Tükənməz inkişaf və reallaşan perspektivlər

 

Azərbaycanda ardıcıl olaraq həyata keçirilən uğurlu islahatlar son zamanlarda respublikanın bütün sahələr üzrə inkişaf etməsinə, vətəndaşların sosial rifah halının daha da yaxşılaşdırılması istiqamətində müsbət təsirini göstərməkdədir. Ölkədə əldə olunan yüksək nailiyyətlər, yeni-yeni inkişaf perspektivlərinin nəhəng layihələr əsasında reallaşması dünyanın, beynəlxalq aləmin iqtisadi maliyyə və digər mühüm qurumları tərəfindən heyranlıqla dəyərləndirilir, müsbət qiymətləndirilir.

Sadəcə, 2010-cu il ərzində qeydə alınan göstəricilər və statistik rəqəmlər, bir daha onu deməyə əsas verir ki, respublikamızda həyata keçirilən ardıcıl, məqsədyönlü islahatlar müvəffəqiyyətlə icra edilir, eləcə də, öz tükənməz bəhrələrini verir. Yaşadığımız bu ayın ilk 15 günlüyündə - yanvarın 14-də Prezident İlham Əliyevin Sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2010-cu ilin sosial-iqtisadi yekunlarına və 2011-ci ildə qarşıda duran yeni vəzifələrə həsr edilmiş iclasında Ölkə Başçısı həm də ayrı-ayrı dövlət və hökumət, nazirlik və komitə rəhbərləri tərəfindən ifadə olunmuş rəsmi statistikalar qeyd edilənləri növbəti dəfə isbatlayır.

Prezident İlham Əliyevin də vurğuladığı kimi, 2010-cu il dünyada iqtisadi böhran ili olmasına baxmayaraq, Azərbaycanda aparılan islahatlar və həyata keçirilmiş düzgün iqtisadi siyasət ölkə iqtisadiyyatının daha da uğurlu inkişafına şərait yaradıb: “İl ərzində qarşıda duran bütün vəzifələr icra olunub, nəzərdə tutulmuş sosial proqramlar həyata keçirilib. Eyni zamanda, Azərbaycanda çoxşaxəli iqtisadiyyatın formalaşdırılması istiqamətində ardıcıl tədbirlər görülüb. Məhz həyata keçirilən tədbirlərin nəticəsidir ki, ölkə iqtisadiyyatı 5 faiz artıb, ölkədə makroiqtisadi vəziyyət sabit qalıb. 2010-cu ildə ölkə əhalisinin pul gəlirlərinin artımı 12,3 faiz təşkil edib”.

Onu da qeyd etmək yerinə düşərdi ki, dövlət tərəfindən aparılan uğurlu sosial-iqtisadi islahatlar ölkədə yoxsulluq həddinin aşağı düşməsinə də kifayət qədər öz təsirini göstərib. Nəzərə alsaq ki, ötən illərdə respublikada yoxsulluq səviyyəsi 11,2 faiz təşkil edirdisə, 2010-cu ildə həmin göstərici 9,1 faizə enib. Əgər son 7 ilə baxış keçirsək, görərik ki, ölkəmizdə yoxsulluq həddi 4-5 dəfə azalıb. Ümumiyyətlə, bu göstərici minimuma enib. Respublikanın valyuta ehtiyatlarında da artım müşahidə olunub. Belə ki, Azərbaycanın valyuta ehtiyatları 29,4 milyard dollara yüksəlib. İqtisadiyyata 15,5 milyard dollar vəsait yatırılıb ki, həmin vəsaitin böyük bir hissəsini daxili investisiyalar əhatə edir. Mühüm reallıqlardan biri də odur ki, daxili investisiyaların xarici investisiyaları geridə qoyması Azərbaycanda əlverişli iş şəraiti mühitinin yaradılması və investisiya mühitinin əlverişli imkanlara malik olmasıdır.

Digər vacib nüanslardan biri də odur ki, ölkənin sosial-iqtisadi inkişafına yönəldilmiş investisiyaların 9,3 milyardı, əsasən, qeyri-neft sektoruna qoyulub. Nəzərə alsaq ki, ölkə iqtisadiyyatına qoyulan 15,5 milyard vəsaitin yarıdan çoxu, daha dəqiq desək, 9,3 milyard dolları qeyri-neft sektoruna yönəldilib, o zaman bu amilin nə qədər mühüm anlayış təşkil etdiyinin şahidi olarıq. Eyni zamanda, bu amil onu xarakterizə edir ki, Azərbaycanda neft sektoru ilə yanaşı, qeyri-neft sektoru da sürətlə inkişaf edir, həmçinin, iqtisadi potensialımızın yalnız neft sahəsindən olan asılılığı aradan qalxır. Məhz qeyri-neft sektorunun inkişaf etdirilməsi sahəsində görülən ardıcıl işlərin nəticəsidir ki, son illər ölkəmizdə bu istiqamətdə nəhəng irimiqyaslı layihələr həyata keçirilir. Bu kontekstdə təkcə Oğuz-Qəbələ-Bakı su kəməri xəttinin qısa müüddət ərzində inşa edilərək, istifadəyə verilməsini qeyd etmək kifayətdir.

