AŞPA Ermənistana qarşı
sanksiya tətbiq edə bilər
Ermənilərin qurumda apardığı anti-Azərbaycan
təbliğatı yenidən nəticəsiz qalıb
Məlum olduğu kimi, Avropa Şurası Parlament
Assambleyasının növbəti sessiyası öz işinə
başlamışdır. AŞPA-nın bu sessiyası Azərbaycan
üçün də bir sıra mühüm hadisələrin
baş verməsi ilə yadda qalan olub. Belə ki, sessiya
zamanı Azərbaycanda keçirilən son parlament seçkilərinin
müzakirəsi ilə yanaşı, Dağlıq Qarabağ
münaqişəsi üzrə bəzi məsələlərə
də toxunulub. Xüsusilə, Alt Komitənin yaradılması
ilə bağlı müzakirələr zamanı erməni
deputatlar tərəfindən nümayiş etdirilən
mövqe Azərbaycan tərəfinin etirazına səbəb
olub.
AŞPA-nın
sessiyası barədə danışarkən, ilk növbədə,
7 noyabr 2010-cu ildə Azərbaycanda keçirilən parlament
seçkilərinin nəticələrinə dair qurumun
seçkiləri müşahidə missiyasının
hesabatının təqdimatını nəzərə
çatdırmaq lazımdır. Qeyd edək ki, polşalı
deputat Tadeus İvinski təqdim etdiyi hesabatda Azərbaycanda
keçirilən seçkilərin sakit tərzdə
keçdiyini və irəliləyişlərin əldə
olunduğunu bildirib. Bəzi həmkarlarının bunu bəyənmədiklərini
və qeyri-obyektiv olduğunu və 7 noyabr seçkilərinin
düzgün keçirilmədiyini bildirsələr də o,
bunun, çox tarazlaşdırılmış bir hesabat
olduğunu qeyd etmişdir.
Seçki barədə
istər deputat Tadeus İvinskinin, istərsə də,
ümumilikdə, müşahidə missiyasının üzvlərinin
seçki barədə təəssüratları və təqdim
olunmuş hesabat, onu deməyə əsas verir ki, Azərbaycanda
seçki sahəsində həyata keçirilən islahatlar
bu sahədə irəliləyişlərin əldə
olunmasına şərait yaratmışdır. Yeni seçki
texnologiyalarının tətbiqi, heç şübhəsiz
ki, beynəlxalq müşahidəçilərin də
gözündən yayınmır və onların
hesabatlarında öz əksini tapır.
Yuxarıda da qeyd etdiyimiz kimi, AŞPA-nın sessiyasında Dağlıq Qarabağ münaqişəsi üzrə Alt Komitənin yaradılması məsələsi müzakirə mövzusu olmuşdur ki, bunun da qarşısını erməni deputatlar hər vəchlə almağa çalışıblar. Nəzərə almaq lazımdır ki, hələ 2005-ci ilin yanvar ayının 25-də AŞPA Azərbaycan ərazilərinin işğalı və Dağlıq Qarabağ münaqişəsi üzrə 1416 saylı qətnamə qəbul edib. Problemin diplomatik vasitələrlə həllinə yardım etmək və həmin qətnamənin icrasına nəzarət məqsədilə ayrıca bir Alt Komitə də təsis edilib. Lakin Ermənistan tərəfi bu Alt Komitənin fəaliyyətini davam etdirməsinə ən müxtəlif vasitələrlə mane olmağa çalışır. Onların Dağlıq Qarabağla bağlı artıq çoxdandır müzakirəsi aparılan Alt Komitənin yaradılması məsələsinə münasibəti də eynidir. Digər sessiyalar zamanı buna qarşı çıxan ermənilər bu dəfə daha iyrənc vasitələrdən istifadə etməklə öz mövqelərini bildiriblər. Belə ki, Ermənistanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Naira Zoqrabyan Strasburqda sənəd yayıb. Sənəddə bildirilir ki, "Azərbaycanda yaşayan ermənilər xarici diplomatların zorla Bakıdakı Şəhidlər xiyabanına aparılmasına etiraz edirlər". Naira Zoqrabyanın sözlərinə görə, sənədi AŞPA-dakı hər bir nümayəndə heyətinə ayrı-ayrılıqda təqdim edib. Sənəddə bildirilir ki, Şəhidlər xiyabanında dəfn olunanlar "1990-cı ildə Bakıda erməniləri zorlayıb öldürüb, sovet ordusuna qarşı silahlı müqavimət göstərib": "Vaxtilə bu ölkələrin rəhbərləri Bakıdakı talanları pisləyib. Amma bu gün həmin ölkələrin nümayəndələri Şəhidlər xiyabanını ziyarət edir. Bu, yolverilməzdir". Müraciətdə qeyd olunub ki, Şəhidlər xiyabanında 1 həftə ərzində erməniləri vəhşicəsinə öldürən və Bakıda sovet ordusu ilə toqquşma nəticəsində ölən Azərbaycan "tör-töküntüsü" dəfn edilib.
