Azərbaycançılıq
və ədəbi-bədii irs
Ədəbi-bədii irs Azərbaycan söz sənəti
korifeylərinin yaratdığı zəngin mənəvi xəzinədir.
Mənəvi mədəniyyətimizin tərkib hissəsi olan ədəbi-bədii
irsdə azərbaycançılıq ideyaları öz dərin
təzahürünü tapmışdır. Varisliyə, irsə,
o cümlədən, ədəbi-bədii irsə,
özündə azərbaycançılığı əks
etdirən bu dəyərli xəzinəyə Ulu Öndər
Heydər Əliyevin münasibəti haqqında professor
Qoşqar Əliyevin fikirləri maraq doğurur: “Ulu Öndərin
dövlətçilik fəaliyyəti göstərir ki, “milli
inkişaf və azərbaycançılıq siyasəti ilə
bağlı mümkün potensial imkanları real gerçəklikdə
yalnız əxlaqi və intellektual düşüncə gərginliyi
sayəsində həyata keçirmək olar.
Ola bilsin, məhz belə halda o, fəlsəfi
düşüncələrə dalır, bu dəyərin təfəkkür
keyfiyyətinə çevrilməsini vacib sayır,
soydaşlarına mənəviyyat deyilən sərvətə
yiyələnməyi tövsiyə edir. Çünki fəlsəfi
düşüncələrə dalmaq, fəlsəfi fikrin nəhəngləri
ilə “məsləhətləşmək” insanın
intellektinin hüdudlarını genişləndirməklə
yanaşı, həm də onun cəmiyyətin təlatümlü
hallarında milli varlığın sağ qalmaq
missiyasını əxlaqi problem kimi dərk etmək qabiliyyətini
inkişaf etdirir. Fəlsəfi düşüncələrə
dalmağın bir danılmaz məntiqi də budur ki, fəlsəfi
intellekt varislik kateqoriyasında düşünür, fikir və
ideya varisliyindən qaynaqlanır”.
Hələ qədim dövrlərdə ədəbi-bədii
irsin ilkin mifik təfəkkür və inancları
ümumtürk, Şərq mədəniyyətinin tərkib
hissəsini təşkil edirdi. Bu mənada, bəzi tədqiqatçılar
azərbaycançılığı daha geniş hadisə -
ümum Şərq hadisəsi kimi səciyyələndirirlər.
Professor Nizaməddin Şəmsizadənin “Azərbaycançılıq
əsərində belə bir fikir səslənir: “Mifik təfəkkür
və inanclarımızda - erkən ideoloji sistemdə
kodlaşan azad ruh sonrakı ictimai tarixi dövrlərdə də
silinməz bir iz qoydu. Ona görə də azərbaycançılığın
təşəkkülünü coğrafi bir məkan kimi
yalnız bu ölkənin ərazisi ilə
hüdudlaşdırmaq olmaz. O, Şərq dünyası, qədim
türk təfəkkürü, farsdilli mədəni-tarixi
region və heç şübhəsiz ki, ümummüsəlman
elmi-nəzəri konteksti ilə bağlıdır. O zaman nəinki
təfəkkürdə, Azərbaycanla Şərq və Turan
arasında coğrafi sərhəd yox idi. Köçlər,
müharibələr, yürüşlər və ticarət əlaqələri
xalqları bir yerdən başqa yerə sürükləyir,
milli özgürlüyün və dini ehkamların möhkəm
olmaması üzündən tayfalar bir-biri ilə
qaynayıb-qarışır, düşüncələr də
məkandan-məkana köç edirdi. Çox-çox
sonralar dahi alman filosofu Hegel ümumdünya tarixinin hərəkətindən
bəhs edərək yazacaqdır: “Biz Şərqdən gəlirik;
ümumdünya tarixi Asiyadan Avropaya hərəkət edib... Şərqin
ilkin şərti və zəmini ailəyə
əsaslanan millilikdir”.
Fikrimizcə,
çox dəyərli qənaətdir,
Şərq ən qədim zamanlardan üzü bəri Avropaya
və bütün dünyaya
klassik təfəkkür nümunələri
verib, antik yunan elm və mədəniyyətini
öz qoynunda bəsləyərək,
müdrikcəsinə orta əsrlər
Avropasına təqdim edib.
