƏT HƏSƏNQULİYEV: "İRANDAN VERİLƏN HƏR HANSI BİR AÇIQLAMANIN ARXASINDA NƏYİN DAYANDIĞINI AZƏRBAYCAN XALQI ÇOX YAXŞI BAŞA DÜŞÜR VƏ DEYİLƏNLƏRİN DƏ HEÇ BİR ƏSASI YOXDUR"

 

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev isə hesab edir ki, İrandan hər hansı bir şəxsin Azərbaycandakı məsələlərə müdaxilə etməsinin və özünü "islam təəssübkeşi" kimi göstərməsinin heç bir əxlaqi və mənəvi əsası yoxdur: "Ona görə ki, Azərbaycan torpaqları işğal olunanda, bizim müsəlman olmağımız bu "islam təəssübkeşləri"nin yadından çıxmışdı. Hətta onların Azərbaycanın o vaxtkı dövlət başçısı Yaqub Məmmədovu öz ölkələrinə dəvət etdiyi vaxt Şuşa və Laçın işğal olundu. Ancaq onlar yenə də bunu ləyaqətlərinə sığışdırdılar və bu proseslərə müdaxilə etmədilər. Onlar müharibə dövründə Ermənistanın bütün texnikasını yanacaqla təmin etdilər. Bizim işğal olunmuş ərazilərdə minlərlə məscidimiz dağıdılıb, viran olunub, bir milyon insanımız qaçqın vəziyyətindədir, ancaq bu vaxta qədər müsəlman olmağımız İranın yadına düşmürdü. İndi isə beş-altı əlaltılarına görə hay-küy salmağa başlayıblar. Hesab edirəm ki, Azərbaycan xalqı həmin əlaltılarla bağlı da bir dözümsüz mühit yaratmalıdır ki, həmin o milli satqınların, milli xəyanətkarların, başqa dövlətin əlaltılarının heç yerdə camaatın içinə çıxmağa üzləri olmasın. Gedib yaşasınlar ayətullahların yanında. Buradakı "hicab problemi"ndən, dini məsələlərdən danışırlar, halbuki İranın prezident administrasiyasının rəhbəri bu yaxınlarda açıqlama vermişdi ki, qadınların başlarının zorla örtülməsi ilə bağlı qanunu ləğv eləsək, İranda neçə qadın başını bağlayar? Yəni, onların hicabdan da danışmağa mənəvi haqqı yoxdur. Sadəcə, Azərbaycan dövləti inkişaf edir, güclənir. Onlar da bu faktı özlərinə qarşı təhdid hesab edirlər. Ona görə ki, Cənubi Azərbaycanda sayı 30 milyondan çox olan azərbaycanlıları ən elementar hüquqlarından belə məhrum ediblər. O baxımdan, İrandan verilən hər hansı bir açıqlamanın arxasında nəyin dayandığını Azərbaycan xalqı çox yaxşı başa düşür və deyilənlərin də heç bir əsası yoxdur".

 

MÜBARİZ ƏHMƏDOĞLU: "İRAN ÖLKƏMİZDƏKİ DEMOKRATİYADAN SUİ-İSTİFADƏ EDƏRƏK, AZƏRBAYCANIN DAXİLİ İŞLƏRİNƏ QARIŞMAĞI ÇALIŞIR"

 

Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu da İranın din xadimlərinin Azərbaycanın daxili işlərinə qarışması təsadüfi olmadığını, bunun mərkəzləşdirilmiş qaydada idarə olunduğunu söyləyib. Bildirib ki, İranın din xadimlərinin ölkəmizin daxili işlərinə qarışması bütün hədləri aşıb. Politoloqun sözlərinə görə, müasir reallığın ortaya qoyduğu elmi suallara və ya sosial inkişafın təhdidlərinə cavab verə bilməyən İranın din xadimləri başa düşürlər ki, heç bir müsəlman dövləti tamamilə Quran ayələri əsasında idarə olunmur. "Bu, teosofik baxımdan mümkün deyil. Ən qəribəsi də budur ki, İranın din xadimləri onları indiki məqama, indiki qazanca çatdıran şiəliyə xəyanət edirlər. O şiəlik ki, onu İranda azərbaycanlı Şah İsmayıl Xətai yayıb. Şah İsmayıl Xətainin dövründə Azərbaycan dili, indiki Azərbaycan və İran əraziləri də daxil olmaqla, daha böyük ərazidə rəsmi dövlət dili olub. Şah İsmayıl Xətai şiəliyin yayılması prosesini indiki Azərbaycan dilində aparıb. İndi isə İranda bir dənə də olsun Azərbaycandilli məktəb yoxdur. İranda Azərbaycan dili əsl ayyətül-əl-allahdır. Başqa sözlə, Allah rəmzidir, nişanəsidir. Bu dili İranda Allah qoruyur ki, 400 ildən çox təzyiq altında qalmasına baxmayaraq, əhali o dili yaşadır"- deyən M.Əhmədoğlu İranın "təbliğat maşınının" niyyətinə çatmayacağını da vurğulayıb.

