Dinin siyasətə alət edilməsi yolverilməzdir

 

Azərbaycan özünün tolerantlıq modeli ilə dünyada örnək ölkələrdən biridir

 

Azərbaycanda dini tolerantlıq hökm sürür və hansısa inancı seçdiyinə görə, heç kimə problem yaradılmır. Əlbəttə, ölkədə dini dözümlülük və tolerantlıq ab-havasının saxlanılmasının təmin olunması olduqca vacib məsələdir. Bu amil dövlətçiliyimizin qorunmasında və inkişafında önəmli rol oynayır. Ancaq hansısa təriqətə bağlılıq, dövlət maraqlarından üstün tutulmamalıdır.

 

“Ölkəmiz özünün dövlət-din münasibətləri modeli ilə dünyanın ən yaxşıları sırasındadır”

 

Hazırda Azərbaycanda dini sabitlik kifayət qədər yüksəkdir. Dövlətimiz vətəndaşların vicdan azadlığının qorunması üçün üzərinə düşən bütün vəzifələri qətiyyətlə həyata keçirir. Bunun məntiqi nəticəsi olaraq ölkəmizdə dövlət-din münasibətləri müasir qanunvericilik səviyyəsində tənzimlənir, dini etiqad azadlığı tam qorunur, tolerantlıq daha da möhkəmlənir. Heç kim dininə və əqidəsinə görə təzyiqlərə məruz qalmır, dini mənsubiyyətə görə ayrı-seçkilik aparılmır. Azərbaycanda dövlət-din münasibətləri möhkəm qanunçuluq bazası üzərində qurulub.

Dövlətimizin müəyyənləşdirdiyi dövlət-din münasibətlərini tənzimləmə üsulu, nəinki Azərbaycan cəmiyyətində, həmçinin, ölkəmizi yaxından öyrənən xarici ekspertlər, din siyasəti ilə məşğul olan elmi araşdırıcılar, dövlət rəsmiləri, politoloqlar, qafqazşünaslar tərəfindən də rəğbətlə qarşılanır. Təsadüfi deyil ki, artıq ölkəmiz özünün dövlət-din münasibətləri modeli ilə təkcə yerləşdiyi coğrafi regionun deyil, dünyanın ən yaxşıları sırasındadır.

Qeyd edək ki, “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununa edilmiş sonuncu əlavə və dəyişikliklərdən sonra dini icmaların yenidən qeydiyyatına başlanıb. Hazırda bu proses davam edir. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov YAP-ın saytına müsahibəsində bildirib ki, əvvəllər qeydiyyatdan keçmiş dini icmalar 2010-cu ilin yanvar ayının 1-dək Dövlət Komitəsinə müraciət etməli idilər: “Həmin dini icmaların böyük əksəriyyəti müraciət ediblər. Müraciətlərə baxılıb və icmaların çoxu qeydiyyata alınıb. Sənədlərində nöqsan və uyğunsuzluq olanların isə qeydiyyata alınmasından imtina edilib. Konkret rəqəmlərlə desək, bugünədək 510 dini icma Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində qeydiyyatdan keçib. 30 icmanın yenidən qeydiyyata alınmasından isə imtina olunub”.

 

“Dövlətimiz kifayət qədər güclü, cəmiyyətimiz   isə kifayət qədər yüksək intellektual cəmiyyətdir”

 

Azərbaycanda bəzi dini qruplaşmalarda ekstremizmə meyillilik müşahidə olunduğunu deyən komitə sədri qeyd edib ki, ötən əsrin 90-cı illərinin axırları və bizim əsrin əvvəlləri ilə müqayisədə, onların dairəsi xeyli daralıb, fəaliyyətləri zəifləyib və getdikcə zəifləməkdədir: “Əminliklə demək olar ki, qanunazidd əməllərlə məşğul olan belə qrupların dinlə heç bir əlaqələri yoxdur. Onlar xarici radikalların buradakı ruporu olmağın müqabilində maliyyə vəsaiti ilə təmin olunur və təlimatlandırılırlar. Azərbaycan cəmiyyəti bu kimi məsələlərə qarşı həmişə prinsipial mövqedə dayanıb. Çünki Azərbaycan bu gün ötən əsrin 90-cı illərinin əvvəllərindəki dövlət deyil. İndi dövlətimiz kifayət qədər güclü, cəmiyyətimiz isə kifayət qədər yüksək inkişaf etmiş, intellektual cəmiyyətdir”.

