Dinin siyasiləşdirilməsi,
siyasət aləti edilməsi yolverilməzdir
Azərbaycan Respublikası Dini Qurumlarla İş
üzrə Dövlət Komitəsinin sədri Hidayət
Orucovun yap.org.az-a müsahibəsi
- Bütövlükdə,
ölkəmizdə dini sabitlik vəziyyətini necə
dəyələndirirsiniz?
- Hazırda
Azərbaycanda dini sabitlik kifayət qədər yüksək
səviyyədədir. Dövlətimiz
vətəndaşların vicdan azadlığının
qorunması üçün üzərinə
düşən bütün vəzifələri
qətiyyətlə həyata keçirir. Bunun məntiqi
nəticəsi olaraq ölkəmizdə dövlət-din
münasibətləri müasir qanunvericilik
səviyyəsində tənzimlənir, dini etiqad
azadlığı tam qorunur, tolerantlıq daha da
möhkəmlənir. Heç kim dininə və
əqidəsinə görə təzyiqlərə məruz
qalmır, dini mənsubiyyətə görə ayrı-seçkilik
aparılmır.
Azərbaycanda
dövlət-din münasibətləri möhkəm
qanunçuluq bazası üzərində qurulmuşdur. Qeyd etməliyəm ki, dövlətimizin
müəyyənləşdirdiyi dövlət-din
münasibətlərini tənzimləmə üsulu nəinki
Azərbaycan cəmiyyətində, həmçinin
ölkəmizi yaxından öyrənən xarici ekspertlər,
din siyasəti ilə məşğul olan elmi
araşdırıcılar, dövlət rəsmiləri,
politoloqlar, qafqazşünaslar tərəfindən də
rəğbətlə qarşılanır. Təsadüfi
deyil ki, artıq ölkəmiz özünün
dövlət-din münasibətləri modeli ilə
təkcə yerləşdiyi coğrafi regionun deyil,
dünyanın ən yaxşıları
sırasındadır.
- Azərbaycanda dini icmaların
qeydiyyata alınması ilə bağlı vəziyyət
nə yerdədir?
- "Dini
etiqad azadlığı haqqında" Azərbaycan
Respublikasının Qanununa edilmiş sonuncu əlavə və
dəyişikliklərdən sonra dini icmaların yenidən
qeydiyyatına başlanmışdır. Hazırda bu proses
davam edir. Əvvəllər qeydiyyatdan keçmiş dini
icmalar 2010-cu ilin yanvar ayının 1-dək Dövlət
Komitəsinə müraciət etməli idilər. Həmin
dini icmaların böyük əksəriyyəti
müraciət etmişlər. Müraciətlərə
baxılmış və icmaların çoxu qeydiyyata
alınmışdır. Sənədlərində nöqsan
və uyğunsuzluq olanların isə qeydiyyata
alınmasından imtina edilmişdir. Konkret
rəqəmlərlə desək, bugünədək 510 dini
icma Dini Qurumlarla İş üzrə Dövlət
Komitəsində qeydiyyatdan keçmişdir. 30 icmanın
yenidən qeydiyyata alınmasından isə imtina olunmuşdur.
- Bir müddət öncə
Azərbaycanda hansısa dini qruplaşmalarda ekstremizmə
meyillilik müşahidə olundu. Bir-iki hücum da
təşkil edildi. Bu məsələyə münasibətiniz
necədir?
-
Təəssüf hissi ilə qeyd etməliyəm ki,
Azərbaycanda radikallığa meyilli xırda qruplar
mövcuddur. Ancaq öyrənmələr
göstərir ki, ötən əsrin 90-cı və bizim
əsrin əvvəlləri ilə müqayisədə,
onların dairəsi xeyli daralıb, fəaliyyətləri
zəifləyib və getdikcə zəifləməkdədir.
Əminliklə demək olar ki, qanunazidd
əməllərlə məşğul olan belə
qrupların dinlə heç bir əlaqələri
yoxdur. Onlar xarici radikalların buradakı ruporu olmağın
müqabilində maliyyə vəsaiti ilə təmin olunur
və təlimatlandırılırlar. Azərbaycan
cəmiyyəti bu kimi məsələlərə qarşı
həmişə prinsipial mövqedə dayanmışdır.
Çünki Azərbaycan bu gün ötən əsrin
90-cı illərinin əvvəllərindəki dövlət
deyil. İndi dövlətimiz kifayət qədər
güclü, cəmiyyətimiz isə kifayət qədər
yüksək inkişaf etmiş, intellektual cəmiyyətdir.
Bir
məsələni xüsusilə vurğulamaq lazımdır.
