Azərbaycanda iğtişaş yaratmaq cəhdləri alınmadı

 

İran hakimiyyəti müsəlmanlıqdan danışmazdan öncə, din qardaşlarını soyqırıma məruz qoyan, torpaqlarını işğal edən xristian dövlətə yardımlarını dayandırmalıdır

 

Dünyada sivil, demokratik, dünyəvi dövlət modeli, tolerant cəmiyyət quruluşu ilə tanınan  Azərbaycanda xarici düşmənlərin bütün təhlükəli planları iflasa uğrayır. Ölkəmizin düşmənlərinə bizim dünyada yaranmış müsbət imicimiz sərf etmir və hər vasitə ilə buna ləkə salmağa çalışırlar. Bu günlərdə də ölkədə siyasi və ictimai sabitliyi pozmağa çalışan qüvvələrin fəallaşdığı hiss olunur.

Azərbaycanda dövlət-din münasibətləri çox yüksək səviyyədədir

Azərbaycanda bütün dini konfessiyalara sərbəst şərait yaradılıb və heç bir maneçilik törədilmir. Dünya şöhrətli siyasətçi Heydər Əliyev uzaqgörən və müdrik fəaliyyəti nəticəsində müstəqil ölkənin vətəndaşlarına bütün bəşəri azadlıqların arasında, həm də dini etiqad azadlığını bəxş edib.

Ulu Öndər Heydər Əliyevin 21 iyun 2001-ci il tarixli 512 saylı Fərmanı ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yaradılıb. Prezident İlham Əliyev də hər zaman dini dəyərlərə böyük hörmət göstərib və Azərbaycanın dünyada nümunəvi tolerant ölkə imicini qazanmasında əsas roy oynayıb.

Son illərdə ölkədə dövlət tərəfindən 500-dən yuxarı məscid, onlarla kilsə, sinaqoq və digər məbəd və ziyarətgahlar tikilib. Hazırda 2000-ə yaxın məscid və ziyarətgah var. Azərbaycanda dini bayramlar ən yüksək səviyyədə keçirilir.

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə dövlət tərəfindən çox böyük vəsait ayrılaraq, Təzəpir məscidinin dünyanın ən zəngin və ən möhtəşəm məscidlərindən birinə çevrilməsi dini dəyərlərə hörmətin hansı səviyyədə olduğunu göstərir.

Ölkəmizin ali məktəblərindən biri olan Bakı İslam Universitetində və digər universitetlərin ilahiyyat fakültələrində xeyli gənc dini təhsil alır. Bundan başqa, onlarla gənc islam ölkələrinin aparıcı universitetlərində təhsillərini davam etdirirlər.

 

Tolerantlıq dövlətə və xalqa qarşı hörmətsizliyə əsas vermir

 

Ölkədə yaradılmış demokratik şəraitdən, tolerant mühitdən gen-bol yararlanan bəzi təriqətlərin mənsubları isə daha da irəli gedərək şəriət dövləti yaratmağa, dünyəvi dövlət modelindən imtinaya çalışırlar.

Azərbaycan Konstitusiyası xalq tərəfindən yaradılıb və Ali Qanunumuzda açıq şəkildə deyilir ki, Azərbaycan sivil, dünyəvi dövlətdir. Lakin bununla yanaşı, ölkədə dini konfessiyaların fəaliyyəti üçün hər cür şərait yaradılıb, onların qanun çərçivəsində öz təbliğatlarını aparması təmin olunub. İnsanlarımız dini qaydalar və müasir həyatın tələblərini uyğunlaşdıraraq öz həyatlarını düzgün yaşamağa çalışırlar.

Sirr deyil ki, Azərbaycana qarşı düşmən mövqedə olan xarici ölkələrin xüsusi xidmət orqanları, bəzi terror təşkilatları öz çirkin niyyətlərini həyata keçirmək üçün dini təriqətlərdən istifadə edirlər. Bəzi təriqətlərin üzvləri ifrat dərəcədə fanatikcəsinə dindarlığa meyil göstərirlər və ictimai təhlükəsizlik üçün problemlər yaradırlar.

Son illərdə Milli Təhlükəsizlik Nazirliyi tərəfindən dəfələrlə fanatik dini qrupların üzvləri tərəfindən törədilməsi planlaşdırılan terror və təxribat hallarının qarşısı alınıb. Lakin son preseslər göstərir ki, bu qüvvələr öz çirkin niyyətlərindən əl çəkmək fikrində deyillər.

 

Dini amildən yararlanıb qarşıdurma yaratmağa cəhd edirlər

 

Azərbaycan monolit dövlət, vahid xalq, tolerant cəmiyyət modelini seçib və bu yoldan dönməyəcəyini ortaya qoyub. Azərbaycanda xalq və dövlət arasında qırılmaz bağlar var ki, bunu heç bir daxili və xarici qüvvə qoparmaq iqtidarında deyil.

Əlbəttə, bütün sahələrdə olduğu kimi, dini sahədə də müəyyən problemlər mövcuddur. Bu da, əsasən, maariflənmənin aşağı səviyyədə olması ilə bağlıdır. Azərbaycanda da məhz bu amildən yararlanıb, qarşıdurma yaratmağa cəhd edirlər.

