MİRZƏ FƏTƏLİ AXUNDZADƏ- 200

 

Qərbi Avropada yaranan maarifçilik tarixi inkişafın müəyyən dövrlərində feodalizm quruluşunun əleyhinə çevrilmiş, xalqın mənafeyinə xidmət etmişdir. XIX əsrin ortalarında Avropa ölkələrində olduğu kimi, Azərbaycanda da xalq müasir mədəniyyətə can atır, həmin dövrdə təşəkkül tapan maarifçilik xalqımızın mənəvi həyatında həlledici rol oynayır. XIX yüzillikdə Azərbaycan ədəbiyyatında maarifçilik üç inkişaf mərhələsi keçmişdir. Birinci mərhələdə (30-40-cı illər) Abasqulu ağa Bakıxanov, İsmayıl bəy Qutqaşınlı, Mirzə Şəfi Vazeh kimi yazıçılar maarifçiliyin ilk rüşeymlərini ədəbiyyata gətirmiş, ikinci mərhələ (50-60-cı illər) Mirzə Fətəli Axundzadənin simasında təkmilləşib inkişaf etmiş, üçüncü mərhələdə (70-80-ci illər) Həsən bəy Zərdabi (Məlikov), Nəcəf bəy Vəzirov Azərbaycanda maarifçiliyi inkişaf etdirib, yüksək səviyyəyə çatdırmışlar.

 XIX əsrin 40-50-ci illərində Tiflis ədəbi mühiti və Qərb mədəniyyətinə marağın artması M.F.Axundzadənin dramaturgiyaya müraciətində xüsusi rol oynamışdı. Bu dövrdə ədəbiyyatın, incəsənətin yeni növlərinə, gerçək aləmi real boyalarla əks etdirən janrlarına böyük ehtiyac duyulurdu. Ona görə də Mirzə Fətəli Axundzadənin dram janrına müraciəti təsadüfi deyildi. M.F. Axundzadə o zaman öz tələblərini irəli sürür və xatırladır ki, bu gün millət üçün faydalı və oxucuların zövqü üçün rəğbətli olan əsər dram və romandır. Odur ki, o, 1850-1855-ci illərdə Azərbaycan ədəbiyyatı tarixində professional dramaturgiyanın ilk nümunələrini - altı komediyasını yazdı. Bu komediyaları ilə nəinki Azərbaycanda, həmçinin, Yaxın Şərqdə, rus və Qərbi Avropa dramaturgiyası səpkisində yeni realist dramaturgiyanın əsasını qoydu. O, 1857-ci ildə qələmə aldığı “Aldanmış kəvakib” əsəri ilə Azərbaycan ədəbiyyatı tarixində daha bir yeni səhifə açaraq realist nəsrimizin banisi oldu və ədəbiyyatımıza povest janrını gətirdi. 

Axundzadə öz komediyalarını tərcümə etdikcə Tiflisdə “Qafqaz” qəzeti onları çap etməyə başladı. 1853-cü ildə isə Axundzadənin beş komediyası ayrıca kitab şəklində nəşr olundu. Komediyaların rus dilində çap edilməsi onun şöhrətini ZaqafqaziyadaRusiyada yaydı. Mətbuat onun parlaq dramaturji istedadı haqqında təriflər yazmağa başladı. “Zaqafqaziya əxbarı” yazırdı: “Bizim bir ədəbi yeniliyimiz də vardır. Bir neçə gün bundan əvvəl M.F.Axundzadənin komediyaları (kitabça şəklində) satışa buraxılmışdır. Vaxtilə “Qafqaz” qəzeti cənab Axundzadənin əsərlərini müxtəlif zamanlarda dərc edərək, bizi onlarla tanış etmişdi. Axundzadə komediyalarının bizdə və Rusiyada maraq oyatması əsassız deyildir. Bu əsərlərin məzmunu bu vaxta qədər heç kəsin toxunmadığı həyatdan bəhs edir... Dramaturqun rus dilində nəşr edilən komediyalar kitabı QafqazdaRusiyada yayılaraq, müəllifinə böyük hörmət qazandırdı. Axundzadə komediyalarının dərin mündəricəsi və kamil poetikası bütün “Qərb aləmini heyrətə gətirir”. Fikrimizcə, Axundzadənin komediyalarında gülüş ünsürü üstündür ki, bu da, çox təbiidir. Çünki onun təsvir etdiyi həyatda bu ünsür başqa səciyyəvi cəhətlər içərisində daha bariz bir şəkildə meydana çıxır. Heç bir mürəkkəblik olmayan hallarda belə, komizm özünü göstərir və təbəssüm doğurur. Buna görə də Axundzadə komediyaları həm oxunuşda, həm də səhnədə eyni dərəcədə maraqlı olur.

