Azərbaycan
milli incəsənəti və azərbaycançılıq
Uzun tarixi inkişaf yolu keçmiş milli incəsənətimiz
özündə azərbaycançılıq
ideyalarını əks etdirən müxtəlif növlü əsərlərin
məcmusundan ibarətdir. Humanizm, azərbaycançılıq
ruhu aşılanmış milli incəsənətimiz
bütün dünyada məşhurdur. İncəsənətdə
humanizmə yüksək qiymət verən M.Qorki
yazırdı: “Mənim üçün insandan kənarda
heç bir ideya yoxdur; mənim üçün bütün
şeyləri və bütün ideyaları yaradan odur və gələcəkdə
təbiətin bütün qüvvələrinin sahibi məhz
o insan olacaqdır. Bizim dünyada ən gözəl şey zəhmətlə,
ağıllı insan əli ilə yaranan şeydir, bizim
bütün fikirlərimiz, bütün ideyalarımız zəhmət
prosesindən doğur; incəsənət, elm və
texnikanın inkişaf tarixi bizə bunu göstərir. Fikir
faktdan sonra gəlir.
Mən insan
qarşısında ona görə “səcdə edirəm” ki,
bizim dünyada insan ağlının, insan xəyalının,
insan icadının təcəssümündən başqa
heç bir şey duymuram və görmürəm”.
XX əsrin 20-ci illərində bütün
keçmiş mədəniyyəti inkar edən bədnam
“proletkultçular” bütün incəsənət əsərlərini,
o cümlədən, Azərbaycan operalarının da köhnəldiyini,
məzmunca əsrə uyğun gəlmədiyini, “inqilab
dövründə” böyüməkdə olan nəslə
qida verə bilmədiyini iddia edirdilər.
Belə baxışlara qarşı mübarizə
aparan dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyov
yorulmadan mübarizə aparmışdır. Onun bu məqsədlə
1924-cü ildə “Kommunist” qəzetində, 1926-cı ildə
“Maarif və mədəniyyət” jurnalının 8-ci və
9-cu nömrələrində çap olunmuş məqalələri
diqqəti cəlb edir. Həmin məqalələrində
böyük bəstəkar keçmiş bədii irsə belə
birtərəfli baxışı rədd edir, Azərbaycan
opera və operettalarının cəmiyyətdəki yerini və
rolunu, adamların tərbiyəsinə etdiyi müsbət təsiri
ətraflı şərh edirdi. O yazırdı: “Tək-tək
götürüb baxsaq, görərik ki, türk (Azərbaycan
- V.Ö.) opera və operettalarının hərəsinin
öz-özlüyündə inqilabi ictimai və mədəni
vəzifəsi inkar qəbul etməyən bir həqiqətdir.
“Leyli və Məcnun”,
“Aşıq Qərib” və “Arşın mal alan” öz
balalarının gələcək ailəvi həyatlarını
korlayan cahil valideynin hərəkətlərinə
qarşı etirazdır, “Ər və arvad” çadraya
qarşı birinci mübarizədir, “Şah İsmayıl”
müstəbid hökmdarları dizin-dizin süründürən
inqilabcuyanə bir məzmundur...
“O olmasın, bu olsun”a gəldikdə,
bu operetta məzmunca bugünkü
yaşadığımız inqilabi yeni həyata o qədər
yaxındır ki, guya bugünkü gün üçün
yazılmış təbliği bir ədəbiyyat cümləsindəndir...”.
Ü.Hacıbəyov bizim sənətin
qüdrətini, böyüklüyünü onun xalqa
bağlı olmasında, xalqın adı ilə bağlı
olan keçmiş mütərəqqi ənənələrə
ehtiramla yanaşmasında görürdü. Ən
böyük yaradıcı, ən böyük “bəstəkar
xalqdır”, “ilk gözəl nəğmə və rəqs
melodiyalarının yaradıcısı xalq özüdür”
deyən böyük bəstəkarımız göstərirdi
ki, xalq musiqisini əsaslı surətdə öyrənməyincə
böyük əsərlər yazmaq mümkün deyildir. O,
xalqı təkcə bəstəkar deyil, həm də misilsiz
tənqidçi və musiqi əsərlərinin ən
yaxşı “istehlakçısı” adlandırır,
xalqın musiqi əsərlərinə diqqətlə
yanaşdığını, yaxşını pisdən
gözəl seçə bilmək və hər
çeşidli saxta gözəllikləri və ideyasız dəbdəbələri
amansızcasına rədd etmək qabiliyyətini, məharətini
xüsusi qeyd edirdi.
Ədəbiyyat və incəsənətin
əsil inkişafı ən yaxşı mütərəqqi,
realist ənənələrin, estetik və bədii
baxışların yeni şəraitdə ardıcıl və
yaradıcı inkişafıdır. S.Vurğunun dediyi kimi,
tarixi inkişafın təcrübəsi göstərir ki,
öz köklərilə bizim sələflərimizə
bağlı olmayan adamların yaradıcılığı
xeyirxahlığa gətirib çıxarmır. Belə
adamlar nə qədər “novatorluq” örtüyünə
bürünsələr də, bizim klassik yazılı ədəbiyyatdan
və şifahi xalq yaradıcılığının
yaxşı ənənələrindən ayrı
düşdükləri üçün yeni və qiymətli
heç nə yarada bilmirlər.
