İranda din islama, islami dəyərlərə deyil,
bir qrup adamın hakimiyyətdə qalmasına xidmət edir
Siyavuş Novruzov: "Yaddan çıxarmasınlar
ki, İrana təzyiqlər olarkən, məhz bizim Prezidentimiz
Azərbaycan ərazisindən bu ölkəyə qarşı
istifadə olunmayacağını bəyan etdi"
- Hazırda mətbuatda ən
çox müzakirə olunan mövzulardan biri hicab
məsələsidir. Sizcə, Azərbaycanda hicab problemi
varmı?
-
Ölkəmizdə hicab problemi yoxdur, bu məsələ
süni şəkildə yaradılıb. Azərbaycan
vətəndaşının hansı formada gəzməsi
ilə bağlı nə Nazirlər Kabineti, nə Bakı
şəhər İcra Hakimiyyətinin
başçısı, nə də başqa rayon icra
hakimiyyətləri rəhbərlərinin qərarı var.
İstənilən insan istədiyi formada geyinib
şəhərdə gəzə, ibadət yerinə gedə,
ibadət edə, namaz qıla, oruc tuta bilər. Çünki
Azərbaycanın Konstitusiyasına görə vicdan
azadlığı var. Azərbaycanda tolerantlıq bütün
dünyaya nümunə göstərilir. Azərbaycanda dini
dözümlülük çox yüksək səviyyədədir,
bütün dinlərə hörmət və ehtiramla
yanaşılır. O şeylərin qarşısı
alınır ki, sırf təxribatdır, separatizmlə bağlıdır,
ayrı-ayrı kəşfiyyat orqanlarının əlində
alət olan sektalardır və s. Konkret müəssisə
və təşkilatlara gəldikdə, dünyanın hər
yerində orta məktəblərdə, bəzi
ölkələrdə isə ali məktəblərdə
də məktəbli forması tətbiq edilir. Hətta
bəzi ölkələrdə dərsə hicabla getmək
istəyənlər üçün ayrıca məktəb
təşkil olunub. Ancaq ümumilikdə, dünya
ölkələrinin məktəblərində forma tətbiq
olunur və bu, bizdə də belədir. Şagird də
məktəbə həmin məktəbin
müəyyənləşdirdiyi formada getməlidir.
Məsələn, Azərbaycanda türk liseyləri var.
Həmin türk liseylərində məktəbli geyiminin vahid
standartı var. Digər orta məktəbin forması ilə
türk liseyinə getmək olmaz. Yaxud türk liseyinin
forması ilə digər məktəbə getməyə
icazə verilmir. Əslində, vahid məktəbli geyiminin
üstünlükləri çoxdur. Vaxtilə
şagirdlərin hərəsi məktəbə bir geyimdə
gəlirdi. Zəngin yaxşı, kasıb yoxsul kimi geyinirdi. Bu
isə uşaqlara psixoloji təsir göstərirdi. Məktəbdən
kənarda necə istəyirlər geyinsinlər.
Məktəbə isə şagird vahid məktəbli
formasında gəlməli və hər kəs buna tabe
olmalıdır. Bu, kiminsə dini mövqeyinə, inancına
qarşı deyil. Necə ki, məktəbə cins şalvarda
gəlmək olmaz, eləcə də, hicabla gəlmək olmaz.
Bəzən cəmiyyətdə əsassız olaraq
çaşqınlıq yaratmağa cəhd
göstərirlər ki, guya hicaba qadağa qoyulub. Hiss olunur ki,
bu məsələdə başqa məqsədlərə
xidmət etmək cəhdləri var.
- İranın dini liderləri,
daha sonra isə deputatları hicab mövzusunda bəyanatlarla
çıxış ediblər. Hətta deputatlardan biri hicab
məsələsinə görə Azərbaycan
iqtidarını kəskin tənqid edib.