Azərbaycan ədəbi-bədii
irsində türkdilli poeziyanın
oynadığı rol haqqında dəyərli
tədqiqatçı Sona xanım Vəliyevanın
da qiymətli fikirləri var:
“Həsənoğludan başlayaraq, əsası
qoyulan türkdilli poeziya məhz Nəvai və Füzuli
yaradıcılığı ilə kamala
yetişir. Füzuli türk dilində yüksək,
ali poetik
yaradıcılığın, xüsusən, qəzəl və
məsnəvi yaradıcılığının estetik kanonlarını işləyib-hazırlayır
ki, bunu da azərbaycançılıqda əsil inqilab hesab etmək
olardı. Belə ki, Füzuli
yaradıcılığı ilə azərbaycançılığın əsaslarından biri
və birincisi olan Azərbaycan
dili öz
inkişafında tamamilə yeni mərhələyə
qədəm qoyur, bütün
müsəlman mədəniyyəti arealında fars və ərəb dilləri ilə eyni sırada ümumişləklik statusu qazanırdı.
Sonralar Nəsimi və
Şah İsmayıl Xətai bu böyük işi davam etdirmiş və divan ədəbiyyatı
dilini canlı xalq
dilinə yaxınlaşdırmışdılar. Qüdrətli fateh olmaqla yanaşı, həm də ana dilində səmimi şeirlər yaradan Şah
İsmayılın hakimiyyəti illərində Azərbaycan dilinin rəsmi dövlət dili
statusuna yüksəlməsi öz təməlini məhz Füzuli
poetik ənənələrindən götürmüşdür.
Azərbaycanşünaslığın,
azərbaycançılığın birinci
və ən vacib ünsürü
dildir. Hər şey
dildən başlayır. Xalqın dilini onun çoxəsrlik həyatının güzgüsü, nəsillər arasında ötürücü əlaqə, yaddaş vasitəsi, xalqın tam
və həqiqi tarixi adlandırmaq olar. Kitabın, məktəbin
olmadığı əyyamlardan üzü
bəri və bu gün
də insanların keçmişi, bu günü, gələcəyi
arasında körpü salaraq
onları maarifləndirməkdə, milli
özünüdərk hisslərini formalaşdırmaqda və
onu sonrakı nəsillərə
ötürməkdə milli dil ən mühüm vasitə hesab olunur. Dil xalqın mahiyyəti
deməkdir. Əgər o yox
olarsa, xalq da yer üzündən
silinər. Xalqın əlindən alınan hər şeyi yenidən ona qaytarmaq mümkündür,
yalnız onun dili əlindən
alındıqda həmişəlik məhvə məhkum edilir. Odur ki,
dilə təkcə ünsiyyət vasitəsi kimi
yox, milli fikrin, təfəkkürün,
dünyabaxışının, dünyagörüşün,
milli davranışın fundamental
nizamı və qaydası kimi yanaşmaq lazımdır.
Ədəbi-bədii
irsin azərbaycançılıq
ideyasının inkişafında oynadığı tarixi rol haqqında elmi ədəbiyyatda bir çox mülahizələr mövcuddur:
“İlk dəfə bədii təfəkkürdə
klassik ənənələrlə türk xalq poeziyası ənənələrinin
sintezi başlanır. Bu isə ədəbiyyat və sənətdə
millilik və bəşəriliyin vəhdətinə
səbəb olur.
Xalq ədəbiyyatının,
xüsusilə, aşıq poeziyasının bədii-tarixi
baxımdan qüvvətlənməsi ideologiyada
mifdən gələn başlanğıca, el
ruhu və psixologiyasına dayanan
milli müəyyənliyin yaranmasına səbəb
oldu. Azərbaycanda orta
əsrlərdə milli birliyin
əsası, enerji mənbəyi olan məfkurə məhz poetik
formalarda meydana
çıxıb. Bu dövrdə elm də, ədəbiyyat da
sinkretik xarakter
daşıyırdı. Orta əsrlər
Azərbaycan etnik mədəni sistemində
poeziya birinci yerdə
dayanıb, poetik təfəkkür
dünyadərkində həlledici olub. Bu zaman ədəbiyyat elmləri
- “ülumi-ədəbi” özündə on
beşə qədər elmi birləşdirirdi.
Azərbaycan, türk
ədəbi-bədii irsinin
oynadığı qlobal roldan
bəhs edən tədqiqatçılar planetar
inteqrasiyada onun əhəmiyyətini
xüsusi qeyd edirlər.
Bu baxımdan AMEA-nın müxbir
üzvü Yaşar Qarayevin fikirləri diqqəti cəlb edir: “Etno-mədəni
özünümüəyyənləşdirmə”,
ideologiyanın təşəkkülündə liberalizm, neokonservatizm və
onların qarşılıqlı əlaqəsi problemi, hamısı, artıq, həm də daha bütöv zaman (orta və qədim əsrlər)
və daha qlobal məkan
(Asiya - Şərq hüdudları) və
onların irsilik münasibətləri
miqyasında da izlənməyə, elmi-nəzəri
şəkildə təhlil edilməyə
başlamışdır.
