Azərbaycançılıq və qədim milli musiqimiz

 

Musiqi tarixinin öyrənilməsi azərbaycançılıq ideyaları ilə vəhdət təşkil edir. Bu mənada, musiqi tarixinin öyrənilməsi professor Gülnaz Abdullazadənin fikrincə, bu problemin metodoloji aspektinin, o cümlədən, 1) tarixi, 2) praktiki, 3) müqayisəli-tənqidi,     4) ümumiləşdirici-fəlsəfi, 5) təhlil və tətbiq və s. aspektlərinin nəzərə alınmasını tələb edir.

Müəyyən dövrlər, ictimai-iqtisadi formasiyalar çərçivəsində, etnik və milli birliklərin mövcudluğu şəraitində meydana çıxan mədəniyyət və incəsənət, o cümlədən, musiqi müxtəlif estetik, konsepsiya və nəzəriyyələr aspektində tədqiq edilib öyrənilir. Milli və etnik spesifika musiqi tarixinin öyrənilməsi işində, eləcə də, estetik problemlərin təhlilində mühüm yer tutur. Məlum olduğu kimi, milli-etnik birliklər, sonralar ümumi dini təsəvvürün ənənələri, spesifik mədəniyyəti olan milli regionları əhatə edir. Nəticədə, müxtəlif anlayışlar, o cümlədən, Şərq və Qərb (şübhəsiz, estetik-mədəni sistem mənasında) anlayışları meydana çıxır. Həmin anlayışlar təkcə coğrafi məna daşımayıb, həmçinin, ruhani-mənəvi, mədəni sərvətləri ifadə edir. Şərqin və Qərbin mənəvi-mədəni sərvətləri spesifik fərqlər olub, öz bütövlükləri və mənəviyyat sahəsindəki fərqləri ilə də bir-birindən seçilirlər. Dialektik vəhdət prisipinə tabe olaraq, Şərq və Qərb mədəniyyət tarixində, incəsənətin müxtəlif növlərinin bərqərar olmasında mühüm rol oynayaraq, bununla da təfəkkürün, dünyagörüşün inkişafına təkan vermişdir.

Azərbaycanın musiqi tarixinə müraciət edilməsi heç də təsadüfi deyildir. Azərbaycanın musiqi tarixi, demək olar ki, öyrənilməmişdir. (1992-ci ildə rus dilində “Azərbaycan musiqi tarixi” adlı kitabın çıxması (oçerklər məcmuəsi) hələ Azərbaycan musiqisinin tarixinin öyrənilməsi demək deyildir). Həqiqətən də, indiyə qədərki Azərbaycan musiqi mədəniyyəti hələ də kifayət qədər tədqiq edilib öyrənilməmişdir. Coğrafi cəhətdən siyasi, iqtisadi, mənəvi, dini baxışların hökm sürdüyü müxtəlif mədəniyyətlərin mövcud olduğu bir ərazidə yerləşən Azərbaycan həmin mədəniyyətlərlə bəhrələnməklə yanaşı, özü də onun zənginləşməsində yaxından iştirak etmişdir. Öz milli özünəməxsusluğunu itirməyən Azərbaycan incəsənəti, xüsusilə, Azərbaycan aşıq və muğam musiqisi bünövrəsi əsasında inkişaf edib zənginləşmişdir. Bu janrların heç biri xaricdən alınma deyildir. Xalqın müstəqil yaradıcılıq qabiliyyətinin məhsulu olmuşdur. Aşıq və muğam musiqisinin orijinallığı haqqında söz demək artıqdır. Bu barədə həm tarixi tədqiqat əsərlərində, həm də tədqiqatçıların əsərlərində kifayət qədər dəlil-sübut tapmaq mümkündür. Aşıq musiqisinin tarixən qədimliyi onlarla sözlərin arxaikliyi və janrın özünün sinkretikliyi ilə və s. ilə oluna bilər. Sinkretiklik dedikdə, burada - aşığın həm ifaçı, həm şair, həm də bəstəkar və həm də səhnədə artist olması nəzərdə tutulur.

