Azərbaycan 2010-cu ildə
imkanlarını xeyli
artırdı
İlham Əliyev: "Qüdrətli iqtisadiyyata malik
Azərbaycan dövlətinin nəinki ölkə daxilində,
xaricə qoyduğu investisiyalar da milyardlarla
ölçülür"
Ötən il Azərbaycanın iqtisadi göstəriciləri regionda
yenidən liderlik tempini saxlamayıb. 2010-cu ildə ÜDM artımı
5 faizə yaxın olub. Bu, Avropanın
bir sıra ölkələrində və
ABŞ-da olduğundan
çoxdur. Qeyri-neft sektorunda ÜDM artımı
5,9 faiz, neft sektorunda isə 2,6 faizdir. Bu, onun
bariz sübutudur ki, Azərbaycan iqtisadiyyatı şaxələndirilmiş
iqtisadiyyatdır. Ən
önəmlisi isə
budur ki, bu proses dünyada
hökm sürən qlobal maliyyə böhranı işığında
baş verir.
2010-cu ilin 11 ayı
ərzində ümumi daxili məhsul (ÜDM) istehsalı
ötən ilin müvafiq dövrü ilə
müqayisədə 4,5 faiz artaraq, 36,6 milyard manata
çatıb. Yanvar-noyabr aylarında əhalinin
gəlirləri keçən ilin müvafiq dövrü
ilə müqayisədə 12 faiz artaraq, 22,7 milyard manata, onun
adambaşına düşən məbləği isə 10,7 faiz
çoxalaraq, 2540 manata çatıb.
Yəni əhalinin gəlirləri inflyasiyanı
2 dəfədən çox
üstələyir. Bu
da ölkədə güclü və cəmiyyətin maraqlarına
xidmət edən sosial siyasətin aparılmasının təzahürüdür.
Pensiya və əməkhaqqının indiki
minimum səviyyəsini
də MDB məkanı
ilə müqayisə
etsək, aydın olar ki, bu
göstərici Azərbaycanda
ən yüksək səviyyədədir. Ünvanlı
sosial yardım proqramı uğurla icra edilir. Bu
proqram, təxminən
600 min insanı əhatə edir. 128 min ailə hər
ay dövlətdən
orta hesabla 108 manat yardım alır.
Maraqlıdır ki,
ÜDM istehsalı qeyri-neft sektorunda 5,9 faiz, neft sektorunda
isə 2,6 faiz artıb. Qeyri-neft sektorunda istehsalın neft sektoru ilə
müqayisədə 2 dəfədən
çox artması qeyri-neft sektorunda inkişafın daha sürətli getdiyini göstərir. Regionların
inkişafı ilə
bağlı 2009-2013-cü illəri
əhatə edən ikinci proqramın qəbulu isə ölkədə yürüdülən
iqtisadi siyasətin daha yüksək mərhələyə qaldırılmasını
təmin edib.
Ötən il də
Azərbaycanda yeni iş yerlərinin yaradılması prosesi
uğurla davam edib. İlin əvvəlindən noyabr ayına qədər Azərbaycanda 56 min yeni iş yeri
açılıb. Ümumiyyətlə,
2003-cü ildən sonra
Azərbaycanda 950 minə
yaxın iş yeri açılıb.
Təsadüfi deyil ki,
2008-ci ildə Azərbaycan "Doing Business" Proqramında
dünyada bir nömrəli islahatçı ölkə kimi
tanınıb. Eyni zamanda, Dünya İqtisadi Forumunun
hesablamalarına görə, Azərbaycan iqtisadiyyatı
dünya miqyasında rəqabət qabiliyyətliliyinə
görə, 51-ci yerə qalxıb, MDB məkanında isə
bu baxımdan birinciliyi əldə edib.
Prezident İlham Əliyev
Nazirlər Kabinetinin iclasında da qeyd edib ki, regionlara tez-tez
gedir, vəziyyətlə tanış olur:
"Görürəm ki, regionlarda işlər müsbət
istiqamətdə gedir: Bütün şəhərlərimiz
abadlaşır, gözəlləşir, müasirləşir
və bu, çox sevindirici haldır. Bu gün regionlarda
həm təhsil, həm səhiyyə, həm infrastruktur,
həm də bütün başqa sahələrdə
işlər yüksək səviyyədə
aparılır".
Prezident qeyd edib ki,
Azərbaycanda böyük tikinti layihələri icra edilir,
dövlət tərəfindən sahibkarlığın
inkişafına həm kreditlər hesabına böyük
dəstək verilir və bu amillər də işsizliyin aradan
qaldırılması üçün öz rolunu oynayacaq:
"Çünki bu gün məşğulluq məsələlərinin
həlli üçün özəl sektor artıq ön plana
çıxıbdır. Bu da, ilk növbədə,
dövlətin özəl sektora olan diqqəti və
dəstəyinin nəticəsidir.
İş yerlərinin
70 faizi özəl sektorda yaranmışdır. Əgər
dövlət tərəfindən kreditlər
verilməsəydi, sahibkarlığa qayğı
göstərilməsəydi, 2004-cü ildə regional
inkişaf proqramı qəbul edilməsəydi,
əlbəttə ki, bu gün özəl sektor bu
səviyyədə inkişaf edə bilməzdi.