-
Azərbaycanda dinə inam, dinə etiqad hətta SSRİ
dövründə belə İrandan çox-çox
yüksək səviyyədə olub, indi də belədir. Azərbaycanlılar həmişə etiqadı
olublar. Özü də bu, kor-koranə şəkildə
olmayıb, azərbaycanlılar düşüncəli
şəkildə islam dininə ibadət ediblər. İranda
isə din islama, islami dəyərlərə deyil,
sadəcə olaraq, bir qrup adamın hakimiyyətdə
qalmasına və İran xalqının, müəyyən
qrupların əzilməsinə, onların
təsir altında saxlanmasına xidmət edir. Əgər bu
gün əsil müsəlman olan azərbaycanlıların
yaşadığı ərazilər ermənilər
tərəfindən işğal olunursa, azərbaycanlı
əsirlərə olmazın işgəncələr
verilirsə və bu gün də özünü islam dövləti
adlandıran, özünü islamın dayağı sayan
İran həmin Ermənistana ən çox kömək
edən dövlətdirsə, deməli, tam əks şey
görürük. Yaxud Ermənistan prezidentini qucaqlayıb
sağ üzündən, sol üzündən elə
öpür ki, heç doğma müsəlmana belə
münasibət göstərməyiblər. Onda hansı
dəyərdən danışırlar? Sadəcə,
bu gün Azərbaycanın müstəqilliyini,
ölkəmizin regionda aparıcı dövlət
olmasını gözü götürməyənlər din
pərdəsi altında bir neçə adamı - hansı ki,
onların dinə aidiyyəti yoxdur -
qızışdırılır. Həmçinin,
İranın bəzi KİV-i və ayrı-ayrı
qurumları da belə hərəkət edir. Onlar
yaddan çıxarmasınlar ki, ABŞ və başqa
dövlətlər tərəfindən İrana qarşı təzyiqlər
olarkən, məhz Azərbaycan Prezidenti bəyanat vermişdi
ki, Azərbaycan ərazisindən İrana qarşı hər
hansı təxribat, təcavüz üçün istifadə
olunmayacaq, belə şey gözlənilmir. Lakin bunun
müqabilində İran, bu dövlətin ayrı-ayrı
qurumları Azərbaycan ərazisində təxribatlar
törətməyə çalışır. Bunların
hamısı mənasızdır. Çünki Azərbaycan
xalqı Şərqdə ilk demokratik respublikanı quran, ilk
dəfə operanı yaradan xalqdır. Əgər dinə
xidmət etmək istəyirlərsə,
Peyğəmbərimizin (ə.s.) kəlamlarına əməl
etsinlər. Həmin kəlamın birində deyilir ki, "Bir
gün elmlə məşğul olmaq, qırx il ibadət
etməkdən üstündür". Yəni, İranda molla
alnını qırx il möhürə döyüncə, bir
gün məktəbə, universitetə getsin, orada bir elmlə
məşğul olsun. Yaxud başqa bir kəlam: "Alimin
mürəkkəbi, şəhidin qanından
üstündür". Peyğəmbərimiz (ə.s.) və
"Qurani-Kərim" elmə, inkişafa,
tərəqqiyə üstünlük verir. Daha demir ki, bir
neçə molla hakimiyyəti ələ keçirib xalqı
cəhalətdə, savadsızlıqda boğsun. Ona görə də, hesab edirəm ki, biz
Peyğəmbərimizin (ə.s.) kəlamlarından və
"Qurani-Kərim"dən irəli gələn
müddəaları yerinə yetirməliyik, daha hansısa
dövlətin mollasının, axundunun dediyini yox... İslam
dininin, müsəlmanların istinad etdiyi mənbə
yalnız "Qurani-Kərim"dir, Peyğəmbərimizin
(ə.s.) nəsihətləridir, imamlarımızın
tövsiyələridir. Bundan sonra isə
müsəlman-hüquq məktəblərində həm
şəriət, həm də digər
məsələlərlə bağlı qəbul olunmuş
qərarlar, ümumi normalar var. Bundan kənar kimsə
nəyəsə müdaxilə edirsə, kimsə öz
düşüncəsini yeritmək istəyirsə, mənasızdır.
- Qeydiyyatsız fəaliyyət
göstərən Azərbaycan "İslam"
Partiyasının sədri və bir neçə
üzvünün həbs olunması ilə bağlı da
İran tərəfdən müdafiəedici
açıqlamalar olub. Buna münasibətiniz necədir?
- Bu gün
Azərbaycan Konstitusiyasında da, "Siyasi partiyalar haqqında"
Qanunda da açıq şəkildə göstərilib ki, din
dövlətdən ayrıdır. Hətta din xadimləri
seçkili qurumlara - parlamentə,
bələdiyyələrə seçilə bilməzlər.
Çünki din ayrı, siyasi sistem ayrı şeydir. Bir
sözlə, ölkədə dini adla siyasi partiya ola
bilməz. Belə bir partiya yaradıb ona üzvlər
toplamağın özü Azərbaycan qanunlarına ziddir.
İkincisi, qeydiyyatdan keçmiş, keçməmiş
partiya təmsilçisi, yaxud sədri olmaq onun törətdiyi
bu və ya digər cinayət əməlini
sığortalamır. Yəni, siyasi mənsubiyyətindən
asılı olmayaraq, hər bir şəxs qanun
qarşısında bərabərdir. O baxımdan
kiməsə qahmar çıxmaq düzgün deyil. Həm
də adına islam sözü əlavə etməklə
məsuliyyətdən yayınmaq olmaz. Azərbaycan
əhalisinin 90 faizindən çoxu müsəlmandır,
hamısı da islam dininə inanır. Məlum məsələ
ilə bağlı hüquq-mühafizə orqanları
araşdırmalar aparır, hüquqi qiymət
veriləcək. Bu, məsələnin bir tərəfidir.