Tarixən başqa xalqlardan alınma musiqiyə gəldikdə isə, onların milli ənənələrə uyğunlaşdırılması mühüm yer tutur. Özgə cür həmin musiqinin xalq arasında geniş yayılması qeyri-mümkündür. Buradan da qarşılıqlı əlaqə və qarşılıqlı təsiretmə mexanizminin formalaşması başlanır.

Məsələn, muğam musiqisi qoca Şərqin bir sıra regionlarında mövcud olmuşdur. Lakin mədəniyyətlərdən və ənənələrdən asılı olaraq o, hər bir xalqın spesifik mənəvi sərvətinə çevrilmişdir. Bütün bunlarla bərabər səslərin fiksasiyası probleminə, daha dəqiq desək, musiqi səslərinin nota keçirilməsi problemienə xüsusi yanaşmaq lazımdır. Not yazısı, əsasən, xristian Avropasının musiqi mədəniyyətinin nailiyyətidir. Onun muğam və aşıq sənətinə tətbiqi, şübhəsiz, xüsusi tədqiqat mövzusudur. Burada tədqiq olunub müqayisəli təhlili verilən təkcə iki not yazısı və şifahi ənənələr adlanan təfəkkür metodu deyildir. Eyni zamanda, musiqi təfəkkürü inikşafında, xüsusilə, təksəslilik və ya çoxsəslilik, polifoniya və harmoniya və s. inkişafında mühüm rol oynayan dini amilləri də unutmaq olmaz. Eləcə də, not yazısının yaranması və inkişaf etməsi sistemini də bura daxil etsək, çox mətləblər aydın olar.

Əlbəttə, bu cür yanaşma bir sıra məsələlərin, xüsusilə, son bir neçə əsrdə çoxlarını düşündürən Şərq-Qərb probleminin mahiyyətinə varmağa da kömək edərdi.

Bu cür ayrılma (Şərq-Qərb) realdırmı? Əgər realdırsa, indiyəqədərki tədqiqatların verdiyi təhlil kifayətdirmi? Əlbəttə ki, yox! Deməli, tədqiqatçılar həmin problemin tədqiqi zamanı müxtəlif xarakterli bəzi vəzifələri dərk etməlidirlər. Daha dəqiq desək, a) milli musiqi ənənələrini həm tarixi, həm də nəzəri mənbələrini öyrənməli; b) elmi ümumiləşdirmə, daha doğrusu, toplanmış materiala əsasən məntiqi nəticələr çıxarmalıdırlar. Bu cür elmi-metodoloji yanaşma, şübhəsiz, Şərq və Qərb probleminin müqayisəli təhlilinə düzgün istiqamət verə bilər. Müqayisəli təhlil isə hər kəsin obyektiv qiymətini vermək sahəsində mühüm iş görür.

Ə.İsazadənin yazdığı kimi: “Azərbaycan xalqının mədəniyyət və incəsənti çoxəsrlik tarixə malikdir. Geniş əməkçi kütlələrin musiqiyə dərin məhəbbəti və onun xalq həyatında dərin kök salması buna canlı misaldır. Qədim dövrlərdən şifahi-ənənəvi sənət kimi yaşayan Azərbaycan xalq musiqisi öz janr və forma müxtəlifliyi, orijinal ritmi, parlaq ifadə tərzi və milli xüsusiyyətləri ilə fərqlənir. Onun xalq ifaçıları tərəfindən qorunub saxlanılan ən yaxşı nümunələri öz yüksək sənətkarlığı ilə diqqəti cəlb edir”.

