Professional təhsil almış ilk Azərbaycan
bəstəkarı
Azərbaycan musiqi sənətinin görkəmli xadimlərindən
biri, xalq musiqisinin mahir təbliğatçısı,
istedadlı bəstəkar Asəf Zeynallının
yaradıcılığı böyük bir həyat salnaməsidir.
Elə bir salnamə ki, onun hər səhifəsində gənc
bəstəkarıProfessional təhsil almış ilk Azərbaycan
bəstəkarın əks etdirdiyi musiqi obrazları öz təravətini,
reallığını, həyatiliyini bu gün də
saxlayır.
İstedad heç bir zaman qocalmır. Əksinə,
parlaqlığını özündə daim əks etdirir.
Bu dünyadan vaxtsız köçən, cəmi 23 il
yaşayan Asəf Zeynallı sənəti də minlərin,
milyonların ürəkdən sevib, pərəstiş etdiyi
böyük, müqəddəs sənət obyekti kimi daim
yaşayır, parlayır.
Asəf Zeynallının musiqi sənətimizdə tarixi
xidmətləri böyükdür. O, Azərbaycan Dövlət
Konservatoriyasında professional təhsil almış ilk Azərbaycan
bəstəkarıdır. Görkəmli bəstəkar və
ictimai xadim olan Asəf Zeynallı ilk milli romansların,
fortepiano və skripka üçün miniatürlərin, həmçinin,
ilk simfonik əsər nümunələrinin müəllifidir.
O, qısa həyatı boyu Üzeyir Hacıbəyov ənənələrinə
sadiq qalaraq müxtəlif janrlı əsərləri ilə
professional musiqimizi daha da zənginləşdirmişdir.
Asəf Zeynalabdın oğlu Zeynallı 1909-cu ildə
aprelin bu günü Dərbənd şəhərində
dünyaya göz açmışdır. 20-ci illərin əvvəllərində
Zeynallının ailəsi Bakıya köçür.
1922-26-cı illərdə Bakı Musiqi Texnikumunda oxuyur,
1926-cı ildə Azərbaycan Dövlət
Konservatoriyasının orkestr fakültəsinə daxil olur,
sonra isə bəstəkarlıq fakültəsində təhsilini
davam etdirir. Ü.Hacıbəyov, B.Karaqiçev, L.Y.Ab,
L.P.Yablonko kimi görkəmli bəstəkarlardan dərs alan Asəf
Zeynallı əsərlərinin çoxunu konservatoriyadakı
təhsil illərində yazmışdır.
1927-ci illərin axırlarında Asəf Zeynallı Azərbaycan
“Tənqid-təbliğ” teatrında işə başlayır.
Teatrın musiqi hissəsinə müdir təyin olunan Asəf
Zeynallı bir çox tamaşalara - C.Cabbarlının “Sevil”,
S.Rüstəm və H.Nəzərlinin “Yanğın”, C.Xəndanın
“Gizli əl”, A.Yanovskinin “Qəzəb” və s. musiqi tərtibatı
vermişdir.
Asəf Zeynallının musiqi irsi çoxcəhətlidir.
O, xalqın mənəvi zənginliyinin tərcümanı
olan musiqinin müxtəlif janrlarında dəyərli əsərlər
yaratmışdır. Lakin Azərbaycan musiqi tarixində bəstəkar,
milli romans janrının yaradıcısı kimi tanınaraq,
özünəməxsus dəst-xətti ilə xüsusi
olaraq diqqəti cəlb edir. Vətənpərvərlik
romansı olan “Sərhədçi” balladadır, vətən
haqqında himn olan “Ölkəm” xoş-lirik monoloqdur,
“Çadra” lirik əhval-ruhiyyəli monoloqdur, qəmli dramatik
lirikanın obrazlarını təcəssüm etdirən
“Sual”, “Seyran” mahnı-romanslardır.
İlk milli fortepiano musiqi əsərlərinin meydana
çıxmasında Asəf Zeynallının müstəsna
xidməti olmuşdur. Məhz o, ilk dəfə milli folklor
yaradıcılığından əməli şəkildə
istifadə edərək, klassik Avropa fortepiano musiqisinin səciyyəvi
cəhətlərini birləşdirmişdir. Bəstəkarın
texniki cəhətdən o qədər də mürəkkəb
olmayan “Çahargah” pyesində müxtəlif xarakterli epizodlar
bir-birini əvəz edir.
Asəf Zeynallının “Uşaq süitası”
yazıldığı vaxtdan musiqi məktəbi şagirdlərinin
repertuarına daxil olmuşdur. Xalq musiqisinin xarakterik cizgilərini
özündə əks etdirən parlaq obrazlı “Uşaq
süitası”nda Avropa pyes süitalarının ənənəvi
klassik forması öz təcəssümünü
tapmışdır. “Çahargah” kimi, “Uşaq süitası”
da milli musiqinin səciyyəvi xüsusiyyətlərini Avropa
instrumental musiqi ənənələrinin tələbləri
baxımından ümumiləşdirən əsərdir. Bu
pyes musiqi sənətimizdə yeni fortepiano janrı kimi təzə
bir səhifə açmışdır.
Asəf Zeynallı Azərbaycan musiqisinin təbliğinə
də böyük diqqət yetirərək, 1931-ci ildə
Moskva və Leninqradda (Sankt-Peterburqda) Azərbaycan bəstəkarlarının
əsərlərindən ibarət konsertlər verir, Azərbaycan
musiqisi haqqında məruzələrlə
çıxış edirdi.
Asəf Zeynallı folklor nümunələrinin
toplanıb, nota köçürülməsi və işlənməsi
sahəsində böyük, faydalı iş aparmış, Azərbaycanın
bir çox şəhər və kəndlərinə
getmiş, respublikanın ən uzaq guşələrinə səfərə
çıxmış və bunların nəticəsində
külli miqdarda mahnı nota yazmışdır. Bəstəkar
“Bakı” adlı simfoniya yaratmaq və həmin simfoniyada nota
köçürdüyü melodiyaların bəzilərindən
istifadə etmək fikrində idi. Lakin vaxtsız ölüm
bir çox arzuları kimi bu istəyini də gözündə
qoydu.
Bir pedaqoq kimi də Asəf Zeynallının xidmətləri
böyükdür. Belə ki, 1928-ci ildə Azərbaycan
Dövlət Konservatoriyasının nəzdindəki musiqi məktəbində
musiqi nəzəriyyəsindən dərs demiş, “İbtidai
not savadı” adlı dərslik tərtib etmişdir. Qara
Qarayev, Cövdət Hacıyev, Tofiq Quliyev, Zakir Bağırov
kimi gənc bəstəkarlar ondan dərs almışlar.
Cəmi 23 il yaşamış bəstəkarın ürəyində
həyata keçirə bilmədiyi neçə-neçə
yaradıcılıq niyyətləri yarımçıq
qaldı. Deyirlər, insan iki ömür yaşayır -
sağlığında və öləndən sonra.
Xalqının sənətkar oğlu kimi yaşadı. Elə
yaşadı ki, öləndən sonra da ölmədi. Gözəl
insani keyfiyyətləri, fitri istedadı, ürəkləri
riqqətə gətirən musiqisi ilə qəlblərə
ömürlük həkk olundu. Həmişə, hər an
öyrənilməyə, nümunə göstərilməyə
layiq irs qoyub getdi.
ZÜMRÜD
Səs.- 2012.- 6 aprel.- S.12.