Gənclər
cəmiyyətin fəal, hərəkətverici qüvvəsidir
Gənclər hər zaman dövlətin, cəmiyyətin
ən fəal, aparıcı, hərəkətverici qüvvəsi
sayılır. Bu mənada, gənclərə, yeni nəslə
diqqət və qayğı ictimai-siyasi sferada mühüm
prioritetlərdən hesab edilir. Mahiyyət etibarı ilə,
dövlətin gənclər siyasəti - gənclərin
öz bilik və bacarıqlarının, təbii
potensialının effektli reallaşdırılmasını, cəmiyyətdə
layiqli yer tutmasını təmin edən şəraitin
yaradılmasını nəzərdə tutur. Hazırkı
şəraitdə sosial yönümlü siyasət, insan
kapitalı amili əhalinin rifahının getdikcə daha da
yaxşılaşdırılması qloballaşan dünyada
başlıca hədəflərdəndir.
Gənclərimiz əsil vətəndaş
kimi yetişməlidir
Gənclər xüsusi sosial-demoqrafik qrup kimi,
bütün dəyişikliklərə, yeniliklərə
çox həssasdırlar. Bu baxımdan, insan
kapitalının əsas daşıyıcısı da gənclərdir.
Bu mənada, onlara yönələn diqqət və
qayğı ilə müqabilində cəmiyyətin, dövlətin,
bəşəriyyətin gənclərdən öz gözləntiləri
var. Bu, ilk növbədə, məsuliyyətli,
anlayışlı rəftar, faydalılıq, sosial-siyasi həyatda
əsil vətəndaş mövqeyi tutmaq, özünü
layiqincə təsdiqləməklə bağlıdır.
Azərbaycanda bu strateji hədəflərə
çatmaq üçün dövlət, hökumət, cəmiyyət
səviyyəsində ardıcıl, məqsədyönlü,
sistemli tədbirlər həyata keçirilir. Bu baxımdan, gənclərin
hərtərəfli inkişafı ölkənin sosial-iqtisadi,
elmi və mədəni inkişafı ilə sıx əlaqədədir.
Hazırda bütün dünyada insan amilinə xüsusi
önəm verilir, insan, onun bilik, bacarıq, qabiliyyət və
keyfiyyətləri əsas dəyər, başlıca kapital
kimi qəbul olunur. Bu, indi sosial-iqtisadi tərəqqinin, qlobal rəqabətə
davamlılığın, milli təhlükəsizliyin vacib
şərtlərindəndir. Ölkəmizdə gənclərin
problemlərinə, arzu və istəklərinə,
ideyalarına, təhsilinə, cəmiyyətin çoxşaxəli
həyatında fəal iştirakına xüsusi diqqət
yetirilir.
Gənclərlə bağlı mütərəqqi
təşəbbüs
Bu, Ümummilli Lider Heydər Əliyevin
adı ilə bağlıdır
Yeni nəslin
inkişafı, cəmiyyətdə aparıcı mövqe tutması, Azərbaycanın müstəqilliyinin
bərpasının ilk illərindən
dövlətin əsas fəaliyyət prioritetlərindən
sayılır. Gənclərə cəmiyyətin
həssas zümrəsi kimi, xüsusi diqqət və qayğının
göstərilməsi ilə bağlı təşəbbüs
məhz Ümummilli Lider
Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli Lider Heydər Əliyev
tərəfindən hələ 1995-ci ildə Azərbaycan Gənclərinin Forumunun keçirilməsi təşəbbüsü
irəli sürülmüşdü. Bu təşəbbüs Azərbaycan gənclərinin
cəmiyyətin inkişafında və öz
problemlərinin həllində rolunu
artırmağa yönəlmişdi və ölkənin gələcək
inkişafında iştirakını və məsuliyyətini
yüksəltmək, paytaxt
və regionlarda yaşayan
gənclərin fikir mübadiləsinə
şərait yaratmaq, gənclər və
dövlət qurumları, hökumət nümayəndələri
ilə dialoqu, açıq ünsiyyəti
asanlaşdırmaq, daha səmərəli
etmək məqsədi daşıyırdı. Məhz bu təşəbbüs Azərbaycanda gənclər
hərəkatının qüvvətlənməsinə, gənclərin
təşəbbüskarlığının və fəallığının
artmasına, ictimai-siyasi həyatda fəal,
səmərəli iştirakına təkan verdi.
Xatırladaq ki,
Gənclərin I Forumu - 2 fevral
1996-cı il tarixində keçirilib.