Elmi ədəbiyatda göstərilir ki, musiqi - yunanca muza sözündəndir. Muza antik dövrdə incəsənətin (musiqi, rəqs poeziyasının) ilahi hamisi hesab olunurdu. Sonralar isə muzalar elmin və bütün yaradıcılıq fəaliyyətinin ilahi hamisi hesab olunmağa başladı. Onlar Olimpli Zevsin övladları idi. Əvvəlcə, onların sayı 3, sonralar isə 9 olmuşdur. İlk dəfə onların adını Hemmod çəkmişdir. Muzalar şairləri ilhama gətirdiklərindən, onlar tez-tez muzalara müraciət edirdilər.

Roma dövründə muzaların rolu heçə endirilmişdir. Mifik obrazlar kimi muzaların aşağıdakı bölgüdə vəzifələri ayrılmışdı. Muzalar erato-lirik poeziyanın və erotik şeirlərin hamisi idi. Evterpa fleyta ilə lirik nəğmələri müşayiət edirdi: Kallion epik poeziyanın, Klio tarixin, Melpomena faciənin, Polimniya rəqs və musiqinin, Terpsihora rəqsin, Taliya kodemiyanın, Uraniya astronomiyanın muzaları hesab olunurdu.

Musiqi və mifologiya əsəri bir-biri ilə, yəni sözlə, rəqslə və fəaliyyətlə (mərasimlərlə) sıx surətdə əlaqədardır. Bu əlaqələr sistemi tarix boyu dəyişikliklərə məruz qalmışdır. Məsələn, mifologiyanın ən qədim formalarında əsas cəhətlərdən biri hərəkət, daha dəqiq desək, rəqslər olmuşdur. Ona da, görünür ki, sözlər və musiqi (hələ o qədər də inkişaf etmədiyi dövrlərdə) tabe olmuşdur. Epos janrı inkişaf etdikdən sonra şifahi (sözlə) başlanğıc üstünlük təşkil etməyə başlamışdır. Bu halda üç ünsürün - saz, oxuma (nəğmə) və ritmik hərəkətlərin sintezi özünü göstərməyinə baxmayaraq, söz birinci yeri tuturdu. Nəhayət, sonrakı mahnılarda təranələrin rolu fövqəladə dərəcədə artmışdır. Bu halda, söz mətnlərinin musiqi ünsürünə tabe edilməsi, hər şeydən əvvəl, onunla əlaqədar idi, çox vaxt oxunan mahnının sözləri dinləyiciyə aydın şəkildə çatmırdı.

Fəlsəfə elmləri doktoru Ağayar Şükürov mifoloji musiqidə azərbaycançılıq ünsürlərinin mövcudluğundan bəhs etmişdir: “Olduqca rəngarəng və müxtəlif məqsədlərə xidmət edən Qədim Azərbaycanın, eləcə də, bütövlükdə, Qədim Şərqin mifoloji materialının qısa ekskursiv təhlili bizə mifoloji musiqi haqqında fikir deməyə imkan verir.

Mifoloji musiqi dedikdə, hər şeydən əvvəl, insan cəmiyyətinin ilkin inkişaf mərhələlərində yaradılan musiqi nəzərdə tutulur. Konkret tərifin verilməsi isə bir sıra çətinliklər doğurur. Çünki həmin musiqi haqqında təsəvvürlər (yalnız təsəvvürlər) bizə miflər, nağıllar, nəğmələr, bir sözlə, folklor materialları vasitəsi ilə zəmanəmizə gəlib çatmışdır. Həmin musiqinin nümunələri, demək olar ki, yoxdur. Lakin bu, heç də qeyri-mümkün, yəni imkan xaricində olan bir iş deyildir. Yəni mifoloji materiallar əsasında professional tədqiqatçılar (bura tarixçi, filosof, filoloq, arxeoloq, riyaziyyatçı, musiqiçilər və s. daxil edilməlidir) həmin musiqini bərpa edə bilərlər və etməlidirlər. Çünki unutmaq olmaz ki, müasir dünyanın söykəndiyi bütün elm sahələri, mədəniyyət, incəsənət və din mifologiya əsasında meydana çıxmışdır. Yəni bəşəriyyətin erkən uşaqlıq dövründə yaratdıqları, onun yetkinlik dövründə əlindən tutur. Keçən mifoloji musiqinin konkret təriflərinə. Mifoloji musiqi bəşəriyyətin ilkin inkişaf mərhələlərində yaratdığı musiqidir”.