H.Orucov vurğulayıb ki, Azərbaycanı sevməyən bəzi qüvvələrin ruporu olan və dini sferada təmsil olunan bu qrupların maliyyə vəsaitləri ilə təmin edilməsi istisna deyil. Çünki belə işlərlə məşğul olmaq üçün də maliyyə lazımdır. Bu qrupların əksəriyyətinin satın aldıqları, yaxud kirayələdikləri ofisləri, kağız və elektron mətbuat orqanları və başqa təbliğat vasitələri var. Bütün bunları idarə etmək üçün kifayət qədər böyük maliyyə vəsaiti lazımdır. Müşahidələr göstərir ki, bu qruplara daxil olan insanların konkret gəlir mənbəyi də yoxdur. Ölkəmizdə təxribatçılara maliyyə ilə kömək edəcək insanların olması da inandırıcı deyil. Bu amillər onların kənardan maliyyələşdirilməsinə inanmağa əsas verir.

 

 5-10 nəfər radikal dindarın tələbi ilə cəmiyyət şəriət qanunları ilə yaşamağa məcbur deyil

 

Son vaxtlar ölkədə dindarların həssaslığından yararlanmağa çalışan qüvvələr tərəfindən ortaya bəzi məsələlər atılıb. Bunlardan biri də şagirdlərin orta məktəbə çadra ilə gəlməsinə icazə verilməsidir. Bir qrup adam tərəfindən bununla bağlı aksiya da keçirildi.

Təhsil naziri isə bəyan etdi ki, Azərbaycan sivili, dünyəvi dövlət quruluşuna malikdir və sivil, demokratik qanunlarla idarə olunur. O üzdən də şagirdlər məktəbə vahid məktəbli geyimində gəlməyə borcludurlar. Bu mövqeni ölkənin ziyalı ictimaiyyəti də dəstəklədi.

Lakin xaricdən idarə olunduğu şübhə doğurmayan bəzi radikal dini qruplar özlərinin inanclarını bütün cəmiyyətin yaşam sisteminə daxil edilməsini tələb edirlər. Beləliklə, dövlətin dünyəvi sistemini, cəmiyyətin ənənəvi yaşam tərzini zorla dəyişdirməyə cəhd edilir.

Hər kəsin geyim azadlığı var, lakin hər yerin də özünün qayda-qanunları var. Əgər şagird məktəbə təhsil almağa gəlirsə, buranın daxili qayda-qanunlarına riayət etməyə borcludur, müqəddəs elm ocağında çadraya bürünməyə, ya da açıq-saçıq geyimə ehtiyac yoxdur.

Bu tələblərdə nə hüquqi, nə mənəvi, nə də sosial əsaslar yoxdur. Dünyanın bütün normal ölkələrində təhsilin müəyyənləşdirilmiş tələbləri var. Bunlardan biri də məktəbli geyimidir. Hansısa dini təriqətin tələblərinə görə, qatı dindar ailələrdə böyüyən uşaqların zorla çadraya (yeni terminlə hicaba) bürüdülərək dərsə göndərilməsi heç bir kriteriyaya sığmır.

Konstitusiyamıza görə, Azərbaycanın rəsmi dini yoxdur və ölkəmiz dünyəvi sistemlə idarə olunur. Cəmiyyətdə müxtəlif inanclara tapınan vətəndaşlar yaşayır. Fərz edək ki, bir sinifdə 5-6 fərqli dinə inanan valideynlərin uşaqları təhsil alır. Hərə də fərqli dini paltarda məktəbə gəlsə, o zaman bu sinif nəyə bənzəyəcək? Bu otaq məktəb sinfindən daha çox dini konfessiyaların dialoq konfransına bənzəməyəcəkmi?

Bu kimi hallar uşaqların psixologiyasına mənfi təsir edir. Sovetlər dövründə çox gözəl bir qayda və ənənə var idi, bütün məktəblilər dərsə eyni formada- məktəbli geyimində gəlirdilər. Bununla da, şagirdlərin mənsub olduqları sosial zümrə nəzərə çarpmırdı və hər kəs bərabər imkanlara malik olduğunu anlayırdı.

Sonradan, təəssüf ki, bu ənənədən imtina edildi və məktəb bir növ müxtəlif modaların nümayiş etdirildiyi podiuma döndü. İndi hökumətimiz bu gözəl ənənəni bərpa edir və bu da cəmiyyətin sağlam üzvləri tərəfindən alqışlanır. İndi 5-10 nəfər radikal dindarın tələbi ilə cəmiyyət şəriət qanunları ilə yaşamağa məcburdur?