Digər tərəfi isə odur ki, İran Azərbaycanın
işlərinə qarışmasın. Biz də deyə
bilərik ki, İranda gündə nə qədər adam
asılır, şaqqalanır. Niyə? İndi biz
məsələn, gedək İranda hansısa oğrunu,
narkotik daşıyanı müdafiə edək? İndi
İranda milliyyətcə azərbaycanlı olan
neçə-neçə siyasi məhbus var, onlara
qarşı təxribatlar törədilir. Həmçinin,
Azərbaycanın mənəvi dəyərlərinə, tarixi
abidələrinə ziyan vurulur. Ona qalsa, biz də İranla
bağlı min söz deyə bilərik. Özü də
bizim dediklərimiz daha doğrudur və həqiqətə
söykənir, nəinki İranın burada kimlərisə
axtarıb müdafiə etməsi...
- Müsavat partiyasından dörd
tanınmış şəxs, partiyanın Sumqayıt rayon
təşkilatından isə 15 nəfər istefa verib. Hakim
partiyanın təmsilçisi kimi Müsavatda baş
verənləri necə qarşıladınız?
- Bilirsiniz,
siyasi partiya siyasi arenada fəaliyyət
göstərməkdən ötrüdür. Yəni,
şərait yaradılıb ki, insanlar öz siyasi
əqidəsini, siyasi düşüncələrini
açıqlasın, təklif və rəylərini həyata
keçirsin. Siyasi partiya cəmiyyətdə gedən
dəyişikliklərə, dünyada gedən
dəyişikliklərə uyğunlaşmalıdır,
islahatlar aparmalıdır. Bu gün Müsavat
partiyası və onlara oxşar bəzi partiyalar var ki,
günün reallıqları ilə yaşamır,
uyğunlaşmır, bununla da cəmiyyətin müvafiq
tələblərinə cavab verə bilmir. Çünki bu
partiyalar, o cümlədən, Müsavat bir neçə şəxsin
inhisarına alınıb. Nəticədə orada olan
insanlar sözünü deyə bilmədiyindən, istefa verib
gedirlər. Ümumiyyətlə, Müsavat partiyasında bu
cür hallar çox olub. Məsələn, 2000-ci ildə bu
partiyadan olan iki şəxsi - Vaqif Səmədoğlu və
Şirzad Əyyubovu Müsavatdan xaric elədilər.
Deyirdilər ki, nəyə görə İsa Qəmbərov,
Arif Hacıyev parlamentə seçilməyib, siz
seçilmisiz? Nə hüquqi, nə mənəvi, nə
psixoloji əsası olmadığı halda parlamentə
seçildiyinə görə onları partiyadan
çıxardılar. Partiyanı inhisara almış adamlar
yalnız şəxsi maraqlarını həyata
keçirməyə çalışırlar. "Mən
olmadımsa, sən də olmamalısan" prinsipiylə
yaşayırlar. Bəzi ölkələrdə partiya
sədri, lideri görəndə ki, partiyanı irəli apara
bilmir, öz maraqlarını qurban verərək, geri
çəkilir. Bunu öz əqidə yoldaşları və
partiyası üçün edir. Bu gün Müsavat
partiyasında belə ideologiya həyata keçmir.
Müəyyən adamlar da o partiyanın gələcəyinin
olmayacağını başa düşərək, oradan
uzaqlaşır, fəaliyyətlərini ayrı-ayrı siyasi
təşkilatlarda qurmağa çalışırlar.
Müsavat partiyasında istefa prosesi davam edəcək,
yaxın aylarda bu cür qopmaların sayı daha da artacaq.
Beləliklə, bu partiyada bir-iki adamdan başqa heç kim
qalmayacaq.
- Müsavat başqanı İsa
Qəmbərov partiyanın bu ilin birinci yarısında
keçiriləcək qurultayında namizədliyini irəli
sürməyəcəyini bəyan edib...
-
İnanmıram ki, bu partiyanın qurultayı keçirilsin,
çünki qurultaya qədər orada heç kim qalmayacaq.
- Ümumiyyətlə, İsa
Qəmbərovun Müsavat başqanlığından
getməsinə münasibətiniz necədir?
- Gedir-getsin,
getmir-getməsin, daha bunu ictimai müzakirəyə
çıxarmağın adı nədir? Getmək
istəyən gedər. Daha bunu hər gün
qəzetlərə çıxarıb müzakirə
aparmağa nə ehtiyac var? Qəzetlərdə də biri deyir
"getsin", o biri deyir "getməsin", başqa biri
deyir "gedəcək". Mənasız və məzmunsuz
müzakirələrdir və bunların hamısı
bekarçılıq əlamətləridir. Partiyanın
seçkidən başqa digər funksiyaları da var. Partiya
kadrlar yetişdirməli, alternativ layihələr
hazırlamalı, digər ictimai işlərlə
məşğul olmalı, lazım gəlsə, ağac da
əkməli, hətta humanitar aksiyalar həyata
keçirməlidir. Daha partiyanın tək işi qəzet
səhifələrində bəyanat verib hökuməti
söyməkdən ibarət deyil. Ancaq bu gün haqqında
danışdığımız partiyalar
üzərlərinə düşən və
Nizamnamədə göstərilən funksiyaların heç
birini yerinə yetirmirlər, demək olar ki, heç nə
eləmirlər.
Səs.- 2011.- 28 yanvar.- S. 6.