ABŞ
qəzeti: “Nyu-Yorka xoş
gəlmisən, kraliça Zeynəb!”
Hələ bir ay bundan əvvəl Nyu-Yorkda yaşayan
Qafqaz və Mərkəzi Asiya mənşəli mühacir
icmalar arasında belə bir xəbər
yayılmışdı: Bahar fəslinin ən gözəl hədiyyəsi
martın sonunda baş verəcək: Keçmiş SSSR-nin və
Azərbaycanın Xalq Artisti, dünya şöhrətli
müğənni, milyonlarla insanın sevimlisi Zeynəb
Xanlarova ABŞ-a qastrol səfərinə gələcək.
Martın 27-də Zeynəb Xanlarovanı
qarşılamaq üçün onlarla pərəstişkarından
ibarət beynəlmiləl nümayəndə heyəti Nyu-Yorkun
Con Kennedi adına hava limanına gəlib. Əllərində
Azərbaycanın və ABŞ-ın dövlət
bayraqları, qucaq dolu gül-çiçək dəstələri
ilə azərbaycanlı, tacik, özbək, rus, türkmən
və qazax icmalarının üzvləri, yerli KİV
nümayəndələri səbirsizliklə onu gözləyirdilər.
Bu da səbəbsiz deyildi. Axı, Zeynəb Xanlarovanın
ABŞ-a sonuncu qastrol səfəri iyirmi üç il bundan əvvəl
olmuşdu. O zaman Zeynəb Xanlarova Nyu-York, Sinsinati və Los-
Ancelesdə konsert proqramları ilə çıxış
etmişdi.
Bu dəfə isə Azərbaycanın əfsanəvi
səsi Nyu-York şəhərində cəmi iki konsert verməli
idi. Məhz həmin səbəbdən də onun pərəstişkarları
bu müddətin bir dəqiqəsini belə itirməyərək,
sevimli müğənnilərini Amerika torpağına ayaq
basan andan görmək istəyirdilər.
Martın 30-da Zeynəb
Xanlarovanın Bruklinin 1400 nəfərlik “Millenium” Teatrında konsertinin
ilk günündə yerli
“Bukharian Times” qəzetinin
üz səhifəsi “Nyu-Yorka
xoş gəlmisən, kraliça
Zeynəb!” başlığı ilə
çıxmışdır. Azərbaycanın və
Buxaranın yəhudi icmalarının birgə təşkil
etdikləri Zeynəb Xanlarovanın qastrol
səfəri “Dostluq mahnıları”
adı altında reallaşırdı.
Həm martın 30-da, həm də
aprelin 1-də Kuins Kollecininin 2400 tamaşaçı tutumu olan Kolden
zalında verilən konsertlər anşlaqla
keçmişdir. Minlərlə mühacir icmasının üzvü
Azərbaycanın səhnə ulduzunun illərdən
bəri sevdiyi, əzbər bildiyi mahnılarını yenidən dinləmək
imkanı qazanıb, xəyalən Vətənə dönmüş, gəncliklərini
yaşayıblar. Auditoriya arasında gənc
nəslin çoxsaylı nümayəndələri də
gözə dəyirdi. Onlar da etiraf edirdilər ki, Zeynəb xanım evlərində ən çox dinlənilən ifaçılardan olduğuna görə əfsanəvi səhnə
ulduzunu canlı görməkdən böyük sevinc hissi duyurlar.
Zeynəb Xanlarova səhnəyə mavi
və parıltılı daşlarla bəzədilmiş
gözəl ağ libasda
çıxanda bütün zal ayağa qalxaraq əfsanəvi ulduzu
alqışlamağa başladı. Azərbaycanın dünya şöhrətli qızı isə əlinə
mikrofon alıb dedi: “Səhnədə
olduğum ilk gündən
bir dəfə də olsun
konsertlərimdə fonoqramla
oxumamışam. Bu yaşımda da başlamaq fikrim yoxdur. Mən
tamaşaçıma hörmət edirəm. Ona
görə bu gün
də ifam canlı olacaq.”
Bu
sözləri gurultulu alqışlarla
qarşılayan tamaşaçılar Zeynəb Xanlarovanın
daha bir neçə yumorlu xatirələrini dinlədilər:
“1989-cu ildə Amerikaya qastrol
səfərim zamanı ifa etdiyim
mahnılardan biri də “Reyhan”
idi. Əksəriyyəti Azərbaycan dilini başa düşməyən
zal bu mahnını böyük rəğbətlə
qarşıladı. Mən niyə məhz bu
mahnıya belə reaksiya olduğuna
təəccübləndim. Sonra tərcüməçimiz
başa saldı ki,
mahnınızın ABŞ Prezidenti
Reyqanın haqqında olduğunu
düşünürlər. Konsertlər zamanı məni səhnədən
zorla aparırlar. Özüm
konserti heç vaxt bitirmirəm. Görəcəksiniz, bu gün də belə olacaq”.
