7 aprel “Molla Nəsrəddin”in yaranma
günüdür
Yetişən dövr xalqın mənəvi
istəyini, bütövlükdə, cəmiyyətin diqtəsinin
tələblərinə cavab olaraq vətəndaşların
maraq və istəyini yerinə yetirir. Ötən əsrin əvvəllərində
də tarixi yazan zamanın diqtəsi Azərbaycan ictimai-siyasi,
mədəni mühiti üçün çox böyük
mahiyyət kəsb edən bir günü həkk etdi. “Molla Nəsirəddin”i zaman yetişdirib, zaman da
yaşatdı.”Molla Nəsrəddin” Azərbaycan
xalqının mütərəqqi qüvvələrini,
demokratik düşüncəli insanlarını öz ətrafında
toplaya bildi. Jurnalda Ömər Faiq Nemanzadə, Mirzə Ələkbər
Sabir, Əbdürrəhim bəy Haqverdiyev, Əli Nəzmi, Əliqulu
Qəmküsar, Məmməd Səid Ordubadi, Mirzəli
Möcüz və başqa şair, yazıçı və
jurnalistlər, o cümlədən, Oskar Şimmerlinq,
İ.Rotter, Əzim Əzimzadə kimi rəssamlar fəaliyyət
göstərdilər. Bu gün xalqın həyatında
çox böyük mahiyyət kəsb edən bir addım
kimi xatırlanıb və yad ediləcək bir təqvimə
çevrildi.
Əsrlərin möhtəşəm abidəsinə
çevrilən 7 aprel tarixi milli düşüncəmizə,
milli özünüdərkə, milli oyanışa bir təkan
oldu. 1906-cı ilin bu günü
Azərbaycan ədəbi, ictimai mühitində mühüm
bir hadisəyə çevrilən satirik jurnalın təməl
daşı qoyuldu. Zamanla üz-üzə
dayanan “Molla Nəsrəddin” jurnalının ilk sayı
işıq üzü gördü. Belə
bir tarixi əhəmiyyət daşıyın hadisənin baş
verməsi tez bir zamanda əks-səda doğurdu, dövrün
maarifpərvər, işıqlı ziyalıları onun ətrafına
cəm olaraq, yaradıcılıq nümunələri ilə
jurnalın fəallarına çevrildilər. Qələminin,
iti zəkasının hökmü ilə parlaq səhifələr
yaradan Cəlil Məmmədquluzadə artıq ədəbi
mühitdə möhürünü vurmuş, hekayə,
povest, alleqorik, eləcə də, dram əsərləri ilə
Azərbaycanın yaşantılarını əks etdirən
mövzularla çıxış etmiş, xalqın sevimlisinə
çevrilən ziyalılardan biri olmuşdur. Hər
zaman yaradıcılığında xalqın taleyini əks
etdirməyə, insanların keçirdiyi psixoloji
sarsıntıları, məişət problemlərini
qabarıq bir şəkildə ifadə etməyə
çalışan ziyalı dövrünün yüksək vəzifədə
oturan simalarını söz atəşinə tutmağa, qələminin
gücü ilə onalara təsir etməyə
çalışmışdır. Ədəbi
fəaliyyətə 1880-cı illərdən başlayan Cəlil
Məmmədquluzadə 20 ilə yaxın bir dövr ərzində
özünəməxsus olan məktəb
yaratmışdır. Bu məktəbin təməli
Cəlil Məmmədquluzadənin əqidəsindən, məsləkindən
yoğrulduğundan döyüş meydanlarında möhkəm
dayanaraq, sözünün gücünün nəyə qadir
olduğunu sübuta yetirmişdi.
Həyatını xalqına həsr edən
Cəlil Məmmədquluzadə satirik ruhlu “Molla Nəsrəddin”lə
sözünü deməyə tələsib, çox kəskin
çıxışları ilə xalqın müdafiəçisinə
çevrilmişdir. İstismar dünyasına qarşı
çıxış edən, ziyalıları əqli, qələmi
ilə mübarizəyə çağıran Cəlil Məmmədquluzadə
xalqın buxovlandığı bir cəmiyyətdən
xilasını yalnız maariflənməkdə, öz
hüquqlarının müdafiəçisinə çevrilməkdə
görürdü. “Molla Nəsrəddin”
jurnalının yaradıcısı, baş redaktor olan Cəlil
Məmmədquluzadə bu nəşri ilə insanları qəflət
yuxusundan oyatmağa çalışırdı. Azərbaycan ictimai mühitində böyük rol
oynayan “Molla Nəsrəddin” ilk sayından başlayaraq
düzü-düz, əyrini-əyri deməyi özünə
yol seçmişdir. Sözünü kəsib,
gözünü ağardan insanların hədə-qorxusunu nəzərə
almadan, demokratiyanı boğan, mənfi
hallarla cəmiyyətin inkişafına mane olan
simasızları yazılarının qəhrəmanı
seçərək, leksionumuzda eybəcərliyi ifşa edə
biləcək tutarlı ifadələri onların
ünvanına söyləyirdi.