Həmin musiqidə vəsf olunan subyektlər allahlar, qəhrəmanlar, müdriklər, hökmdarlar obyektləri, təbiət və təbiət cisimləri, quşlar, heyvanlar və sairədir. Konkret misallara gəldikdə, qoca tarix buna çoxlu nümunələr verə bilər.

Məsələn, Qədim Yunanıstanda allahların şərəfinə, hökmdar və qəhrəmanların şərəfinə keçirilən bayram şənlikləri günlərlə uzanır, rəngarəng musiqi nömrələrinin sədası altında nəğmələr oxunur və rəqslər edilirdi. Qədim Azərbaycanda, xüsusilə, atəşpərəstlik dövründə mağlar - Zərdüşt kahinləri öz nəğmələrini və musiqisini - muğamları çalır və oxuyurdular. Sonra xüsusilə təntənəli günlərdə Hörmüzün - Xeyir allahının şərəfinə nəğmələr oxunur, musiqi çalınırdı.

Zərdüştiliyin müqəddəs kitabı olan “Avesta”da dini və həyati nəğmələr mühüm yer tutur. Burada xeyir allahı Hörmüzün şərəfinə saysız-hesabsız nəğmələr vardır.

Azərbaycanın zəngin musiqi mədəniyyəti haqqında qiymətli məxəzlərdən biri də məşhur qəhrəmanlıq dastanı “Kitabi - Dədə Qorqud”dur. Bu epik dastan xalq arasında şifahi poetik səpgidə formalaşaraq əsrlər boyu yaşamış və bu günə qədər gəlib çıxmışdır.

Levi Strossa görə musiqidə qoyulmuş və həll edilmiş problemlər miflərin təhlili zamanı yaranan problemlərlə oxşardır. Miflərin təhlili böyük partituranın təhlili ilə müqayisə edilə bilər. Ona görə də mifə baxış onların qarşılıqlı əlaqəsində musiqi əsərlərinin instrumental partiyalarının təhlilinə oxşayır. Musiqi təbiətlə mədəniyyət arasında vasitəçi rolunu oynayır. Musiqi insan haqqında elmin ən böyük sirridir. Musiqi mahiyyətinin tərcümə edilməzliyi musiqi dilinin mütləq orijinallığını müəyyən edir. Levi Stross yazır: “Bəstəkar istəyi, mifin istəyi kimi dinləyici vasitəsilə aktuallaşır. Mif və musiqi əsəri orkestr dirijoru kimi çıxış edir. İfaçılar isə dinləyicilərdir”.

Tədqiqatçıların fikrincə, mifoloji şüura başqa cəhətlərlə yanaşı, ona xas olan ən ümumi əlamət fövqəltəbiiliyə, o cümlədən, fövqəltəbii varlıqlara, real obyektlər arasında fövqəltəbii əlaqələrə, real obyektlərin fövqəltəbii xüsusiyyətlərinə inamdır. Bu mənada, mifologiya ilə dinin ilkin mənbələrin eyni kimi görünür. Lakin unutmaq olmaz ki, tarixilik baxımından mifologiya dindən əvvəl gəlir. Ona görə də din mifologiyadan bir çox ünsürləri mənimsəmişdir.