 

GÖVHƏR BAXŞƏLİYEVA: "HİCAB MƏSƏLƏSİNDƏ VƏ DİNİ MƏSƏLƏLƏRƏ  YANAŞMADA DÖVLƏTİMİZİN MÖVQEYİ HAQLIDIR "

 

Şərqşünaslıq İnstitutunun direktoru, millət vəkili Gövhər Baxşəliyeva da ölkəmizdə hicabsızlığın, çarşabsızlığın, əslində, Azərbaycan, türk qadınının böyük nailiyyəti olduğunu bildirdi. Qeyd etdi ki, Azərbaycan dünyəvi dövlətdir və Azərbaycanda təhsil də dünyəvi xarakter daşıyır. "O cümlədən, həmin təhsil müəssisələrində məktəblilərin, tələbələrin geyim forması da dünyəvi xarakter daşımalıdır. Ümumiyyətlə, birmənalı şəkildə bildirmək istəyirəm ki,  həddi-büluğa çatmamış qızların hicab altına girmələrinin əleyhinəyəm. Düzdür, bizdə vicdan azadlığıdır, əqidə azadlığıdır,  amma bu, o demək deyil ki, həddi-büluğa çatmamış qızlar kiminsə təsiri - anasının, bacısının, qohumlarının təsiri və bəzən də bəlkə evdə atasının, qardaşının təkidi ilə həmin o hicabı taxsın. O, gərək 18 yaşına çatsın. Məhz bundan sonra onun tam müstəqil seçim etmək hüququ var və o öz seçimini etməkdə də sərbəstdir"- deyən G.Baxşəliyeva ölkədə kimlərinsə bu məsələdən bəhanə kimi istifadə edib, dini zəmində hansısa narazılıq yaratmağa cəhd etməlirinin qarşısının alanmasının vacibliyini bildirdi. Vurğuladı ki, dövlət öz vətəndaşlarının hüququnu, qanunu qoruyur və burada geri çəkilmək olmaz.

 

FƏRASƏT QURBANOV: "AZƏRBAYCAN XALQININ VƏ DÖVLƏTİNİN İRADƏSİNƏ ZİDD OLAN MƏSƏLƏLƏRİ İRANIN TELEVİZİYA EFİRLƏRİNDƏ SƏSLƏNDİRİMƏKLƏ MÜƏYYƏN TƏSİR İMKANLARI ƏLDƏ ETMƏK İDDİALARI YOLVERİLMƏZDİR"

 

Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurası katibliyinin icraçı direktoru Fərasət Qurbanov da İranın ölkəmizin daxili işlərinə qarışmasını pisləyib və buna qəti etirazını bildirib. Qeyd edib ki, bu cür siyasi gedişmələr həmişə mövcud olub. "Ayrı-ayrı ölkələr qonşularının və yaxud da ki, digər ölkələrin daxil işlərinə qarışmaq üçün müxtəlif metodlardan istifadə ediblər. Əlbəttə ki, biz bu cür məsələlərə qarşı ictimaiyyət adından münasibət bildiririk. Qeyd edim ki, mən də İran televiziyalarının Azərbaycan dilində olan proqramlarına baxmışam və veriliş aparıcılarının Azərbaycanda olmayan məsələləri xüsusi olaraq qabartması, dırnaqarası təəssübkeşlik etməsi, hətta efirdə kövrəlməsi insanda müəyyən düşüncələr yaradırdı. Bu, eyni zamanda, bölgə ərazisinin Azərbaycanda olmayan məsələlərlə bağlı məlumatlandırılması demək idi. Onu da əlavə edim ki, ən inkişaf etmiş ölkələrdə belə xırda problemlər olur. Amma bu, o demək deyil ki, İran telekanalları ölkəmizə, xüsusən də, qonşu, qardaş xalq hesab etdiyi azərbaycanlıların problemlərini qaldırıb hansısa kənddə yolun pis olması ilə bağlı məsələni şişirdib, ona kövrəlməsinin arxasında hansı amilin dayanmasını biz çox gözəl bilirik. Bütün bunlar isə Azərbaycan vətəndaşlarını zərərli informasiyalarla təmin etmək və dövlətçiliyimizin əleyhinə xidmət edən məsələlərdir. Ona görə də, hesab edirik ki, İranın hakimiyyət dairələrinin birbaşa iradəsi ilə onların televiziyalarında bu cür uyğunsuz proqramlar yayımlanır"-deyən F.Qurbanov Azərbaycanın hüquqi dünyəvi bir dövlət olduğunu vurğuladı.