Erməni deputatın azərbaycanlıların qürur mənbəyi olan şəhidlərə qarşı belə bir ifadə işlətməsi bağışlanılmazdır və ən azından mənəviyyatsızlığın bir nümunəsi kimi qiymətləndirilməlidir. Heç bir etik normalara uyğun olmayan erməni deputatın çıxışı özündə birbaşa olaraq, Azərbaycan şəhidlərinin təhqirini ehtiva edir ki, bu da yolverilməzdir. Əlbəttə, bu, bir tərəfdən başadüşüləndir. Ermənilərin özündə bu cür şəhidlərin olmaması onların şəhid anlayışına qarşı münasibətini də müəyyənləşdirmişdir. Əgər bu gün erməni deputatı bu məfhuma hörmətlə yanaşmırsa, bu, onun belə bir hadisə ilə rastlaşmadığının göstəricisidir. Yəni, Ermənistanda bu gün Azərbaycanın müstəqilliyinin uğrunda mübarizə aparmış şəhidlərin olmaması N.Zoqrabyan kimilərin belə müraciət ünvanlamasına şərait yaradır. Odur ki, bunu onun mənəviyyatsızlığı kimi qiymətləndirmək lazımdır.
AŞPA-nın sessiyası zamanı qeyd olunması vacib olan məsələlərdən biri də ermənilərin bu cür mövqeyinə qarşı cavab kimi Türkiyə xarici işlər naziri Əhməd Davudoğlunun çıxışı olub. Sərt şəkildə erməni tərəfinin mövqeyini tənqid edən Ə.Davudoğlu Ermənistanın bu gün Avropa Şurasına üzv olan bir ölkənin torpaqlarının 20 faizini işğal etdiyini və bunun regiondakı mövcud vəziyyətə və Türkiyə-Ermənistan münasibətlərinə heç də yaxşı təsir etmədiyini bildirib. O bildirib ki, Cənubi Qafqazda münasibətlərin normallaşması təkcə Türkiyə ilə Ermənistan arasında deyil, Ermənistanla Azərbaycan arasında da münasibətlərin normallaşmasından asılıdır: "Azərbaycan Avropa Şurasının üzvüdür. Əgər Ermənistan onun 20% ərazisini işğal edirsə, deməli, təşkilatın əsas dəyərlərinin pozulması halı var. Əgər siz Avropa Şurasının bütün dəyərlərinə hörmət etsəniz, əminəm ki, bir gün Avropanın bu hissəsində də sülh bərqərar olacaq. Belə olarsa, Azərbaycanla Ermənistan arasında da münasibətlər əsaslı şəkildə yaxşılar. Türkiyə onu əhatə edən ölkələri dost kimi görür. Əgər Ermənistan da ətrafında dost ölkə görmək istəyirsə, Azərbaycanı da dost qismində görməlidir. Bu halda Qafqazda sülh və sabitlik bərqərar olar. Bu, bizim siyasi məqsədimizdir".
Murad İSMAYILZADƏ
Səs.- 2011.- 26 yanvar.- S. 11.