Bir anlayış kimi fövqəltəbiilik dedikdə gerçək, maddi aləmin qanunlarına tabe olmayan, səbəb və nəticə əlaqələrindən kənarda qalan bir şey başa düşülür. Bütün dinlərdə fövqəltəbiilik həmişə real hadisələrin, təbii gerçək varlıqların bir növ inkarı kimi onlara qarşı durmuşdur. Sonsuz, mütləq, əbədi allah sonlu, keçici şeylər və hadisələrə qarşı qoyulur və s. Elmi fəlsəfəyə görə isə, real şəkildə mövcud olan heç bir fövqəltəbii obyekt yoxdur, yalnız onlar haqqında müəyyən obrazlar, ideyalar və təsəvvürlər vardır. Fövqəltəbiilik ideyaları və obrazları heç bir reallıq predmet və hadisələrinə uyğun gəlmədiyindən elm onların illüziyalı və uydurma xarakteri daşıdığını qeyd edir.

“Azərbaycan mifoloji mətnlər” kitabında göstərilir ki, qədim xalqların ideologiyası əvvəlcə mifologiya, sonra isə din, daha doğrusu, əski inamlar olmuşdur. Belə demək olar ki, mifologiya sinifli mərhələyə qədərki cəmiyyətin ideologiyasıdır. Yaddaşdan-yaddaşa köçərək günümüzə gəlib çıxmış mifoloji mətnlər Azərbaycan ərazisində yaşayıb sonralar xalqımızın təşəkkülündə əsas rol oynamış tayfaların dünyaduyumunu, əxlaq tərzini, əməyə və ailəyə, xüsusən, təbiətə və ətraf mühitə münasibətini əks etdirməkdir.

Mif, hansı formada olursa-olsun, başlanğıcdır. Hansı xalqın mifik təfəkkürü güclüdürsə, onun sonrakı taleyi aydın, tarixdəki mövqeyi möhkəmdir. Xalqın təfəkkürü kimi ideologiyası da mifdən başlanır. Mif ideologiyanın ana qaynağı, sonrakı siyasi təfəkkürün genetikasıdır.

Mifologiya elmləri doktoru, professor Nizaməddin Şəmsizadə “Azərbaycançılıq” əsərində yazır: “Azərbaycan ideologiyasının ana bətni, ilkin mərhələsi olan mif azərbaycançılığın tərkib hissəsi, azərbaycanşünaslıq isə türkçülüyün konkret tarixi-coğrafi məkanda formalaşan aparıcı istiqamətidir. Mifdə azərbaycançılığın həm ilkin ideyası, həm də obrazı maddiləşir”.

Tədqiqatçı Musa Qasımlının qeyd etdiyi kimi, bütün möhtəşəm fəaliyyəti ilə Ulu Öndər Heydər Əliyev Azərbaycan milli musiqisini, onun zəngin ənənələrini dirçəldir, bununla da xalqın milli ruhunu, özünüdərkini yüksəldirdi. Məhz bu qayğının nəticəsində onlarla istedadlı Azərbaycan gənci peşəkar musiqi aləminə qədəm qoyaraq, respublika miqyasında tanınıb şöhrət qazanmışdı. Heydər Əliyevin birinci hakimiyyəti illərində Azərbaycan muğamı, “Qarabağ şikəstəsi” Kremlin qurultaylar sarayında keçirilən ən yüksək məclislərdə ifa edilirdi. Azərbaycanda səfərdə olan Avstriyanın sovet vaxtı Moskvadakı səfiri Hayirix Haymerle öz təəssüratını belə ifadə edirdi: “Azərbaycan xalqının incəsənəti ilə tanışlıq mənə daha çox təsir bağışladı. Onun incəsənəti dərin milli təməli ilə, zəngin ənənələri və eyni zamanda, son dərəcə müasirliyi ilə fərqlənir”.

Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqının düşüncələrini, azadlıq və azərbaycançılıq ideyalarını özündə saxlayan xalq musiqisinin dirçəlməsinə ciddi qayğı göstərmişdir. Bu ənənələri Ulu Öndərin layiqli siyasi varisi ölkə Prezidenti cənab İlham Əliyev uğurla davam etdirir.

 

 

Vahid ÖMƏROV,

fəlsəfə üzrə fəlsəfə doktoru

 

Səs.- 2012.- 12 aprel.- S. 10.