TürkPA-nın beynəlxalq təşkilat olaraq fəaliyyətini gücləndirmək istiqamətində ciddi addımlar atılır

 

Türkdilli Ölkələrin Parlament Assambleyasının Baş katibi Ramil Həsənovun yap.org.az-a müsahibəsi

 

- Ramil müəllim, TürkPA-nın katibliyinin fəaliyyətə başlamasından bir ildən artıq vaxt keçir. Təşkilat fəaliyyəti ərzində qarşısına qoyduğu məqsədlərə nə dərəcədə nail ola bilir?

- Bildiyiniz kimi TürkPA-nın yaradılmasında məqsəd türk dövlətləri arasında əlaqələri daha da gücləndirməkdən ibarətdir. Belə ki, parlamentlərarası əməkdaşlığın keyfiyyətcə yeni mərhələsi olan parlament diplomatiyasının köməyi ilə dövlətlər arasında siyasi dialoqun daha da inkişaf etdirilməsinə kömək göstərmək, tarix, mədəniyyət və dil ümumiliyinə əsaslanaraq milli qanunvericiliklərin yaxınlaşdırılması və parlamentlərarası əməkdaşlığa dair digər əlaqələrin daha da sıxlaşdırılması təşkilatın fəaliyyətində başlıca vəzifələrdən biridir. Eləcə də, TürkPA-nın məqsədlərinə türkdilli ölkələr və digər region ölkələr arasında qarşılıqlı surətdə faydalı və bərabər hüquqlu əməkdaşlığın inkişaf etdirilməsinə, tərəflər arasında siyasi, sosial-iqtisadi, mədəni, humanitar, hüquqi və digər sahələrdə əlaqələrin inkişaf etdirilməsinə kömək göstərmək və digər məsələləri də daxil edə bilərik.

Onu da xatırladım ki, TürkPA-nın beynəlxalq katibliyi 2009-cu ildə təsis olunub, faktiki olaraq, 2010-cu ilin yanvar ayında fəaliyyətə başlayıb. Ötən ilin dekabrın ayında isə Azərbaycan Milli Məclisində mətbuat konfransı keçirərək bir illik fəaliyyətimiz haqqında geniş məlumat vermişik. Beş dildə -Azərbaycan, qazax, türk, rus və ingilis dillərində bizim bütün fəaliyyətimizi əhatə edən nəşrimiz də çapdan çıxıb. Nəşrdə görülən işlər geniş şəkildə açıqlanıb.

- TürkPA-nın digər beynəlxalq təşkilatlarla əməkdaşlığı hansı səviyyədədir?

- Məmnuniyyətlə qeyd edə bilərəm ki, TürkPA-nın beynəlxalq katibliyi Avropa Şurası, ATƏT, NATO, MDB, QDƏT-in parlament assambleyaları, Beynəlxalq Parlamentlər İttifaqı, İKT Parlament İttifaqı, Avropa Parlamenti ilə geniş əlaqələr yaradıb. Biz bu təşkilatların bəzilərinin tədbirlərində müşahidəçi, bəzilərində isə qonaq statusunda iştirak edirik. Eləcə də, müvafiq beynəlxalq qurumlarla münasibətlərimiz ikitərəfli əməkdaşlıq çərçivəsində tənzimlənir. Bu əlaqələrdə təcrübə mübadilələri proqramları da vacib rol oynayır. Bizim üçün önəmli məqamlardan biri TürkPA-nın 152 dövlətin parlamentini birləşdirən, dünyanın ən böyük parlament təşkilatı olan Beynəlxalq Parlamentlər İttifaqına müşahidəçi statusunda üzv olmasıdır. Ötən ilin oktyabr ayında baş tutmuş bu proses bizim üçün dünya birliyinə inteqrasiya baxımından çox vacib hadisə idi. Bu hadisə, həmçinin, gələcəkdə beynəlxalq təşkilatlarla əlaqələrin daha genişlənməsində, xüsusilə, BMT-də təmsil olunmaq baxımından mühüm rol oynayır.

Məlumat üçün deyim ki, aprel ayında MDB PA-nın plenar sessiyası keçiriləcək. Ümid edirik ki, həmin sessiya zamanı TürkPA-nın quruma müşahidəçi statusunda üzv olmasına müsbət cavab veriləcək. Ümumiyyətlə, bütün bunlar bizə imkan verir ki, digər beynəlxalq təşkilatlarla ikitərəfli əlaqələrimizi inkişaf etdirək, qarşılıqlı mübadilə proqramları həyata keçirək, plenar sessiyalarda iştirak edək və təmsil etdiyimiz ölkələrin mövqelərini həmin təşkilatlarda səsləndirək.

