İranlı mollabaşıların Azərbaycanın daxili işlərinə qarışmağa haqqı yoxdur

 

"Fars rejimi, yaxşı olardı ki, insan hüquqlarından danışanda, bir dönüb özünə də nəzər salsın"

 

Ölkəmiz 1991-ci ildə müstəqilliyini yenidən, ikinci dəfə elan etdiyindən, İran Azərbaycan istiqlalına aşağı nəzərlərlə, qısqanclıqla yanaşdı və müstəqilliyimizi tanıma bəyanatını gecikdirdi. İran Türkiyə, Rumıniya və Pakistandan sonra Azərbaycanın müstəqilliyini tanıdığını bəyan etmişdi. Bu addımın gecikməsi təbii idi. İran mollaları gözləyirdilər ki, növbəti dəfə "QKÇP vraiantı" təkrarlanar və SSRİ bərpa edilər. İran hakimiyyəti hər vəchlə Azərbaycanın müstəqilliyini qəbul etmək istəmirdi.

Son zamanlar İran hakimiyyəti başda olmaqla fars molla rejiminin ölkəmizə qarşı qərəzli mövqeyi haqlı narazılıqla qarşılanıb. Bizimlə həmsöhbət olan ölkə ziyalıları, geniş ictimaiyyətin nümayəndələri, cəmiyyətin ayrı-ayrı təbəqələri İran molla rejiminin ölkəmizə qarşı yanlış mövqeyini qətiyyətlə pisləyiblər.

 

Sevinc Hüseynova: "İranın təbliğ etdiyi məzhəbin başbilənləri ancaq özlərinə gəlir gətirən məsələləri qabardırlar "

 

Millət vəkili Sevinc Hüseynova İranda sayı 35 milyona çatan ana dili, bütün hüquqları əlindən alınmış Azərbaycan türklərinin olduğunu onların daima azadlıq eşqi ilə çırpındıqlarını bildirdi. Qeyd etdi ki, Cənubi Azərbaycandakı soydaşlarımız həmişə Quzeyə baxıb hərəkətə gəlib, İran adlanan fars imperiyasından ayrılmaq istəyində olduqlarını bildiriblər: "Bir İran mollası olaraq ayətullah Safi Azərbaycanın müstəqilliyini istəməyənlərdən olub. Onun Azərbaycan müsəlmanlarına yanaşması da aşkar bölücülükdür. İranlı mollabaşılar Azərbaycanı "şiə məmləkəti" adlandırır. Heç kimə sirr deyil ki, İranda islam xeyli dərəcədə saxtalaşdırılıb, fars dövlət ideologiyasına uyğunlaşdırılıb. Bir sözlə, İran din pərdəsi altında Azərbaycanın daxili siyasətinə müdaxilə edir”.

 

İran kobud səhvə yol verir

 

Tahir Süleymanov: "İran dindarları Qarabağda darmadağın olmuş, təhqir edilmiş, tövləyə, anbara çevrilmiş məscidlərə niyə biganədir?"

 