Satirik qələmdən
qorxub, cilddən-cildə düşən şəxslər
“Molla Nəsrəddin”in tənqid hədəfinə
çevrildi. Bu jurnalı zaman özü
yetişdirmişdir. Məhz bu baxımdan,
“Molla Nəsrəddin” ətrafını o dərəcə
möhkəmləndirmişdi ki, mürtəce qüvvələr
ona hücum etsələr də, bu hal təsirsiz
qalırdı. Jurnalın redaktoru, sadəcə
olaraq, söz demək xatirinə qələmə
sarılmamışdır. Jurnalın
qarşıya qoyduğu problemlərin bədii və publisistik
həllində Cəlil Məmmədquluzadənin tutduğu
yol, səpdiyi toxum öz bəhrəsini verirdi. Buna görə də, bu orqan milli şüurun
oyanmasında və formalaşmasında müstəsna rol
oynadı. Cəmiyyət üçün
fəlakət gətirə biləcək şəxslərə
kəskin nifrət və qəzəbin ifadə olunması, hər
tipin öz xarakterində canlandırılması “Molla Nəsrəddin”çilərin
əsas mövzularından idi.
Xalqın ziyalı sözünə,
ziyalı fikrinə ehtiyacı yarandığı bir zamanda
satirik qələmlə onun tələbatını ödəmək
əsil hünər və vətənpərvərlik idi. Müsəlman
dünyasını bürüyən geriliyi xalqın
avamlığında görən Cəlil Məmmədquluzadə
“Molla Nəsrəddin” jurnalının çapının nə
dərəcədə əhəmiyyətə malik olduğunu
dərk edirdi. O, ziyalıları yalnız əqidəyə,
məsləkə xidmət edib, tutduğu yolda qələmi
silaha çevirərək, dövrün
haqsızlıqlarını açıq-aşkar ifşa edərək,
hakim qüvvələri qamçılamağa,
öldürücü satira atəşinə tutmağa
çağırırdı. Onların
yaradıcılığının qayəsi insan ideologiyasını
dəyişdirib, dövrün tələbləri səviyyəsində
görmək idi. Belə ki, qarşıya
qoyulan məqsəd, önəmli məsələ cəmiyyətdəki
ziddiyyətlərin yaranma səbəbini göstərmək,
xalqı ictimai fəaliyyətə səsləmək,
qabaqcıl ideyalar əsasında cəmiyyəti mütərəqqi
ideyalara qovuşdurmaq idi.
Qısa bir zaman məsafəsində “Molla Nəsrəddin”
məşhur satirik jurnal kimi tanınaraq, Mirzə Ələkbər
Sabiri, Nəriman Nərimanovu, Əbdürrəhim bəy
Haqverdiyevi, Ömər Faiq Nemanzadəni, Əli Nəzmini və
başqalarını ətrafına toplayaraq, Cəlil Məmmədquluzadənin
ideya silahdaşlarına çevirdi. Görkəmli
qələm sahiblərinin bir-biri ilə ideya -
yaradıcılıq əlaqələri genişləndi.
Cəlil Məmmədquluzədənin təbliğ etdiyi
demokratizm və azadlıq ideyaları jurnala
ümumxalq məhəbbəti,
beynəlxalq aləmdə isə nüfuz qazandırdı. Ziyalı gücünə malik olan, nurlu insanların
əsərləri bu jurnalın səhifələrində yer
alırdı. “Molla Nəsrəddin”çilər
Azərbaycanda, eləcə də, Yaxın Şərqdə
“Molla Nəsrəddin məktəbi” adlı qüdrətli mətbuat
məktəbini yaratdılar. “Molla Nəsrəddin”dən
sonra “Suri-İsrafil”, “Azərbaycan”, “Nəsimi-şimal”
(İran), “Cəm” (Türkiyə), “Uklar”, “Yəşen”
(Tatarıstan), “Toqmaq” (Türkmənistan) və s. jurnallar
çap olunaraq, beynəlxalq aləmdə mühüm rol
oynamağa başladı. Qeyd edim ki, jurnalın
oxucularının da sayı durmadan artırdı. Rusiyadan başqa, hətta Asiya, Avropa və
Amerikanın bir çox ölkələrində jurnalın
abunəçiləri var idi.
