İnsan kapitalının inkişafı

 

Hazırda Azərbaycanda və bütün dünyada müasir, modern iqtisadiyyatın ən mühüm sosial-mədəni amilinə çevrilən insan kapitalının formalaşmasına, möhkəmlənməsinə və inkişafına xüsusi diqqət göstərilir. Bu mənada, ölkəmizdə həyata keçirilən  sosial-iqtisadi islahatlar hər bir Azərbaycan vətəndaşının rifahının yüksəldilməsinə yönəlib. Prezident İlham Əliyevin vurğuladığı kimi, insan amili, ölkə vətəndaşlarının sosial-iqtisadi rifahının yaxşılaşdırılması, ölkəmizin yüksək inkişaf etmiş ölkələr sırasına daxil olması həyata keçirilən çoxşaxəli islahatların başlıca hədəfidir.

 

 Sosial yönümlü siyasət

 

Bu mənada, iqtisadi subyektlərin rəqabət qabiliyyətliliyini yüksəltməyə imkan verən sosial yönümlü siyasətin hazırlanması və həyata keçirilməsi strategiyası mühüm prioritet təşkil edir. Bütün bunlar müvafiq fəaliyyət sahələrini əhatə edən dövlət proqramlarında, strateji konsepsiyalarda dolğun ifadəsini tapır.

Burada insan amilini şərtləndirən bir sıra mühüm amillərə diqqət yetirmək gərəkdir. Nəzərə almaq lazımdır ki, uğur qazanmaq üçün güclərin məqsədyönlü şəkildə təmərküzləşməsi və düzgün strategiya seçilməsi vacibdir. Təcrübə göstərir ki, insan amilinə xüsusi diqqət yetirildikdə kompleks planlaşdırma və idarəetməni həyata keçirən təşkilatlar daha uğurlu fəaliyyət  göstərərək, uyğun fəaliyyət sahəsindəki orta mənfəətlə müqayisədə daha çox qazanc, mənfəət əldə edirlər. Bu, həm dövlətin, həm cəmiyyətin strateji maraqlarına uyğundur.

 

İnsan kapitalı amilinə elmi-konseptual yanaşma

 

İnsan kapitalının formalaşmasında, inkişafında elmi-konseptual yanaşmanın rolu kifayət qədər böyükdür. Bu, həm də dövlətin sosial siyasətinin təməl prinsiplərindən birini təşkil edir. “İnsan kapitalı” termini XX əsrin ortalarında elmi dövriyyəyə gətirilib və daha çox iqtisadi anlayış kimi işlədilir. Müvafiq konsepsiyanın yaradıcıları Amerika iqtisadçıları, iqtisadiyyat sahəsində Nobel mükafatı laureatları Teodor Şults (Theodore Schultz) və Harri Bekker (Gary Becker) sayılır.

Hazırda Azərbaycan sosial-iqtisadi inkişaf sürətinə görə, dünyada liderlik edən dövlətlərdən sayılır. Həyata keçirilən geniş islahatlar, çoxçeşidli infrastruktur layihələri nəticəsində ölkədə dinamik inkişaf davamlı xarakter alıb. Regionda inkişaf göstəricilərinə görə alternativsiz lider olan Azərbaycan qısa zamanda böyük miqyaslı infrastruktur, sənaye və sosial layihələri həyata keçirib. BMT-nin İnkişaf Proqramının hesabatına əsasən, 169 ölkə arasında Azərbaycan son beş il ərzində insan inkişafında ən mühüm müvəffəqiyyətlər əldə etmişdir. İnsan inkişafı indeksə görə 2005-ci ildə Azərbaycan 101-ci yerdə olub, və 2010-cu ilin nəticələri əsasında ölkə, yaxşı göstəricisi olan 67-ci yerə qalxıb.