Azərbaycandakı dini durumu İran ayətullahlarının da bilməmiş olduğunu qeyd edən millət vəkili Tahir Süleymanov onların, sadəcə, bilərəkdən Azərbaycanı "şiə məmləkəti" kimi təqdim etmələrində başlıca məqsədlərinin olduğunu dilə gətirdi. Bildirdi ki, İran rejimi Azərbaycan insanlarını qıcıqlandırmağa, onları dinə təhlükə varmış kimi və digər məsələlərlə bağlı gərginlik yaratmağa səsləyir. "Cənub qonşumuz olan İran yenə də Azərbaycanın daxili işlərinə kobud şəkildə müdaxilə etməyə çalışmaqdadır. Əslində, İran həmişə Azərbaycanın daxili işlərinə belə müdaxilə istəyində bulunsa da, ölkənin müvafiq güc strukturları İrana xidmət edən müxtəlif elementləri və qrupları vaxtında zərərsizləşdirib. Məhz bu faktlara nəzər salsaq, görərik ki, İran Azərbaycanın daxili işlərinə qarışmağa cəhd kimi kobud bir səhvə yol verir. Bununla yanaşı, İran rəsmiləri başda olmaqla fars mollaları təhrikçi və bölücü fikirlər səsləndirməklə vətəndaşlarımızı təhdid etməklə yanaşı, onlara hədə-qorxu gəlinir. Təbii olaraq, burada sual yaranır ki, ayətullahlar, mollabaşılar, fars şovinistləri öz inancında bu qədər səmimidirsə və bu qədər islam təəssübkeşidirsə, müsəlmanların Ermənistandan və Dağlıq Qarabağdan qovulmasına, onların qətlə yetirilməsinə, Azərbaycan ərazilərinin işğalına niyə münasibət bildirmir?! Görəsən, o, əli Azərbaycan müsəlmanlarının qanına batmış erməni cəlladları ilə İran rəhbərlərinin qardaşlıq münasibətlərinə niyə etiraz etmir? Yoxsa ayətullah Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi zamanı öldürülmüş, işgəncələrə məruz qalmış azərbaycanlıları şiə qardaşları hesab etmir? İran dindarları Azərbaycandakı məscidlərin halına bu qədər yanırsa, Qarabağda darmadağın olmuş, təhqir edilmiş, tövləyə, anbara çevrilmiş məscidlərə niyə biganədir? İşğal olunmuş ərazilərdə islam mədəniyyətinin yerlə yeksan olunması onları niyə düşündürmür?"- deyən T.Süleymanov İranın bir dövlət olaraq Azərbaycanın daxili işlərinə qarışmasının cavabsız qalmayacağını da dilə gətirib.

 

İranın Azərbaycanla dini həmrəylikdən, qardaşlıqdan dəm vurması gülünc görünür

 

Sədaqət Vəliyeva: "İranın bütün hərəkətləri beynəlxalq hüquq normaları və mehriban qonşuluq münasibətləri ilə tam ziddiyyət təşkil edir"

 

"Ermənistanın sabiq prezidenti Levon Ter-Petrosyan etiraf edirdi ki, İranla sərhədi bağlansa, Ermənistan "boğular". İran isə Azərbaycanla dinbir dövlət olsa da, indi regionda daha çox işğalçı Ermənistanın əsas hamisi rolunu oynayan dövlətlərdən biri kimi çıxış edir. Aparılan araşdırmalar göstərir ki, son illər İran ilə Ermənistan arasında siyasi və iqtisadi əlaqələr, bir sıra sahələr üzrə strateji tərəfdaşlıq genişlənir" - deyən Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri, millət vəkili Sədaqət Vəliyeva Azərbaycan dövlət müstəqilliyini əldə etdikdən sonra İranın rəsmi dairələrinin ölkəmizin suveren hüquqlarının pozulmasına ən müxtəlif formada cəhdlər göstərdiyini də vurğuladı. Bildirdi ki, İran dəfələrlə hava sərhədlərimizi pozub, beynəlxalq hüquq normalarına zidd addımlar atıb. " İranın bütün hərəkətləri beynəlxalq hüquq normaları və mehriban qonşuluq münasibətləri ilə tam ziddiyyət təşkil edən bu tip təhdidləri son zamanlar bir daha intensivləşməkdədir. Ümumiyyətlə, Azərbaycan tam müstəqil dövlətdir və müstəqil siyasət yürüdür. Azərbaycan dünyəvi dəyərləri öz siyasi həyatına tətbiq edərkən, eyni zamanda, dini inancla bağlı hansısa fəaliyyəti həyata keçirərkən, bunu kimlərinsə xoşuna gəlmək üçün etmir. Bu, Azərbaycanın seçdiyi yola uyğun olaraq atılan addımlardır və kimlərinsə fikirləri dövlətimizi öz mövqeyindən döndərə bilməz. Azərbaycanın daxili siyasəti ilə bağlı atdığı addımlar haqqında İranda səhv fikirlərin səsləndirilməsi dövlətlərimiz arasındakı münasibətlərin və əməkdaşlığın ruhuna, mehriban qonşuluq siyasətinin prinsiplərinə uyğun deyil" -deyən S.Vəliyeva Konstitusiyamızda da göstərildiyi kimi, Azərbaycanın hüquqi, dünyəvi, demokratik və unitar dövlət olduğunu vurğuladı.

 

 

Rəfiqə KAMALQIZI,

 

Tapdıq QURBANLI

 

Səs.- 2011.- 27 yanvar.- S. 7.