Tədqiqatçı Cahid
Quliyev azərbaycançılıq ruhuna, milli-mənəvi dəyərlərə
bağlı olan sənətkarlar haqqında yazır:
“Böyük sənətkar olmaq, ümumxalq məhəbbəti
qazanmaq üçün gərək yazıçı, ənənəyə
yiyələnməklə yanaşı, öz şəxsi
yaradıcılıq sifətinə malik olsun. Belə sənətkar
həyata ağıllı yanaşır, zəngin, mürəkkəb
və ziddiyyətli hadisələri seçməyi bacarır,
yenilik hisslərini duyur və bu hissləri vermək
üçün təzə ifadə vasitələri, yeni
forma seçir. Məhz sənətkarın novatorluğu elə
bundadır ki, inkişafın əsil istiqamətini anlasın,
yeniliyi vaxtında duysun və öz sənəti ilə bu
yeniliyin qələbəsinə kömək etsin”.
Sənətkar keçmiş
irsdən öyrənərkən bugünün övladı
olduğunu yaddan çıxarmamalıdır. Bəşər
fikrinin yaratdığı mədəniyyətin həqiqi və
gözəl varisi olan sosializm sənətkarı mütərəqqi,
humanist, inqilabi incəsənət və elm əsərlərinə
məhəbbətlə yanaşır, hər cür qara
qüvvələrə və ictimai bərabərsizliyə
qarşı mübarizədə bu zəngin irsdən ehtiram və
ehtirasla istifadə edir. Müasir ədəbiyyat xalq
idrakından, xalq mənəviyyatından
danışdığı zaman, onun mənəvi
keçmişinə böyük bir hörmət və məhəbbətlə
yanaşmalı tariximizin həyat və mübarizə səhifələrini
ilham və ürəklə vərəqləməlidir.
Sənətkar öz oxucusunu,
tamaşaçısını, dinləyicisini həyəcanlandırmaq,
ağlatmağı və güldürməyi,
düşündürməyi bacarmaq iqtidarında
olmalıdır. O, oxucunun və dinləyicinin şüuruna və
hisslərinə hakim olmağı bacarmalıdır. Həqiqi
sənət əsərləri insanı riqqətə gətirməlidir.
Müəllif yaratdığı müsbət qəhrəmanın
simasında insanı lazımi yüksəkliyə
qaldırmağı, duyğulara təsir etməyi
bacarmalıdır.
Ü.Hacıbəyovun
“Koroğlu” operasını yada salın. Biz tamaşanın ilk
anından musiqinin əsiri olur, əsərin qəhrəmanları,
xüsusən, Koroğlu ilə birlikdə sevinir, kədərlənirik,
onlarla birlikdə iztirab çəkir və onlarla birlikdə qələbəni
təntənə ilə qeyd edirik. Bunun səbəbi odur ki,
Üzeyir sənəti soyuq bir şüurun, formal bir
texnikanın məhsulu deyil, hadisələri
yaşamış, insan taleyini duyub-düşünmüş,
sevinc və iztirablar keçirmiş böyük bir ürəyin
məhsuludur. Onun musiqi dili ilə qələmə
aldığı həyat boyasız, sadə və təbiidir.
Üzeyir sənəti həyat və insanı təsdiq edir.
Üzeyirin realizmi hadisələri
və insanları natural halında deyil, yüksək romantik
üslubda ifadə edir; cəmiyyətin bugünkü
halını təsvir etdiyimiz zaman biz sabaha, gələcəyə
doğru gedirik, daima yüksəlir və kamilləşirik.
S.Vurğun yazır: “Üzeyir musiqisini dinlədiyimiz zaman biz bəzən
qaşlarımızı çatıb loğman kimi
düşünürük, bəzən həyat və insan
eşqinə odlardan-alovlardan keçən qəhrəmanlar oluruq.
Bəzən ürəyimiz ümman kimi təlatümə gəlir,
bəzən də sakit və nurlu bir yaz səhəri kimi
açılırıq, özümüzdə dağlarda
külünglər çalan fərhadlar qüdrəti hiss
edirik, xəyalımız göylərə uçduqca,
yaşadığımız ana torpağı, onun
yaratdığı insan adlı böyük neməti daha
çox sevirik, öz varlığımız və tariximiz ilə
fəxr edirik”. Böyük Azərbaycan
şairi Səməd Vurğun gənc nəslin azərbaycançılıq,
milli ruhda böyüməsinə yüksək qiymət verir,
bunun üçün həyat həqiqətinə sadiq
qalmağı əsil milli əsərlər yazmağı tələb
edirdi: “Bu həqiqət (həyat həqiqəti) o qədər
zəngin, rəngarəng, mənalı və gözəldir
ki, onun heç bir boyağa rəng və uydurmalara ehtiyacı
yoxdur”. Azərbaycan ədəbiyyatı
və incəsənətinin təməlini qoyanlar həyat həqiqətinə
sadiq olur, xalqla bağlılıq kimi nəcib ənənələri
də özlərinin həyat və mübarizə devizi kimi qəbul
edirdilər. Yeni həyatın yeni ədəbiyyat və incəsənətin
yaradıcıları olan bu sənətkarlar sənətkarlığı,
ustadlığı klassiklərdən öyrənir, eyni
zamanda, yeni şəraitin, yeni zəmanənin tələblərini
diqqət mərkəzində saxlayırdılar.
