Respublika iqtisadiyyatında turizm
sektoru prioritet sahəyə çevrilib
Prezident İlham Əliyevin 2011-ci ili "Turizm ili"
elan etməsi Azərbaycanda turizmin inkişafına daha
geniş meydan açacaq
Zəngin tarixi irsə və əlverişli təbii
şəraitə malik olan Azərbaycan turizm sahəsində
böyük inkişaf perspektivlərinə malikdir. Ölkəmizdə
turizmin əksər növlərinin inkişafı
üçün geniş imkanlar mövcuddur. Bütün bu
reallıqları nəzərə alaraq, Azərbaycanda turizmin inkişafı
üçün münbit şərait yaradılmış,
beynəlxalq turizm bazarına inteqrasiyanın təmin
olunmasının əsası qoyulmuş, milli turizm kompleksinin
rəqabətə davamlılığı yüksəlmişdir.
Prezident İlham Əliyevin ötən il imzaladığı Sərəncam əsasında respublikada "2010-2014-cü illərdə turizmin inkişafına dair Dövlət Proqramı"nın təsdiq olunması ötən ildə ölkədə bu sahədə uğurlu işlərin icrası ilə nəticələndi. Dövlət Proqramı ölkədə turizmin rastlaşdığı problemlərin həll edilməsi və turizm sahəsinin daha da inkişaf etdirilməsinin təmin edilməsində əhəmiyyətli rola malikdir. Dövlət Proqramının başlıca məqsədi Azərbaycanda yüksək iqtisadi, sosial və ekoloji tələblərə cavab verən müasir turizm sahəsinin formalaşdırılması və onun ölkə iqtisadiyyatının əsas inkişaf dayaqlarından birinə çevrilməsinin təmin edilməsidir. Dövlət Proqramına uyğun olaraq həyata keçirilən layihələrin nəticəsi olaraq turizm sektorundakı nailiyyətlər Azərbaycanda 2011-ci ildə turizmin inkişafına da böyük təkan oldu. Bu gerçəkliklərin nəticəsi və bu sahənin inkişafının daha da sürətlənməsini nəzərə alaraq, Prezident İlham Əliyevin 2011-ci ili "Turizm ili" elan etməsi Azərbaycanda turizmin inkişafına daha geniş meydan açacaq.
Qeyri-neft sahələrinin yüksəlişi ilə davamlı iqtisadi inkişafın təmin edilməsi müasir dövrdə ölkəmizdə qarşıda duran mühüm vəzifədir. Turizm öz perspektivliyinə görə qeyri-neft sahələri arasında aparıcı mövqelərdən birini tutur. Azərbaycanda turistlərin yerləşdirmə biznesi dinamik surətdə inkişaf edir. Turizmin inkişafı və turizm sektorunun ölkə iqtisadiyyatının aparıcı sahələrindən birinə çevrilməsi bu gün Azərbaycanda ən mühüm vəzifə olaraq qarşıda durur. Son illər Azərbaycanda əldə olunmuş sosial-iqtisadi irəliləyiş bu vəzifənin yeni imkanlara adekvat səviyyədə həllinə şərait yaradır. Azərbaycanın turizm sahəsində turizm imkanlarının təbliğ edilməsi, daxili turizmin inkişafı və turizm xidməti infrastrukturunun qurulması sahəsində böyük işlər görülüb və hazırda bu işlər davam etdirilməkdədir. Gün-gündən inkişaf edən respublikanın iqtisadiyyatında turizm sektoru prioritet sahəyə çevrilmişdir. Ölkənin turizm sahəsinin təqdim etdiyi xidmətlərin keyfiyyət səviyyəsinin beynəlxalq standartlara uyğunluğunun təmin edilməsi, dünya turizm xidmətləri bazarında ölkə turizminin rəqabət qabiliyyətinin artırılması Dövlət Proqramı əsasında davamlı olaraq həyata keçirilir. Belə ki, turizm sahəsində normativ hüquqi bazanın və dövlət tənzimlənməsi mexanizmlərinin təkmilləşdirilməsi, ölkənin turizm potensialından istifadə imkanlarının genişləndirilməsi bu sahənin inkişafında mühüm rol oynayır. Dövlət Proqramına istinadən, beş il ərzində ölkənin bütün regionlarında turizm fəaliyyətinin stimullaşdırılması, turizm sahəsinə yerli və xarici investisiyaların cəlb edilməsi, turizmin müxtəlif növlərinin inkişaf etdirilməsi, mehmanxanaların və digər turizm xidməti müəssisələri şəbəkəsinin genişləndirilməsi nəzərdə tutulur.