Biz həm iri
özəl müəssisələri dəstəkləyirik,
həm də ki, kiçik müəssisələri
dəstəkləməliyik. Çünki həm dünya praktikası, həm keçən ilin iqtisadi və maliyyə böhranı göstərdi ki, kiçik bizneslə zəngin olan, yəni kiçik biznesin inkişaf etdiyi ölkələrin
iqtisadiyyatı daha da dayanıqlı olur. Əlbəttə ki, biz həm
kiçik sahibkarlığı
dəstəkləyəcəyik, eyni zamanda, iri,
böyük beynəlxalq,
transmilli şirkətlərin,
özəl şirkətlərin
yaradılması üçün
Azərbaycan dövləti
səylərini göstərəcəkdir.
Bu gün Azərbaycan şirkətləri
xarici bazarlarda uğurla fəaliyyət göstərir".
Ötən il
ölkənin neft-qaz sektorunda da uğurlu il olub. İlin sonuna qədər Azərbaycanda
50 milyon tondan çox neft və 28 milyard kubmetrdən artıq qaz hasil edilib.
Neft-qaz sektorunda həm istehsal artıq, həm də yeni ehtiyatlar
aşkar olunur.
Bu baxımdan
ötən ilin sonunda Azərbaycan neftçiləri
tərəfindən kəşf edilən "Ümid"
yatağının açılması çox gözəl
və böyük tarixi hadisədir. Geofiziki
məlumatların və
süxur nümunələrinin
təhlilinin nəticələri
göstərir ki, yataqda 200 milyard kubmetr qaz, 30-40 milyon ton da
kondensat ehtiyatı var. Hesablamalara görə, "Ümid"də
ehtiyatlar 200 milyard kubmetr olacaqsa, "Babək"də bu, 400 milyard kubmetr olacaqdır, yaxud 300 milyard kubmetr olacaqsa, müvafiq surətdə
600 milyard kubmetr təşkil edəcək.
Beləliklə, əldə
olunmuş nəticələrə
əsasən Azərbaycanın
bu gün 2 trilyon kubmetr təsdiq edilmiş qaz ehtiyatı varsa, ən azı 2 trilyon kubmetr də perspektiv ehtiyatı olacaq.
Dövlət Statistika
Komitəsinin məlumatına görə, ötən ilin 11
ayında Böyük Britaniyanın Azərbaycana
yatırdığı investisiyaların həcmi 964337,1 min
manat təşkil edib ki, ötən ilin eyni dövrü
ilə müqayisədə Britaniya investisiyalarının
həcmi 50,4% artıb.
Siyahıda ikinci
yerdə ABŞ qərarlaşıb. Belə ki, yanvar-noyabr
aylarında ABŞ-ın Azərbaycanın əsas
kapitalına yatırdığı investisiyaların həcmi
2009-cu ilin analoji dövrü ilə müqayisədə 71,4%
artaraq 335963,2 min manata çatıb.
Siyahıda
üçüncü yerdə ötənilki kimi Yaponiya, daha
sonra Norveç və Türkiyə qərarlaşıb. Hesabat
dövründə Yaponiya investorları tərəfindən
Azərbaycanın əsas kapitalına 169160,7 min manat (+66%),
Norveç investorları tərəfindən 104916,3 min manat
(+65,2%), Türkiyə investorları tərəfindən
isə 89369,7 min manat (+77,8%) sərmayə yatırılıb.
Göründüyü kimi,
ölkə iqtisadiyyatına
xarici investisiyaların
qoyuluşu da artıq. Bununla yanaşı, Azərbaycanın
da bir sıra
ölkələri sərmayə
qoyuluşları artır.
Ölkəmizin maliyyə
imkanları artdıqca,
xarici ölkələrə
sərmayə qoyuşunu
da imkan yaranır.
Azərbaycan Prezidenti
İlham Əliyev bildirib ki, bu gün qüdrətli
iqtisadiyyata malik Azərbaycan dövlətinin, nəinki
ölkə daxilində, xaricə qoyduğu investisiyalar da
milyardlarla ölçülür. Dövlət
başçısı qeyd
edib ki, Türkiyə, Gürcüstan,
Ukrayna və digər ölkələrdə
investisiyalarımızı gözləyirlər: "Xaricə
qoyduğumuz milyardlarla
ölçülən investisiyalar
Azərbaycanın maraqlarını
təmin edir. Gələcəkdə, bu,
bizə ondan da çox gəlir gətirəcək".
Ümumiyyətlə,
son 7 il ərzində Azərbaycanda əməkhaqqı və
pensiya orta hesabla 5-6 dəfə artıb, yoxsulluq 4 dəfə
azalıb, 900 minə yaxın yeni iş yeri açılıb
ki, bunun da 600 mini daimidir. Büdcə xərcləri 12, hərbi xərclər təxminən 20, valyuta ehtiyatları isə 18 dəfə artıb.
2010-cu ilin sonuna Azərbaycanın valyuta ehtiyatları 30 milyard dollardan çoxdur. 1995-ci ildən etibarən ölkə iqtisadiyyatına
82 milyard dollar investisiya yatırılıb.
Bütün bunlar ölkəmizin nə qədər böyük imkanlara malik olduğunu göstərir.
Elçin Bayramlı
Səs.- 2011.- 27 yanvar.- S. 4.