Bu, Azərbaycan
gənclərinin təşkilatlanması, sağlam
düşüncəli, milli dövlətçiliyə
sadiq, mütərəqqi qüvvə kimi formalaşması, kamilləşməsi
baxımından, çox mühüm,
əhəmiyyətli hadisə idi və Azərbaycan
gəncliyinin strateji fəaliyyət hədəflərinin
müəyyənləşdirilməsində
həlledici rol oynadı. 1997-ci il fevralın 1-də hər il
fevralın 2-nin Azərbaycan Gəncləri Günü
kimi qeyd edilməsi ilə
bağlı Sərəncam imzalandı. Həmin vaxtdan etibarən, fevralın 2-i, ənənəvi
olaraq, ölkəmizdə Azərbaycan gənclərinin
bayramı kimi təntənəli şəkildə
qeyd olunur. Bundan sonra gənclərimiz
daha üç dəfə
bu mötəbər ümumrespublika
toplantısı səviyyəsində bir araya gəliblər. Gənclərin II Forumu 1999-cu ildə, III Forum 13
oktyabr 2003-cü il
tarixində, IV Forum
2005-ci ildə Bakı şəhərində keçirilib.
Gənc
nəslin rifahına yönələn effektli
siyasət
Prezident İlham Əliyevin hakimiyyəti dönəmində
Azərbaycan gəncliyi ilə bağlı 2005-2009 və
2011-2015-ci illəri əhatə edən iki
dövlət proqramı qəbul olunub. Bu dövrdə
dövlətçiliyimizin daha da möhkəmlənməsi, ölkəmizin sosial-iqtisadi qüdrətinin yüksəlməsi
sayəsində gənclərə göstərilən diqqət,
qayğı daha da
artıb, gənclərlə bağlı aktual
məsələlərin həll olunması üçün
köklü, sistemli tədbirlər
həyata keçirilib. Bilavasitə gəncləri
daha çox
maraqlandıran sahələrdə - idman, təhsil, elm, mədəniyyət, səhiyyə
sferasında böyük işlər görülüb. Ölkəmizin müxtəlif
bölgələrini əhatə edən idman,
olimpiya kompleksləri şəbəkəsi,
gənclərlə bağlı həyata keçirilən effektli siyasət bunun bariz nümunəsidir.
Bəlli olduğu
kimi, 2005-ci ildə Prezident
İlham Əliyev tərəfindən
imzalanmış “Azərbaycan Gəncliyi Dövlət
Proqramı”nda (2005-2009-cu illər) aşağıdakı praktik vəzifələrin yerinə yetirilməsi
nəzərdə tutulur:
- gənc nəslin Vətənə
məhəbbət, Azərbaycan xalqının tarixinə, mədəni
irsinə, dövlət dilinə və rəmzlərinə,
milli-mənəvi dəyərlərinə hörmət ruhunda tərbiyə olunması;
- gənclərin hərbi vətənpərvərlik
tərbiyəsi işinin gücləndirilməsi,
onların hərbi xidmətə hazırlanması;
- gənclər arasında hüquq pozuntularının, narkomaniyanın və
digər zərərli vərdişlərin profilaktikası sahəsində
tədbirlərin həyata keçirilməsi;
- istedadlı gənclərin aşkar edilməsi, onların öz
qabiliyyətlərini inkişaf etdirə
bilmələri üçün şəraitin
yaradılması;
- gənclərin
sahibkarlıq fəaliyyətlərinin dəstəklənməsi,
bazar iqtisadiyyatının əsaslarına
dair biliklərə yiyələnməsi,
peşə hazırlığının yüksəldilməsi
və məşğulluğunun təmin edilməsi məqsədi
ilə tədbirlərin həyata keçirilməsi;
- sosial
müdafiəyə ehtiyacı olan gənclərin,
o cümlədən, gənc ailələrin
problemlərinin həllinə köməklik göstərilməsi;
- gənclərin
sağlamlığının qorunması sahəsində tədbirlərin
həyata keçirilməsi, kütləvi bədən tərbiyəsinin
və idmanın inkişaf etdirilməsi;
- ölkənin ictimai-siyasi
həyatında gənclərin fəal iştirakı, uşaq və gənclər üzrə təşkilatların
formalaşması və inkişafı üçün
şəraitin yaradılması;
- gənclərin
beynəlxalq əməkdaşlığı sahəsində
layihələrin həyata keçirilməsinə, gənclər
təşkilatlarının beynəlxalq əlaqələrinin
qurulmasına, onların nümayəndələrinin beynəlxalq
tədbirlərdə iştirakına köməklik göstərilməsi.
Yeni, modern menecment
düşüncəsi
Bu, müasir gənclər
üçün olduqca vacibdir
Göründüyü kimi, Azərbaycan gəncliyi ilə
bağlı ilk dövlət proqramı gəncləri
maraqlandıran bütün məqamları
əhatə edir. Prezident İlham
Əliyev 6 aprel, 2011-ci il
tarixli Sərəncamı ilə
hazırlanan və qəbul edilən “Azərbaycan gəncliyi
2011-2015-ci illərdə” Dövlət Proqramı gənclər
siyasətini daha da inkişaf etdirmək, onların menecment sahəsində fəal
iştirakına şərait yaratmaq, gənc
mütəxəssislərin işlə təminatı və
digər sosial-iqtisadi problemlərinin həllini
təmin etmək məqsədini nəzərdə tutur. Bu
proqramın icrasına 80 milyon manat vəsait ayrılıb və növbəti
beş il ərzində
gənclərin internet səsverməsi ilə
öz Azərbaycanın “Gənclər
paytaxtı”nı seçməsi gənclərimizin informasiya texnologiyaları sahəsində biliklərinin
artmasına, onların sosial yönümlü layihələrdə fəal
iştirakına zəmin yaradır.
