Azərbaycan başqa dövlətlərin daxili işlərinə qarışmadığı kimi...

 

Əli Əhmədov: “Başqa bir dövlət də Azərbaycanın daxili işlərinə qarışmamalıdır"

 

Bizə qonşu dövlətlərdən biri olan İranın televiziya kanalında Azərbaycanla bağlı xoşagəlməz fikirlər səsləndirilirsə, əlbəttə bunu çox pis qiymətləndirirəm". SİA-nın xəbərinə görə, bu barədə jurnalistlərə açıqlamasında Yeni Azərbaycan Partiyasının sədr müavini, İcra katibi, millət vəkili Əli Əhmədov deyib. O bildirib ki, İranla Azərbaycan təkcə qonşu dövlətlər deyil, onları bir-birinə bağlayan çoxlu tarixi tellər var. Digər bir tərəfdən İranda çoxlu sayda etnik azərbaycanlıların yaşadığını deyən sədr müavini vurğulayıb ki, bunların hamısı İran Azərbaycan münasibətlərinə xüsusi bir rəng verir. Onun sözlərinə görə, bütün bunların fonunda İranın kütləvi informasiya vasitələrində, elektron KİV-lərdə, həmçinin "Səhər" televiziya kanalında Azərbaycanla bağlı, bizim qonşuluq siyasətimizin fəlsəfəsinə, mahiyyətinə, tarixinə, bəlkə bu gününə uyğun gəlməyən təbliğat aparılırsa, bütövlükdə buna çox mənfi qiymət verirəm.

"Digər bir tərəfdən hesab edirəm ki, Azərbaycan müstəqil dövlət olaraq həm daxili, həm daxili siyasətini uğurla həyata keçirir. Kimin xoşuna gəlib-gəlməməsindən asılı olmayaraq Azərbaycan xalqının maraqlarına uyğun şəkildə öz dövlət siyasətini müəyyənləşdirir onun kifayət qədər qətiyyətlə həyata keçirir. Hər hansı bir dövlətin Azərbaycanın həyata keçirdiyi siyasəti bəyənib-bəyənməməsindən asılı olmayaraq bu siyasət yürüdüləcək. Azərbaycan başqa dövlətlərin daxili işlərinə qarışmaq niyyətində olmadığı kimi, başqa bir dövlət Azərbaycanın daxili işlərinə qarışmaq kimi mənasız, faydası olmayan işlə məşğul olmamalıdır. Biz İranla mehriban qonşuluq münasibətlərimizi qiymətləndiririk, bunu davam etdirmək fikrindəyik. Mən istərdim ki, İran tərəfi, KİV-ləri Azərbaycan xalqının qəlbinə toxunan, onu incidən, milli ruhuna toxuna biləcək fikirlərə yol verməsin. Mən inanmaq istəyirəm ki, İran tərəfi, rəhbərliyi bütün bunların hamısına diqqət verəcək, Azərbaycana hörmətlə yanaşacaq bütün bu işlərə son qoyulacaq. Bütün bunları pisləyir qonşuluq münasibətlərinə yaraşmayan hesab edirik. Bu bizim tarixi əlaqələrimizə yaraşmayan haldır. Mən inanıram ki, bu hala tezliklə son qoyulacaq".