 Axundzadənin komediyaları Azərbaycan səhnəsində oynanılmazdan əvvəl  ruscaya tərcümə olunduqdan sonra rus teatrının diqqətini cəlb etdirus səhnəsinə yol tapdı. 1851-ci ildə Peterburqda həvəskarlar tərəfindən “Müsyö Jordan və Dərviş Məstəli şah” (pyesin tamaşaya qoyulmasının təşəbbüskarı O..Senkovski olmuşdur. O, M.F.Axundzadənin yaradıcılığından bəhs edən məqalə də çap etdirmişdir), 1852-ci ildə isə Tiflis Rus Teatrında müəllifin yaxından iştirakı ilə “Hekayəti-xırs-quldurbasan” pyesi oynanılmışdır. Hər iki tamaşa çox müvəffəqiyyətli olmuşdur. “Qafqaz” qəzeti 1852-ci ildə Tiflisdə oynanılan tamaşanı belə qiymətləndirir: “Fransız dahisindən (Molyerdən-C.C.) sonra tamaşaçıların mühakiməsinə istedadlı [azərbaycanlı] M.F.Axundzadənin əsəri verildionun öz aləmində birinci və yeganə, həm də bir çox şəksiz məziyyətlərə malik olan komediyasından hamı razı qaldı”.

 Görkəmli ədibin dramaturgiyası Azərbaycan teatrının istiqamətini müəyyən edərək, onun xalqa yaxın bir teatr kimi inkişaf etməsinə əbədi zəmin yaratdı. Azərbaycan teatrının istiqamətlərini müəyyən etdi. Milli teatrın doğuluşundan əvvəl bu qədər mükəmməl realist dram əsərlərinin meydana gəlməsi Azərbaycan ədəbiyyatı tarixində nadir hadisədir. 1873-cü ilin mart ayının 22-də H. Zərdabinin, N. Vəzirovun təşəbbüsü ilə Bakıdakı realnı məktəbin şagirdləri tərəfindən Azərbaycan dilində ilk tamaşa- M.F.Axundzadənin “Vəziri-xani-Lənkəran” komediyası tamaşaçılara göstərildi. Bu ilk tamaşa mədəni mühitdə çoxdan hazırlanmaqda olan tarixi hadisə idi. Bu tarixi hadisə ilə həm Azərbaycan teatrının, həm də Axundzadə pyeslərinin milli səhnəmizdə tarixi başlayır. İlk tamaşadan sonra teatrın tərbiyəvi əhəmiyyətini görən qabaqcıl Azərbaycan ziyalıları, xüsusən, Qori Müəllimlər Seminariyasını qurtaran müəllimlər  Azərbaycanın bir sıra şəhərlərində teatr tamaşaları təşkil edir, eyni zamanda, bu tamaşalarda onlar biraktyorkimi iştirak edirdilər. Bu şəhərlərdən biri  Naxçıvan idi. XIX əsrdə Naxçıvan iqtisadi, siyasi və mədəni həyatda baş vermiş ciddi dəyişikliklər nəticəsində yeni inkişaf mərhələsinə daxil olduğundan, xalqın mədəni dirçəlişinə, maarif və mədəniyyətinin inkişafına təsir göstərmiş, 1837-ci ildə Naxçıvan və 1851-ci ildə Ordubad şəhərlərində rus-tatar (rus-Azərbaycan- Ə.Q.),  az sonra Naxçıvan və Ordubad qəzalarının iri kəndlərində də rus-tatar məktəbləri açıldı. 1873-cü ildə Naxçıvan və Ordubadın 58 məktəbində 1332 şagirdin təlim-tərbiyəsi ilə 73 nəfər müəllim məşğul olurdu ki, bu məktəblər vasitəsilə Naxçıvan və Ordubad qəzalarının qabaqcıl adamları dünya xalqlarının mədəniyyəti, ədəbiyyatı, tarixi  ilə tanış olur, nəticədə. ictimai-siyasi, fəlsəfi-estetik fikirlərin Naxçıvanda yayılması üçün münasib şərait yaranırdı.