Akademik R.Mehdiyevin “Azərbaycanda siyasət: dünən,
bu gün və sabah” adlanan məqaləsi
də elə ona görə manifest xarakteri
daşıyır ki, “azərbaycançılıq”
ideologiyasından zaman və məkanın
bu miqyaslarında bəhs edilir.
Bütün tarixləri boyu türklər, hətta hərbi-siyasi ixtilaflarda, türk dünya səltənəti uğrunda
mücadilələrdə də yalnız kültürə
güvənəndə qalib gəlmişlər.
Sibirdə “maral kültürünü”
yaradanda (hələ eradan
əvvəlki Asiyada) qövmi-etnik
dövlətçiliyin ilk türk coğrafiyasını da
yaratmışlar. Səhra ilə bağlı mədəni dəyərlərə
(“at kültürünə”) sahib olanda dünyaya
(Avropaya!) da sahib olmuşlar.
Zaman
“atdan düşəndə”, tarix irəliyə doğru
gəmi və su yolu
ilə hərəkət edəndə isə, türklər məhz
dəryaya (dərya ilə bağlı elmi-mədəni dəyər
və sərvətlərə) hakim olanda isə, artıq yeddi
yüz illik imperiya - yeni türk dünya səltənəti
yaratmışlar. Dünya hakimiyyətini
itirəndə də, türklər onu öz kültürəl üstünlükləri
ilə bir yerdə, eyni
vaxtda itirmişlər.
Ümumiyyətlə, hər
dövrdə cəmiyyət, xalq
miqyasında baş verən ən səciyyəvi
sosial-siyasi, milli-mənəvi proseslər
cəmiyyətdən əvvəl humanitar
düşüncədə - şeirdə və sənətdə
əks olunmuşdur.
“Mən fəxr edirəm ki, azərbaycanlıyam” - bu
sözləri deyərkən Ulu Öndər
Heydər Əliyev doğma Vətənin kültür dəyərləri üçün hər bir
azərbaycanlının milli qürur hissini ən ali səviyyədə dünyaya
bəyan etmiş və bu
kültürün tarixinin
qədimliyini çıxışlarında dəfələrlə
vurğulamışdır.
Ədəbi-bədii irsə, azərbaycançılığı
yüksək qiymət verən Ulu Öndərin
layiqli siyasi varisi, ölkə Prezidenti
cənab İlham Əliyev demişdir:
“Əsrlər boyu xalqımız müstəqillik
arzusu ilə yaşamışdır. Biz müxtəlif ölkələrin,
imperiyaların tərkibində yaşamışıq, ancaq milli mənliyimizi heç vaxt itirməmişik.
Hər zaman milli dəyərlər,
Azərbaycan dəyərləri bizi daha da gücləndirirdi.
Xalqımız üçün ən
çətin anlarda bir
millət kimi özümüzü
qorumaq üçün,
ilk növbədə, milli
dəyərlərimiz, ənənələrimiz, milli bayramlarımız, ana
dilimiz öz rolunu oynamışdır.
Bundan sonra müstəqil dövlət kimi Azərbaycan yalnız inkişaf
yolu ilə gedəcəkdir. Müstəqilliyimizin
qısa tarixi bunu deməyə
əsas verir. İyirmi
il tarix
baxımından kiçik bir
dövrdür. Ancaq bu illər ərzində ölkəmiz çox uğurlu yol keçmişdir. Müstəqilliyimizi bərpa etdikdə, Azərbaycanda
gedən xoşagəlməz proseslər, faktiki
olaraq, müstəqilliyimizi əlimizdən
ala bilərdi. Ölkədə hökm sürən xaos, anarxiya, səriştəsizlik, siyasi
rəhbərliyin xəyanəti ölkəmizi uçurum
kənarına qoymuşdu. Ulu Öndər
Heydər Əliyevin Azərbaycana gəlməsi, Azərbaycan
xalqının ona göstərdiyi etimad və inam vəziyyəti
köklü şəkildə dəyişdirə
bilmişdir. Ölkəmiz 1993-cü ildən
bu günə qədər inkişaf
yolunu yaşayır, beynəlxalq mövqelərimiz
möhkəmlənir, daxildə vəziyyət müsbət
istiqamətdə inkişaf edir. Azərbaycan dünya
miqyasında ləyaqətli ölkə kimi
özünü tanıtdıra bilmişdir”.
Vahid ÖMƏROV,
fəlsəfə üzrə fəlsəfə
doktoru
Səs.-2012.- 4 aprel.- S.14.