Fikrimcə, TürkPA-nın bu ilin aprelində nəzərdə tutulan növbəti plenar sessiyasında təşkilatın daha da gücləndirilməsi üçün vacib qərarlar qəbul ediləcək.

- Bu günlərdə keçirilmiş İslam Konfransı Təşkilatının Parlament İttifaqının 13-cü sessiyasında iştirak etmisiniz. Bu təşkilatla TürkPA-nın əlaqələri haqqında nə deyə bilərsiniz?

- Bəli, bu yaxınlarda Birləşmiş Ərəb Əmirliklərinin Abu-Dabi şəhərində İKT Parlament İttifaqının 13-cü sessiyasında iştirak etmişəm. Biz ötən il bu quruma müşahidəçi qismində üzv olmaq üçün müraciət etmişdik. Sevindirici haldır ki, bu müraciətimiz qurumun siyasi komitəsinin gündəliyində müzakirə edilərək müsbət rəy qazandı. Daha sonra bu məsələ plenar sessiyada səsverməyə çıxarıldı və yekdilliklə qəbul olundu.

İKT Parlament İttifaqının tədbirləri çərçivəsində ikitərəfli görüşlərimiz də keçirilib. Belə ki, qurumun baş katibi cənab Mahmud Erol Kılıc ilə görüşdük. Məlumat üçün deyim ki, təşkilatımızın İKT Parlament İttifaqında müşahidəçi statusunda üzvlüyə qəbul olunmasında Mahmud Erol Kılıcın böyük rolu olub. Onunla görüşümüzdə təşkilatlarımız arasında əməkdaşlığın perspektivləri ətraflı müzakirə olundu. Qeyd edim ki, İKT Parlament İttifaqının baş katibi adından bu qurumun TürkPA-ya müşahidəçi qismində üzv olmaq üçün müraciət də edilib. Biz onların müraciətinə baxacağıq və əminəm ki, təşkilatımız bu müraciəti müsbət şəkildə cavablandıracaq.

- Ramil müəllim, siz bir neçə il YAP Gənclər Birliyinə rəhbərlik etmisiniz. Bu vaxt ərzində təşkilatın fəaliyyətində nə kimi yeniliklər oldu, hansı layihələr həyata keçirildi?

- Mən Ulu Öndər Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyasının üzvü olmaqdan həmişə qürur duymuşam. Bildiyiniz kimi, mən 2009-cu ildən diplomatik fəaliyyətimlə bağlı partiya işlərindən uzaqlaşmışam. Yəni tutduğum vəzifə belədir ki, heç bir siyasi partiyanın üzvü ola bilmərəm. Hazırda YAP-ın tədbirlərində qonaq qismində iştirak edirəm. Xatırladım ki, 2005-ci ildə partiya rəhbərliyinin etimadı sayəsində YAP Gənclər Birliyinin sədri seçilmişəm. YAP-ın Gənclər Birliyinə rəhbərlik etdiyim dövrdə, yəni 2005-2009-cu illərdə təşkilatın gücləndirilməsi istiqamətində bir sıra addımlar atmışıq. Bu addımları bir neçə istiqamətə bölmək olar. Birincisi, ölkə daxilində YAP-ın Gənclər Birliyinin işinin sistemləşdirilməsi üçün regional koordinasiya mərkəzləri yaratdıq. Bu addım yerli təşkilatlarla mərkəz arasındakı əlaqələrin güclənməsində mühüm rol oynadı, uğurlu nəticələr də verdi. Biz bunun uğurlu nəticələrini seçkilər dövründə daha bariz şəkildə gördük. Digər tərəfdən, "Gənc Liderlər Klubu" yaratdıq ki, onun vasitəsilə də bir sıra gənclər aktiv siyasi fəaliyyətə cəlb edildi. Həmçinin, gənclərin internet portalını yaratdıq ki, bu da olduqca vacib bir məsələ idi. Bir müddət gənclərimiz üçün mətbu orqan nəşr olundu və həmin "Yeni Azərbaycan gəncləri" qəzeti gənclərin tribunasına çevrildi. Eləcə də, Gənclər Birliyi digər uğurlu layihələr də reallaşdırdı. Bu layihələr təhsil, sosial, iqtisadiyyat, media və digər layihələri əhatə edirdi. Gənclər üçün təşkil edilmiş yay və qış məktəbləri layihəsinə də partiya rəhbərliyi tərəfindən böyük dəstək verildi. Belə layihələr YAP Gənclər Birliyinin ölkəmizdə keçirilən seçkilərdə də fəal iştirakını təmin edib. Həmin dövrdə gənclərimiz bələdiyyələrə üzv seçiliblər, parlament, prezident seçkilərində partiyanın tapşırıqlarının uğurla həyata keçməsində yaxından iştirak ediblər. Partiya rəhbərliyi də bu işlərdə hər zaman gənclərə dəstək verib.

