Zamansız və amansız ölümlər
Azərbaycan tarixi gerçəklikləri zamanın məsafəsində bəşər övladını düşünməyə, məlum həqiqətləri süzgəcdən keçirib, olayların təfsilatına varmağa vadar edir. Yaşantılarımızın içində daxilən nə qədər sarsıntılar keçirdiyimiz, qanlar töküldüyü bəlli olur. Bu haqsızlıqlar zaman-zaman insan düşüncəsində, təxəyyülündə saf-çürük edilir.
Oğul və qızlarımızın günahsız qanları için-için anaları ağladır, nisgilli bir ömrü yaşamağa və həyatla mübarizədə mətin olmağa vadar edir. Azərbaycan qadınının belə mübarizələrdə, çəkişmələrdə mübarizlik təcrübəsi bu gün dəyanətli Azərbaycan xanımlarına məhz bu yolda böyüklük göstərməyi öyrədib.
Bildiyimiz kimi, 2009-cu ilin 30 aprel tarixində Azərbaycan Dövlət Neft Akademiyasında baş vermiş dəhşətli terror hadisəsi nəticəsində təhsil müəssisəsinin bir çox müəllim və tələbəsi həlak oldu. Azərbaycan övladlarına qarşı törədilən növbəti aktlardan olan bu terror aktını bütövlükdə xalqımız lənətlədi.
Həmin gün baş verən terror zamanı dünyasını dəyişənlərin əziz xatirəsinə həsr olunmuş “Zamansız və amansız ölümlər” (Analar yanar ağlar...) kitabı övlad itirmiş bir ananın, Xuraman Şəfanın düşüncələrinin, mənəvi dünyasının əksi olaraq qələmə alınmışdır. Kitabın ilk səhifəsində Prezident İlham Əliyevin həmin terror hadisəsi ilə bağlı Azərbaycan xalqına, onların ailə üzvlərinə verdiyi başsağlığı, eləcə də, müxtəlif ölkələrin prezidentlərinin İlham Əliyevə ünvanladıqları başsağlığı kitaba daxil edilmişdir. Bu sənədlər təfsilatı ilə nəşrin ilk səhifələrində öz əksini tapmışdır. Xarici ölkələrin Bakıdakı bir sıra səfirlikləri, beynəlxalq təşkilatlar - Türkiyənin, İraqın, Fransanın, İsrailin, İranın səfirlikləri, YUNİSEF-in ölkəmizdəki nümayəndəliyi insanların ölümünə səbəb olmuş faciədən sarsıntı keçirdiklərini vurğulamış, həlak olanların doğmalarına və yaxınlarına, həmçinin, Azərbaycan xalqına və hökumətinə bu dəhşətli hadisə ilə bağlı başsağlığı vermiş, yaralananların tezliklə sağalmasını arzu etmişlər.
Xuraman Şəfanın qələminin məhsulu kitabda 31 yaşlı qız itirən ananın qəlb ağrısını, onun sevgisindən süzülüb gələn ağrını sezməmək mümkün deyil. Burada terror aktının qurbanına çevrilən hər bir ailənin nisgili qəlbi alovlandırır.
Kitabda Şəfa haqqında oxuyuruq: Şəfa Azad qızı Məmmədova 5 iyul 1978-ci ildə Naxçıvan şəhərində jurnalist ailəsində doğulub. İki qardaşın bir bacısı olan Şəfa Naxçıvan Dövlət Universitetinin bakalavr, Bakı Dövlət Universitetinin magistratura pilləsini fərqlənmə diplomu ilə bitirmişdi. AMEA-nın Fiziologiya İnstitutunun aspiranturasının ikinci kursunda oxuyurdu. AMEA-nın İnformasiya Texnologiyaları İnstititunda minimumlarını əla qiymətlərlə verən Şəfa ingilis dili məşğələrində iştirak etməyə tələsirdi. Azərbaycan Dövlət Neft Akademiyasında çalışdığı texniki və tibbi cihazlar kafedrasının yerləşdiyi 4-cü mərtəbədən 3-cü mərtəbəyə enərkən, pilləkənlərdə terrorçu ilə qarşılaşan Şəfanın həyatını, bitib-tükənməyən arzularını bir namərd gülləsi yarımçıq qoydu. Ölümündən 18 gün öncə toy məclisi qurulmuşdu... Bu sətirlər Şəfanın gələcək arzularından, ziyalı tək vətənə xidmət edəcəyindən soraqlardır.
Kitabda Şəfa Məmmədovanın yaxınlarının, əzizlərinin, müəllimlərinin, sinif yoldaşlarının dilindən qələmə alınan yazılarda onun keçdiyi qısa həyat yolundan bəhs edən epizodları vərəqləyirik. Terror qurbanı olan gənc bir qızın - yeni ailə qurmuş bir gəlinin surəti göz önündə canlanır. Darvanışı, tərbiyəsi, əqli düşüncəsi ilə ətrafında olanların sevimlisi olan Şəfa xanım bu qısa ömürdə məhəbbət və hörmət sahibi olmuşdur. Əməlləri, xoş rəftarı ilə gözəl övlad, həqiqi dost olaraq sevilmişdir. Amansız taleyin hökmü onu əzizlərindən əbədi olaraq ayırdı:
Aldı apardı səni, əcəl etmədi vəfa,
Baxmadı cavan yaşa, coşub-daşan arzuya.
Necə qıydı
anana, atana, qardaşına,
Bu vəfasız dünyadan
yaman tez getdin, Şəfa...
Nə yazıq ki, Tanrı onun taleyinə belə hökmü yazmışdır. Onun yaşadığı
zamanın tarixcəsinə
nəzər saldıqca,
insanın daxilində
haqsızlığa qarşı
bir üsyan yaranır. Akademiyanın
professoru Ramiz Abdullayev, texnika elmləri namizədi, dosent Məcnun Vahidov, laboratoriya müdiri Tamilla Əzizova, 5 güllə yarası alan Savalan Cabbarov, 20 yaşlı Emin Abdullayev, Yusif Bəndəliyev, 19 yaşı
hələ tamam olmamış Ruslan Babaşov və başqaları terrorçunun
gülləsinə tuş
olurlar. Tale müxtəlif
məkanlarda, zamanda və başqa-başqa əqidədə taledə
olan insanları məhz bir gündə
və eyni şəraitdə əbədiyyətə
yola saldı. Bu insanların ömür
və arzuları yarımçıq qaldı.
Xuraman ana kimi neçə-neçə
ailə əzizlərinin
ömür yoluna çıraq tuta-tuta ümidlərin yuxularına,
o dünyaya bağlamışlar.
“Zamansız və amansız ölümlər” (Analar yanar ağlar) kitabında “Ayrılıq
qorxusu olmayan əbədi dünyada görüşənədək” deyən ana o günü gözləmək
ümidi ilə sözlərinə yekun vurur.
Zümrüd
Səs.- 2011.- 29 yanvar.-
S. 12.