Artıq Azərbaycan turizmi beynəlxalq səviyyədə keçirilən sərgilərdə nümayiş etdirilir. Azərbaycan dünyanın müxtəlif ölkələrində turizm sərgiləri ilə özünün sərvətlərini göstərə bilir. Fransanın Paris şəhərində "Top Resa" və Yaponiyanın Tokio şəhərində "JATA", Küveyt dövlətinin Əl-Küveyt şəhərində "KİF-2010" beynəlxalq turizm sərgilərində təmsil olunması Azərbaycanın turizm potensialını iştirakçılar və ziyarətçilər arasında təbliğ etmək məqsədi daşıyır. Bu sərgilərdə Azərbaycan müxtəlif dillərdə-fransız, yapon və ingilis dillərində reklam çap məhsulları, təbliğat vasitələrini təqdim edir. Onu da qeyd edək ki, Azərbaycan 2011-ci ilin ilk ayında, Vyanada növbəti beynəlxalq tətil yarmarkası - "Ferien-Messe Wien 2011" -də iştirak edib. 2011-ci ildə keçirilən ilk beynəlxalq turizm yarmarkasında da zəngin proqramla təmsil olunub. Azərbaycan Prezidenti tərəfindən "Turizm ili" elan olunmuş cari ildə ölkəmizin turizm potensialının nümayiş etdirilməsində belə beynəlxalq tədbirlər böyük əhəmiyyətə malikdir.
Sərgilərdə Azərbaycana aid guşədə müxtəlif səpkili reklam və turizm məhsulları nümayiş etdirilir. Materiallar arasında Azərbaycanın turizm imkanları, respublikanın müxtəlif regionları, mədəniyyət və tarixi ilə yanaşı, Qarabağ və Şuşa haqqında kitablar və bukletlər üstünlük təşkil edir. Azərbaycanın bu sərgilərdə iştirakının əhəmiyyəti ondan ibarətdir ki, yerli əhali Azərbaycanın turizm potensialı barədə ətraflı məlumatlandırılır, aktual mövsüm kataloqları əsasında insanlara tətil seçimlərində istiqamət verilir və həmçinin, turizm mütəxəssisləri arasında təcrübə mübadiləsi aparılır.
Turizm sahəsində görülən işlərin və uğurların davamı olaraq Azərbaycan bu il ərzində - 2011-ci ildə Azərbaycanda "Hilton Worldwide" hotellər şəbəkəsinə daxil olan yeni mehmanxananın cari ilin sonunda istifadəyə verilməsi nəzərdə tutulub.
2011-ci ilin "Turizm ili" elan edilməsi il ərzində bu sahədən gələn gəlirin turizm sənayesində böyük iqtisadi sıçrayışlarla, beynəlxalq siyasi və mədəni müstəvidə uğurlarla nəticələnəcək. Odur ki, turizm sahəsinin inkişafına xidmət edə biləcək, beynəlxalq standartlar səviyyəsinə təkliflər irəli sürülməlidir. Buna ölkənin yeraltı və yerüstü sərvətləri imkan verir. Dövlət başçısı İlham Əliyevin dediyi kimi, Azərbaycanın gözəl təbiəti var, Xəzər dənizi, gözəl dağlar, çaylar, meşələr xalqın böyük sərvətidir.
NƏZAKƏT
Səs.- 2011.- 26 yanvar.- S. 8.