 

İnkişafın müsbət dinamikası

 

2011-ci ildə Azərbaycan bu pozitiv dinamikanı qoruyub saxlayıb, daha da möhkəmləndirib. Bu tendensiya 2012-ci ilin birinci rübündə də yüksələn xətlə inkişaf edir. Məhz bunun nəticəsidir ki, əvvəl orta insan inkişafı indeksli ölkələr qrupuna aid olunan Azərbaycan indi insan potensialının yüksək inkişaf etdiyi ölkələr siyahısına daxil edilir.

Bu, ölkəmizin əldə etdiyi böyük uğurdur, ölkənin strateji inkişaf perspektivi  baxımından, yeni nailiyyətlərin əldə edilməsinə obyektiv zəmin yaradır. Bununla yanaşı, davamlı tərəqqinin genişləndirilməsi və dünyanın inkişaf etmiş ölkələrin dairəsinə daxil olmaq üçün bir çox mühüm işlər həyata keçirilir ki, bu da ölkəmizin mühüm, strateji hədəflərindəndir. Strateji planda belə genişmiqyaslı planları həyata keçirmək və strateji məsələləri tam həll etmək üçün gələcəkdə layihələrin inkişafını tədricən aşağıdakı tövsiyələrə uyğun olaraq aparmağa təklif edilir:

- mövcud insan kapitalının inkişafı sahəsində dünya təcrübəsinin elmi tədqiqi və optimal, səmərəli istifadəsini davam etdirmək;

- milli, regional xüsusiyyətlər nəzərə alınmaqla, Azərbaycanda istifadə üçün ən uyğun insan kapitalının toplanmasının effektiv üsul və vasitələrinin müəyyən edilməsi;

- insan kapitalının davamlı inkişafı üzrə milli strategiyanın əsas konseptual müddəalarının inkişafı və onun effektiv şəkildə tətbiqinin müasir mexanizmlərinin işlənib hazırlanması.

 

Qara qızıl” insan kapitalına çevrilir

 

Bununla bağlı Prezident İlham Əliyev dəfələrlə qeyd edib ki, Azərbaycan hökumətinin apardığı siyasətin başlıca məqsədi nefti - “qara qızıl”ı insan kapitalına çevirməkdən ibarətdir: “Neftimizi, yəni “qara qızıl”ı insan kapitalına çevirə bildik. Siyasiiqtisadi islahatlar sahəsində fəal siyasət və enerji siyasəti nəticəsində biz son üç il ərzində iqtisadi artımı 96 faiz səviyyəsinə qaldıra bildik. Həmin dövr ərzində, əsasən, iqtisadi islahatlar siyasəti və enerji strategiyası sayəsində biz dünyada iqtisadiyyatı ən sürətlə inkişaf edən ölkə olmuşuq”.

Bu gün Azərbaycan insan kapitalı fondunu formalaşdırmaqla dövlət və özəl sektorun ən müasir bilik və texnologiyaları mənimsəmiş kadrlarla təmin olunmasına nail ola bilər. Respublikamızda bundan ötrü böyük potensial ehtiyatlar mövcuddur.

Azərbaycanın həm respublika hüdudlarındakı, həm də xarici dövlətlərin nüfuzlu elm və təhsil müəssisələrindəki peşəkar, gənc kadr ordusu müasir dünyanın elmi, texniki və mədəni tərəqqisinin ölkəmizə geniş şəkildə nüfuz etməsini şərtləndirir. Yeni, müasir idarəetmə texnologiyalarına yiyələnən bu gənclər mövcud inkişaf potensialının qüvvətləndirilməsi baxımından, ölkəmizin qızıl fondu sayıla bilər.