- Bu müddətdə YAP Gənclər Birliyi digər təşkilatlarla əməkdaşlığı necə qurub?

- YAP Gənclər Birliyi ölkəmizdə fəaliyyət göstərən bir sıra gənclər təşkilatları ilə fəal əməkdaşlıq edib, müxtəlif tədbirlər həyata keçirib. Təşkilat, həmçinin, dövlət qurumları ilə, Gənclər və İdman Nazirliyi, Diasporla İş Üzrə Dövlət Komitəsi, Milli Məclis, o cümlədən, rayonların icra hakimiyyətləri və s. qurumlarla fəal əməkdaşlıq edib. Bu əməkdaşlıq ölkəmizdə gənclər siyasətinin həyata keçirilməsinin tərkib hissəsi olaraq müsbət nəticələr verib.

- YAP Gənclər Birliyi beynəlxalq əlaqələr baxımından da müsbət nəticələr əldə edib...

- Bəli, beynəlxalq əlaqələr baxımından xeyli uğurlar var. Ötən müddətdə beynəlxalq əlaqələr istiqamətində Rusiyanın, Ukraynanın, Belarusun, Qazaxıstanın, Bolqarıstanın, Yunanıstanın, Makedoniyanın, İtaliyanın, Kanadanın hakim partiyaları, Almaniyanın "Fridrix Nauman Fondu" ilə yaxından əlaqələr quruldu. Həmçinin, Avropa Şurasının bir sıra layihələrində YAP Gənclər Birliyi olaraq fəal iştirak etdik. Bundan əlavə, YAP-ın Gənclər Birliyinin təşəbbüsü ilə Avropanın enerji təhlükəsizliyi, sülh və təhlükəsizliklə bağlı Bakıda beynəlxalq konfranslar keçirildi. Bir sözlə, ötən müddət ərzində beynəlxalq əməkdaşlıq sahəsində də ciddi nəticələr əldə olunub.

- Qeyd etdiniz ki, tutduğunuz vəzifə ilə əlaqədar təşkilatın işində iştirak etmirsiniz. Amma yəqin ki, YAP Gənclər Birliyinin fəaliyyətini izləyirsiniz. Bu baxımdan perspektivdə partiyamızın Gənclər Birliyinin, yəni xələflərinizin işini necə görmək istərdiniz?

- Mən, təbii ki, YAP-ın gənc üzvlərinin bundan sonra da uğurlu fəaliyyət göstərəcəyinə inanıram. Arzu edirəm ki, onlar partiya rəhbərliyinin etimadını layiqincə doğrultsunlar. Bütün sahələrdə bir insana və ya komandaya etimad göstərilir, onlara öz potensialını təsdiqləmək üçün yol açılır. Bu yolda gənclərin irəliləməsi isə onların öz şəxsi təşəbbüslərindən və fəaliyyətlərindən asılı olacaq. Bildiyimə görə, yaxın günlərdə YAP Gənclər Birliyinin növbəti hesabat-seçki konfransı keçiriləcək. Ümid edirəm ki, konfransda seçiləcək YAP Gənclər Birliyinin yeni rəhbərliyi də bu yolda uğurla addımlayacaq. YAP-ın qurucusu Ümummilli Liderimiz Heydər Əliyevdir və bu gün partiyaya Azərbaycan Prezidenti İlham Əliyev rəhbərlik edir. Bu fakt gənclərin qarşısında daha çox məsuliyyət, daha çox əzm və zəhmət tələb edən, öz rəhbərlərinə layiqli olmaq vəzifəsini ortaya qoyur. Mən inanıram ki, gənclər bundan sonrakı fəaliyyətlərində də aktiv olacaq və cəmiyyətə yeni layihələr təqdim edəcəklər. Onlar birlik nümayiş etdirərək, müasir Azərbaycanın daha da güclənməsində yaxından iştirak edəcəklər.

 

 

Səs.- 2011.- 28 yanvar.- S. 8.