  Naxçıvanda teatrın yaranmasına gəlincə, bu, əsasən. aşağıdakı qaynaqlardan qidalanırdı: birincisi, maarif, məktəb və mədəniyyətin inkişafı, qabaqcıl, tərəqqipərvər ziyalı kadrların yetişməsi, ikincisi, əhali arasında kütləvi əyləncələr, teatrlaşmış səhnəciklərin göstərilməsi. Belə tamaşalar. Əsasən. Bahar bayramı-Novruz şənliklərində təşkil olunurdu. Bu tamaşalarda günün ən vacib məsələləri, ictimai-siyasi hadisələr də öz əksini tapırdı. 

 Naxçıvan ziyalıları içərisində o zaman öz biliyinə, bacarığına və təşkilatçılığına görə Eynəli bəy Sultanov fərqlənirdi. E.Sultanov həmməsləklərini öz ətrafında toplamağı, gənclərin qəlbində incəsənətə sönməz məhəbbət alovu yandırmağı, xalqına vətənpərvərlik hissləri aşılamağı bacarırdı. O, qabaqcıl adamların, savadlı gənclərin, məsləkdaşlarının məsləhəti və arzuları ilə 1882-ci ildə öz evində “Ziyalılar cəmiyyəti” təşkil edir, şəhərin bütün tərəqqipərvər, açıq fikirli ziyalılarını həmin cəmiyyətə cəlb edir. “Ziyalılar cəmiyyəti”ndə dövrün ictimai-siyasi, qadın azadlığı məsələləri müzakirə edilir, yeni məktəblər, kitabxanalar açmaq qərara alınır, elmi-ədəbi mübahisələr keçirilirdi. 

Dövrün tərəqqipərvər, açıqfikirli ziyalılarından Məhəmməd ağa Şahtaxtlı, Qurbanəli Şərifov, Məhəmməd Tağı Sidqi, Cəlil Məmmədquluzadə, Eynəli bəy Sultanov, Mirzə Əliməmməd Xəlilov, Mirzə Ələkbər Bəyalı oğlu Süleymanov, Mirzə Məmməd Zamanbəyov və başqalarının təşəbbüsü və səyi nəticəsində 1883-cü ildə ilk dəfə olaraq “ Naxçıvan müsəlman incəsənəti və dram cəmiyyəti” adlı bir ədəbi cəmiyyət yaradılır. 

E.Sultanovun qaynar, çoxcəhətli fəaliyyəti və fədakarlıqla dolu həyatı Azərbaycan teatr tarixində ən gözəl səhifələrdən birini təşkil edir. Naxçıvan teatrının  yaranması və təşəkkülündə xüsusi rol oynayır. 1883-cü ildə Cəlil Məmmədquluzadə və onun naxçıvanlı həmyaşıdları Qori seminariyasında tələbə ikən, E.Sultanov təhsilini başa vurub, doğma şəhərinə qayıdır, lakin burada əvvəlki həyat tərzinin hökm sürdüyünü, ətalət və xurafatın həmyerlilərini əsrlərin mürgüsündə saxladığını görürböyük həvəslə huşyar dostlarından, Paşa ağa Sultanov, Mirzə Ələkbər Süleymanov, Qurbanəli Şərifov, Nəsrulla və Fərəculla Şeyxov qardaşları (Nəsrulla və Fərəculla Şeyxovlar şair Əliqulu Qəmküsar Nəcəfovun dayılarıdır-Ə.Q.) ilə birlikdə ilk mədəni tədbirlərin həyata keçirilməsində əvəzsiz rol oynayır. Böyük demokrat C.Məmmədquluzadə yay tətilində Naxçıvana gələrkən görür ki, onun gənc ziyalı dostları artıq yenilik toxumunu səpmişlər. Buna görə də o, dostlarının səy və təşəbbüslərini alqışlayır. O, E.Sultanovu köhnəliyə qarşı mübarizədə özünün ən yaxın silahdaşı hesab edironunla birlikdə fəaliyyətə başlayır. Bu münasibətlə böyük demokrat yazır: “Mən darülmüəllimini qurtaran zaman Naxçıvanda özümdən artıq huşyar dostlarıma rast gəldim. Mənim səsimə səs verən sirdaşlarımdan qabaqca əzizim Eynəli Sultan oldu”.