Diqqət yetirmisinizsə, orta ümumtəhsil
müəssisələrində vahid məktəbli
formasına keçidlə bağlı qərar qəbul
edildikdən sonra müəyyən qruplar bunu hicaba qadağa
kimi qələmə verməyə başladılar. Halbuki
Azərbaycanda hicabın qadağan olunmasından söhbət
belə gedə bilməz. Şübhəsiz ki, Təhsil
Nazirliyinin qərarını məhz bu cür
qələmə verməklə onlar müəyyən
məqsəd güdürlər. Ancaq bunla özlərini
ifşa etdilər. Necə olur ki,
indiyədək övladlarını məktəbli
formasından kəskin fərqlənən, məsələn,
təmtəraqlı, böyüklərə xas dəbə
uyğun geyimlə məktəbə göndərən
valideynlər vahid məktəbli formasından
şikayətlənmir, ancaq din adından istifadə edən
bir qrup şəxs "hicaba qadağa qoyuldu" deyib
səs-küy salır? Təbii ki, bu "etirazçılar"ın
dinlə heç bir əlaqəsi yoxdur və qanundankənar
istənilən əməlləri perspektivsizdir. Onlar
sadəcə olaraq Azərbaycandakı demokratik mühitdən,
vicdan azadlığının yüksək
səviyyədə təmin olunmasından sui-istifadə
edərək ölkəmizə qarşı bəd
əməllərlə məşğuldurlar.
Bütün
qanundankənar əməllər kimi, bir məktəbə
də olsa, hücum çəkilməsi bizi çox məyus
edir. Məktəb - uşağın, yeniyetmənin elm, savad
öyrəndiyi müqəddəs yerdir. Məgər din
pərdəsi altında maskalanaraq gizlənənlər bunu
bilmirlər? Məgər bilmirlər ki, bütün dinlər
- ilk növbədə həmin şəxslərin
özlərini tərəfdarı hesab etdikləri İslam
dini - insanın təhsil almasını, maariflənməsini
vacib sayır? Məgər bilmirlər ki, müqəddəs
Qurani-Kərimin nazil olan ilk ayəsində də "Oxu!"
deyilir? Yoxsa İslam Peyğəmbərinin (s) təhsil almaq,
savadlanmaqla bağlı hədislərindən
xəbərsizdirlər? Bəlkə bütün bunları
çox yaxşı bilirlər. Bilmirlərsə,
öyrənmək də istəmirlər. Çünki
əsas məqsədləri qanunsuzluğa əl atmaq,
təxribatçı çağırışlar etmək,
dövlətlə dindar vətəndaşlar arasındakı
möhkəm bağlılığı sarsıtmağa
cəhd göstərməkdir. Ancaq, bir daha təkrar
edirəm, onlar məqsədlərinə çatmayacaqlar!
- Baş örtüyü
məsələsinin, xüsusilə, dini baxımdan
ağır sayılan bir ayda şişirdilməsi hansı
məqamlardan xəbər verir?
- Dini
baxımdan müqəddəs və yaxud ağır hesab
edilən ayların özünəməxsus
xüsusiyyətləri var ki, onlardan biri də həmin aylarda
insanların daha həssas olmasıdır. Bu
baxımdan məlum qüvvələr vahid məktəbli
forması haqqında qərardan fürsət kimi istifadə
etməyə çalışdılar. Ölkəmizdə
təfriqə yaratmaq istəyən bu qruplaşmalar
milli-mənəvi dəyərlərinə bağlı olan
xalqımızın həssaslığından
"yararlanmaq" istədilər. Lakin xalqımız
ağı qaradan seçməyi yaxşı bacarır.
Həqiqi dindaşını təxribatçıdan
ayırmağı da bilir. Müstəqilliyimizi
yenidən qazanmış gənc dövlət kimi bu cür
fürsət axtaranlara rast gəlməyimiz normaldır.
Çünki bəzi qüvvələr bizim
inkişafımızı, iqtisadi tərəqqiqimizi, eyni
zamanda milli-mənəvi dəyərlərimizə daha
şüürlu şəkildə
qayıdışımızı və onlara sahib
çıxmağımızı istəmirlər. Siyasi
zəmində təsir güclərini itirdikdə bizim
mənəvi dünyamızda təxribat yaratmağa
çalışırlar. Lakin dini məsələlərin
hansı ayda sabitliyi pozmaq məqsədilə
şişirdilməsindən asılı olmayaraq,
dövlətimizin və cəmiyyətimizin mövqeyi
birmənalı olaraq qalacaqdır.
- Hətta, fikirlər var ki,
insanların dini inanclarından siyasi istismar vasitəsi kimi
istifadə edənlər qərəzli xarici dairələrdir.
Onların idarə olunan maliyyə mənbələri
barədə də xəbərlər var. Sizcə. bu
fikirlər nə dərəcədə əsaslıdır?