Bu sözlərdən
sonra səhnə musiqiçilərin
ixtiyarına verildi.
Planlaşdırılmış iki saat əvəzinə, Zeynəb xanımın
Azərbaycan, türk, fars,
gürcü, özbək, rus
dillərində mahnılardan ibarət konserti
fasiləsiz iki saat
yarım davam etdi. Təşkilatçılar
səhnə arxasından konserti
yekunlaşdırmağa eyham vuranda, bütün zal təbəssümə büründü-
Zeynəb xanım doğru deyirmiş,
onu gəlib aparmayınca konserti
öz xoşu ilə bitirmir.
Qastrol
konsertlərinin sonuncu günü
onlarla fəxri ad və
mükafat sahibi olan Zeynəb Xanlarova daha bir mükafata
layiq görüldü.
Bu dəfə Nyu-York
Ştatı Milli Assambleyasının üzvü Rori Lankman Azərbaycan mədəniyyətini bütün dünyada
şöhrətləndirən, istedadı ilə müxtəlif
mənşəli
neçə-neçə incəsənət adamını
ruhlandıran, sözün əsl mənasında
beynəlmiləl ulduz olan
Zeynəb Xanlarovaya Nyu
York ştatı və Nyu-York
icmaları adından ehtiram ifadə edən
sənədi təqdim etdi.
Azərbaycanın görkəmli
incəsənət simalarından birinin
Nyu-Yorkdakı qastrol konsertləri unudulmaz xatirələrlə yadda
qalmışdır. Konsertdən sonra təəssüratlarını
AzərTAc ilə bölüşən Azərbaycan diaspor təşkilatlarının rəhbərləri
qürur və sevgilərini dilə gətirirdilər.
Nyu-Cersi
ştatında fəaliyyət göstərən Amerika Azərbaycan Cəmiyyətinin prezidenti Tomris Azəri: “Mənim
üçün konsert
çox emosional idi. Hər mahnı keçmişi
xatırladırdı: Azərbaycanın bizə
nə qədər əziz olduğu, Amerikada böyüyərkən Vətənimizin
ailəmiz üçün nə demək
olduğu, mərhum anamın, əmilərimin,
babamın burada milli mənliyimizi
qoruyub saxlanması üçün
etdikləri yadıma düşərkən göz
yaşlarımı saxlaya bilmirdim.
Zeynəb xanımın Amerikaya 1989-cu ildəki
ilk qastrol səfəri
bizim üçün
böyük hadisə idi.
Bu gün onun səsini dinləyərkən bütün ailəmizin təxminən 23 il bundan əvvəl birlikdə
olduğunu, konsertə birlikdə gəldiyimizi
düşünüb kövrəlirdim”.
Meyn
ştatının Azərbaycan icmasının
başçısı Tərlan Əhmədov: “Mən ailəmlə
altı saat maşın sürüb
Meyn ştatından bu
konsertdə iştirak etmək üçün gəlmişəm. Azərbaycan səhnəsinin korifeylərindən biri olan Zeynəb
Xanlarovanın bu yaşda
fasiləsiz iki saatdan çox canlı ifası onun
bütün dünyada
yaşayan azərbaycanlıların milli qürur mənbəyinə
çevrilməsi səbəblərini aydın nümayiş etdirdi.
Həm Zeynəb Xanlarovanın, həm də onun
istedadlı musiqiçilərdən ibarət
ansamblının bizə bəxş etdikləri anları heç zaman
unutmayacağıq. Bütün icmamız
adından Zeynəb xanıma bu bahar fəslində möhkəm
cansağlığı, uzun ömür və bundan da böyük uğurlar arzu edirik. “
Azərbaycan Nyu-York
Assosiasiyasının katibi Minəvvər Vahabova: “Bu görüşün
sevincini çatdırmaq çox
çətindir, onun həddi-hüdudu yoxdur. Mən inanıram ki,
bu günün sevinci və xoş təəssüratı
uzun zaman yaddaşlardan silinməyəcəkdir. Rəngarəng
repertuarla çıxış edən
Zeynəb xanım öz canlı ifası
ilə zalda olan
tamaşaçıları heyran etdi. Biz Zeynəb Xanlarovanın timsalında bir
daha əsl sənətin, əsl musiqinin, əsl sənətkarın nə demək
olduğunu duyub
anladıq.. Biz qərib ölkədə yaşayan azərbaycanlıların gözü hər zaman
yoldadır, hər zaman Vətəndən
gələn qonaqların yolunu gözləyirik.
