Avropanın Azərbaycan ümidi
İlham Əliyev: "Bizim güclü qaz
yataqlarımız mövcuddur və bu yataqların ehtiyatı
yüz il və ondan artıq müddətə də kifayətdir"
Tükənməz enerji ehtiyatı
Xəzər hövzəsinin Azərbaycana aid olan sektorundakı enerji ehtiyatları uzun illərdir ki, beynəlxalq aləmin diqqət mərkəzini məhz buraya yönəldib. Belə ki, Avropa ölkələri özlərini təbii yanacaq qazı ilə etibarlı şəkildə təminatını düşündükləri zaman, arzu və ümidlərini Azərbaycana bağlayırlar. Bütün bu önəmli hadisələri daim diqqət mərkəzində saxlayan dövlətimiz və onun rəhbərliyi ölkəmizin enerji resurslarının Avropa dövlətlərinə təkcə kommersiya məqsədləri ilə deyil, eləcə də, siyasi əməkdaşlıq baxımından yanaşaraq, yeni boru kəmərlərinin şaxələndirilməsi istiqamətində uğurlu fəaliyyətini davam etdirir. Artıq bu gün tam əminliklə deyə bilərik ki, Azərbaycan mavi yanacağının dünyaya ixracında yollar tam sərbəst və açıqdır. Hazırda Azərbaycana məxsus 4 qaz boru kəməri olsa da, bu boruların şaxələndirilərək, genişləndirilməsi üçün Qərbi Avropanın dövlət rəhbərləri və digər müvafiq qurum və strukturların nümayəndələri ilə danışıqlar, qarşılıqlı müzakirələr davam etdirilir.
Ölkə Prezidenti cənab İlham Əliyev yeddi ildən artıqdır ki, "Cənub dəhzili", "NABUCCO" və digər mühüm layihələrlə əlaqədar aparılan danışıqlarda birmənalı şəkildə qeyd edir ki, bu layihələri dəstəkləyir və şaxələndirməni davam etməyə hazırıq. Eyni zamanda, ölkə başçısı modern layihələrin, ilkin olaraq isə "NABUCCO"-nun reallaşaraq həyata keçirilməsində maraqlı olan dövlətlərin nəzərinə çatdırır ki, biz bu məqsədlə maliyyə vəsaitlərinin kim tərəfindən və nə vaxt ayrılacağını, layihənin icrasında tərəfdaşların nə dərəcədə ciddi və ardıcıl olduqlarını bilməliyik. Prezident İlham Əliyev Avropa dövlətlərində keçirilən iqtisadi forumlarda və digər bu kimi beynəlxalq tədbirlərdə sözügedən məsələ ilə bağlı öz fikirlərini bildirmişdir. Almaniya və İsveçrədə keçirilən forumlarda dövlət başçısı vurğulamışdır ki, layihənin gerçəkləşdirilməsi qarşısında duran maneələr həll olunan kimi biz sərmayə qoymağa hazırıq: "Çünki bizim güclü qaz yataqlarımız mövcuddur və bu yataqların ehtiyatı 100 il və ondan artıq müddətə də kifayətdir".
İdxaldan ixracata
Bəlli olduğu kimi, Azərbaycan özünün təbii yanacaq qazını Avropa dövlətlərinin enerji təhlükəsizliyinə yönəltməyə hazırdır. Hələ 1996-cı ildə kəşf edilmiş "Şahdəniz" qaz yatağı dünya miqyasında ən zəngin qaz yataqlarından biri kimi qəbul edilməkdədir. "Şahdəniz"də hasil edilən qazın Bakı-Tbilisi-Ərzurum boru kəməri vasitəsilə Gürcüstana, Türkiyəyə və Rusiyaya nəqli Azərbaycanın iqtisadi təməlinin, eləcə də, qüdrətinin möhkəmləndirilməsinə xidmət göstərir. Digər vacib nüansa da diqqət yetirsək, görərik ki, 2007-ci ilə qədər ölkəmiz Rusiyadan təbii qaz alaraq öz ehtiyatlarının bir qismini ödəyirdisə, bu gün artıq Azərbaycanın özü mavi yanacaq ixracatçısına çevrilib. Buna misal kimi, qeyd edək ki, yaxın günlərdə Azərbaycan Dövlət Neft Şirkəti qonşu İrana 1 milyard kubmetr qaz- satılması barədə müqavilə imzalanmasını göstərə bilərik.
Keçən il ölkəmizdə 27,5 milyard kubmetr qaz hasilatı olunmuşdur. Bu hasilatın üçdə biri isə daxili tələbatın təminatına sərf edilmişdir. Statistik hesablamalara görə, Azərbaycanda olan mavi yanacaq ehtiyatları 2,2 trilyon kubmetrə bərabərdir. Ölkədə yeni-yeni qaz yataqlarının aşkarlanması qaz-boru kəmərlərinin şaxələndirilməsinə, Azərbaycanın Avropanın enerji təhlükəsizliyində daha yaxından iştirak etməsində imkanları artıracaq.
