Şuşanın mədəni həyatında yüksəliş dövrü

 

XIX əsrin ortalarında Azərbaycanın, o cümlədən, Şuşanın mədəni həyatında böyük yüksəliş var idi. Məşhur ədəbiyyatşünas alim Firidun bəy Köçərli Şuşanı Zaqafqaziyanın Şirazı adlandıraraq, Azərbaycan ədəbiyyatı kitabında yazmışdır:”Şuşa şəhərinin ab-havasının təsirindən və torpağının bərəkətindən burada çox zürafə, üdabə və şüarə vücuda gəlibdir.

 Belə ki, Şuşa qalası Zaqafqaziyanın Şirazı mənzərəsindən olub, ərbabi-zövqü səfa və əhli-hal və sahibi-dil yatağı hesab olunur”.

Şuşanın inzibati mərkəz olmasına, onun iqtisadi cəhətdən yaxşı inkişaf etməsinə, şəhərin füsunkar təbiətinə və coğrafi mövqeyinə, buranın uzun müddət Azərbaycanın elm, poeziya, xüsusilə, musiqi mədəniyyəti mərkəzi olmasına əsaslanaraq xalq şairi Səməd Vurğun yazırdı: “Şuşa təkcə özünün gözəl təbiəti ilə deyil, yüksək, ahəngdar və poetik mədəniyyəti ilə də şöhrət tapmışdır”.

XIX əsrin 40-cı illərindən Şuşanın mədəni həyatında xeyli yüksəliş baş verir. Yerli camaatın teatr tamaşalarına meyili yüksəlir. Qafqazda ilk teatr 1845-ci ildə Tiflis şəhərində tamaşaya qoyulur. O vaxtlar Şuşa ilə Tiflis şəhərləri arasında çox güclü ticarət və mədəni əlaqələr var idi. Şuşada isə ilk tamaşa 1848-ci ildə səhnələşdirilir. Azərbaycan dramaturgiyasının banisi M.F.Axundovun Azərbaycan dilində yazdığı ilk pyeslər bundan sonra, mütəmadi olaraq, Tiflisdə, Bakıda və Şuşada tamaşaya qoyulmağa başladı. 1870-ci ildə, ilk dəfə olaraq Şuşada Azərbaycan teatr sənətinin yaradıcısı Mirzə Muxtar tərəfindən Azərbaycan dilində tamaşa göstərildi. O dövrdə gənc müəllimlərdən Firidun bəy Köçərli, Bədəlbəy Bədəlbəyov, Əbdürrəhim bəy Haqverdiyev, Həsən bəy Vəzirov və məşhur xanəndə Cabbar Qaryağdıoğlu da bu tamaşada iştirak etmişdilər. Dahi Azərbaycan şairi Məhəmməd Füzulinin Leyli və Məcnun poeması əsasında Məcnun Leylinin qəbri üstündə səhnəsini musiqili tamaşa kimi 1897-ci ildə Şuşada Cabbar Qaryağdıoğlunun iştirakı ilə Əbdürrəhim bəy Haqverdiyev tamaşaya qoymuşdur. O vaxt 12 yaşlı  Ü.Hacıbəyovun bu tamaşadan aldığı təəssüratlar gələcəkdə Leyli və Məcnun operasının yaranmasına öz təsirini göstərmişdir. XIX əsrin birinci yarısı teatr və musiqi sənəti ilə yanaşı, Şuşada elm və maarifçilik sahəsi də geniş vüsət tapmışdır. Burada 1830-cu ildə qəza məktəbi, 1838-ci ildə seminariya, 1876-cı ildə şəhər və ibtidai məktəb, 1880-ci ildə altısinifli qəza məktəbi və 1886-cı ildə isə rus-tatar məktəbləri yaranmışdı. Belə məktəblərin açılması və təminatı Peterburq Dağ İnstitutunu bitirmiş mühəndis Fərrux bəy Vəzirovun xidmətləri idi. Bununla yanaşı, şəhərdə Gövhər ağanın, Səməd bəy Ağayevin şəxsi məktəbləri də fəaliyyət göstərirdi. 1894-cü ildə isə qız məktəbi olan - Mariin məktəbi açıldı. 1910-cu ildə artıq Şuşa məktəblərində təxminən 2000-nə qədər şagird və tələbə təhsil alırdı. Maarifçiliyin inkişafı, söz yox ki, gələcəkdə musiqi məktəblərinin əmələ gəlməsinə də zəmin yaradırdı. XIX əsrin 70-ci illərində Şuşada musiqi məktəbinin ilk yaradıcısı Xarrat Qulu olmuşdur. Professor Bülbül Məmmədov qeyd edirdi ki, tələbələr 13-14 yaşına kimi Molla İbrahimin, 14 yaşından yuxarı isə Xarrat Qulunun məktəbində musiqi dərsini öyrənirdilər. Xarrat Qulu 1823-1883-cü illərdə Şuşa şəhərində yaşamışdır. O, klassik xalq musiqisini mükəmməl bilir və həm də ilhamlı şeirlər yazırdı. O, gözəl səsə malik idi. Məhərrəmlik təziyəsini keçirmək məqsədilə Xarrat Qulu təşkil etdiyi məclisə, Şuşanın yaxşı səsi olan gənclərini cəlb edib, şəbih səhnələrini oynamaqla yanaşı, eyni zamanda, onlara muğamatın sirlərini də öyrədirdi. Dini məqsəd daşımasına baxmayaraq, haqqında bəhs etdiyimiz məclis Azərbaycanda xanəndəlik və instrumental musiqinin inkişafında müəyyən yer tutmuş, Hacı Hüsü, Məşədi İsi, Sadıqcan, Əbdül Baği Zülalov, Cabbar Qaryağdıoğlu, Keçəçioğlu Məhəmməd kimi sənətkarların yetişməsinə səbəb olmuşdur. Firidun bəy Köçərli Xarrat Qulunun sənətinə yüksək qiymət verərək yazırdı: “Kərbəla Qulunun sənəti xarratlıq idi. Çox dəqiq və əhli-zövq, şirinkəlam bir şəxs idi ki, cümlə Şuşa əhli onu əziz və mehriban tutardı. Öz sənətində artıq məharətli olduğu kimi, elmi musiqidə dəxi baxəbər idi. Qarabağın məşhur xanəndələri onun yetirmələridir”. Molla İbrahimin məktəbində də bir çox musiqiçilər dərs almışdır. Sevimli müğənnəmiz Bülbül də ilk təhsilini məhz bu məktəbdə almışdır.

1886-cı ildə 23 yaşlı gimnaziya müəllimi Firidun bəy Köçərli İrəvanda teatr tamaşası təşkil edir. Qori seminariyasının məzunu Firidun bəy Köçərli 1885-ci ildə İrəvana gəlmişdi. Həmin tamaşa - M. F. Axundovun “Müsyö Jordan və Dərviş Məstəli şah” komediyasının tamaşası İrəvan əhalisinin həyatında böyük mədəni hadisəyə çevrilir. Lakin F.Köçərli, 1895-ci ildə İrəvanı tərk etmişdir. Bundan sonra teatra 18 yaşlı Yunis Nuri rəhbərlik etmişdir. 1945-ci ilə kimi - düz 50 il bu vəzifəni daşıyan Yunis Nurinin də xidmətləri teatrın unudulmaz səhifələrindəndir.

 

 

Zümrüd

 

Səs.- 2011.- 27 yanvar.- S. 12.