Arzulayırıq ki, Azərbaycanın zəngin
mədəniyyəti, incəsənəti, musiqisi,
teatr sənəti, muğamı bütün dünyada
tanınsın.”
Konsertdən sonra
Zeynəb Xanlarova ABŞ-a
budəfəki qastrol səfəri ilə
bağlı AzərTAc-a qısa müsahibə verib.
- Zeynəb xanım, Birləşmiş
Ştatlara iyirmi üç illik fasilədən
sonra xoş gəlmisiniz.
Konsertləriniz necə keçdi, Vətənə
hansı təəssüratlarla qayıdacaqsınız?
- Qafqaz və
yəhudi icmaları məni bu dəfə
dəvət edəndə, Amerikadakı pərəstişkarlarımın
intizarına son qoyub gəlməyə
qərar verdim. Bilirəm ki,
hər yerdə məni sevənlər gözləyirlər. Amerikada da həmçinin.
Gördünüz ki, zal
tam dolu idi. Heç kim konsertin
bitməsini istəmirdi.
Axırda təşkilatçılar məcbur olub bizi dayandırdılar ki, zalın kirayə vaxtı bitmişdir. Mən həmişə
saatlarla oxumağa hazıram. Bu sənəti qəlbən
sevirəm və özümü səhnədən
ayrı təsəvvür
edə bilmirəm.
Amerikaya ötən dəfə qastrol səfəri daha geniş şəkildə keçmişdir.
O zaman biz, Los-Anceles, Nyu-York, Çikaqo, Sinsinati və daha bir neçə
şəhərdə olduq,
hər yerdə böyük rəğbətlə
və məhəbbətlə
qarşılandıq. ABŞ
çox gözəl ölkədir, insanları
mehribandır. Şadam ki,
burada da tamaşaçı sevgisi
qazana bilmişəm.
Nə qədər ki, onların sevgisi var, mən oxuyacam.
- Auditoriyanız doğrudan
da beynəlmiləl idi. Sirr deyil ki, sizin yaradıcılığınız
hətta bizim iyirmi ildən çox münaqişədə
olduğumuz Ermənistanda
da sevilir, izlənilir. Ermənilər sizin bütün mahnıları öz dillərində ifa edirlər.
- Elədir. Mən
1978-ci ildə Ermənistan
SSR-in xalq artisti adına layiq
görülmüşdüm. Hətta eşitdiyimə görə,
bu yaxınlarda ermənilər yeni mahnılarımdan olan “Yaman könlümə düşmüsən” mahnısını
oxumağa başlayıblar.
Bu yaxınlarda Azərbaycanın Rusiyadakı
səfiri Polad Bülbüloğlu Ermənistana
səfər etmişdi.
Danışırdı ki, çoxları
ondan mənim yeni diskimin olub-olmamasını
soruşurdular. Xalqlarımız arasında nifaq salan qüvvələrə
lənət olsun.
İnsanlıq naminə, ümid
edirəm ki, münaqişə həll
ediləcək və
biz yenə də sülh şəraitində
yaşayacağıq.
- Zeynəb xanım,
bu il
ömrünüzün 76-cı baharını yola saldınız. Sizi səhnədə görənlər heyran qaldılar. Sirr deyilsə, təravətinizi,
şuxluğunuzu, gözəlliyinizi
necə saxlayırsınız?
- Məni yaşadan
və gənc saxlayan xalqımın, millətimin sevgisi, dövlətimdən gördüyüm
qayğı və hörmətdir. Mən iki gözəl,
məni həmişə
fərəhləndirən övlad
anasıyam, uzun illərdir Milli Məclisin deputatıyam.
Sənətimi həmişə sevmişəm, onun vurğunu olmuşam.
Xalqım da bunun müqabilində həmişə
məni qiymətləndirmiş,
əziz tutmuşdur.
Mən dünyanın ən xoşbəxt insanlarından
biriyəm. Yeganə arzum
budur ki, Allah səsimi əlimdən almasın. Nə qədər ki,
səsim var, səhnədə olacam, məni sevənləri gözü yolda qoymayacam.
Səs.- 2012.- 4 aprel.- S. 12.