 

Güclü insan kapitalı bazası

 

Azərbaycanın əldə etdiyi valyuta gəlirlərinin insan kapitalına çevrilməsi bu gün sosial-iqtisadi siyasətin başlıca hədəflərindən birinə çevrilib. Hökumət insan kapitalı ilə bağlı xüsusi ixtisaslaşmış struktur yaratmaq təşəbbüsü bu baxımdan olduqca təqdirəlayiqdir. İnkişaf etmiş dövlətlərin təcrübəsini nəzərə alan hökumət bu təşəbbüsü reallaşdırmaqla intellektual və yüksək idarəetmə qabiliyyətinə malik güclü insan kapitalı bazası formalaşdırmaq imkanı qazanır ki, bu strateji inkişaf perspektivi baxımından böyük hədəflərə hesablanmış addımdır. Müasir şəraitdə, bütün sosial-iqtisadi inkişaf meyillərinin kökündə insan amili dayanır. İnkişaf etmiş ölkələrin ən mühüm sərvəti, kapital fondu məhz zəngin biliyi və təcrübəsi olan insanlardır. Bununla bağlı, hökumət xarici ölkələrdə təhsil alan gənclərin sayının artırılması, onların tədris xərclərinin yüksəldilməsi ilə bağlı məqsədyönlü addımlar atır.

 

Beynəlxalq qurumların rəyi müsbətdir

 

Hazırda Azərbaycan neft vəsaitlərinin idarə olunmasında mükəmməl, təkmil konsepsiyasını həyata keçirir. “Qara qızıl”dan, enerji resurslarının nəqlindən əldə edilən gəlirlər qeyri-neft sektorunun və elmi-mədəni tərəqqinin inkişafına yönəldilir. Bu vəsaitlərin həcmi hər il artırılır. Əldə olunan yüksək nailiyyətlər beynəlxalq reytinq agentliklərinin qiymətləndirmələrində də öz əksini tapır. Ernst ənd Yonq”, “Mudz”, “Fitç İbka”, “Standart ənd Purskimi dünyanın ən nüfuzlu reytinq təşkilatları Azərbaycanın neft və mədən sənayesində neçə illərdir ki, qiymətləndirmə aparır və bu qurumların neft vəsaitlərinin xərclənmə istiqamətləri ilə əlaqədar yekun rəylərində şəffaflığın təmin olunduğunu xüsusi olaraq, vurğulayırlar.

 

İnsan intellekti, zəkası, əməyi ilə əldə olunan nailiyyətlər

 

İnşa olunan körpülər, yollar, elektrik stansiyaları, su-kommunal xidmət qurğularının bərpasında, tikintisində başlıca maliyyə mənbəyi neft gəlirləridir. Neft gəlirləri hesabına reallaşan idarəetmə sisteminin təkmilləşdirilməsi isə ölkəmizin hər il dünyada qabaqcıl texnologiyalar tətbiq edən dövlətlər sırasında reytinqinin artmasına təkan vermiş olur.

Dövlət Neft Fondundan hər il yüz milyonlarla manat vəsaitin infrastrukturinvestisiya bölmələrinə ayrılması respublikamızın bütün bölgələrinin simasının dəyişməsinə səbəb olub. Bütün bölgələrdə tikilən məktəblər, mədəniyyət obyektləri də neft kapitalının hesabına reallaşır. Bakı şəhərinin içməli su ilə təminatında həlledici rol oynayanPrezidentin İkinci Bakı-Tbilisi-Ceyhan adlandırdığı Oğuz-Qəbələ-Bakı su kəmərinin tikintisi və istifadəyə verilməsi deyilənlərə əyani misaldır. Bütün bu nailiyyətlərin təməlində insan intellekti, zəkası və əməyi durur. Buna görə də hökumət neft gəlirlərini intellektual mülkiyyətə, insan kapitalının inkişafına yönəltməyi vacib sayır. Həyata keçirilən bu rasional tədbirlər ümumilikdə əhalinin sosial-iqtisadi rifahının daha da yaxşılaşmasına xidmət edir, ölkəmizin sosiomədəni tərəqqisini şərtləndirir.

 

 

SəsAnalitik Qrupu

 

 Səs.-2012.- 6 aprel.-S. 7.