Son vaxtlar ölkədə dindarların həssaslığından yararlanmağa çalışan qüvvələr tərəfindən ortaya bəzi məsələlər atlılıb. Söhbət kiçik yaşlı şagirdlərin orta məktəblərə çadrada gəlməsinə icazə verilməsini tələb edən bir qrup radikal dindarın fəaliyyətindən gedir. Lakin həm dövlət, həm cəmiyyət bu məsələdə təmkinli davrandı və növbəti təxribat projesi də baş tutmadı. Xüsusilə, vurğulamalıyıq ki, təxribat yaratmaq cəhdlərində Azərbaycanda fəaliyyət göstərən bir sıra “humanist” tipli araqarışdıran ictimai birliklər, siyasiləşmiş QHT-lər də mövcuddur ki, onlar bütün hallarda “əllərinə düşmüş girəvələrdən” maksimum istifadə etməyə can atırlar. Bu isə nəinki ölkə ictimaiyyəti arasında, eləcə də, beynəlxalq aləmdə arzuolunmaz olayların baş verməsində gətirib çıxaran amillərdəndir. Belə ki, “İşgəncələrə Qarşı Azərbaycan Komitəsin”in sədri Elçin Behbudovu da həmin araqarışdıranların siyahısına qatmaq mümkündür. Onun İran İslam Respublikasının prezidenti Mahmud Əhmədinejada ünvanladığı məktubu bunu deməyə əsas verir. Əldə olunanan məlumatlara görə, başqa ölkənin daxili işlərinə qarışmağa cəhd göstərən Elçin Behbudov bütün hallarda araqarışdırıcılıq missiyasını “yetərincə” istifadə edir. Eyni zamanda, o, qonşu ölkənin diqqətini sözügedən məsələyə  yönəltmək üçün dəridən-qabıqdan çıxır.  

   Ümumiyyətlə, hər hansı bir dində, eləcə də, islamda qadınların, xüsusilə də, uşaq və yeniyetmələrin çadraya bürünməsini vacib buyuran müddəa yoxdur. “Quran”da bununla bağlı açıq və konkret olaraq “örtünün, geyinin” deyilir. Yəni, əyininizə paltar geyinin, ayıb yerlərinizi örtün. Qız-qadınların üzləri, saçları ayıb yerlər sayılmır, o üzdən bu ilahi buyruq kiçik yaşlı qızların valideynləri tərəfindən zorla çadraya bürünməyə məcbur edilməsini gərəkdirməz.

Hər kəsin geyim azadlığı var, lakin hər yerin də özünün qayda-qanunları var. Əgər şagird məktəbə təhsil almağa gəlirsə, buranın daxili qayda-qanunlarına riayət etməyə borcludur, müqəddəs elm ocağında çadraya bürünməyə, ya da açıq-saçıq geyimə ehtiyac yoxdur.

 

İnsan hüquqlarını kobud tərzdə pozan İran rejimi bizə nəyi irad tuta bilər?

 

Maraqlıdır ki, son günlərdə İran mediasının manşetlərində “Azərbaycanda çadra davası” başlıqlı xəbərlər eninə-uzununa dərc olunur. Necə deyərlər, “xoruzun quyruğu” görünür.

İran İslam Respublikasının müəyyən dairələri, din xadimləri Azərbaycanda baş vermiş bu və ya digər hadisəni qərəzli şərh edir, təhdid və şantaj xarakterli bəyanatlar verir, ölkəmizin daxili işlərinə kobud şəkildə qarışırlar.

İranın dini xadimlərinin, ayrı-ayrı şəxslərinin Azərbaycana qarşı çıxışları, ölkəmizin daxili işlərinə kobud müdaxilələri yolverilməzdir və Azərbaycan ictimaiyyəti tərəfindən birmənalı şəkildə etirazla qarşılanır.

Azərbaycanın tanınmış ictimaiyyət nümayəndələri, ziyalılar, sıravi vətəndaşlar İran dini xadimlərinin və bu ölkənin ayrı-ayrı vətəndaşlarının qərəzli çıxışlarını birmənalı şəkildə qəbul etmir, buna son qoymağa çağırırlar.

Belə kobud və qərəzli münasibət iki qonşu ölkə arasında münasibətlərə heç də yaxşı təsir göstərmir, qarşılıqlı etimadı zəiflədir, səmərəli əməkdaşlıq mühitinə zərbə vurur.  Cənub qonşumuz müsəlmanlıqdan danışmazdan öncə, din qardaşlarını soyqırıma məruz qoyan, torpaqlarını işğal edən xristian dövlətə yardımlarını dayandırmalıdır.

Göründüyü kimi, Azərbaycanda dini problem yoxdur, sadəcə, bunu süni surətdə yaratmağa çalışan bir qrup adam var ki, onların da belə əməllərinin qarşısı qanunauyğun formada alınır. Ölkədə yaşanan son hadisələr və ona reaksiyalar göstərdi ki, cəmiyyətimiz sivil yaşamı, müasir dünyaya inteqrasiya yolunu davam etdirir və xarici qüvvələrin sifarişi ilə ölkədə ara qarışdırmağa çalışanlara qarşı öz mövqeyini ortaya qoyur.

 

 

Elçin Bayramlı

 

Səs.- 2011.- 22 yanvar.- S. 11.