Məsələnin ikinci bir tərəfi də var. Heç bir valideyn azyaşlı övladının başını bağlayıb məktəbə göndərə bilməz. Bu, heç də dini azadlığı məhdudlaşdırmaq deyil, bu, əslində, həmin uşağın azadlığını əlindən almaqdır. Qoy həmin uşaq böyüsün, həyata özünün baxışları formalaşsın, ondan sonra özü müəyyən etsin ki, hicabdan istifadə etsin, ya yox. Yoxsa, dinin mahiyyətini anlamayan azyaşlı uşaqlara psixoloji təzyiq edərək, onları sərt qayda-qanunlarla yaşamağa məcbur etmək nə dərəcədə etikdir? Ya da nə dərəcədə hüquqidir?

Ümumiyyətlə, insanın din seçimi azaddır, bəlkə həmin uşaq yetkinlik yaşına çatdıqda, şüurlu şəkildə araşdıracaq və başqa dini seçəcək və ya ateist olacaq? Bu, onun öz təbii və konstitusion hüququdur. Heç bir qüvvənin bu hüquq onun əlindən almaq haqqı yoxdur.

Digər tərəfdən, çadra və ya hicab sırf ərəb milli geyimidir. Bunun türklərə, ya başqa millətlər nə dəxli var? Hər xalqın öz mədəniyyəti, ənənəsi, yaşam tərzi, geyim forması var. Dinin missiyası yalnız və yalnız insanları Tanrını sevməyə səsləmək, bütün canlılara hörmət və sevgi bəslənməsini məsləhət görməkdir. Qalan hər şey siyasətdir, həm də çirkin siyasət.

 

Gilavar özü ilə təkcə isti küləklər gətirmir, həm də soyuq qonşuluq havası gətirir

 

Bu proseslərin, konkret olaraq, İrandan qaynaqlandığına heç kimin şübhəsi yoxdur. Düzdür, bu məsələdə (ölkədə radikal dindarlığın və mövhumatın güclənməsində) bəzi qonşu ölkələrin və Qərb dairələrinin də böyük rolu var, amma ən böyük payın Tehrana aid olduğu şübhəsizdir.

Bu yaxınlarda hicab məsələsi ilə bağlı bəzi dindarların etiraz aksiyaları xarici dairələr tərəfindən təşkil olunmuş, maliyyələşdirilib və dəstəklənib. Nardaranda səsləndirilmiş şüarlar məsələnin mahiyyətini aydın dərk etməyə yardım edir. Məlum olur ki, kobud desək, dava “din davası deyil, dən davasıdır”.

Yadınızdadırsa, hicab məsələsi ilə bağlı iranlı ayətullah Nasir Məkarim Şirazi də eyni mövqedən çıxış etmişdi. O da Azərbaycanda orta məktəblərdə hicaba qoyulan qadağaya qarşı çıxaraq, əhalini bu qərara qarşı müqavimət göstərməyə çağırmışdı.

Deyəsən, Azərbaycanın sürətlə hərbi, iqtsadi cəhətdən möhkəmlənməsi, siyasi nüfuzunu artırması, regionda söz sahibinə çevrilməsi Tehranı yaman narahat edir. Radikal dindarların əsas məqsədi Azərbaycanı sivil, demokratik inkişaf yolundan döndərmək, şəriət qanunlarını tətbiq etmək, bəzi digər ölkələr kimi Azərbaycanda dindar, teokratik cəmiyyət qurmaq, ölkəmizi qeyri-stabillik nümunəsinə çevirməkdir.

Onlar dini ekstremizm fəaliyyətindən çəkinmir, açıq radikal çıxışlar edir, özlərinə tərəfdar toplamağa çalışır, dindar, mömin pərdəsi altında dünyagörüşü hələ tam formalaşmamış gənclərdən, sıravi vətəndaşlardan sui-istifadə edir, onları dövlətə qarşı yönəltmək istəyirlər.

Təəssüf ki, qloballaşma əsrində, elm və texnikanın inkişaf etdiyi müasir dövrdə bəzi yerli və xarici qüvvələr hələ də müxtəlif vasitələrdən, o cümlədən, din amilindən istifadə etməklə, ölkəmizi dini cəhalətə sürükləməyə çalışırlar. 

Azərbaycan monolit dövlət, vahid xalq, tolerant cəmiyyət modelini seçib və bu yoldan dönməyəcəyini ortaya qoyub. Azərbaycanda xalq və dövlət arasında qırılmaz bağlar var ki, bunu heç bir daxili və xarici qüvvə qoparmaq iqtidarında deyil.

Azərbaycan hüquqi, demokratik inkişaf yolu ilə sürətlə irəliləyin ölkədir və hər hansı dini qrupların, onların xarici havadarlarının sabitliyi pozmaq, əhali arasında çaxnaşma yaratmaq, din adından istifadə edib öz bəd niyyətlərini həyata keçirmək cəhdləri heç bir səmərə verməyəcək.

 

 

Elçin Bayramlı

 

Səs.- 2011.- 27 yanvar.- S. 11.