Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında rejissorun qonorarı müəyyənləşib   

 

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında bir tamaşa hazırlayan rejissora 2000-7000 manat arasında qonorar veriləcək. Bunu açıqlamasında Azərbaycanın xalq artisti, rejissor Mərahim Fərzəlibəyov deyib. Rejissor bildirib ki, qonorarın miqdarı hazırlanacaq tamaşanın yükünün ağırlığı ilə müəyyənləşəcək. Qonorarı  özləri müəyyənləşdirəcək. Onun sözlərinə görə, əcnəbi rejissorlara da verilən qonorar belə olacaq.

M.Fərzəlibəyov əcnəbi rejissorların Akademik Milli Dram Teatrında cəlb ediləcəyi barədə danışaraq, bundan razı olduğunu bildirib. Rejissorun fikrincə, onların gəlib bu teatrda tamaşa qoymaları çox aktyorlarımıza, tamaşaçılarımıza yeni sözlər deyə bilər. Bu addımın işin xeyirinə olduğuna ümidvar olduğunu qeyd edib. Milli Dram Teatrına xaricdən rejissor dəvət olunmurdu. Əgər indi bir az tez-tez dəvət edilərsə, bu, teatra yeni ab-hava gətirəcəyini vurğulayıb.

Rejissorun sözlərinə görə, bu il müddətində o, "Hökmdar qızı" tamaşasını yeni quruluşda təhvil verəcək. Bu tamaşanın ötən mövsümdən hazırlığına başlandığını bildirən M.Fərzəlibəyov, elə bu səbəbdən ona teatrda başqa tamaşanın hazırlanmasının tapşırılmadığını açıqlayıb. Onu da qeyd edim ki, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının yeni internet saytı üzərində son tamamlama işləri aparılır. Sayt fevralın ilk ongünlüyünə qədər internet istifadəçilərinin ixtiyarına veriləcək. Bu barədə teatrın truppa müdiri Elnur Məmmədov məlumat verib. O bildirib ki, dizaynı unikallığı ilə digərlərindən seçiləcək saytda bir neçə bölmə olacaq. Hər bölmədə xəbərlər daim yenilənəcək.

Saytda teatr haqqında ümumi bilgilər, tamaşalar, aktyorlar, festivallar, qastrol səfərləri haqqında məlumatlar bölmələr üzrə yerləşdirilib. Hər aktyorun həyat yaradıcılığı, oynadığı rollar barədə informasiyalar fotolar tapmaq mümkün olacaq. Mətbuat bölməsində Akademik Milli Dram Teatrı ilə bağlı yazılan bütün xəbərlər, məqalələr toplanacaq. Bundan başqa, video foto-qalereya da fəaliyyət göstərəcək.

 

 

Zümrüd

 

Səs.- 2011.- 26 yanvar.- S. 12.