Günü-gündən peşəkarlaşan
və zamanın nəbzini tutmağı bacaran jurnal sərt
mövqeyini, prinsipiallığını sona qədər
qoruya bildi. Bütün əldə
olunan uğurlara baxmayaraq, Cəlil Məmmədquluzadə
irtica və qaragüruhçuların arasıkəsilməz tənqidinə
sinə gərməli oldu. Çar
hökuməti onu tez-tez məhkəmə məsuliyyətinə
cəlb edir, “Qeyrət” mətbəəsində
axtarışlar aparır, “Molla Nəsrəddin”in nəşrini
dayandırırdı. 1920-ci ilin iyun ayında Cəlil Məmmədquluzadə
ailəsi ilə birlikdə Təbrizə
köçmüş, 1921-ci ildə orada “Molla Nəsrəddin”in
8 nömrəsini buraxdırmağa nail olmuşdur. 1922-ci ildə vətənə qayıdan Cəlil Məmmədquluzadə
jurnalın nəşrini davam etdirmişdir. Cəlil Məmmədquluzadə böyük bir
amalın daşıyıcısı olduğundan, mübarizəni
davam etdirərək, daha qətiyyətli addımlar atmağa
başlayır. Ziyalı 1922-ci ildən
1930-cu illərə qədər “Molla Nəsrəddin”i
mübariz orqanlardan birinə çevirmək üçün
bir nəsli satirik jurnalistika sahəsində işləməyə
hazırlaşdırır. Qeyd edim ki,
jurnal Yaxın və Orta Şərqdə, İranda və
Türkiyədə ədəbi-ictimai fikrin inqilabi - demokratik hərəkatın
güclənməsinə təsir göstərmişdir.
“Molla Nəsrəddin” bir məktəb, bir
nümunə oldu.
Zaman ötdükcə satirik ruhlu insanlar da
yetişməkdə davam etdi. Hər onillikdə bu məqam
özünü göstərirdi. Müasir
dövrümüzdə də “Molla Nəsrəddin”
jurnalının davamçıları yetişməkdədir.
1952-ci ildə “Kirpi” jurnalının nəşrə
başlaması zaman və dövrün tələbatı
baxımından reallaşmışdır. “Kirpi” jurnalında dövrün neqativ hallarına
qarşı barışmazlıq nümayiş
etdirilmişdir. Jurnalda bürokratizmə,
rüşvətxorluğa qarşı mübarizə
güclü idi. Bu jurnaldan sonra “Kirpi”nin
davamçıları “Şeytan”, “Mozalan”, “Karikatura”, “Dəryaz”
kimi satirik ruhlu qəzet və jurnallar nəşr etmişlər.
Böyük bir təcrübədən bəhrələnən
bu qəzet və jurnallar “Molla Nəsrəddin” ruhunu
yaşatmağa, Cəlil Məmmədquluzadə ənənələrini
yazılarında davam etdirməyə
çalışmışdı. Onu da
vurğulayım ki, jurnalın nəşri karikatura
janrının inkişafında müstəsna rol
oynamış və əsərlərin yaranmasına təkan
vermişdir. Artıq karikaturaçı rəssamlar
ordusu yaranmışdır. “Molla Nəsrəddin”
jurnalının davamçısı “Kirpi” olduğu kimi, Əzim
Əzimzadə məktəbinin davamçısı da Nəcəfqulu
İsmayılov olmuşdur. Əzim Əzimzadə
əməllərinə söykənən nəslin nümayəndələri
artıq bir cəmiyyət ətrafında sıx birləşmişdilər.
Bu, Azərbaycan Karikaturaçı Cəmiyyətidir.
Azərbaycan Karikaturaçı Cəmiyyəti
bu gün Dünya Karikatura Təşkilatı
Federasiyasının üzvüdür. Azərbaycan
karikaturaçı rəssamlarının dünya
karikaturaçılar ailəsində öz yeri olduğunu təsdiqləyir.
Bu gün “Molla Nəsrəddin”
jurnalının 106 yaşı tamam olur. Bu illər ərzində Cəlil
Məmmədquluzadənin yaratdığı məktəbin
davamçıları yetişməkdədir. Bir əsr yol gələn jurnalın ab-havası,
yaradıcısı Cəlil Məmmədquluzadənin ruhu
müasir nəsillə bahəm yaşadır. Onun yaratdığı məktəb, ənənə
yaşayır, bizləri düzlüyə, əqidəmizin
quluna çevrilməyə səsləyir. “Molla Nəsirəddin”i zaman yetişdirib, zaman da
yaşatdı.
NƏZAKƏT
Səs.-
2012.- 7 aprel.- S.12.