Strateji əhəmiyyət
daşıyan "Cənub qaz dəhlizi"
Prezident İlham Əliyevin və Avropa Komissiyasının sədri Joze Manuel Barrozunun birgə keçirdikləri mətbuat konfransında "Cənub Qaz Dəhlizi"nin ölkəmiz üçün strateji əhəmiyyəti nədən ibarətdir sualına Dövlət Başçımızın verdiyi cavab, əslində, Azərbaycanın enerji resurslarının Dünya Bazarına çıxarılması və çatdırılması istiqamətində görülmüş işlərin və bu məsələnin uğurlu perspektivinin aşkar mənzərəsini yaratdı. Cənab Prezident vurğulayıb ki, bizə uzunmüddətli, qanunvericiliklə tənzimləmə, rəqabətədavamlı bazar lazımdır: "Belə olarsa, biz istənilən layihədə fəal iştirak etməyə hazırıq. Buna görə də, "Cənub Qaz Dəhlizi" bizim üçün strateji əhəmiyyət daşıyır".
Prezident İlham Əliyevin cavabından digər mühüm məsələ də aydın olur ki, "Şahdəniz" və "Ümid" yataqlarının istismarı qaz hasilatını xeyli artıracaqdır. Bu səbəbdən də, yeni bazarların müəyyənləşdirilməsi ölkə iqtisadiyyatı üçün vacib amillərdən biridir: "Bizə həm yaxın bazarlar, həm də uzaq bazarlar, xüsusilə, inkişaf edən bazarlar lazımdır".
Bu amili vurğulayan Dövlət Başçısı Avropa ölkləri ilə qaz məsələsində əməkdaşlığımızın da neft sahəsində olan əməkdaşlıq kimi olması istəyini ifadə etdi. Deyilənlərlə bağlı Prezident İlham Əliyev belə bir əminliyini bildirdi ki, Avropa Komissiyasının sədri ilə imzalanmış sənədlər uğurla həyata keçiriləcək və Azərbaycan qaz potensialından öz xalqının rifahı, ölkəmizin gələcək inkişafı və Avropadakı dostlarımızın enerji təhlükəsizliyinin təmin edilməsi üçün istifadə edəcəkdir: "Bu tərəfdaşlıq onilliklər boyu olacaqdır".
"Cənub Dəhlizi"nə artıq siyasi dəstək verilməklə, "NABUCCO" layihəsinin də reallaşacağına olan ümidlər artdı. Eyni zamanda, bütün bu amillər Azərbaycan mavi yanacağının Avropa ölkələrinə nəqlinin çox da uzun çəkməyəcəyi barədə aydın təsəvvür yaradır. Bütün hallarda, "Cənub Dəhlizi"ndə və "NABUCCO"da Azərbaycan qazı üstün olacaq ki, bu da həm maliyyə, həm də siyasi mənada, ölkəmizin sosial-iqtisadi inkişafını sürətləndirməyə, beynəlxalq nüfuzunu artırmağa, eləcə də, lider dövlət olduğunu bir daha sübut etməyə xidmət edəcəkdir.
Ölkəmizin
bütün sahələrində gedən uğurlu
inkişafı barədə Prezident İlham Əliyevin
söylədiyi ifadələr öz təsdiqini tapmaqdadır.
Azərbaycan xalqının rifahına, ölkəmizin
çiçəklənməsinə xidmət edən bu ifadələr
Dövlət Başçısının əməli nəticələri
ilə reallaşır: "2011-ci ildə həm iqtisadi, həm
sosial məsələlərin, həm də beynəlxalq məsələlərin
həllində hesab edirəm ki, heç bir problemimiz
olmayacaqdır. Biz 2010-cu ildə beynəlxalq müstəvidə
də uğurlu siyasət aparmışıq. Həm beynəlxalq
təşkilatlar çərçivəsində, həm ikitərəfli
müstəvidə çoxsaylı görüşlər
olmuşdur. Bakıda yüksək, bir neçə beynəlxalq
səviyyəli zirvə görüşü
keçirilmişdir. Qonşu ölkələrlə
münasibətimiz daha da güclənmişdir. Yəni beynəlxalq
vəziyyət və bölgədə mövcud olan vəziyyət
müsbətdir. Azərbaycan bölgədə əməkdaşlığın
dərinləşməsinə öz dəyərli təsirini
verir. Bir daha demək istəyirəm
ki, Azərbaycan artıq çox ciddi regional amildir. Azərbaycan
bölgədə gedən proseslərə təsiri artmaqda
olan ölkədir. Elə etməliyik ki, bu proses daim davam etsin,
ölkəmiz güclənsin və inkişaf etsin".
RÖVŞƏN RƏSULOV
Səs.- 2011.- 26 yanvar.- S. 3.