Əli Əhmədov həmçinin, İran mətbuatında Dağlıq Qarabağın Ermənistanın ərazisi kimi göstərilməsi məsələsinə münasibət bildirib. O vurğulayıb ki, İranın rəsmi dairələri Qarabağla bağlı dəfələrlə münasibətlərini, o cümlədən Dağlıq Qarabağın Azərbaycanın ərazisi olması haqqında mövqelərini bildirib. Sədr müavinin sözlərinə görə, İranda fəaliyyət göstərən saytlar, mətbuat, bütövlükdə təbliğat vasitələri ölkənin dəfələrlə bəyan etdiyi rəsmi mövqeyinə əks olan fəaliyyət göstərməkdədirlər: "Əksinə onlar da İranın rəsmi mövqeyini əks etdirən fikirlər səsləndirilməlidir. Əgər bizə qonşu olan İranda kimlərsə Azərbaycanın ayrılmaz hissəsi olan Dağlıq Qarabağı Azərbaycandan ayırmaq yaxud Ermənistanın tərkibindəki bir ərazi kimi göstərmək istəyirsə, biz bunu qətiyyətlə pisləyirik. İlk növbədə hesab edirəm ki, İran rəsmi dairələri buna öz münasibətlərini bildirməli, saytın yarıtmaz fəaliyyəti barədə addımlar atmalıdır. Digər tərəfdən isə Azərbaycan vətəndaşları olaraq qonşumuzun belə hərəkət etməsinə öz etirazımızı bildiririk". Ə. Əhmədov həmçinin Ermənistan prezidenti Serj Sarkisyanın "Azərbaycana bir qarış da torpaq verməyəcəyik" bəyanatına da münasibət bildirib. O bildirib ki, bu S.Sarkisyanın növbəti "sarsaq" bəyanatlarından biridir. Onun sözlərinə görə, bizim indiyə qədər apardığımız danışıqların dinc yolla nizama salınmasında bu istiqamətdə atdığımız addımlarda qarşıya qoyduğu məqsəd ondan ibarətdir ki, Azərbaycanın bütün işğal olunmuş torpaqları işğaldan azad olsun, Azərbaycanın ərazi bütövlüyü təmin olunsun. Ə.Əhmədov qeyd edib ki, Azərbaycanın haqq işi, beynəlxalq hüququ, Azərbaycan xalqının iradəsi bunu həm tələb, həm mümkün edir: "Bundan əlavə, Azərbaycanın gündən-günə artan iqtisadi potensialı buna imkan yaradır. Azərbaycan Ordusunun artan qüdrəti, əsgərlərimizin mətinliyi, qəhrəmanlığa hər an hazır olması qarşımıza qoyduğumuz şərəfli milli vəzifəyə çatmağımızı mümkün edir. Bu mümkün mütləq olacaq. S.Sarkisyan başda olmaqla, kimin belə sərsəm bəyanat vermələrindən asılı olmayaraq, Azərbaycan xalqı bir qarış belə torpağı kiməsə bağışlamaq fikrində deyil. Azərbaycanın hər bir vətəndaşı öz torpaqlarını azad etmək üçün ölümə getməyə qədər hər bir fədakarlığa hazırdır. Bu qüvvənin qarşısında heç bir sərsəm bəyanatlar tab gətirə bilməz". YAP-ın sədr müavini qeyd edib ki, Ermənistanın Azərbaycan torpaqlarını bu günə kimi işğal altında saxlaması bütövlükdə dünya dövlətlərinin əksəriyyəti tərəfindən pislənilib. İranın da bu məsələyə rəsmi şəkildə öz mövqeyini bildirdiyini deyən Ə.Əhmədov vurğulayıb ki, istəyimiz Azərbaycan torpaqlarının işğaldan azad olmasıdır.

" qədər ki, Ermənistan işğal altında saxladığı Azərbaycanın torpaqlarını işğaldan azad etmir, bu o qədər Ermənistanın özü üçün çox ciddi iqtisadi digər xarakterli problemlərə gətirib çıxaracaq. Bu yalnız Ermənistanın işğalçılıq siyasətinin nəticələridir ki, onun ağır bəhrələrini indi görməkdədir. Təəssüf hissi ilə bildirirəm ki, Azərbaycanın qonşuları içərisində kimsə təcavüzkara açıq şəkildə olmasa da gizli şəkildə, mahiyyət etibarı ilə dəstək verir. Bizim üçün çox ağırdır ki, bu dəstəyi verən bizim qonşumuzdur. Tarixi mədəni tellərlə Azərbaycana bağlı olan dövlətdir, əlbəttə bu bizi incidir. Biz çox istərdik ki, təcavüzkara öz təcavüzkarlıq əməllərini davam etdirmək üçün kimsə dəstək verməsin, xüsusilə İrandan belə bir dəstək olmasın. İranın Azərbaycanın torpaqlarını işğal etmiş bir dövlətə bu formada dəstək verməsini qəti şəkildə pisləyirik", - deyə o əlavə edib.

 

 

Səs.- 2011.- 28 yanvar.- S. 5.