- Bir az öncə qeyd etdiyim kimi, Azərbaycanı
sevməyən bəzi qüvvələrin ruporu olan və dini
sferada təmsil olunan bu qrupların maliyyə vəsaitləri
ilə təmin edilməsi istisna deyil. Çünki belə
işlərlə məşğul olmaq üçün
də maliyyə lazımdır. Bu qrupların
əksəriyyətinin satın aldıqları, yaxud
kirayələdikləri ofisləri, kağız və elektron
mətbuat orqanları və başqa təbliğat
vasitələri var. Bütün bunları idarə etmək
üçün kifayət qədər böyük maliyyə
vəsaiti lazımdır. Müşahidələr
göstərir ki, bu qruplara daxil olan insanların konkret
gəlir mənbəyi də yoxdur. Ölkəmizdə
təxribatçılara maliyyə ilə kömək
edəcək insanların olması da inandırıcı
deyil. Bu amillər onların kənardan maliyyələşdirilməsinə
inanmağa əsas verir.
- Baş örtüyü
məsələsi ilə bağlı aksiyalar təşkil
edənlərin Azərbaycana miqrant adı altında daxil
olmuş əcnəbilər olduğu da iddia olunur. Əgər
belədirsə, hansı konkret addımlar atıla bilər?
- Hesab edirəm ki, bu kimi məsələlərin
araşdırılması hüquq-mühafizə
orqanlarının işidir. Əgər baş
örtüyü ilə bağlı aksiyaların təşkilində
bu və ya digər formada xaricdən gələn
miqrantların iştirak etməsi ilə bağlı faktlar
mövcuddursa, yəqin ki, müvafiq orqanlar
tərəfindən araşdırmalar aparılacaq və
lazımi tədbirlər görüləcək.
- Gələcəkdə dini
məsələlərə siyasi don geyindirərək
çaxmaşma yaradılmasının
qarşısını almaq və cəmiyyətin dini
baxımdan maarifləndirilməsi üçün hansı
təbdirlər görüləcək? Bu sahədə
perspektiv planlar nədən ibarətdir?
-
Ölkəmizdə dini siyasiləşdirərək,
çaxnaşmaların yaradılmasına heç vaxt imkan
verilməyəcək. Bu, birmənalıdır. Dinin
siyasiləşdirilməsi, siyasət aləti edilməsi
yolverilməzdir. O, daim uca tutulmalıdır. Din iqtidara
gəlmək üçün vasitə ola bilməz. Hər
kəs dinə mədəniyyət səviyyəsindən
yanaşmağı bacarmalıdır. Dövlət də dini
siyasətdən uzaq tutmaq üçün əlindən
gələni edir. Dini Qurumlarla İş üzrə
Dövlət Komitəsi bu kimi halların
qarşısının alınması istiqamətində son
illər ardıcıl tədbirlər həyata keçirir.
Vətəndaşlarımız arasında dini baxımdan
mədəni-maarif işinin aparılması Dövlət
Komitəsinin başlıca vəzifələrindən biridir.
Bu məqsədlə Rayon İcra Hakimiyyətləri, orta
və ali təhsil müəssisələri,
cəzacəkmə müəssisələri və digər
qurumlarla birgə ölkədə seminar-treninqlər həyata
keçirilir. Dövlət Komitəsinin
ixtisaslı kadrları həmin seminar-treninqlərdə
dövlət-din münasibətləri, onların
tənzimlənməsini həyata keçirən qanunvericilik
bazası və digər mövzularla bağlı
mühazirələr oxuyur, ictimaiyyəti maraqlandıran
müxtəlif sualları cavablandırırlar. Eyni
zamanda, Dövlət Komitəsi tərəfindən
nəşr edilən "Cəmiyyət və Din"
qəzeti oxucuların böyük rəğbətini
qazanmışdır. Qəzetdə ictimai-siyasi
materiallrla yanaşı, mütəxəssislər
tərəfindən qələmə alınmış din
tarixi, mədəniyyəti, konfessiyalar, təriqətlər, görkəmli
üləmalar, din xadimləri, milli-mənəvi
dəyərlər barədə və bir çox mövzularda
elmi-kütləvi məqalələr də dərc
olunur. Dövlət Komitəsinin digər nəşri olan
"Dövlət və Din" ictimai fikir toplusu isə
ilahiyyat sahəsində elmi tədqiqatların
aparılmasında istifadə olunan sanballı,
mötəbər mənbəyə çevrilmişdir. Biz
bütün bunlarla yanaşı, müxtəlif səpkili dini
maarifləndirici ədəbiyyatların
nəşrlərinə də üstünlük veririk. Bu
istiqamətdə işlərimiz hazırda davam edir və
2011-ci ildə yeni nəşrlərimizi ölkə
ictimaiyyətinin diqqətinə çatdıracağıq.
Bütün bu işləri görməkdə
məqsədimiz cəmiyyətimizin dinimizi sağlam
şəkildə öyrənməsinə nail olmaq, onları
yad təsirlərdən qorumaq və təhlükədən
sığortalamaqdır.
Səs.- 2011.- 26 yanvar.- S. 7.