Axı, bu, bir həqiqətdir
ki, keçmişin sənət fədailəri də mütərəqqi
ənənəyə böyük ehtiramla yanaşmış,
həm də yaşadıqları dövrün ən
böyük novator sənətkarları olmuşlar. Belə
olmasa idi, onlar klassiklər səviyyəsinə yüksələ
bilməzdilər, adları tarixə düşməzdi.
AMEA-nın müxbir üzvü
Yaşar Qarayev Ulu Öndər Heydər Əliyevin Azərbaycan
sivilizasiyası və azərbaycançılıq
konsepsiyasının əhəmiyyəti barədə
yazır: “Azərbaycan sivilizasiyanın neçə min illik
tarixi barədə çağdaş Siyasi Öndər və
milli ideoloq Heydər Əliyevin son nəzəri müşahidələri
belə bir miqyaslı təşəbbüsün
icrasını elmi-nəzəri fikrimiz qarşısında
vaxtı çatmış vəzifə kimi irəli
sürür.
İkinci tərəfdən, digər
dünyagörüşü, cərəyanları ilə və
daha qlobal fəlsəfi ideyalarla (dirilik və dünya
ideyası, həyatın mənası, insan və zaman, olum və
ölüm...) bir kontekstdə baxanda milli ideya da
özünün daha uzaq tarixi kökləri, genezis və mənşə
təfərrüatı ilə birlikdə görünür.
Axı, millilik və millət ideyası da, əslində,
yüz illər və min illər boyu tarixi evolyusiya keçirən
cəmiyyət və insan, fərd və şəxsiyyət
ideyasının indiki yekun, növbəti sonuc məqamından
başqa bir şey deyildir. Məhz bu baxımdan milli
ideyanın müasir vəziyyətinin, onun çağdaş
Qərb-Şərq tipologiyasının geniş, qlobal tarixi-fəlsəfi
kontekstdə dərki üçün dini-fəlsəfi-bədii
fikrin ən yaxın və uzaq təcrübəsi, xüsusilə,
zəngin material verir.
Azərbaycançılığın
konsepsiyası bir də, məhz bu təcrübənin elmi-nəzəri
və bədii-fəlsəfi zirvəsində
ucalmalıdır. “Şübhəsiz ki, bu konsepsiya tarixi
keçmişimiz, milli, mədəni, dini ənənələrimiz
üzərində qurulmalıdır”. Ancaq bu təqdirdə,
milli ideyanın özünün milli təkrarsızlığı
yarana bilər”.
Şübhəsiz ki, Heydər Əliyev
öz xalqının psixologiyasının xüsusiyyətlərini,
mentalitetini çox gözəl bilən xarizmatik liderdir. Onun həyatında
hadisələrin sanki öncədən müəyyənləşdirilmiş
gedişini təkcə sözün gücü ilə dəyişdirə
bildiyi hallar çox olmuşdur. Heydər Əliyevin şəxsi
nümunəsi bizim hamımızı, onun həmvətənlərini
ruhlandırır və qurub-yaratmağa həvəsləndirir.
O, Azərbaycana otuz ildən çox rəhbərlik edərək,
sözü və əməli ilə yeni gerçəklik
yaradır, Azərbaycan üçün dünyaya yol
açır, onu ən sivilizasiyalı və çiçəklənən
ölkələrdən birinə çevirməyə
çalışır. Buna görə də xalq öz millətinə
təmənnasız xidmət etməyin misilsiz nümunəsinə
heyran olmaqla yanaşı, həm də başa
düşür ki, indi Azərbaycana məhz belə lider
lazımdır.
Ulu Öndər öz tarixi
missiyasını şərəflə yerinə yetirdi. Onun
layiqli siyasi varisi Azərbaycan Respublikasının Prezidenti cənab
İlham Əliyev də bu vəzifəni yeni dövrə
uyğun ləyaqətlə davam etdirməkdədir. Cənab
İlham Əliyev müstəqilliyimizi, dövlətçiliyimizi,
iqtisadiyyatımızı daha da möhkəmləndirmək,
inkişaf etdirməklə yanaşı, azərbaycançılıq
ideologiyasını, milliliyimizi ümumbəşəriliklə
daha düzgün, daha dolğun
uyğunlaşdırılmasını təmin edir.
Vahid
ÖMƏROV,
fəlsəfə
üzrə fəlsəfə doktoru
Səs.-
2012.- 6 aprel.- S.10.