Faktlardan aydın görünür ki, Naxçıvanda teatrın əsasının 1883-cü ildə qoyulması ilk peşəkar dünyəvi Azərbaycan teatrının yaradılmasının 10 illiyinə təsadüf edir. Belə ki, o dövrdə Naxçıvanda fəaliyyət göstərən “Naxçıvan müsəlman incəsənəti və dram cəmiyyəti”nin nümayəndələri M.F.Axundzadənin “Müsyö-Jordan və Dərviş Məstəli şah” əsərini tamaşaya hazırlamış və İrəvana, xalq məktəbləri inspektoru U.V.Lovalnikova teleqram göndərmişlər).  Teleqrama razılıq alındıqdan sonra tamaşa 1883-cü ilin may ayının 11-də Hacı Nəcəf  Zeynalovun evində göstərilir. M.F.Axundzadənin “Müsyö-Jordan və Dərviş Məstəli şah  əsərinin tamaşası ilə Naxçıvan teatrının təməli qoyulur. Bu ilk tarixi teatr tamaşası heçsakit keçmir. Tamaşa o zaman Naxçıvanda böyük qüvvə təşkil edən mürtəce ünsürləri həyəcana gətirir. Bu tamaşanın türkcə göstərilməsi həm də rus çinovniklərinin, məmurların və bunların yardımı ilə başqa ölkələrdən yenicə köçürülüb Naxçıvana gətirilmiş erməniləri bərk narahat etdiyindən, şəhər rəisi Azərbaycan dilində tamaşalar göstərilməsini qadağan edir.

M.F.Axundzadənin əsərinin Naxçıvanda ilk tamaşası mürtəce qüvvələrin hücumları ilə qarşılaşsa da, tamaşa geniş xalq kütləsi tərəfindən böyük maraq və rəğbətlə qarşılanır. Bu ilk tamaşa Naxçıvanda incəsənət və dram həvəskarları üçün bir məktəb rolunu oynayaraq yazıçı və yaradıcı gəncləri eyni məsləkdə birləşdirir və dram əsərləri yazmağa həvəsləndirir.

Naxçıvan teatrı həmin illərdə nəşr olunan qəzet və jurnalların da diqqətini daha çox cəlb edir. Naxçıvanda olan hər hansı bir hadisəni əks etdirən yazılar qəzet və jurnalların səhifələrində dərc olunur.  Novoye obozreniye” qəzetinin  1884-cü il nömrəsindəki məlumatda qeyd edilir ki, bu ilin maslyannoy həftəsində (fevralın 2-ci yarısında-Ə.Q.) Naxçıvan şəhər məktəbinin inspektoru Nikolayevin təşəbbüsü və həvəskarların iştirakı ilə xeyriyyə məqsədi üçün rus dilində tamaşa göstərilmişdir. Bu göstərilən tamaşa E.SultanovunTatarka” (“Azərbaycan qadını”- Ə.Q.) əsəri idi.

XIX əsrin 80-ci illərində yazıçı, dramaturq, publisist E.Sultanov Naxçıvanda teatr hərəkatına rəhbərlik etməklə yanaşı, bir çox tamaşalara rejissorluq etmiş, özü də müxtəlif rollarda oynamışdır. E.SultanovunTatarka” əsərinin rus dilində oynanılmasının əsas səbəbi o dövrdə ruhanilərin, çar senzor idarəsinin Azərbaycan dilində yaxşı əsərlərin yoxluğunu bəhanə gətirməsi, hər vəchlə tamaşaların oynanılmasına mane olması idi. Teatrşünas Cabir Səfərov yazır ki, 1884-cü ildə rus dilində göstərilən Eynəli bəy SultanovunTatarka” tamaşasına müəllif özü rejissorluq etmiş və qadın rollarından birinin ifaçısı olmuşdur. Akademik İsa Həbibbəyli isə “Tatarkapyesi ilə bağlı fikrini belə ifadə edir: “Doğrudan da, XIX əsrin ikinci yarısında qadın taleyi ilə bağlı bu cür hadisələr Azərbaycan milli məişəti üçün səciyyəvi idi... “Tatarkapyesimilli Azərbaycan mühiti və məişətindən doğmuşdur. Pyes tamaşaya qoyularkən Sənəm rolunu Əbülqasım Sultanov, Nisə rolunu Rəhim Xəlilov, Pəri rolunu Nəsrulla Şeyxov, Ağaşərif rolunu Mirzə Ələkbər Süleymanov oynamışdılar”.

 

(Ardı gələn sayımızda)

 

 

Əli Qəhrəmanov

 

Səs.- 2012.- 12 aprel.- S. 11.