"Azərbaycan bir dünyəvi dövlət kimi məhz Qərblə Şərqin qovşağında yerləşməklə yanaşı, hər iki dəyərlərə böyük önəm verir. Həm özünün milli-mənəvi, dini dəyərlərini qoruyur, həm də, çox böyük sürətlə Avropaya inteqirasiya edir. Belə olduğu halda, məktəblərdə hicab məsələsinin qoyulması, Azərbaycan xalqının və dövlətinin iradəsinə zidd olan məsələlərin İranın televiziya efirlərində səsləndiriməklə müəyyən təsir imkanları əldə etmək iddiaları yolverilməzdir"- deyən F.Qurbanov dediklərinə onu da əlavə etmişdir ki, ictimaiyyət nümayəndələrinin İran rəsmiləri və hakim dairələrinə bu məsələlərə münasibət bildirməlidirlər    

 

MƏHƏMMƏD BALAYEV: "AZƏRBAYCANDA HEÇ VAXT ETNİK TOQQUŞMALAR, DİNİ QARŞIDURMALAR BAŞ VERMƏYİBDİR Kİ, BU DA, XALQIMIZIN HUMANİSTLİYİNDƏN, İNSANPƏRVƏRLİYİNDƏN İRƏLİ GƏLƏN AMİLDİR"

 

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Fəlsəfə kafedrasının müdiri, fəlsəfə elmləri doktoru professor Məhəmməd Balayev, elmi ictimaiyyətin bir nümayəndəsi kimi, İranın fars molla rejiminin din pərdəsi altından öz maraqları çərçivəsində oynamaq istədiyi oyunlardan hər kəsin xəbərdar olduğunu bildirdi. Qeyd etdi ki, Azərbaycanda heç vaxt etnik toqquşmalar, dini qarşıdurmalar baş verməyibdir. "Bu da, Azərbaycan xalqının humanistliyindən, insanpərvərliyindən irəli gələn məsələdir. Ölkəmizdə zaman-zaman çoxsaylı dinlər, təriqətlər mövcud olub. Onlar arasında isə heç vaxt İranın arzuladığı kimi problemlər olmayıb. Eyni zamanda, indiki halda dövlətimizin apardığı siyasət həlledici rol oynayır. Yəni, burada heç bir dinə üstünlük verməyəndə, dindən siyasi məqsədlər üçün istifadə etməyəndə, cəmiyyət də, normal şəkildə inkişaf edir. Onu da, əlavə edim ki, dindən siyasi məqsəd üçün istifadə edildiyi halda, din artıq öz məzmununu itirir. Bu halda din tamamilə siyasiləşir. İndiki dövrdə isə müəyyən qüvvələr var ki, onlar dindən siyasi məqsədlər üçün istifadə edirlər. Tarixə də nəzər salsaq, görərik ki, İran 1813-cü ildən başlayaraq, bu günə qədər Azərbaycan xalqına, ictimai-siyasi, dini, hərbi sahədə təsir göstərib. Onlar daima istəyiblər ki, bu xalq, bu ölkə onun bir əyalətinə çevrilsin. Amma bütün bunlar İranın xalqımıza və dövlətmizə qarşı növbəti hiyləsidir. Bir məqamı da qeyd edim ki, İran dövlətinin nümayəndələri hay-küy salırlar ki, guya Azərbaycanda müsəlman qardaşlırının hüquqları pozulur. O zaman belə bir sual meydana çıxır ki, bəs İrandakı 50 milyona yaxın azərbaycanlıların hüquqalarını 200 ildir ki, niyə pozursunuz?"  

 

QABİL HÜSEYNLİ: "AZƏRBAYCAN BEYNƏLXALQ ALƏMDƏ KİFAYƏT QƏDƏR NÜFUZU OLAN BİR DÖVLƏTDİR, ÖZ SİYASƏTİNİ NECƏ QURMAĞI, HƏYATA KEÇİRMƏYİ HAMIDAN YAXŞI BİLİR"

 

Politoloq Qabil Hüseynli isə hesab edir ki, İran açıq-aşkar Azərbaycanın daxili işlərinə müdaxilə edir: "Özü də bunu islam bayrağı altında pərdələyir. Ancaq hansı adla olur-olsun, bu, suveren bir dövlətin daxili işlərinə qarışmaq və ona necə fəaliyyət göstərməyi öyrətmək təsiri bağışlayır. Digər tərəfdən, Azərbaycan beynəlxalq aləmdə kifayət qədər nüfuzu olan bir dövlətdir, öz siyasətini necə qurmağı, öz siyasətini necə həyata keçirməyi hamıdan yaxşı bilir. Bu zaman nəyi necə etmək barədə kənar dövlətin nə isə deməyi tamamilə qeyri-etik səslənir. İranın bu və ya digər etikadan uzaq hərəkətlərinə qarşı hansısa formada cavab verilməlidir".

 

 

RƏFİQƏ KAMALQIZI,

 

TAPDIQ QURBANLI

 

Səs.- 2011.- 25 yanvar.- S. 8-9.