Müvafiq proqramda qeyd edildiyi kimi, burada əsas məqsəd gənclərin
dövlətin və cəmiyyətin sosial-iqtisadi,
ictimai-siyasi və mədəni həyatında
iştirakının təmin edilməsidir. Cəmiyyətin
mütərəqqi, aparıcı ictimai-siyasi
qüvvələri də müasir gəncliyimizi
çox yüksək dəyərləndirir,
gənclərin böyük
potensialının uğurlu, səmərəli
şəkildə reallaşmasına səy göstərirlər.
Bu baxımdan, yüz
minlərlə mütərəqqi düşüncəli, fəal
gənclərimizi öz sıralarında
cəmləşdirən Yeni Azərbaycan
Partiyası hər zaman gənclərə
yönələn pozitiv diqqəti seçilir. Bu gün Yeni Azərbaycan
Partiyası üzvlərinin 40 faizini gənclər
təşkil edir. Müxtəlif
radikal qüvvələrdən, qaragüruhçulardan, təfriqəçi,
təriqətçi qruplaşmalardan fərqli
olaraq, iqtidarda olan Yeni Azərbaycan
Partiyası gənclərə sağlam, sivil, demokratik
düşüncə, dövlətçiliyimizə, milli məfkurəyə sədaqət
aşılayır. Gənclərimizin mütləq əksəriyyəti
bunu layiqincə dəyərləndirir, Yeni Azərbaycan Partiyasının
sıralarına fəal şəkildə qoşulurlar.
Gənclər
siyasətinin əsas istiqamətləri
Dövlətin gənclər
siyasətinin əsas istiqamətləri isə “Gənclər
siyasəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə aşağıdakı kimi müəyyənləşdirilir:
- Gənclərin mənəvi-əxlaqi
tərbiyəsi və mədəni həyatda iştirakı;
- İstedadlı gənclərə
dövlət qayğısı;
- Gənclərin
sağlamlığının qorunması və fiziki inkişafı;
- Gənclərin məşğulluğunun
təmin edilməsi;
- Gənc ailələrə
dövlət yadımı;
- Gənclər təşkilatlarına
dövlət yardımı.
Bu qanunda gənclər siyasətinin əsas
istiqamətləri sırasında mənəvi-əxlaqi tərbiyənin
və mədəni həyatda iştirakın önə
çəkilməsi heç də təsadüfi
deyil. Mənəvi-əxlaqi
dəyərlərə bağlılıq və mədəni inkişaf səviyyəsinin mümkün
qədər yüksək olması gənclərin ictimai həyatda sağlam mövqe tutması, uğurlu
şəkildə özünü təsdiqləməsi
baxımından, vacib şərtdir.
Qanunvericilik səviyyəsində gənclərlə
bağlı qəbul edilən müxtəlif qanunlar,
“Azərbaycan gənclərinin xaricdə təhsil alması ilə
bağlı Dövlət Proqramı”nın qüvvəyə
minməsi, “Azərbaycan Milli Elm Fondu”nun
yaradılması, ümumiyyətlə, dövlətin bu sahədə atdığı son addımlar onu deməyə
əsas verir ki,
ölkəmiz üçün yeni nəslin gələcəyi, bu mənada, insan
kapitalı amili çox
əhəmiyyətlidir. Bu, Azərbaycanın strateji hədəflərə
yönəlmə baxımından, optimal,
uğurlu, doğru seçimidir. Ölkənin təhsil səviyyəsinin
artırılması, gənclərin nüfuzlu
xarici ali təhsil
müəssisələrində yüksək səviyyədə
təhsil almaları, təcrübə keçmələri,
elmi fəaliyyətlə məşğul
olmaları Azərbaycan inkişaf
potensialının getdikcə daha da artmasına xidmət edir.
Gənclərin bilavasitə iştirakçısı olduğu müxtəlif elmi
layihələrə, ixtiralara maliyyə vəsaiti
ayrılması intellektual inkişaf
prioritetlərinin genişlənməsinə əlverişli
şərait yaradır.
Hazırda ölkəmiz dünyanın neft,
enerji, idman mərkəzlərindən
biri olmaqla yanaşı,
getdikcə elm, təhsil, mədəniyyət
mərkəzinə çevrilir. Bu, gəncliyin, yeni nəslin
inkişafına böyük, əhəmiyyətli
töhfədir.
Səs.- 2012.- 5
aprel.- S.7.