Ümumiyyətlə, 2010-cu il ərzində qazanılan nailiyyətlərə diqqət yetirdikdə, sosial müstəvidə reallaşan proqramlar və bu proqramların zamanında icrası nəticəsində əldə edilən uğurlara diqqət yetirmək çox vacibdir. Ötən illərdə olduğu kimi, keçən il də ölkə əhalisinin sosial rifah halının yaxşılaşdırılması dövlət siyasətinin mühüm prioritetlərindən biri kimi əsaslanıb. Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının növbəti - ikinci mərhələsinin uğurlu icrası nəticəsində Azərbaycanda bir çox zavodlar, müəssisələr, fabriklər inşa edilmiş, hələ uzun müddət bundan öncə fəaliyyəti dayanmış müxtəlif tikili istehsal sahələrinə aid sənaye obyektləri istifadəyə verilmişdir. Bu isə yeni-yeni iş yerlərinin açılmasına, əhalinin işlə təminatına xidmət edən faktorlardandır. Bu davamlı prosesin yalnız paytaxtda deyil, eləcə də, ölkəmizin ayrı-ayrı regionlarında, habelə, ucqar dağ və dağətəyi rayonlarda müntəzəm surətdə davam etdirilməsi əhalinin kənddən şəhərə axınının qarşısını almışdır.

Heç də təsadüfi deyil ki, məhz sözügedən Dövlət Proqramının müvəffəqiyyətli icrası nəticəsində artıq geridə qalmış 2010-cu ildə ölkəmizdə 70 mindən artıq yeni iş yerləri açılıb ki, onlardan da 53 mini daimi iş yerləridir. Əgər ümumi götürsək, 2004-cü ilin fevral ayından indiyədək Azərbaycanda, bütövlükdə, 900 min iş yeri açılıb. Onu da xatırladaq ki, vaxtilə, bir zamanlar Azərbaycanda 600 min yeni iş yerinin açılmasını xəyal kimi qəbul edənlər və bu rəqəmin mümkünsüzlüyünü iddia edənlər artıq bu gün həqiqətə çevrilmiş reallıqlar qarşısında aciz qalıb, bununla barışmaq məcburiyyətindədirlər. Çünki bu gün yeni açılmış iş yerlərində çalışaraq, əməkhaqqı alanların bir çox qismi də sözügedən iddialar ilə çıxış edənlərin ya özləri, ya da onların yaxın ətrafları, qohum-əqrəbalarıdır.

Ənənəvi olaraq, hər il olduğu kimi, ötən il də Prezident İlham Əliyevin müvafiq sərəncamları ətrafında əhalinin minimum əməkhaqqı və pensiyaların baza hissəsi artırıldı. Beləliklə, əhalinin minimum əməkhaqqı, eyni zamanda, pensiya və müavinətlərin artırılması da başa vurulan 2010-cu ildə diqqətçəkən məsələlərdən oldu. Nəticə olaraq, minimum əməkhaqqı və pensiyaların baza hissəsi 75 manatdan 85 manata qədər yüksəldildi. Heç də təsadüfi hal deyil ki, dünyanı qlobal iqtisadi və maliyyə böhranı öz cənginə aldığı bir ərəfədə Azərbaycanda minimum əməkhaqqı və pensiyaların baza hissəsinin artırılması bir çox inkişaf etmiş ölkələr tərəfindən heyrət və alqışla qarşılandı. Çünki bu ərəfələrdə inkişaf etmiş ayrı-ayrı ölkələr, Avropa ölkələri düşdükləri böhranlı vəziyyətdən çıxmaları üçün, nəinki əhalinin pensiya və əməkhaqlarının artırılması barəsində düşünüb, əksinə, əhaliyə verilən müavinətlərin ləğv edilməsi, həmçinin, kütləvi halda iş yerlərinin bağlanmasının özündə ehtiva edən dövlət proqramları üzərində işləyirlər. Bir sözlə, artıq Avropada lkəmərsıxma siyasəti» kimi anlaşılan ifadə iqtisadi böhrandan çıxış üçün yeganə variant kimi istifadə olunur.

Beləliklə, gördüyümüz kimi, ölkəmiz Azərbaycan hər bir sahədə, eləcə də, sosial sahədə həyata keçirilən islahatlar və onun uğurlu real nəticələri ilə qonşu ölkələrlə bərabər digər inkişaf etmiş dövlətləri kölgədə qoyur. Məsələn, əgər bir neçə illər öncə, ölkəmiz aparıcı Qərb dövlətlərinin inkişaf perspektivi təcrübəsini öyrənir, bunları respublikada tətbiq etməyə çalışırdısa, indi artıq həmin dövlətlərin əksər çoxluğu inkişaf etmiş ölkələr olduğuna baxmayaraq, məhz Azərbaycandan yararlanmağa, onun təcrübəsindən faydalanmağa səy göstərirlər. Bu isə tam təbii reallıq olaraq, respublikamızda bütün istiqamətlərdə gerçəkləşdirilən uğurlu siyasətin və müvəffəqiyyətli islahatların nəticəsidir.

 

 

RÖVŞƏN RƏSULOV

 

Səs.- 2011.- 27 yanvar.- S. 8.